Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:17

-

Masallıda «Cənub xəbərləri» qəzetinin yerləşdiyi binada «Cənub-kitab» evinin açılışı olub. Sovet dövründə Masallıda kitab satışı ilə məşğul olan 3 mağaza fəaliyyət göstərib. Azərbaycan müstəqillik qazanandan sonra Masallı daxil olmaqla qonşu rayonlarında da kitab mağazaları ləğv edilib. «Cənub-kitab» evi «Cənub xəbərləri» qəzetinin naşiri və baş redaktoru Zahir Əmənovun təşəbbüsü ilə açılıb.

«BİLİRƏM Kİ, ZİYANLI İŞDİR»

Zahir Əmənov deyir ki, məqsəd insanlara kitabı təbliğ etmək və sevdirməkdir:

«Açılışda Azərbaycanın tanınmış şəxsləri – Elçin Şıxlı, Arif Əliyev, Qulu Məhərrəmli də iştirak edirdilər. Biz hesab edirik ki, cəmiyyətin geriləməsinin səbəblərindən biri də insanların kitablardan uzaq düşməsindədir. Kitab oxuyan azdır. Bu işdə qazanc güdmürəm. Bilirəm ki, ziyanlı işdir. Bəs nə edək? Kimsə bu işi görməlidir».

CENUB_KITAB.COM

Zahir Əmənovun sözlərinə görə, müxtəlif nəşriyyatlardan 3500 kitab gətirilib. Masallıdan olan tanınmışlar, hacılar, xeyriyyəçilər imkansız məktəbli uşaqlara kitab hədiyyə edib, vəsait ayırıblar:

Zahir Əmənov.

Zahir Əmənov.

«Gözləmirdim. Dəstək böyükdür. Hiss olunur ki, cəmiyyətin nəbzini tutan ziyalılar ölkənin inkişafında kitabın böyük rol oynadığını duyurlar. Buna görə də dəstək verirlər. Yaxın vaxtlarda cenub_kitab.com adlı sayt da fəaliyyətə başlayacaq. Bütün dünya ilə əlaqə saxlayacağıq. Kitab mübadiləsi aparılacaq».

«YENİ ƏSƏR 10 İLDƏN SONRA GƏLİB BİZƏ ÇATIR»

Zahir Əmənov deyir ki, kitabın təbliği yerli icra hakimiyyətlərinin əsas işlərindən biri olmalıdır. Reallıqlar isə hələ ki ürəkaçan deyil:

«Onlardan səs çıxmadı. Bir təlimatçı gəlmişdi, vəssalam. Onları rəhbərlik etdiyim «Cənub xəbərləri» qəzetində tənqid edirəm. Ona görə buraya ayaq basmırlar. Düzdür, rayonlarda kitabxanalar var. Lakin onlar indiki tələbata cavab vermir. Arada kitab sərgisi də keçirdirlər. Həmin kitabxanaların kitablarını tökürlər sərgiyə. 1-2 saata yekunlaşdırırlar.

Müxtəlif nəşriyyatlardan 3500 kitab gətirilib.

Müxtəlif nəşriyyatlardan 3500 kitab gətirilib.

Dünyanın müzakirəsində olan bədii əsər 10 ildən sonra gəlib bizə çatır. Sanki Yerlə Mars arasında bir məsafədir. Biz həmin illəri qısaltmaq istəyirik. Alınarmı? Bilmirəm. Qəzet oxuyanlar da azdır. Geriləyirik».

Adının çəkilməsini istəməyən bir Masallı ziyalısı deyir ki, yol kənarlarında hasar çəkməkdənsə, şəhər mərkəzi meydanını bir neçə dəfə döşəyib sökməkdənsə, kitab mağazalarını açmaq daha önəmli olardı. O kitablar sonda cəmiyyətin çiçəklənməsinə xidmət edərdi. Onda yollar da, meydanlar da, hasarlar da korrupsiyasız, rüşvətsiz tikilərdi.

MASALLININ YENİ TARİXİ...

Rayon sakini Həsən Abdullayev də kitab evinin açılmasını müsbət qiymətləndirir:

Həsən Abdullayev.

Həsən Abdullayev.

«Kitab evinin açılışı Masallının yeni tarixi oldu. İndiki zamanda kitab evi açmaq hər adamın işi deyil. İndi hamı mənfəət güdür. Burda da mənfəət var. Xalq bundan mənfəət görəcək. Alqışlayıram, sağ olsunlar».

Əslən Masallıdan olan, «Ziyalı ocağı» İctimai Birliyinin sədr müavini Hacı İsrafil Hüseynov:

«Kitabxanaların indiki böhranlı vəziyyətində çox alqışlanası məsələdir. Dəstək verəcəyik ki, kitab evi yaşasın, əhali ondan bəhrələnsin. İnternet insanları bir az da kitablardan uzaqlaşdırıb. Mütaliə azdır. Kitabsız insanın əqlində inkişaf ola bilməz. Bütün elmlərin açarı ədəbiyyatda, kitabdadır. Kitabsız inkişaf mümkün deyil».

Keçirilən beynəlxalq sorğuya görə, Rusiyanın Sankt-Peterburq şəhərində əhalinin 65 faizi, Gürcüstanda 49 faizi, Ermənistanda 38 faizi, Azərbaycanda isə 11 faizi kitab oxuyur.

Zahir Əmənovun dediyinə görə, rayonlarda elə kəndlər var ki, orda ümumiyyətlə, bədii kitab oxuyan yoxdur.

XS
SM
MD
LG