Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:57

F.Dostoyevski. Sabah səni yandıracağam


Fyodor Dostoyevski
Fyodor Dostoyevski

- HZ. İSA BU DÜNYAYA GERİ QAYITSAYDI NƏ OLARDI?

Fyodor Dostoyevskinin "Karamazov Qardaşları" romanından bir parça

Ruscadan yeni tərcümədə: Malik Məmmədli

Böyük İnkvizitor

"Mənim hekayəm, İspaniyanın Seviliya şəhərində, Tanrının ehtişamına hər gün tonqalların qalandığı və əzəmətli inanc tamaşalarında (auto da fé) günahkar kafirlərin yandırıldığı İnkvizisiyanın ən qorxunc dövründə baş verib.

Ah, bu, əlbəttə söz verdiyi kimi zamanın sonunda "şərqdən qərbə doğru çaxan ildırım" kimi bütün cənnətlik ehtişamıyla zühur edəcəyi həmin ani gəliş deyildi. Xeyr, O, uşaqlarını yalnız müvəqqəti ziyarət etmişdi və orada, kafirlərin ətrafında tonqallar çartıldayırdı.

Sonsuz mərhəmətlə, min beş yüz il əvvəl üç il boyunca insanların arasında gəzdiyi həmin insan qiyafəsində onların arasına yenidən qayıtmışdı.

Bir gün əvvəl Tanrının uca qüruru naminə (ad majo- rem gloriam Dei) təxminən yüz kafirin Yüksək İnkvizisiya Hakimi kardinal tərəfindən möhtəşəm bir auto da fé-də -kralın, saray əhlinin, cəngavərlərin, kardinalların, sarayın ən cazibədar qadınları və bütün Seviliya əhalisinin hüzurunda - yandırıldığı Cənub qəsəbəsinin "isti səkisinə" gəlmişdi".

"Səssizcə, hiss edilmədən gəlmişdi, lakin nə qədər qəribə olsa da, hər kəs Onu hiss etdi. İnsanlar qarşısıalınmaz şəkildə Ona doğru gəldi, ətrafını sardı, axın etdi və Onu izlədi.

Üzündəki tükənməz şəfqətin nəzakətli təbəssümü ilə insanların arasıyla irəlilədi. Ürəyində eşq alovu yanır, gözlərində işıq və güc parıldayırdı və bu parlaqlıq insanların üzərinə düşərək qarşılıqlı eşqlə ürəklərini canlandırırdı.

Əllərini onlara uzadır, onlara xeyir-dua verir və Onunla, hətta sadəcə paltarı ilə təmasdan şəfaverici ləyaqət yayılırdı. Kütlənin arasında anadangəlmə kor olan bir adam yalvararaq "Ah, Cənab, mənə şəfa ver ki, Səni görə bilim" deyirdi.

İzdiham ağlayır və ayağının altındakı torpağı öpürdü. Uşaqlar Ona çiçək atır, mahnı oxuyur və yalvarırdı. İzdiham bir ağızdan "Bu, Odur. Bu, O olmalıdır. Başqası ola bilməz!" deyirdi.

Ağıçılar kiçik, açıq, ağ bir tabut gətirdikləri vaxt Seviliya Katedralının pilləkənlərində dayandı. Tabutda tanınmış bir vətəndaşın yeddi yaşındakı bircə qızı yatırdı.

Ölü uşağın üstü çiçəklərlə örtülmüşdü. İzdiham qışqıraraq, ağlayan anaya "Uşağını ayağa qaldıracaq" deyirdi. Tabutu qarşılamağa gələn rahib heyrət içində idi və qaşqabağını tökdü, lakin ölü uşağın anası özünü ağılarla Onun ayaqları altına atdı, əllərini Ona uzadaraq, "O, Sənsənsə, uşağımı ayağa qaldır" deyərək ağladı.

Mərasim alayı dayandı, tabut ayağının önündəki pilləkənlərə qoyuldu. Şəfqətlə baxdı və dodaqları mülayim formada bir dəfə "Ayağa qalx, qızсığaz!" dedi və qız ayağa qalxdı. Kiçik qız qalxıb tabutda oturdu və əllərində bir dəstə ağ gül, iri gözlərindəki maraqla gülümsəyərək ətrafa baxdı."

"İnsanlar hıçqıraraq ağlayırdılar. Fikirləri qarışmışdı. Elə o anda kardinalın, Yüksək İnkvizisiya Hakiminin özü Katedralın yanından keçirdi. Kardinal içi işıldayan çuxur gözləri və solğun üzüylə, hardasa, doxsan yaşında, hündür, qədd-qamətli və yaşlı bir kişi idi.

Bir gün əvvəl Katolik Kilsəsinin düşmənlərini yandırarkən geydiyi dəbdəbəli kardinal paltarı əynində deyildi. Əvəzində həmişəki köhnə keşiş cübbəsini geymişdi.

Bir az aralıda, arxasınca mübhəm köməkçiləri, kölələri və "müqəddəs muhafizəkarı" gəlirdi. Kütləni görüncə dayandı və onları müəyyən bir məsafədən izlədi. Kardinal hər şeyi; tabutu Onun ayaqlarının önünə qoyduqlarını və uşağın ayağa qalxdığını görürdü.

Həmin an çöhrəsi qarladı. Qalın boz qaşlarını çatdı və gözləri uğursuzca parıldadı. Barmağını qaldırdı və gözətçilərinə Onu tutmağı əmr etdi.

Elə güclü idi ki, insanlar təslim olmağa və titrəyərək itaət etməyə məcbur oldular. İzdiham, gözətçilərə dərhal yol verdi və gözətçilər ölüm səssizliyinin ortasında əlləri ilə Onu tutaraq apardılar.

İzdiham tək bir insan kimi dərhal yaşlı İnkivizisiya hakiminin qarşısında torpağa döşəndi. Gözətçilər məhkumlarını Müqəddəs İnkivizisiyanın antik sarayındakı bağlı, cansıxıcı və qübbəli həbsxanaya apardılar və ora saldılar.

Günlər keçdi və Seviliyanın "hava çatışmayan" gecəsini yandıran həmin gecə gəldi. Havada "limon və dəfnə qoxusu" vardı. Zülmət qaranlıqda həbsxananın dəmir qapısı qəfil açıldı və Yüksək İnkvizisiya Hakiminin özü əlində bir çıraqla içəriyə daxil oldu.

Tək idi; qapı qəfil arxasınca bağlandı. Qapının girişində dayandı və bir-iki dəqiqə Onun üzünə baxdı. Nəhayət yavaş-yavaş içəri girdi, çırağı masaya qoydu və danışmağa başladı.

"O sənsənmi? Sənsənmi?" Lakin cavab ala bilmədi və qəfil əlavə etdi. "Cavab vermə, sakitcə dayan. Onsuz da nə deyə bilərsən axı? Nə deyə biləcəyini çox yaxşı bilirəm və əvvəl dediklərinə yeni nəsə əlavə etmək haqqın yoxdur.

Onda niyə bizə maneə olmağa gəlmisən? Bizə mane olmağa gəlmisən, bunu bilirsən. Bəs sabah nə olacağını bilirsənmi? Kim olduğunu bilmirəm. O yaxud Onun bir oxşarı olmağın vecimə də deyil.

Lakin sabah Səni mühakimə edəcəyəm və kafirlərin ən pisi kimi payaya bağladaraq yandıracağam. Bu gün ayağını öpən həmin insanlar sabah kiçicik bir işarəmlə sənin tonqalının külünü yığmağa qaçacaqlar".

"Gəldiyin dünyanın sirlərindən birini də olsa bizə açıqlamaq haqqın varmı? Xeyr, haqqın yoxdur; əvvəl deyilənlərə heç nə əlavə edə bilməzsən və yer üzündəykən ucaltdığın azadlığı insanlardan ala bilməzsən. Nəsə açıqlasan, bu, insanların inanc azadlığına təcavüz olacaq, çünki bunun möcüzə olduğunu başa düşəcəklər və min beş yüz il əvvəl onların inanc azadlığı, sənin üçün hər şeydən daha əhəmiyyətli idi. Müntəzəm, ‘Sizi azad edəcəyəm" demirdinmi? Lakin, indi bu "azad" insanları gördün, bəli, bunun əvəzini səmimiyyətlə ödədik, lakin heç olmasa biz bu işi Sənin naminə axıra çatdırdıq. Min beş yüz ildir sənin azadlığınla boğuşduq, lakin artıq qurtardı və yaxşı qurtardı. Yaxşı qurtardığına inanmırsan? Mənə sakitcə baxırsan və hətta hirslənməyə də tənəzzül etmirsən. Lakin bunu deyim ki, bu gün xalq qüsursuz azadlığa malik olduğuna əmindir, amma azadlıqlarını bizə gətirdilər və təvazökarcasına ayaqlarımızın altına sərdilər. Lakin bu bizim müvəffəqiyyətimiz oldu. Sənin etdiyin bu idi? Sənin azadlığın bu idi?"

"İndi (əlbəttə İnkivizisiya haqqında danışır) ilk dəfə insanların xoşbəxtliyi haqqında düşünmək mümkün oldu. İnsan üsyankar yaradılıb və üsyankarlar necə xoşbəxt ol bilər? Xəbərdar edilmişdin. Kifayət qədər tənbeh və xəbərdarlıq edildin, fəqət bu xəbərdarlıqları eşitmədin; insanın xoşbəxtliyi üçün mümkün tək yolu rədd etdin. Lakin, yaxşı ki, gedəndə işi bizə təhvil verdin. Söz verdin, bağlamaq və həll etmək haqqını verdin və indi əlbəttə bu haqqı geri almaq barədə düşünə bilmirsən. Onda nə üçün bizə maneə olmağa gəlmisən?"(…)

"Müdrik və qorxuducu ruh, özünüməhvetmə və yoxluq ruhu, möhtəşəm ruh vəhşi həyatda Səninlə danışdı və bizə kitablarda səni azdırdığı "deyildi".

Elədirmi? Üç sualla meydana çıxardığı, sənin rədd etdiyin və kitablarda "azdırma" deyilən şeydən daha doğru bir şey deyilə bilərdimi? (Vəhşi həyatda İsaya təqdim edilən üç simvolik azdırma: (1) daşın çörəyə çevrilə biləcəyi, (2) Şeytana ibadət edərsə, bütün dünyaya hökm edə biləcəyi və (3) Tanrının mühafizəsinə güvənərək məbədin başından tullanması (Luka, 4:1-13)).

Yer üzündə həqiqətən böyük bir möcüzə baş verdisə, bu da o gün, üç azdırmanın deyildiyi gün olmuşdur. Bu üç sualın soruşulmasının özü möcüzə idi.

Sadəcə müzakirə naminə ürküdücü ruhun üç sualının nəhayət, kitablar tərəfindən çürüdüldüyünü, onları yenidən düzəltmək, yenidən yaratmaq gərəkdiyini və bunu etmək üçün də dünyadakı bütün ağıllı insanları - hökmdarları, baş rahibləri, alimləri, fəlsəfəçiləri və şairləri bir yerə yığdığımızı, onlara yalnız vəziyyətə uyğun gələcək deyil, həmçinin üç sözlə, üç insan ifadəsiylə dünyanın və insanlığın bütün gələcəyinə uyğun gələcək üç sual tapmaq vəzifəsini verdiyimizi təsəvvür etmək mümkün olsaydı, bir yerə yığılan dünyanın bütün ağıllılarının dərinlik və güc baxımından o vaxtlar vəhşi həyatda ağıllı və qüdrətli ruh tərəfindən önünə qoyulan üç suala bərabər nəsə uydura biləcəklərinə inanırsanmı?

Sadəcə bu suallardan, ifadələrin möcüzəviliyindən burada müvəqqəti insan zəkasıyla deyil, qatı və əbədi olanla məşğul olduğumuzu görürük.

Çünki bu üç sualda insanoğlunun bütün tarixi bir bədəndə toplanmış və əvvəlcədən bildirilmişdir, həmçinin, bu üç sualın içində insan təbiətinin həll edilməmiş bütün ziddiyyətləri də bir yerə gətirilmişdir.

O dövrdə gələcək qeyri-müəyyən olduğu üçün bu qədər aşkar deyildi, lakin indi min beş yüz il keçib və biz bu üç sualdakı hər şeyin doğru şəkildə öncədən görüldüyünü və əvvəlcədən bildirildiyini, həmçinin tamamilə yerinə yetirildiyini, beləcə heç nəyin əlavə oluna bilinmədiyi və ya çıxarılmadığını görürük.

"Kimin haqlı olduğuna Özün qərar ver, sən yoxsa o zaman sənə sual verən haqlıdır? İlk sualı xatırla; dolayısıyla, mənası bu idi: "Dünyaya boş əllə, insanların öz bəsitlikləri və təbii azğınlıqları ilə başa düşə bilməyəcəkləri, heç nə insan və cəmiyyət üçün ondan daha dözülməz olmadığı üçün qorxduqları və dəhşətə qapıldıqları azadlıqla gedə bilərsən.

Lakin qovrulmuş və quraq vəhşilikdəki qayaları görürsənmi? Onları çörəyə çevir və insanoğlu qoyun sürüsü kimi minnətdar və itaatkar, lakin daim əlini onlardan çəkərsən və çörəklərini verməyi rədd edərsən qorxusuyla titrəyərək arxanca qaçsın".

Lakin sən insanları azadlığından məhrum edə bilməzdin və bu təklifi, itaət çörəklə satın alınacaqsa, bu azadlığın dəyəri nədir deyə düşünərək rədd etdin. İnsanın yalnız çörəklə yaşamadığını dedin.

Lakin bu dünyəvi çörək uğrunda dünya ruhunun sənə qarşı qiyam qaldıracağını, sənlə döyüşəcəyini və səni məğlub edəcəyini və hər birinin, "Bu heyvanla kim qarşılaşa bilər? Bizə cənnətdən od verdi" deyə ağlayaraq onu izləyəcəyini bilirsənmi?

İllərin keçəcəyini və insanlığın, alimlərin ağzından cinayətin və beləcə günahın olmadığını, yalnız aclığın olduğunu elan edəcəyini bilirsənmi? Sənin əleyhinə qaldıracaqları və məbədini uçurdacaqları afişalarına, "İnsanları yedizdir və bundan sonra onlardan ləyaqət gözlə!" yazacaqlar.

Məbədinin yerində yeni bir bina ucalacaq; qorxunc Babil qülləsi yenidən tikiləcək və eynilə köhnəsi kimi o da yarımçıq qalacaq, lakin sən bu yeni qülləyə əngəl olub insanların min illik yeni iztirablarını yarıda kəsə bilərdin, çünki bu insanlar min illik iztirabın ardından qüllələriylə yenidən bizim yanımıza gələcəklər.

Yenidən zülmə uğradığımız və işgəncəyə məruz qaldığımız yeraltındakı gizli məzarlarda yenidən bizi axtaracaqlar. Bizi tapacaqlar və yalvaracaqlar: "Bizi yedirin, çünki bizə səmadan odu söz verənlər sözlərinin üstündə durmadılar!"

Onları yedirdən qülləni başa çatdırdığı üçün qüllələrinin inşasını başa çatdıracağıq. Və yalandan sənin naminə olduğunu elan edərək onları yalnız biz yedirdəcəyik.

Ah, özlərini biz olmadan əsla və əsla təmin edə bilməzlər! Azad qaldıqları müddətcə heç bir elm onlara çörək verməyəcək. Nəhayət ki, azadlığın və yetəri qədər çörəyin, bu ikisini qətiyyən paylaşa bilməyəcəkləri üçün, birlikdə mümkün olmayacağını başa düşəcəklər.

Onlar da əsla azad olmayacaqlarına, çünki zəif, əxlaqsız, dəyərsiz və üsyankar olduqlarına inanacaqlar. Sən onlara Cənnət çörəyini söz verdin.

Yenidən soruşuram, o, zəif hətta günahkar və rəzil insan irqinin gözündə dünyəvi çörəklə müqayisə oluna bilərmi? Cənnət çörəyi uğrunda minlərlə və on minlərlə insan səni izləyərkən cənnət uğrunda dünyəvi çörəkdən imtina etmək gücünə malik olmayan milyonlarla və on milyonlarla varlıq necə olacaq?

Yaxud zəif olan amma səni sevən və dənizdəki qum qədər çox olan milyonlarla insan, əzəmətlilər və güclülər uğrunda yaşamağa məcbur ikən sən yalnız on minlərlə güclü və əzəmətli insanımı əhəmiyyətli hesab edirsən?

Xeyr, bizim üçün zəiflər də əhəmiyyətlidir. Onlar günahkar və üsyankardır, lakin axırda onlar da itaət edəcək. Bizə heyrət edəcək və Tanrı gözüylə baxacaqlar, çünki biz çox ürküdücü hesab etdikləri azadlığa dözməyə və onlara hökm etməyə hazırıq. Onlar üçün azad olmaq çox qorxuducu olacaq.

Lakin biz onlara sənin xidmətçilərin olduğumuzu və sənin adından onları idarə etdiyimizi deyəcəyik. Onları yenidən aldadacağıq, çünki sənin yenidən bizə qayıtmağına icazə verməyəcəyik. Yalan danışmağa məcbur olduğumuz üçün aldatmaq bizə iztirab verəcək".

"Vəhşi həyatdakı ilk sualın əhəmiyyəti budur və hər şeydən üstün tutduğun azadlıq uğrunda rədd etdiyin də budur. Lakin bu sualda bu dünyanın sirri gizlənmişdir.

"Çörəyi" seçsəydin, insanlığın universal və əbədi pərəstiş edəcək kimisə tapmaq arzusunu təmin etmiş olacaqdın. Azad qaldığı müddətcə insanoğlu pərəstiş edəcək kimisə tapmaq üçün olduğu qədər heç bir şey üçün bu qədər uzun müddət və ağrı ilə çalışmayacaq.

Lakin insanoğlu mübahisəsiz təsis edilmişə pərəstiş etmək istəyər. Elə bu səbəbdən də bütün insanlar həmin mübahisəsiz təsis edilmişə pərəstiş etməyi qəbul edər.

Bu acınacaqlı varlıqlar bu və ya digərinin pərəstiş edə biləcəyini deyil, hər kəsin inanıb pərəstiş edəcəyi şeyi tapmaqla maraqlandığı üçün ən əhəmiyyətlisi hər kəsin bu işin içində olmasıdır.

Bu pərəstiş cəmiyyəti arzusu tarixin başlanğıcından bəri fərdi olaraq hər insanın və bütün insanlığın iztirabıdır. Cəm şəkildə pərəstiş uğrunda bir-birlərini qılıncdan keçirdilər.

Tanrılar yaratdılar və bir-birlərinə meydan oxudular: "tanrılarınızı bir kənara qoyun və gəlib bizim tanrılarımıza ibadət edin, yoxsa sizi də, tanrılarınızı da öldürəcəyik!"

Beləcə, dünyanın sonu gələcək, hətta tanrılar yer üzündən silindiyi zaman da yenə eyni formada bütlərin önünə yıxılacaqlar. Bilirdin, insan təbiətinin bu təməl sirrini bilməkdən başqa seçimin yox idi, lakin bütün insanların Sənin qarşısında əyilməsini təmin edəcək tək mütləq bayrağı, dünyəvi çörək bayrağını rədd etdin və sən bunu azadlıq və cənnət çörəyi uğrunda etdin.

Digər etdiklərini də başa düş. Yenə hamısı azadlıq üçün! Sənə deyirəm; insanoğluna, bu bəxtsiz məxluqa onla bir yerdə doğulmuş azadlıq hədiyyəsini sürətlə təhvil verə biləcəyi birini tapmaqdan daha böyük narahatlıqla işgəncə verilmədi.

Lakin yalnız şüurunu məhdudlaşdıran azadlığını götürə bilər. Çörəkdə də, sənə görünməyən bir bayraq təklif edilmişdi; çörək ver və insanlar sənə pərəstiş etsin, çünki heç nə çörəkdən daha qəti deyil.

Lakin başqa biri onun şüurunu əlində saxlayarsa, ah, bax o zaman sənin çörəyini tullayacaq və şüurunu öz toruna salanı izləyəcək, çünki insanın yaranmasının sirri yalnız yaşamaq deyil, yaşamaq üçün nəyəsə sahib olmaqdır.

Sabit bir həyat məqsədi qavramadan, insan həyatını davam etdirməyə razı olmaz və bol çörəyi olmasına baxmayaraq yer üzündə olmaqdansa özünü məhv etməyi seçər. Bu, doğrudur. Lakin nə oldu?

İnsanların azadlıqlarını almaq yerinə onları heç olmadığı qədər pis bir hala saldın! İnsanın yaxşı və pis biliyinin işığında seçim azadlığı yerinə sülhü və hətta ölümü seçdiyini unutdunmu?

İnsan üçün vicdan azadlığından daha sapdırıcı və daha böyük iztirab səbəbi yoxdur. İnsanın vicdanını sonsuza qədər rahatlamaq üçün güclü bir təməl qurmaq yerinə zidd, naməlum və qarışıq nə varsa onu seçdiyini unutma; onlar üçün həyatını verməyə gələn Sən onları heç sevmirmiş kimi davranaraq insanın gücünün tamamilə kənarında olanı seçdin!

İnsanın azadlığını götürməkdənsə, onu artırdın və insanoğlunun ruhani krallığının kürəyinə axıradək yeni yüklər yüklədin. İnsanın azad eşqini istədin.

Öz azdırma və əsir alma yolunla insanın səni sərbəst şəkildə izləməsini istədin. Köhnə, sərt qanunun yerinə bundan sonra insan öz azad ürəyiylə və önündə sənin rəhbər kölgənlə özü üçün yaxşı və pis olana qərar verməlidir.

Lakin azad seçimin qorxuducu yükü altında əzildiyi vaxt sənin kölgəni və doğrunu belə rədd edəcəyini bilmirsənmi?

Üzərlərinə yüklədiyin o qədər dərd və cavabsız suallarla səbəb olduğun qarışıqlıq və iztirabdan daha böyüyünə tərk edilməyəcəkləri üçün ən axırda doğrunun səndə olmadığını qışqıracaqlar.

"Yəni, doğurdan da, krallığının məhv edilmə təməlini özün atdın və günahlandırılacaq başqası yoxdur. Lakin sənə nə təklif edilmişdi? Bu aciz üsyankarların xoşbəxtliyi üçün vicdanlarını sonsuzadək əldə edib əsir saxlaya biləcək yalnız üç güc vardır; bu güclər, möcüzə, sirr və etibardır.

Üçünü də rədd etdin və bir nümunə yaratdın. Müdrik və qorxuducu ruh səni Məbədin başına qoyub sənə, "Tanrının oğulu olduğunu bilirsənsə, özünü aşağıya at, çünki yıxılıb özünü yaralayar qorxusuyla mələklərin Onu tutacağı yazılmışdır və Sən o zaman Tanrının oğlu olub-olmadığını öyrənərsən və o zaman Atana inamının nə qədər böyük olduğunu sübut edərsən" deyəndə, sən rədd etdin və özünü atmadın.

Ah! Əlbəttə Tanrı kimi şərəfli və yaxşı davrandın, lakin zəif və üsyankar insan irqi, onlar tanrıdırmı? Ah, o zaman bir addım ataraq, özünü aşağı atmaq üçün bir hərəkət edərək Tanrını azdıracağını, ona olan bütün inancını itircəyini və xilas etməyə gəldiyin yer üzünə çarparaq parça-parça olacağını bilirdin.

Beləcə, səni azdıran müdrik ruh sevinəcəkdi. Lakin yenidən soruşuram: Sənin kimilər çoxdurmu? Bir anlıq olsa belə insanın da belə bir azdırma ilə üzləşə biləcəyini düşünürsənmi?

İnsan təbiəti, möcüzəni rədd edə biləcək və həyatlarının ən möhtəşəm və ən dərin, ən ağrı verən ruhi çətinliklərində ürəyin azad qərarına sadiq qalacaq xüsusiyyətdədirmi?

Ah, davranışının kitablarda yazılacağını, ən uzaq zamanlara və dünyanın ən kənar uclarına çatacağını bilirdin və insanın səni izləyərək Tanrıya sadiq qalmasına və möcüzə istəməməsinə ümid edirdin.

Lakin insanın möcüzəni rədd etdiyi vaxt Tanrını da rədd etdiyini bilmirdin, çünki insan, Tanrını möcüzəvi olan qədər axtarmaz. İnsan möcüzəvi şeylər olmadan yaşaya bilmədiyi üçün öz möcüzələrini yaradacaq və yüz dəfə daha üsyankar, kafir və imansız olmasına baxmayaraq sehrbazlıq və cadugərlik hərəkətlərinə inanacaq.

Sənə lağ edərək və səni təhqir edərək, "Xaçdan aşağı düş və Sənin O olduğuna inanaq" deyə qışqırdıqıları vaxt xaçdan düşmədin. Güc onu sonsuzadək həzm etməzdən əvvəl kölələrin sadə sevinclərini deyil azad eşqi arzuladın.

Lakin təbiətləri gərəyi üsyankar olsalar da kölə olduqları üçün insandan çox şey gözlədin. Ətrafına bax və qərar ver; min beş yüz il keçdi, onlara bax. Kimi özünə görə yetişdirdin?

And içərəm ki, insan sənin ona inandığından daha zəif və bayağıdır! Sənin etdiyini o edə bilərmi? Ona bu qədər hörmət göstərərək sanki onun üçün kədərlənməyi tərk etdin, çünki onu özündən belə çox sevən sən, ondan çox şey istədin!

Daha az hörmət göstərərək daha az şey istəyə bilərdin. Bu sevgiyə daha çox bənzəyərdi, çünki yükü daha xəfif olardı. O, zəif və dəyərsizdir. Lakin indi bizim gücümüzə necə də üsyan edir və üsyanından necə də qürurludur?

Hiss etdiyi uşaqcasına qürurdur. Onlar məktəbdə üsyan edən və müəllimi bayırda saxlayan kiçik uşaqlardır. Lakin uşaq zövqləri bir gün qurtaracaq və bu, onlara çox baha başa gələcək.

Məbədləri yerlə-yeksan edəcəklər və yer üzünü qana boğacaqlar. Lakin ən axırda bu axmaq uşaqlar üsyankar olsalar da, hətta öz üsyanlarını belə davam etdirə bilməyən aciz üsyankarlar olduqlarını görəcəklər.

Sərsəm gözyaşlarında boğularkən onları yaradanın onlara istehza etmək məqsədinin olduğunu başa düşəcəklər.

Bu həqiqəti çarəsizcəsinə söyləyəcəklər və sözləri insanın təbiəti müqəddəs şeylərə küfrə dözə bilmədiyi və axırda ağrısını yenə özündən çıxardığı üçün onları daha da bədbəxt edəcək küfrlər olacaq.

Sən onların azadlıqları üçün o qədər şeyə dözdükdən sonra, bir çox insanın bu ankı halı qarışıqlıq, xaos və bədbəxtlikdir. Böyük peyğəmbər, görünüş və fikirdə ilk dirilmə zamanı iştirak edənləri gördüyünü və hər qəbilədə on iki min adam olduğunu deyir.

Əgər onlar bu qədər çoxdurlarsa, onlar insan deyil Tanrıdırlar. Xaçına dözdülər və quraq, ac vəhşi həyatda akasiya və köklərlə dolanaraq illərə dözdülər və əslində sən bu azadlıq, azad sevgi və sənin naminə azad və əzəmətli fədakarlığın uşaqlarını qürurla göstərdin.

Lakin onların yalnız bir neçə min olduğunu unutma, yaxşı yerdə qalanı necə olacaq? Güclülərin dözdüklərinə dözə bilmədikləri üçün günahlandırılacaq zəiflər necə olacaq?

Bu qədər faciəvi hədiyyələri ala bilmədikləri üçün günahlandırılacaq zəif ruhun axırı necə olacaq? Sən yalnız seçdiklərinə və seçdiklərin üçünmü gəldin?

Əgər elə isə bu bir sirrdir və biz bunu anlaya bilmirik və bu, əgər sirdirsə, biz də bir sirr tövsiyə etmək və bunun ürəklərinin azad seçimi olmadığını, sevginin əhəmiyyətli olmadığını, lakin vicdanlarının əleyhinə olsa da kor-koranə şəkildə təqlid etmək gərəkən sirr olduğunu öyrətmək haqqına sahibik.

Biz də belə etdik. Sənin işini aşırdıq və onu möcüzə, sirr və etibar üzərində qurduq. İnsanlar yenə qoyun kimi idarə edildikləri və onlara bu qədər ağrını gətirən faciəvi hədiyyə nəhayət ki ürəklərindən götürüldüyü üçün sevindilər.

Bunu öyrətməkdə haqlı idikmi? Danış! İtaətkarcasına gücsüzlüklərini qəbul edən, şəfqətlə yüklərini xəfiflədən və icazəmizlə təbiətləri üçün hətta günaha icazə verən biz, insanoğlunu sevmədikmi?

Yaxşı, bəs niyə indi bizə maneə olmağa gəlmisən? Mülayim, gəzən gözlərlə və səssizcə niyə mənə baxırsan? Əsəbləş. Sənin sevgini istəmirəm, çünki səni sevmirəm.

Səndən nəsə gizlətmək mənim nə işimə yarayacaq? Kiminlə danışdığımı bilmirəmmi? Sənə dediklərimin hamısını onsuz da bilirsən. Sirrimizi səndən gizlətməyim özüm üçündürmü?

Bəlkə də bunları məndən eşitmək sənin istəyindir. O zaman qulaq as. Səninlə deyil onunla işləyirik, bu bizim sirrimizdir. Uzun müddətdir, artıq səkkiz yüz ildir sənin deyil onun tərəfindəyik

(Burada On birinci əsrin sonundan etibarən Papalığın dünyəvi hakimiyyətinin yayılmasına işarə edilməkdədir. Hekayədən hadisənin on altıncı əsrdə baş verdiyi başa düşülsə də, bu işarə ilə (On altıncı əsrdən deyil, On doqquzuncu əsrdən səkkiz əsr əvvəl) əslində Dostoyevskinin on doqquzuncu əsrdən, yəni öz yaşadığı dövrdən bəhs etdiyi aydın olur - tərc.).

Səkkiz əsr əvvəl həqir görərək rədd etdiyin, sənə dünyanın bütün krallıqlarını göstərərək təklif etdiyi şeyi ondan biz aldıq. Ondan Romanı və Sezarın qılıncını aldıq və özümüzü dünyanın tək hökmdarı elan etdik, lakin indiyə qədər işimizi başa çatdıra bilmədik.

Lakin bu kimin səhvidir? Bu yalnız başlanğıcdır, lakin heç olmasa başladı. Başa çatdırmaq üçün hələ gözləmək gərəkdir və dünyanın da daha çox iztirab çəkməsi lazımdır, lakin nəhayət ki zəfər bizim olacaq və biz Sezar olacağıq və insanın universal xoşbəxtliyini planlaşdıracağıq.

Lakin sən hətta Sezarın qılıncını da ala bilərdin. Son hədiyyəni nə üçün rədd etdin? Qüdrətli ruhun son fikrini qəbul etsəydin, insanların yer üzündə axtardığı şey, pərəstiş edəcək və vicdanına baxacaq biri olardın və universal birlik arzusu insanın üçüncü və son iztirabı olduğu üçün hər kəsi həmfikir olduğu və ahəngdar bir qarışqa yuvasında birləşdirməyin yolunu tapardın.

Bütöv halda insanoğlu universal dövlət qurmaq üçün çalışdı. Əzəmətli tarixləri olan bir çox əzəmətli millət yaşadı, lakin nə qədər inkişaf etdilərsə, o qədər də bədbəxt oldular, çünki dünya səviyyəsində birlik qurmaq arzusunu digər insanlardan daha çox hiss etdilər.

Böyük fatehlər, Teymurlar, Çingiz Xanlar, xalqlarının bu arzusu üçün çalışaraq yer üzündə fırtına kimi əsdilər və onlar da universal birlik üçün eyni arzunun şüursuz ifadəsindən başqa bir şey deyildilər.

Dünyanı və Sezarın kraliyyət soyunu götürsəydin kainat dövləti qurar və universal sülhü təmin edərdin. Çünki insanların vicdanını və çörəyini əllərində saxlamırsa, kim onlara hökm edə bilər ki?

Biz Sezarın qılıncını götürdük və bunu edərək Səni rədd edib onu izlədik. Ah, azad düşüncə və elm qarışıqlığı ilə adamyeyənliklərinin üzə çıxması üçün uzun müddət keçəcəkdi.

Babil qüllələrini bizsiz tikməyə başladıqları üçün əlbəttə bu adamyeyənliklə nəticələnəcəkdi. O zaman heyvan bizim ayağımıza sürünərək gələcək, ayaqlarımızı yalayacaq və ayaqlarımıza qan damlaları səpəcəkdir.

Biz isə bu heyvanın belində oturmalı və kubokumuzu qaldırmalıyıq və kubokun üzərində "Sirr" yazılmalıdır. Yalnız o zaman sülh və xoşbəxtlik insanlar üçün hökm sürəcək.

Seçilmişlərlə qürur duyursan, lakin biz hərkəsə rahatlıq veririk, sən isə təkcə seçilmişlərə maliksən. Həmçinin, bu seçilmişlərdən, seçilmiş ola bilən güclülərdən neçə dənəsi səni gözləməkdən bezmiş və ruhlarının güclərini və ürəklərinin istiliyini digər tərəfə köçürmüşdür, köçürəcək və bu sənin əleyhinə azadlıq bayraqlarını qaldırmaqla nəticələnəcək?

Bu bayrağı özün qaldırdın. Lakin bizimlə birlikdə hər kəs xoşbəxt olacaq və heç kim Sənin azadlığın altındaykən olduğu kimi nə üsyan edəcək, nə də bir-birini məhv edəcək.

Ah, yalnız azadlıqlarını bizə verdikdə və bizə təslim olduqları zaman azad olacaqlarına onları razı salmalıyıq. O zaman haqlımı olarıq, yalanmı söyləyərik?

Sənin azadlığının onlara gətirdiyi köləlik və xaos qorxusunu xatırlayacaqları üçün bizim haqlı olduğumuza inanacaqlar. Azadlıq, azad düşüncə və elm onları elə dərdlərə salacaq və elə möcüzə və həll edilə bilməz sirlərlə üzləşdirəcək ki, sərt və üsyankar olan bəziləri özlərini məhv edəcək; üsyankar amma gücsüz olan digərləri bir-birlərini məhv edəcək və geridə qalan gücsüz və bədbəxt olanlar isə quyruqlarını bulayaraq bizim ayağımıza gəlib sürünəcək və ağlayaraq bizə:

"Bəli, haqlı idiniz, yalnız siz Onun sirrinə maliksiniz və biz də sizin yanınıza qayıtdıq, bizi özümüzdən xilas edin!" deyəcəklər.

"Bizdən çörək alarkən öz əlləriylə bişirdikləri çörəkləri heç bir möcüzəsiz yenidən onlara qaytarmaq üçün özlərindən aldığımızı açıq-aşkar görəcəklər.

Daşı çörəyə çevirmədiyimizi görəcəklər, amma həqiqətdə çörəyin özündənsə, onu bizim əlimizdən aldıqları üçün daha çox minnətdar olacaqlar!

Çünki əski günlərdə bizim köməyimiz olmadan bişirdikləri çörəyin belə əllərində daşa çevrildiyini və bizim yanımıza qayıtdıqdan sonra daşların öz əllərində çörəyə çevrildiyini çox yaxşı xatırlayacaqlar.

Tam təslimiyyətin dəyərini çox, həm də çox yaxşı bilirlər! İnsanlar bunu başa düşənə qədər bədbəxt olacaqlar. Bunu bilmədikləri üçün ən böyük cinayət kimə aiddir, danış?

Sürü yenidən bir yerə toplaşacaq və yenidən təslim olacaq, bax, o zaman hər kəs üçün ilk və son olacaq. Təbiətləri gərəyi malik olduqları səssiz və təvazökar zəif varlıq xoşbəxtliklərini onlara verməliyik.

Ən axırda da məğrur olmamaları üçün onları razı salmalıyıq. Onlara zəif olduqlarını və yalnız acınılası uşaqlar olduqlarını, lakin uşaq xoşbəxtliyinin xoşbətliyin ən şirini olduğunu göstərməliyik.

Ürkəkləşəcək, bizə bel bağlayacaq və sərçələrin toyuğa yaxınlaşdığı kimi bizə daha da yaxınlaşacaqlar. Bizə heyrət edəcək və önümüzdə dəhşətə qapılacaqlar və bu qədər güclü və ağıllı olmağımızla, milyonlardan ibarət çalxantılı sürünü boyun əydirməyimizlə qürur duyacaqlar.

Hirsimiz qarşısında acizcəsinə titrəyəcəklər, zehinləri qorxuyla dolacaq, qadın və uşaqlar kimi ağlamaya hər vaxt hazır olacaqlar, lakin bizdən gələn kiçicik bir işarəylə qəhqəhə, şənlik, sevinc və uşaq mahnılarına keçməyə də hazır olacaqlar.

Bəli, onları işlətməliyik, lakin boş vaxtlarında həyatlarını uşaq mahnıları və günahsız rəqslərlə uşaq oyununa çevirməliyik. Ah, hətta günah etmələrinə də icazə verməliyik, onlar zəif və çarəsizdirlər və günah etmələrinə icazə verdiyimiz üçün bizi uşaqlar kimi sevəcəklər.

Bizim icazəmizlə edilsə, hər günahın kəffarəsinin ödənəcəyini, onları sevdiyimiz üçün günaha icazə verdiyimizi və bu günahların cəzasını boynumuza götürdüyümüzü söyləməliyik.

Bəli, üzərimizə götürəcəyik və bizə Tanrının qarşısında onların günahlarını üzərinə alan xilaskarlar kimi pərəstiş edəcəklər. Bizdən gizlədikləri heç bir sirləri olmayacaq.

İtaətkar olmalarına yaxud olmamalarına görə həyat yoldaşları və aşnalarıyla həyatalarına, uşaq sahibi olub-olmamalarına icazə verəcək yaxud bunları qadağan edəcəyik və onlar da bizə məmnuniyyətlə və şən bir şəkildə təslim olacaq.

Vicdanlarının ən ağrıverici sirlərini və hamısını, həm də hamısını bizə gətirəcəklər. Gərək hər biri üçün bir cavabımız olsun. Özləri üçün hər hansı azad bir qərar verərkən onları dözdükləri böyük narahatçılıq və qorxunc iztirabdan xilas edəcəyi üçün cavablarımıza inanmaqdan məmnun olacaqlar.

Onları idarə edən yüz minlərdən savayı hamısı yəni milyonlarla varlıq xoşbəxt olacaq. Çünki yalnız sirri qoruyan bizlər bədbəxt olmalıyıq.

Milyonlarla xoşbəxt körpə və yaxşı və pis biliyin lənətini üzərinə götürmüş yüz min ağrı çəkən adam olacaq. Hüzurla öləcək, sənin naminə günləri başa çatacaq və məzarın o biri tərəfində ölümdən savayı heç bir şey tapa bilməyəcəklər.

Lakin bu sirri saxlamalıyıq və xoşbəxtlikləri üçün onları cənnət və sonsuzluq mükafatıyla ovsunlamalıyıq. O biri dünyada nəsə varsa da bu qətiyyən onlar üçün deyil.

Sənin zəfərlə, məğrur və güclü seçilmişlərinlə yenidən gələcəyin əvvəlcədən deyilmişdi, lakin biz onların yalnız özlərini xilas etdiklərin bizim isə hər kəsi xilas etdiyimizi söyləyəcəyik.

Heyvanın belində oturan və əllərində sirri tutan fahişənin rəzil ediləcəyi, zəifin yenidən ayağa qalxacağı, onun soyunu parçalayacağı və nifrət yaradan bədəninin soyulacağı izah edilib.

Lakin o zaman mən ayağa qalxacağam və sənə günahın nə olduğunu bilməyən milyonlarla uşağı göstərəcəyəm.

Xoşbəxtlikləri üçün onların günahlarını boynumuza götürən biz, sənin qarşısında dayanacağıq və "Mühakimə edə bilsən və cəsarətin çatsa, bizi mühakimə et" deyəcəyik.

Səndən qorxmadığımı bil. Vəhşi həyatda mənim də olduğumu, köklər və akasiyalarla mənim də həyatımı davam etdirdiyimi, insanlara onunla xeyir-dua verdiyin azadlığı mənim də çox istədiyimi, güclü və "aranı bağlamağa" susamış seçilmişlərin arasında dayanmaq üçün mənim də çalışdığımı bil.

Lakin oyandım. Dəliliyə xidmət edə bilməzdim. Arxamı çevirdim və sənin işini düzüb-qoşanların safına keçdim. Təvazökarın xoşbəxtliyi üçün qüruru tərk etdim və təvazökara geri döndüm.

Sənə söylədiklərim baş verəcək və bizim hakimiyyətimiz qurulacaq. Təkrar edirəm; sabah bizi maneə olmağa gəldiyin üçün səni yandıracağım qalağın üstünə məndən gələn bir işarə ilə qaynar közləri yığmaq üçün qaçan itaətkar sürünü görəcəksən.

Alovlarımıza layiq olan biri varsa, o da sənsən. Sabah səni yandıracağam".

XS
SM
MD
LG