Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:31

Pambığı yığıb qurtarmamış evlənmək qadağan edildi


Özbəkistanda pambıq yığımı.

Özbəkistanda pambıq yığımı.

-

Sentyabrda pambıq yığımı Özbəkistanın Səmərqənd əyalətində toy biznesi üçün əlverişli zaman sayılmır.

Yerli hakimiyyət restoranlara və toyxanalara tapşırıb ki, pambıq yığımı qurtarmayanadək toy, şənlik keçirmək olmaz, bununla bağlı hər hansı sifariş qəbul etməsinlər.

Səmərqəndin yerli hökumətindən AzadlıqRadiosunun özbək xidmətinə bildiriblər ki, bu məhdudiyyət pambıq yığımının sürətləndirilməsi üçündür: «Tezliklə onlar pambıq yığımını başa çatdıracaqlar, onda da havalar soyumamışdan toy edə biləcəklər», - sosial məsələlər departamentinin rəsmisi bildirib və əlavə edib: «Burda heç bir səhv yoxdur».

«QONAQLARA DƏVƏTNAMƏLƏR GÖNDƏRİLİB»

Toy planının dəyişməsi çoxlu narahatçılıq yaradıb. İştixon mahalının sakini deyir ki, bacısının toyu bir neçə ay əvvəldən sentyabrın 10-na planlaşdırılıb: «Qonaqlara dəvətnamələr göndərilib, hazırlıqlar görülüb. Amma toyxana rəhbərliyi məclisi təxirə saldı, mənə bildirdilər ki, göstəriş yuxarıdan gəlib».

«Restoran və toyxanalar artıq heç bir toy və ya banket sifarişi qəbul etmirlər», - o, AzadlıqRadiosuna bildirib.

Gəlinin qardaşı adının çəkilməsini istəmir, deyir, xarici mediaya müsahibə verən şəxslər hakimiyyət orqanları tərəfindən təzyiqə məruz qalır.

«İSTƏYİRLƏR Kİ, QIŞ GƏLMƏMİŞ TOYU ETSİNLƏR»

Səmərqəndin başqa bir sakini də deyir ki, yerli hakimiyyət toy şənliklərinin adamları pambıq yığımından yayındırdığını güman edir: «Amma bu qadağa adamları toyunu etməyə, xüsusilə də gün əvvəldən təyin edilibsə, mane ola bilməyəcək. Ailələr istəyirlər ki, qış gəlməmiş toyu etsinlər. Əziyyət də olsa, toyu evlərində edirlər».

Məhsul yığımı noyabrın ortalarınadək çəkəcək.

Dünyada pambıq ixracatına görə ön yerlərdən birini tutan Özbəkistan tələbələri, həkimləri, işçiləri məhsul yığımına məcburi cəlb etməyə görə dəfələrlə sərt tənqid olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG