Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:58

İmamın dişi ağrıyar


"Yuxularım" kitabının üz qabığı
"Yuxularım" kitabının üz qabığı

- “Yalanların ən böyüyü adamın görmədiyi yuxunu gördüm deməsidir.” (Buxari, Tabir, 45; Müsned 2/96, 119)

Nərmin Kamal

Murad Köhnəqalanın "Yuxularım" kitabı haqqında

Ədəbiyyat bizim öz yuxularımızdan da aydın xatırladığımız yuxularla doludur.

“Anna Karenina”dan “Alisa möcüzələr adasında”ya qədər, ondan da "Finneqanın yası", "Xəzər sözlüyü"nə qədər yazıçılar yuxuya cürbəcür formalarda çox yer veriblər. Hətta bu formalardan biri üçün müasir Qərb ədəbiyyatında yuxu qadağası yaranıb. Hansıdır o forma?

"Tell a dream, lose a reader" (“Oxucunu qaçırmaq istəyirsənsə, yuxu danış”) amerikalı yazıçı Henry James’in bu məsəli onun özündən, əsərlərindən qat-qat məşhurdur.

Nəsrə yuxu ilə başlamaq, ardınca “O, oyandı, gördü ki, bütün olanlar yuxu imiş” yazmaq, yaxud da hekayəni qəhrəmanın yuxudan oyanmasıyla bitirmək. Belə yuxu ədəbiyyatda böyük səhv hesab olunmaqdadır.

Daha bir bayağı üsul yazıçıların yuxudan bir məlumatı qəhrəmana çatdırmaq üçün paraşüt kimi istifadə etməsi, süjetdəki boşluqları yuxu ilə həll etməsi, çətin işlərini bu cür asanlaşdırmasıdır.

Başqa adamın yuxusunu dinləmək maraqsız olur, ədəbi qəhrəmanın yuxusunu oxumaq darıxdırıcı olur. Birinci ona görə maraqsız olur ki, yuxu onu görən adamın daxilinə yönəlikdir, yalnız o adamın psixologiyasına aiddir.

İkinci ona görə darıxdırıcı olur ki, yuxu həmişə bir funksiya daşıyır, məsələn, yuxunu oxuyanda müəllifin qəhrəmanın gələcəkdə olacaq hansısa hadisələri duyduğunuı çatdırmaq istədiyi hiss olunur.

Qərb universitetlərini bürümüş yazıçılıq fakültələri, yazmaq sənəti müstəqil emalatxanaları, gənc yazıçılara məsləhət səhifələri ədəbiyyatda yuxuya az qala yasaq qoymaqdadır.

***

Belə bir fonda nəşr olunmuş yazıçı Murad Köhnəqalanın “Yuxularım” kitabı yuxulardan yuxarıda sadaladıqlarımızdan tamamilə fərqli cür istifadə edir və bir neçə cəhətinə görə yüksək qiymətə layiqdir.

Ədəbi ölçülərinə görə

İnsan iztirabları və çıxılmazlığını yeni işıqda göstərdiyinə görə

İctimai aksiya kimi

Kitab 14 hekayədən ibarətdir. Bu hekayələrdə müəllif əslində görmədiyi yuxuları görübmüş kimi yazır. Şüurlu vəziyyətdə öz şüursuz vəziyyətini parodiya edir.

Bu orqanik yuxuları oxuduqca öz gördüyümüz yuxuları tanıya bilirik. Başqa adamın yuxusunu görməkdən çox öz yuxunu başqa adamın gördüyünü oxumaq kimi hiss verir yerbəyer.

Həm ona görə ki, burada ortaq yuxu simvolları (Freydin çox şərh etdiyi güzgü, kirpi, bağ və s.) məharətlə işlənir. Həm də ona görə ki, simvollardan əlavə, hamımızın yuxu zonasında yaşadığımız o sirli hissiyyat dəqiq ifadə olunur.

Burada güclü bir yuxu atmosferi var. Həmin yuxu atmosferi hekayələrdəki ironiyanın açıq şəkildə bilinməsinin qarşısını alır. Hekayələrdəki ironiya isə öz növbəsində yuxuların idealizasiya edilməsinin qarşısını almaqdadır.

Buradakı hekayələr sürrealdır, amma bu, sürreal avtomatizm (qələmi götürüb, şüuraltından necə gəlirsə o cür yazmağa, çəkməyə əsaslanan bir alt-janr) deyil, hər birinin süjeti var, "əvvəli, ortası və sonu" var.

Azərbaycanın ləzzətli yuxu dilində (gördüm belə edirəm, gördüm elə edirəm) yuxu simvollarıyla (o simvollara və şüuraltının özünə bilinməz, xəfif ironiya ilə), yuxu atmosferilə, zəngin və gözəl nüanslarla, fantasmaqorik ardıcıllıqla yazılmış özünəməxsus bir kitabdır.

Bu kitabda yuxular yumulan göz qapaqları arxasında özüylə, yaddaşıyla tək qalan insanın bitib-tükənməz iztirabını göstərmək üçün yaxşı bir vasitədir. Bu hekayələrin hər birinin qəhrəmanını bir tərəfdən yuxu, o biri tərəfdən iztirab iflic edir. "Buzlaqda" hekayəsində olduğu kimi.

***

Sevdiyim insanların ölən qohuma, tanışa çox ağladıqlarını görüb qüssə içində yuxuya getdiyim uşaqlıq illərimdə bir dəfə çıxış yolu tapdım. Bilirəm, bu yolu tapan yeganə adam mən olmamışam.

Ölən adamı yuxuda gördüyümü dedim yalandan. Bir anda diqqət mərkəzinə düşdüm, məni evin səhnəsinə çəkdilər. Dedilər, danış, necə gördün, necə idi, nə deyirdi.

Cavabım özünü çox gözlətmədi. Ölünü yuxuda çox şən gördüyümü dedim, paltardan-evdən bir-iki detal təsvir etdim, axırda əsl məqsədi - ölünün mesajını çatdırdım: "Ağlamayın”.

Qarılar elə bu vaxt şübhələndilər yuxumdan: “Bax a! Yuxunu yalan danışmazlar. İmamın dişi ağrıyar!”

İslam dini yuxunu yalan danışmağı böyük günahlardan sayır. Bu barədə Buxarinin hədisi də var:

“Röyasına yalan qarışdıran, yalandan yuxu gördüyünü deyən kəs qiyamət günü iki arpa dənəsini bir-birinə bağlamaqla mükəlləf olacaq, fəqət onları bir-birinə bağlaya bilməyəcəkdir.” (Buxari, Ta’bir: 45)

“Yalanların ən böyüyü adamın görmədiyi yuxunu gördüm deməsidir.” (Buxari, Tabir, 45; Müsned 2/96, 119)

Belə bir təbəssümsüz mədəniyyətin içində böyüyərək, görmədiyi yuxuları gördüm deyə sənətə çevirən bir yazıçının kitabını Azərbaycan ədəbiyyatında "art house" nümunəsi kimi oxudum.

XS
SM
MD
LG