Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:06

- "Hər uğurlu kişinin arxasında dayanan o qadını nəhayət ki, görmüşdüm. Qızın gözləri Mikayıl Müşfiqə, bəstəsi də Vaqif Mustafazadəyə aid idi. Elə gülürdü elə bilirdin rəsmi mənbələrdən alınan məlumatlara görə gülür."

İlham Əkbərli

TOVUZ BLUES – DUMANLI ALBİNOS

- Alo…

- Saatım yatıb.

- Kimlə? Başqasıyla yatıb?

- Yox, xəyanət zəminində yatmayıb. Yatıb qalıb. İşləmir.

- Saatınız təxminən neçə saatdı yatıb?

- Onu indi deyə bilməyəcəm. Yatıb deyə hesablaya bilmirəm. Duranda özündən soruşub desəm, olar?

- Üzr istəyirəm, saatınız qol saatıdır, ya divar saatı?

- Qum saatıdır.

- Bəli! Dinləyicimiz "Torpaq – uğurunda ölən varsa, vətəndir" demək istəyir.

- Olar salam göndərim?

- Göndərin.

Göndərdim və göndərən sağ oldu.

Mən radioyla danışmağı sevmirəm, amma başqa çıxış yolum yoxdur. Vaxtımı öldürmək üçün tez-tez radioyla danışıram.

Nəticə olaraq, özünüz gördünüz ki, saatın dayanmasında da, vaxtın öldürülməsində də heç kim cinayətdən şübhələnmir.

Mən hündürmərtəbəli binanın hündürüncü mərtəbəsində qalan bir adamam. Son ildə eşitdiyim hər şeyi radiodan eşitmişəm. Evdən çıxa bilmirəm, çünki evdə işləyirəm.

İşdən çıxa bilmirəm, çünki işdə evləyirəm. 9-6-9 insanlarının (bu, qətiyyən 90-60-90-nın ixtisarı deyil, ümumiyyətlə ixtisar möhtəşəm ofislərin 9-6-9 insanları üçün “He Who Must Not Be Named” hesab olunur.) dediyi kimi işimlə evliyəm.

Burada Uçan Mollaların xidmət mərkəzində işləyirəm. Onların baxımı ilə məşğulam. Uçan Mollalarla işləyirsənsə, iki əsas qaydaya riayət etməlisən.

Birinci: Onlar hər an gələ bilərlər, olduğun mərkəzdən heç vaxt ayrılmamalısan. İkinci: Heç vaxt Döyüş Klubu barədə heç kimə danışmamalısan. Uçan Mollalar Döyüş Klubunun nə kitabını, nə də filmini sevirlər. Kövrək insanlardır.

***

Həyat belə davam edə bilməzdi. Otaqda səs, kölgə və bunların sahibi bir adam var idi.

- O Tovuz Blues, Tovuz Blues deyirlər e, onu niyə iki dəfə deyirlər? Sən bilərsən.

Qapının ağzında dayanmışdı. Qapının ağzında ağzına gələni danışırdı. Ağ adam ya qapıyla, ya da mənlə danışırdı. Girişdə çox qapı olduğu üçün qapını və söhbətini bağlayaraq, dar otaqda mənə doğru yaxınlaşdı. Sual öz cavabını gözləyirdi.

- Birincidən başa düşmürlər ona görə. O, mənim adımdı əslində. Anadan olanda qoyublar.

- Özüsən, ya quşu?

- Xahiş edirəm, yaponca danışmayın. İngilis dilini güclə öyrənməmişəm.

- Deyirəm, Tovuzun özüsən, ya quşu? Özü də yapon yox, azəri türkü.

- Tovuzun həm özüsəm, həm də quşusu. Yəni ikisi də eyni şeydi. Necə rahatdır.

Dilim topuq vururdu. Bu böyük və ağ insan isə bu müddətdə stulu çəkib əyləşmişdi. Əyləşmək bir adama ancaq bu qədər yaraşa bilərdi. Bu adam dünyanın ən əyləşmiş insanıydı.

Mən yatağımda yarı-uzanmış vəziyyətdə oturmuşdum. Ya da yarı oturmuş vəziyyətdə uzanmışdım. Bayaq isə xəyalım ənginlərdən öylə bir yüksəlmişdi ki, elə bil, içində ancaq ilk dəfə uçan adamlar olan təyyarə yüksəlirdi. Heyf. Sözə başlamışdı.

- Başının ağrısı keçdi?

- Başım... Başım heç ağramırdı axı

- Hə, dedim, birdən baş ağrısı verərəm. Qulaq as, gör nə deyirəm. Dedin, sənə adı anadan olanda qoyublar? Bilirsən, niyə deyirəm?

Bilmirdim. Mən hardan bilirsən niyə deyirəm.

- Qız varıydı. İndi də var. Yəqin ki, bundan sonra da varacaq. O, anadan olmamışdan 2-3 ay əvvəl anası dünyasını dəyişib. Bu qız da riyazi hesablamalar nəticəsində anadan olub. Pəri Pendikulyar deyirlər. Adını da tənlikdən alıblar. İndi də qapının arxasındadı, birinci gəldim ki, özüm tanış olum sonra onu da gətirəcəm.

Yəqin mənim adımı da təklikdən alıblar. Tovuz Blues. Dünyanın ən bir nəfərlik adamı. Bir gün bilirdim ki, o qapı başıma elə oyun açacaq ki, o qapının arxasında heç müqəddəs Papa Karlo da dayana bilməyəcək.

Bizə yenicə qoşulan izləyicilərimiz üçün kiçik bir qeyd: Mən bu adamı hardansa tanımıram. Mən bu adamın ağına da lənət, qarasına da.

- Çox üzr istəyirəm. Məni də başa düşün, bu vəziyyətdə uzanmış bir adamın az üzr istəməyi çox da effektiv olmaya bilər, ona görə də çox üzr istəyirəm. Bəs Sizin adınızı hardan gələndə qoyublar? Kimdən alıblar? Bəlkə borc götürüblər, öləndə qaytarmalısınız? Adınızla böyümüsünüz?

Sual vermək mənim etiraz şəklimiydi. Başqa cür həyatda qala bilməzdim.

- Yox, yanılırsınız gənc, yarı-uzanmış - yarı-oturmuş adam və ya Tovuz Blues.

Sonra mənə öz hekayəsini danışdı. Başa düşdüm ki, yaşamaq da onun etiraz şəkliydi. Başqa cür həyatda qala bilməzdi.

- Heç yadıma gəlməz, iki-üç gündür dünyaya göz açmışdım. İndiki kimi onda da kipriklərim ağappağıydı. Elə bil gözlərimə qar yağıb, özü də gecəynən yerə oturub. Göz bəbəklərim də pəncərədən qara baxan uşaq sevinciylə çölə baxırdı. Hər tərəf duman içindəydi. Yəni mənim gözümdə hər tərəf duman içindədi. Özü də hər tərəf hər tərəfdədi. Yəni bilirsən necə, mənzərə sabit qalmırdı, davamlı tərpənirdi. Bir də səs gəlirdi. O səsi harada görsəm, tanıyaram. Çox uzatmayım, çox-çox sonradan öyrəndim ki, bu nağılın sonunda, yəni həmin gecə atam anamı, anam yaşadığımız şəhəri, şəhər məni, mən nənəni, nənə babanı, baba da turpu tərk edirmiş. Ondan sonra da Pəri Pendikulyardan başqa başıma heç nə gəlməyib ki, bu nağılın sonuna da bir şey qalmayıb.

- Yəni... Mən bu nəticəyə gəldim ki, siz Turpun oğlusunuz?

- Yox.

- Deyirəm axı, onun heç oğlu yoxdur.

-Nə danışırsan, mən heçkimin oğlu deyiləm. Adım da Albinos. Dumanlı Albinos.

İçimdən söyüş söymə stansiyasına doğru qatarlar keçirdi. Vəziyyət, “ay uşaq, qapını burax” idi

- Bəs məndən nə istəyirsiniz...

- Səndən bir şeyi tələb etmək istəyirəm.

Dumanlı Albinos bunu dedi, durdu və otağı tərk etdi. Bəzi günlər olur, elə bilirsən ki, yaşamamısan, siz də yaşamamış olmazsınız.

Özümü həmin günlərdən birində hiss edirəm. Bu gün yaşamaq da, ölmək də hesaba alınmayacaq deyəsən. Hər şey sabah yenidən başlayacaq.

Amma mənim evdən çıxmadığım bu müddətdə ən ağır qəbul etdiyim şey də bu idi. Sabah hər şey yenidən başlamırdı, elə köhnədən davam edirdi.

***

Səslər gəlirdi. Dumanlı Albinos otağa qayıtmışdı. Narahat olmamışdı, öz evindəki kimi hiss edirdi. Arxasında dayanan qızı isə daha gec görmüşdüm.

Hər uğurlu kişinin arxasında dayanan o qadını nəhayət ki, görmüşdüm. Qızın gözləri Mikayıl Müşfiqə, bəstəsi də Vaqif Mustafazadəyə aid idi. Elə gülürdü elə bilirdin rəsmi mənbələrdən alınan məlumatlara görə gülür.

Əgər uzaqgörən insanıydısa, mən onu lap uzaqdan da sevməyə hazırıydım. “Ehtimallar nəzəriyyəsi” nəzəriyyəsini boşa çıxarmışdı, indi hər ehtimal bir ehtimal idi. O da O idi. Norveç xalqının təzəcə ölən ölməz şairi Oda Oidi-nin təsvirlərindəki kimi gülürdü.

Mən yatağımdan durub dörd nəfərlik stolun arxasında bir nəfərlik oturmuşdum. Bir nəfəslik də açmışdım otağın havası dəyişsin deyə. Gözlədiyim yerdə axşamlamışdım. Gözləmədiyim insanlarla oyanmışdım.

Bu gün hər şey ola bilərdi. Nəfəslikdən içəri Uçan Molla girmişdi. Onu tamamilə unutmuşdum. Öz vaxtında gəlmişdi, amma vaxtsız gəlmişdi.

Dumanlı Albinos, Pəri Pendikulyar və mən Uçan Mollaya baxırdıq. Uçan Molla mövzuya da uça-uça girmişdi.

- Qızdan xoşun gəldi? Qəribə də adı varıydı? Paralelepipediydi?

Taleyimlə barışmışdım. Mollanı əmmamələsən də, əmmamələməsən də “də” burada həmişə ayrı yazılır. Dərdimi elə ortaya açdım.

- Molla əmi, qızın gözlərinə bax. Elə bil 40 günlük ölüdü.

- Tövlə de.

- Nə deyim? Tövlə deyim? İnəklərə inanmağa başlamısan? Necə Mollasan sən?

- Yox e, mən b hərfini deyə lilmirəm. Əvəzinə l deyirəm. Ona görə deyirəm, tövlə de, tövlə..

- Tövlə.

- Sən tövlə demə, tövlə de. Günahdı.

- Molla əmi, mən özüm nə işləyirsən sualına günah işləyirəm cavabı verən adamam, nə danışırsan sən.

Dumanlı Albinosun bu inanılmaz söhbətdən başı dumanlandı. Pəri Pendikulyarın qolundan bərk sıxaraq stolun ətrafına doğru gətirdi. Molla əmi düz yanımda oturdu.

Dumanlı Albinos və Pəri Pendikulyar düz qarşımda dayandılar. Ürəyim də düz onun qabağında dayanacaqdı. Birdən Dumanlı Albinos düz üstümə qışqırdı.

- Bir də bu qızı mənim yanımda görmə!

Mən musiqiçi deyiləm, amma səs tonunu bir az da yüksəltdiyini açıq-aydın hiss etdim.

- Sənə dedim bir də bu qızı mənim yanımda görmə!

Molla əlavə etdi

- Görməsin!

Qız ağlamağa başladı. Birinin gözündə qar, o birində yağış. Cütlük bir-birini tamamlayırdı.

Mən cümləmi sərf etdim.

- O cümlə tərsinə olur

- Yox, bir də bu qızı mənim yanımda görmə dedim. Al bu silahı. Məni vuracaqsan. Bu qıza da vurulacaqsan!

Silahı əlimə verdilər. Qeyri-ixtiyari silahı ona doğru yönəltdim. Sözünə davam etdi.

- Molla da var. Tez-bazar həll et! Yaşamaq istəmirəm. Mən bu qıza layiq deyiləm. Biz ən tez müddətdə ayrı dünyaların insanları olmalıyıq. Göndər məni o biri dünyaya.

- Necə yaşamaq istəmirsən e? Sən bu işdə saç ağartmış adamsan! Azərbaycan dili lüğəti demiş, püxtələşmisən!

- Saç ağartmamışam, bir saatdı sənə başa salmıram ki, mən albinosam!

Molla söhbətə elə girdi ki, belə giriş hələ heç kimi eşitməmişdi.

- Öldür getsin! Onsuzda ağappaq adamdı. Cənnətə düşəcək, həm cəhənnəmlə rəngi tutmur, həm də yanan material deyil.

Pəri Pendikulyar ilk dəfə danışdı. Üç sözlə mükəmməl danışdı.

- Mən səni sevirəm.

Uçan Molla niyəsə bu sözü üstünə götürdü.

- Axı mən sənə “mən səni sevirəm” gözüylə baxmıram. Biz səninlə “mən səni sevirəm” ola bilmərik.

Vəziyyət “səni demirəm” idi. Dumanlı Albinos ağlamağa başlamışdı. Ağ adam ağlayırdı. Ağzından cəmi bir söz çıxdı.

- Vur

Uçan Molla vəziyyətin ağırlığına tab gətirməyib gözlənilmədən pəncərəyə doğru getdi və uçaraq uzaqlaşdı. Dumanlı Albinos da onun arxasınca tərpəndi. Və təbii ki, silahdan atəş açıldı. Pəri Pendikulyar silahı əlimdən alıb Dumanlı Albinosu pəncərəyə çatmamış vurdu. Gözlərimə inanmadım.

- Sən neynədin?

- Vurmasam, uçmaq istəyəcəkdi. İstəmədim ki, uça bilmədiyini öyrənsin.

Bu qədər soyuqqanlı olmağa ehtiyac yox idi. Daha sonra Dumanlı Albinosun yerə sərilmiş bədənini çox rahatlıqla belinə götürüb pəncərədən aşağı atdı və yuxarıya baxmağa başladı. Gözlərinin yaşıl olduğunu ilk dəfə onda görmədim.

***

Yatağın bir kənarında oturdum. Radionu açdım. Radio danışırdı.

- Bu mahnı isə bizdən daimi dinləyicimiz Tovuz Blues üçün gəlsin.

But now she’s dead. Başımı qaldırdım. Bəzi günlər olur ki, elə bil, heç yaşamamısan. Pəri Pendikulyara baxdım. O hələ də göyə baxırdı, gözləri hələ də yaşıl idi. She’s so dead. Mən bir çox şeyin kənarındayam.

Bu günü yaşanmamış elan edə bilərəm. Bəzi günləri yaşamaq üçün hələ çox yaşamamışam. Forever dead. Məni eşitdiyini belə bilmirdim. Cəmi 4 söz istifadə haqqım qalmışdı.

- Səni sevirəm

- Hardan bilirsən?

- Radiodan eşitmişəm.

And lovely now. Radionu söndürdüm. Saatım oyanmışdı, ona səhər yeməyi hazırlamalıydım.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG