Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:53

- "Əsrlər boyu, bir istilaçıdan digər istilaçının əlinə keçə-keçə bizdə unikal bir özünüqoruma instinkti yaranıb..."

Ziya F.M.

"Покинутый Баку" ("Tərk edilmiş Şəhər")

hekayələr və esselər silsiləsindən

6/8 və ya Üç badam, bir qoz

Bir fransız - sevgidir. İki fransız - duel. Çoxlu fransız isə - inqilab.

Bir alman döyüşçüdür. İki alman - döyüşən dəstə. Çoxlu almansa – müharibə.

Bir ingilis – konyak. İki ingilis – bric oynamaqçün rəqiblər. Çoxlu ingilissə - parlamentdir.

Bir rus - əyyaşdır. İki rus - əlbəyaxa dava. Çoxlu rus - mavzoleyə uzun bir növbə.

Bir gürcü – şəxsiyyətə pərəstişdir. İki gürcü – kütləvi terror. Üç gürcü isə - iraq olsun.

İnternetdə gəzən zarafat.

Amma bizdə , “bir azərbaycanlı elə bir azərbaycanlıdır”. Vəssalam. Başqa mühitə tək düşəndə tam əriyən ölçü vahidi. Mühitindən ayrı düşmüş azərbaycanlı. Başqa millətin mədəsində tam əriyib yoxa çıxan azərbaycanlı.

Hər şeyi unudan, yaddan çıxaran. Ən maraqlısı isə onun bu vəziyyəti olduğu kimi qəbul etməsidir. Müqavimət göstərmədən. Çünki mühitsiz azərbaycanlı artıq azərbaycanlı deyil. O, bütün adət-ənənədən, dilindən, düşüncə tərzindən imtina edir. Mentalitetdən də. Hətta milliyyətindən də.

Elə bil o, bizim sevgilimiz, qardaşımız, atamız-anamızdır. Sevirik, nifrət edirik, yazığımız gəlir, ona xəyanət edirik, ona acıq veririk.

Pasportdakı yazıdan başqa heç nə qalmır. Heç nə.

Harasa uzağa, başqa ölkəyə yaşamağa gedəndə, köçəndə vətəni ilə bağlarını dibindən qoparıb tullayır.

Hətta keçmiş vətəninə nifrət də bəsləyir. İllüminatora da tüpürür. Çünki onu başqa əraziləri fəth etməyə itələyən hiss ancaq nifrət olur.

Nə vaxtsa vətəninə olan böyük, ülvi məhəbbətinin tərsi və ya daha çox qazanmaq istəyi. Axırıncısını elə-belə, söz arası, sayıqlıqlarını itirəndə boyunlarına ala bilər.

Bizim vətənə olan tələblərimiz hədsiz dərəcədə yüksəkdir. Şair və yazıçılarımızın sayəsində bizim “VƏTƏNİMİZ”, nə qədər qəribə səslənsə də, bizim gözümüzdə İNSANlaşıb.

Biz ona qonşumuz, müdirimiz, düşmənimiz, dostumuz kimi münasibət bəsləyirik.

Elə bil o bizim sevgilimiz, qardaşımız, atamız-anamızdır. Sevirik, nifrət edirik, yazığımız gəlir, ona xəyanət edirik, ona acıq veririk.

Yeri gəlmişkən, öz vətəninə acıq vermək deyəsən, təkcə bizə mənsubdur. Halımız xarab olanda nəyə görəsə sevinməyə başlayırıq.

Zərb-məsəllərimizdə də var:

“Elnən gələn toy-bayramdır”, - demirikmi? Yəni faciəyə də sevinmək olar, təki hamının başına gəlsin.

Azmı olub, bizim futbol komandamız uduzanda rəqib komandaya azarkeşlik etməyə başlamışıq? Acığa.

Və ya müharibəni uduzub, ağıllı-ağıllı danışmağa, hamını günahlandırmağa və “Haqq oldu, bizə bu azdır” deməyə başlamışıq. Başqa cür bacarmırıq axı, heç alınmaz da.

Onsuz da düşməni öz aramızda axtaracağıq. Onsuz da “daxili düşmənlər” , “sapı özümüzdən olan baltalar” kimi ifadələr fikirləşib hər addımda təkrarlayacağıq. Biz ki, hamıdan ağıllıyıq, biz ki, bilirik məsələ nə yerdədir.

Amma ağlımıza da gəlmir ki, məsələ başımıza gələnin “düzgün” adını tapıb qoymaq, adını tapdığımıza görə sevinib rahatlanmaq yox, uğursuzluğun səbəbini tapıb onu qaydasına salmaqdadır.

Yüz il bundan qabaq dövrünün və zəmanələrinin adamlarını çox yaxşı öyrənən bizim yazıçı və şairlərimiz ətraflarındakı həyatı təsvir etməyə başladılar. Onlar da təqribən elə mən dediklərimi yazırdılar.

Amma bunu çox istedadlı, yüksək bədii səviyyədə, parlaq, xarakterik məişət dilində təsvir edirdilər. Xalqa maksimal dərəcədə çox yaxın dildə.

Bəlkə elə buna görədir ki, Mirzə Ələkbər Sabir kimi şair tərcüməsi çox çətin olan, sırf bizə məxsus, başqa dillərdə o qədər də anlaşılmayan kimi qəbul olunur.

Halbuki, Sabirin şeirlərindəki söz, məna, fikir, bənzətmə və sətirlərin yarıdan çoxunu nəinki indiki, hətta o vaxtın, o dövrün çoxbilmişləri də tam qavraya bilmirdilər.

Всю нацию собрав в кулак, сумей её увлечь!

О благе ближних толковать да не скупится речь!

Привычны мы валить и бить, кромсать, топить и жечь!

И в кровь загнать коней своих, и головы отсечь!

Свобода? Равенство? Ну да: за строем строй идёт!

Эй, не зевай! Раздавит конь! Народ лихой идёт!

*

Çəkil, yol ver, at bağrı çatlatmışıq,

Vurub yıxmışıq, tutmuşuq, atmışıq,

Çapıb qovmuşuq, qan-tərə batmışıq,

Yığıb milləti bir yerə qatmışıq,

Müsavat, ədalət, üxüvvət gəlir!

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Fərqi hiss edirsiniz, yəqin ki.

Tərcümə olunmuş Sabir artıq bizim sevdiyimiz Sabir deyil. Sadəcə ən adi satirikdir. Orijinalda – ritm, vəzn, danışıq tərzi, söz oyunu, hansısa personajın dilində səslənən sözün dəyəri, sosiallıq, hətta bircə sətrin belə, böyük bir ictimai tutumu ifadə etməsi.

Tərcümədə isə - oxucuda fikirdən başqa heç bir başqa duyğu yaratmayan adi sözlər.

Amma tərcümə nə qədər yaxşı da olsa, əsas deyil. Hər xalqın özünün satiriki onsuz da var. Öz ölkəsinin, öz xalqının hüdudlarını aşan, dünyanın tanıdıqları da var.

Bizimkilər bizdə “ancaq bizə məxsus çatışmazlıqlar kompleksi” yaradıblar.

İzah edim.

Satiriklərimizin yaradıcılığından bizdə belə bir təsəvvür yaranıb ki, dünyanın ən nataraz milləti bizik. Biz başqalarına oxşamırıq.

Adekvat tərcümənin, mövzu anlaşılmazlığının başqa xalqlar tərəfindən qavranılmaması da öz təsirini göstərib. Əgər bunu tərcümə etmək mümkün deyilsə, deməli bunlar ancaq bizə məxsusdur.

Sabirin təqdimatında özümüzü sevdik. Onun təsvir etdiyi kimi olmaq xoşumuza gəldi.

Amma Sabir təkcə bizi tənqid etmir, təkcə bizə gülmürdü. O, bütün insanlığa gülürdü. Sadəcə olaraq prototipləri biz idik. Parlaq və dərhal tanınan tiplər olan biz.

Bu əsərlərdə biz özümüzü görüb tanıdıq. Ən qəribəsi də odur ki, Sabirin təqdimatında özümüzü sevdik. Onun təsvir etdiyi kimi olmaq xoşumuza gəldi.

Hətta indi də sevinirik ki, yüz ildə heç dəyişməmişik. Elə bil acığa düşüb dəyişmək istəmirik. Başımıza döyməyimiz də ləzzət eləyir. Sevinirik. Xoşbəxtik.

Rəqs edirik, mahnı oxuyuruq, şeir yazırıq, vətənə məhəbbətimizi izhar edirik. Və çıxıb gedirik, aradan çıxırıq, vətəndə ola-ola vətəndən qaçırıq. İçib, keflənib başqa dildə danışırıq.

Əvvəllər bu, rus dili idi, indi ingilisə keçmişik. Mıxlayıb, ağlımıza gələn qəribə hərəkətlər edirik. Elə bilirik ki, bu, müasir rəqsdir.

Ya da hind filmlərindəki rəqslərə oxşar hərəkətlər edirik. Baxır adamına, kim ayıq vaxtı nəyə baxır, kefli olanda da onu yadına salır. Biri Avropaya, o biri Asiyaya meyllənir. Bir ayağımız orda, o biri ayağımız o birində. Paçası ayrıq. Başqalarına oxşamaq istəyirik. Alınmır.

Səhəri gün ayılıb dünən çıxartdığımız həngamədən utanırıq. Hələ kimsə bunu çəkib yumoristik verilişlərə də göndərir. "YouTube"-a qoyur. Baxıb özümüz özümüzə, kefli halımıza, ritmimizə, qınımızdan , hüceyrəmizdən, zərrəciyimizdən çıxmaq istəyimizə gülürük...

Əgər kimsə desə ki, indiki toylarda oynanılan “Yallı” rəqsi Qobustanda qayaların üstündə təsvir olunmuşlarla eynidir və onlar bizim əcdadlarımızdır, həmin adam bir azca (yumşaq desək) yanılır və ya vicdanının əleyhinə gedir.

Yəni, kimsə deyə bilərmi ki, indiki toylarda “kollektiv rəqs” adı altında bizə təqdim olunan hərəkətlər hər hansı , ən azı yerli standartlara cavab verir?

Mən bir dəfə təsadüfən ölkəmizdə yaşayan digər xalqın toyda kollektiv rəqsinin şahidi olmuşam. Bizim heç bir toyumuzda belə dəqiq, nizamlı rəqsin, sinxronluqdan yaranan gözəlliyin şahidi olmamışam. Heç vaxt.

Moldovan, irland rəqsləri də toyda və ya səhnədə olmasından asılı olmayaraq, eyni dəqiqliyə və nizama malikdirlər. Bizdə heç vaxt olmayan nizama. Bizdə isə hər şeyi vurub-keçən individuallıq var.

Hətta özümüzə ziyan vuran dəhşətli bir eqosentrizm də demək olar. Əsas ümumi yükü çəkməməkdir, hətta yükün bir hissəsi sənindirsə, və onu tək çəkə bilmirsənsə də.

Nə olsun ki, mənə də qismət olmayacaq, əsas odur ki, başqalarına da olmayacaq. İçi özüm qarışıq hamı almaqdansa, qoy mən də almayım, başqaları da.

Bizdə hər bir kəs öz Yallısını oynayır. Oturduğu yerdə. Qoy kim istəyir o da oynasın. Yox! Qoymazlar! Çağırırlar. Dartırlar. Ortalığa çıxardırlar.

Məcbursan üzünə qondarma toy təbəssümü taxasan. Kimsə cibindən əzik-üzük dəsmal çıxardır. Kimsə kiminsə əlindən yapışır.

Qızlar isə oğlanların əlindən tutmağa “utanırlar”, ona görə də ancaq çeçələ barmaqlarını uzadırlar. Aparıcı uzun addımlar atır. Ortadakılar dayanıb gözləyir.

Sondakılar da eyni vəziyyətdə durub əvvəldəkilərə baxır və bəri başdan bir azdan edəcəyi hərəkətlərdən utanırlar. Bir hissə sağ ayağını qaldıranda, digərləri solu qaldırmaq fikrinə düşür.

Biri əlini qaldıranda digəri aşağı salmağa çalışır. Hərəkətlər fərqlidir. Kimsə sadəcə addımlayır, ayaqlarının yerini dəyişir, kimsə bir ayağını qabağa atıb o birini qaldırır, kimsə başqa rəqs elementlərindən istifadə edir.

Düzgün dairə isə heç vaxt alınmır, əyri-üyrü ilan stolların arası ilə sürünüb özünə yeni qurbanlar tapır. Uzanır, böyüyür, qıvrılır.

Bəziləri əllərini tam açsalar da, qollarını tam qaldırsalar da, digərlərinin qolları yanına qısılır, çiyin-çiyinə dirənəndə qol qaldırımaq o qədər də asan deyil.

Qıvrılmış, bütün hərəkət instinktlərini itirmiş soxulcana bənzər dəstə nəhayət, çox böyük çətinliklə zalın ortasında batıq dairə (daha çox balqabağa bənzər) şəklində dayanıb ritmin dəyişməyini gözləyir.

Nə qədər mümkündür, dairəni düzgün formaya salmağa çalışır. Əl-ələ tutanlar bir-birlərini dartır və ya itələyirlər. Bir az ritmik hissə çalınmağa başlayan kimi isə bu böyük ilan 5-10 nəfərlik kiçicik ilancıqlara bölünür.

Tanışlar ümumi dəstədən ayrıldıqlarına sevinib daha rahat nəfəs alırlar. Hisslərinə nəzarət eləyə bilməyən birisi ortalığa atılır.

Bax elə bu andan əsil Azərbaycan Yallısı başlayır. Bir nəfər ortada. Ətrafında isə oynamaq istəməyən, əl çalan dairə.

Bir nəfər ortada nəfəsi kəsilənə, suya batana qədər özünü məhv edir. Ətrafındakılar isə bütün görkəmləri ilə kənara və oynayana çatdırmağa çalışırlar ki, ortadakının hədsiz dərəcədə gözəl rəqsinə heyran qalıblar.

O dərəcədə ki, belə rəqs edənin yanında oynamaq ağıllarına da gəlməz. Ortada qalan əsil rəqqasdır, elə hamının əvəzinə o rəqs eləməlidir.

O, dünyanın ən yaxşı rəqqasıdır və onu əvəz eləmək ağılsızlıq olardı. Allah göstərməsin. Bircə ortadan çıxmasın.

Qoymayın ortadan çıxsın, imkan verməyin kimsə fikirləşsin ki, onun əvəzinə ortaya mən çıxa bilərəm, diqqət mərkəzində ola bilərəm. Ən yaxşısı hamı ilə birgə bir qıraqda olmaqdır. Əsas gözə dəyməməkdir.

Bax ancaq bu məqamda, əvvəlki bütün ictimai işlərdən fərqli olaraq, biz birləşirik. Birləşirik ki, bizi heç kim görməsin. Heç kim bilməsin ki, Yallıını biz necə rəqs edirik.

Hamısından yaxşısı bir qıraqda, gözdən uzaqda oynamaqdır. Hündür divarların arxasında. Təklikdə... Azərbaycansayağı...

Amma bizim daxilimizdə tamam başqa bir Ritm yaşayır. Köklü-köməcli. Qanımıza, canımıza işləmiş, hopmuş. dərimizə yerimiş, anamızın südü ilə hopmuş, bütün ürək-damar sistemimizi çulğamış bir Ritm.

Sabirin personajlarının dilinə verdiyi, bizim həmişə əhatəsində və içində yaşadığımız Ritm. Biz onunla yaşayırıq, Onunla böyüyürük. Onunla qocalırıq.

Vətəni tərk edəndə də birinci onu unutmağa çalışırıq. Yaddan çıxarsaq, başqa adam ola biləcəyimizə inanırıq, unutsaq başqalaşacağımızı düşünürük. Bu ancaq orada, uzaqlarda, vətəndən kənarda mümkündür.

Geri qayıtsaq bu ritm bizi tamamilə öz caynağına alacaq, bizi ipəkqurdu sarınan kimi sarıyacaq.

“6/8” və ya sadə dildə deyildiyi kimi “Üç badam, bir qoz” və ya ən sadəsi “Rakkıdı-çıqqıdı”. Hamının bildiyi, tanıdığı, onsuz toyu, rəqsi, şənliyi təsəvvür etmədiyi bir Ritm.

Mənim fikrimcə, bütün Azərbaycan xalqını birləşdirən əsas və yeganə ritm də elə budur. Bir də toy. Onun da əsasında bu ritm durur.

Və bu toyu müşayiət edən, gələcək ərlə-arvadın (həyat yoldaşlarının yox) və doğulacaq uşaqların taleyini həll edəcək nələr varsa (sadalamayacam) onlar da cəmiyyəti, daha doğrusu, “cəmiyyətin özəyini”, bir az da böyütsək, xalq adlı çoxhüceyrəli Divi müəyyənləşdirirlər.

Amma bir-birinin üstünə qalaqlanmış hüceyrələrin sayının çoxluğu, və ya azlığından nəhəng Div heç də dəyişmir, ağıllanmır, sadəcə olaraq bir az da böyüyür.

Hüceyrələrlə əks-əlaqə isə sıfır səviyyəsindədir. Geriyə cavab getmir. Nə neyron, nə impuls, nə də bağlantı yoxdur. Kollektiv beyin, ən ali, yüksək inkişaf etmiş üstqurum kimi beyin də yaranmayıb.

Plazma kimiyik. Bizə soxuşdurulan formanıca doldururuq. Amma bu bizim formamız deyil. Həyatımız da bizim deyil.

Bizim həyatımızı müəyyənləşdirən məfhumların hamısı kənardan gətirilib və hələ də gətirilir. Qanun, ictimai əsaslar, şəhərsalma, tibb, gigiyena, təhsil, ictimai institutlar, mülki fəallıq və s.

Bəs bizdə nə olub? Olubmu? Olmayıbmı?

Olubsa da, nə vaxtsa başqaları tərəfindən məhv edilib. Bizə həmişə başqaları rəhbərlik edib, özümüz yox. Əsrlər boyu, bir istilaçıdan digər istilaçının əlinə keçə-keçə bizdə unikal bir özünüqoruma instinkti yaranıb.

Eyni, təkrar olunan yaltaq ifadələr, hər yeni gələn hökmran üçün deyilən hazır cümlələr, loyallıq nümayişi, “ləbbeyk”, “həmişə hazırıq”, buyurun, baş üstə, gözüm üstə, təki siz əmr edin, süni boyunəymə, hər yeni gələn istilaçının nazı ilə oynamaq, yuxarıda duranın (ya oturanın) ağlına gələn hər axmaqlığı alqışlamaq, natamam, yarımçıq “qul”luqla bir yerdə bizdə qəribə bir ikiüzlülük yaradıb.

İllərdir, onillərdir, yüzilllərdir üzümüzə niqab taxıb gəzirik. Nəsildən nəsilə ötürürük. Bu ikiüzlülüyü hər yerə tətbiq edirik. Nəinki bizi qəsb edənlərə, hətta özümüzə də.

Sırf özümüzə lazım olan, başqalarına heç də lazım olmayan əsasları isə qoruyub saxlaya bilmişik. Bizi müstəmləkəyə çevirənlər də ancaq və ancaq bizə aid olan və bizi idarə etmək üçün lazım olanları öhdəmizə buraxıblar.

Bu – bizim çoxhüceyrəli, formasız, beyinsiz, bölünmüş individuallığımızdır. Biz dırnağımızın, saçımızın uclarına kimi, iliyimizə kimi individualıq.

O bizim bütün ruhumuzu sarıb. Özəyimizə, qanımıza, hüceyrəmizə , genimizə işləyib. Bizim cəmiyyət – çoxhüceyrəli individuum yığınıdır. Bütöv orqanizm yox! Sümüksüz, ürəksiz, ürəksiz, ağılsız amorf bir kütlə.

Və Ritm. Ancaq Ritm – “altı səkkizlik və ya “altıda səkkiz” (6/8). Əsdirilmə. Yırğalanma. Vibrasiya. Titrəmə. Silkələnmə. Azərbaycanlının unikodu. “Üç badam, bir qoz”.

Çal oynasın, Əjdər əmi.

Vur çatlasın. Dağılsın, tökülsün. Lap dünyanın axırı gəlsin.

Lap gəlsə də, əgər bütün dünyada bircə azərbaycanlı qalsa da, bu ritm qalacaq. Azərbaycanlı varsa, ritm də yaşayacaq, və nə qədər ki, bu ritm var, biz dəyişməyəcəyik. Heç Sabir də dirilib gəlsə bizə kömək edə bilməyəcək.

Heç sizə də...

Günün bütün mövzuları

XS
SM
MD
LG