Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:37

-

2019-cu ildən sonra Avropa Qış Oyunları keçirilə bilər. Milli olimpiya komitələrinin yaratdığı qrup bu oyunlara marağını bildirib. Xəbəri insidethegames.biz saytı yayıb.

Ötən həftəsonu Romada Bakıda ilk Avropa Oyunlarının müzakirəsinə həsr olunmuş ikigünlük tədbir keçirilib. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrick Hickey deyib ki, 6-10 ölkənin rəsmiləri ona yaxınlaşıb, bu Oyunların qış idman növlərinə də aid edilməsini istəyiblər.

2019-DA ŞƏRQİ AVROPADA

Sayt yazır ki, P.Hickey yeni konsepsiyasını təkmilləşdirmək üçün yollar axtarır. Ancaq hələ ki, bu ideya əsasında qərar verilməyəcək. Belə ki, 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin adı oktyabrda açıqlanmalıdır.

P.Hickey insidethegames saytına deyib ki, «bu, yaradılan brendin (Avropa Oyunlarının) necə böyük uğur olmasını göstərir. Bu, iştahanı göstərir, bazarı, entuziazmı görmək əla şeydir».

«Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Thomas Bach-la görüşüb məsləhətləşəcəyəm ki, belə bir ideya Qış Olimpiya Oyunları ilə necə uyğunlaşdırıla bilər» - P.Hickey bildirib.

Oslo, Krakov, Lvov və Stokholm 2022-ci il Qış Olimpiadasına ev sahibliyindən imtina edib, ev sahibi olaraq Pekin seçilib. Buna görə belə bir entuziazm Avropada irəliləyiş sayıla bilər.

Saytın yazdığına görə, 2019-cu il Avropa Oyunları üçün şəhər seçimi davam edir. P.Hickey deyib ki, Şərqi Avropada bir ölkə ilə fəal müzakirələr gedir.

Rusiya, Türkiyə, Belarus bu oyunlara ev sahibliyinə maraq göstərmişdilər. Niderland isə xərcləri bəhanə gətirərək imtina etmişdi. Qərar gələn ay AOK-un Praqada Baş Assambleyasında açıqlanacaq.

Patrick Hickey (solda) və Azad Rəhimov.

Patrick Hickey (solda) və Azad Rəhimov.

«BAKI LAYİHƏSİ» VƏ ATLETİKA

Roma toplantısına Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov da qatılıb. Gələcək Oyunlarda «Bakı layihəsi»ndən istifadə müzakirə olunub.

Ancaq P.Hickey onu da qeyd edib ki, Avropa Oyunlarının hər bir ev sahibi ölkənin tələblərinə uyğun, fərqli hazırlanacaq.

Oyunlar üçün əsasən beş-altı əsas oyun növünün seçiləcəyi, atletikanın da onların içində olacağı bildirilir, - insidethegames yazır.

Atletika Bakı proqramında 20 idman növü arasında olsa da, Avropa atletika çempionatlarının üçüncü dərəcəli atletləri səviyyəsində keçirildi. Rusiya, Britaniya, Fransa kimi qitə supergüclərindən atletlər qatılmadılar.

P.Hickey deyib ki, gələcək Oyunlarda iştiraka digər idman növlərini özündə birləşdirən federasiyalar da maraq göstərib. Gənclərə yönəlik idman növləri də maraqlıdır. Bakıdan yayım rəqəmlərinin ilkin təhlili, məsələn, çimərlik futbolunun Azərbaycan paytaxtında populyar olduğunu göstərir.

Tam yayım statistikası hələ açıqlanmayıb. Ümumilikdə dünya üzrə izləyici sayının 1.7 milyard olduğu bildirilir.

Avropa Oyunlarının açılış mərasimi - 12 iyun 2015.

Avropa Oyunlarının açılış mərasimi - 12 iyun 2015.

AZƏRBAYCANIN GÜCÜ

P.Hickey ilk Oyunların böyük uğurla keçdiyini, Azərbaycanın gələcəkdə böyük tədbirlərə ev sahibliyi etmək gücündə olduğunu israrla bildirib. Sayt Azərbaycanın insan haqları pozuntularına, tanınmış fəalları və jurnalistləri həbsə atdırmasına görə tənqid olunduğunu xatırladır.

Ancaq o da qeyd olunur ki, bu ölkə 2024-cü il Yay Olimpiadası və Paralimpiya Oyunlarına ev sahibliyi üçün də müraciət edə bilər. Müraciət üçün son tarix sentyabrın 15-dir.

Rəsmilər bu ilin iyununda Bakıda keçirilən ilk Avropa Oyunlarına 1 milyard manat ayrıldığını bildirsə də, müstəqil iqtisadçılar bu rəqəmin 4 milyard civarında olduğunu hesablayıblar. Təhlilçilər bu vəsaiti «israfçılıq» adlandırır, əvəzində əhalinin sosial problemlərinə sərf olunmasını daha səmərəli sayırdılar.

Digər tərəfdən də ölkədə insan haqları fəallarına, jurnalistlərə təzyiqlər Oyunlar ərəfəsində və sonra hakimiyyətə çağırışları gücləndirib, həbsdəki fəalların azadlığa buraxılması istənilib. Hakimiyyət təmsilçiləri bütün bu bəyanatları, tənqidləri ölkəyə qarşı «məqsədyönlü qarayaxma kampaniyası» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG