Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

- "Bütün bunlar mənim başıma gəldi. İstəmirəm sizin də başınıza gəlsin.

Anamda elə ilk gündən xərçəng xəstəliyi olub. Amma həkimlər düzgün diaqnoz qoymayıblar. Əməliyyat olunması isə onun ölümünü daha da tezləşdirdi."

Gənc yazar anası Şəlalə Əlihüseynovanın (49 yaş) yanlış diaqnozdan sonra necə öldüyünü yazır...

Vasif Əlihüseyn

Anamın ölümü

Bu ilin aprel ayında anamın sağ ayağında xırda küt ağrılar başladı. Anam buna görə narahat olduğunu bildirəndə dərhal yaşadığımız Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən xəstəxanalardan birinə apardım.

Həkimlər anamın ayağının soyuqladığını bildirərək, müalicə yazdılar. Dərmanlara 50 manat verdim. Anam bu müalicə kursunu keçsə də, səhəhtində müsbətə doğru heç bir irəliləyiş olmadı.

Bundan sonra anamın belində də ağrılar başladı və bu dəfə anamı Cəlilabad rayonunda yerləşən “Diaqnostika Mərkəzi”nə apardıq. Tibb müəssisəsində anamın belini aparata salan həkimlər bir şey anlamadıqlarına görə bizə bildirdilər ki, Bakıya gedin və orada xəstənin belini dəqiq yoxlatdırın, bizim müəssisədə elə bir aparat yoxdur. Burada bu xəbəri bizə deyən həkimlərə 50 manat ödədik.

Bakıya gələndən sonra tanışlardan birinin məsləhəti ilə paytaxtda yerləşən “Grant Hospital”a gələrək, neyrocərrah Sənan həkimlə görüşdük.

Sənan həkim anamın belini yoxlatdırmaq üçün bizi “Gənclik” metrosu yaxınlığında yerləşən “Bakı klinikası”na göndərdi. Orada anamın beli MRT edildi. Bunun üçün klinikaya 125 manat ödədim.

Sonra Sənan həkimin yanına qayıtdıq və həkim cavablara baxdıqdan sonra bildirdi ki, anamın belində “qrija”, yəni on milli yırtıq var. Amma bunun qorxulu bir şey olmadığını, müalicə ilə düzələcəyini bildirdi.

Sənan həkim də anama müailcə yazdı və biz həmin dərmanları alaraq anamı rayona apardıq. Bu dəfə də reseptə 100 manata yaxın pul verdim.

Anam yenə müalicə olunsa da, ağrılar elə əvvəlki kimi onu incitməyə başladı. Biz yenidən Sənan həkimin yanına gəldik. Anam dedi ki, ağrıları kəsmir.

Sənan həkim bizi N.Nərimanov rayonunda yerləşən “Türk Amerikan Medical Center” klinikasında öz həkim yoldaşı olan neyrocərrah Əliosman Qədimbəylinin yanına yolladı.

Burada Əliosman həkim MRT-ilə tanış olduqdan sonra bildirdi ki, xəstə 15 gün masaj olunmalı və toka verilməlidir. Həkimin izahından sonra belə məlum oldu ki, anamın onurğa sümüyündəki çıxıntılar sinir damarını sıxır və bu da xəstəyə şiddətli ağrılar verir.

Anam həkimin dediyi kimi, 15 gün müalicə olundu. 15 gün ərzində anamın bədənində rahatlama oldu, yəni, anam dözülməz ağrılardan az da olsa canını qurtara bildi.

15 günlük müalicə zamanı hər gün klinikaya 37 manat pul köçürdüm. Bu da ümumilikdə 555 manat edir. Bundan sonra anam yenidən rayona yollandı.

Amma çox keçmədi, anam yenə şiddətli ağrıların əsiri oldu. Həm belində, həm də sağ ayağımın sümüyündə ağrılar vardı. Ağrıdan səhərə qədər qışqırırdı və vurulan ağrıkəsici iynələrin heç biri ağrını kəsmirdi.

Kənddəki ailə həkimimizin məsləhəti ilə bizi əslən Cəlilabad rayonundan olan, hazırda Bakıda işləyən neyrocərrah Cəmil həkimlə tanış etdilər. Anamı yenidən Bakıya gətirdik.

Anamın beli yenidən MRT olundu, yəni aparata salındı. Bu dəfə artıq anamın belinə beş yerdə yırtıq göründü. Cəmil həkim bildirdi ki, xəstə əməliyyat olunmalıdır.

Cəmil həkim anamı iyulun 9- da Batamdarda yerləşən, işlədiyi “Caspian Hospital” klinikasında əməliyyat etdi. Əməliyyat üçün klinikaya 700 manat pul ödədim.

İki gündən sonra sevinə-sevinə anamı rayona apardıq ki, bundan sonra yaxşı olacaq. Əməliyyat olunandan beş gün sonra anamın yenə dözülməz ağrıları başladı.

Bunu Cəmil həkimə bildirdikdə isə həkim dedi ki, bu normaldı və əməliyyatdan sonra ağrılar olmalıdır. Amma bel yırtığından əməliyyat olunan bir neçə qonşu bizə gələrək, anama bildirdilər ki, bizdə belə ağrılar olmayıb.

Avqustun əvvələrində anamı halsız vəziyətdə yenidən Cəmil həkimin yanına gətirdim. Cəmil həkim anama iki həftəlik müalicə yazdı. İynə və dərmanlara 60 manat pul ödədim.

Anama vurulan qan iynələrindən sonra şiddətli ağrılar sakitləşməyə başladı. Cəmil həkim özü Türkiyəyə getdi və bildirdi ki, avqustun 20-dən sonra Bakıda olacaq. Bu vaxt ərzində biz onunla telefonla əlaqə saxladıq.

Anamın vəziyyəti pisləşdi və Cəmil həkim Türkiyədə olduğuna görə anamı müalicə edən həkim Əlisoman Qədimbəylinin yanına gətirdik. Əlisoman həkim bildirdi ki, qan analizi versin görək ağrılar niyə kəsmir.

Anamın əməliyyat olunduğunu biləndə isə həkim təəssüfləndi ki, əməliyyata ehtiyac yox idi, gərək xəstə əməliyyat olunmayaydı. Anam qan analizi verdi və analiz üçün klinikaya 118 manat ödədim.

Analizin cavabını aldıqdan sonra Əliosman həkim cavablarla tanış oldu və çox təəssüfləndi. Bildirdi ki, bu xərçəngin əlamətləridir.

Bunu daha da dəqiqləşirmək üçün bizi N.Nərimanov rayonunda yerləşən “MediStyle Klinikası”na yolladı. Avqustun 17-də burada anam dörd aparatdan keçdi. Bütün bunlar üçün klinikaya 455 manat ödədim.

Avqustun 18-də cavabları alıb Əlisoman həkimin yanına gəldim. Həkim bildirdi ki, anamın qanında Myeloma xəstəliyi yəni, qan xərçəngi və həmçinin onurğa sümüyündə də xərçəng xəstəliyi var.

Xəstəlik sürətlə yayılır və anamın nə qədər yaşayacağı məlum deyil. Səhəri gün yəni, avqustun 19-da səhər saatlarında anam 49 yaşında dünyasını dəyişdi…

Bütün bunlar mənim başıma gəldi. İstəmirəm sizin də başınıza gəlsin. Anamda elə ilk gündən xərçəng xəstəliyi olub.

Amma həkimlər düzgün diaqnoz qoymayıblar. Əməliyyat olunması isə onun ölümünü daha da tezləşdirdi. Əməliyyatdan sonra anam bir ay on doqquz gün yaşadı.

Anam müalicə aldığı bir vaxtda 2500 manat, rəhmətə gedəndən sonra yas mərasiminə görə isə 3000 manat maddi ziyan dəydi mənə. Anamı itirməyimin isə qiyməti heç nə ilə əvəz olunası deyil. Bu itki ömrüm boyu məni sızladacaq.

Bu da inkişafda olan Azərbaycan səhiyyəsi...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG