Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:30

- Günay Məmmədli

Qəzəl

Mən payibənd olmaz idim yarələrə

Olmasaydı dəxi nəfsimdə meyl şanələrə

Eşqdən bunca nahaq məsti-xumar oldu başım

Nə biləydim atacaqdır məni qəmxanələrə

Eşq ki, bir nəğmeyi-neydir, səsi hərdən duyulur

Nə səbəb var onu ərz etməyə biganələrə

Çarəsiz dövr eyləyən eşqim biyaban oluban

Aləmdə əyan oldu, fəqət yetmədi cananələrə

Əgər kim rüsvay edib aşiqini aləm içrə

Ol aşiq bundan belə pənahdır meyxanələrə

Nə biləydim fələyin eşqdə təmənnası da var

Çün bu eşq indi ixtilat olacaq məclisi-avarələrə

Bəlayi-qəm əzabında ki, hər Gün Ayə bənzər

Yetməsin eşqin sədası, dəxi viranələrə...

Qəzəl

Tarixdə yatan ötmüş illərin sədası musiqidir,
Aləmdə bilinməz qalanın müəmması musiqidir.

Necə cahillər axı musiqini haram sayır?..
Məzlumun, gəl ki, bircə ilahi duası musiqidir.

Ya qəm çəkə, ya eşq içrə meyxoş ola insan,
Ol hisslərinin aləmdə əksi, siması musiqidir.

O nə məlhəm ki, könül daim ehtiyacındadır?..
Yüksəlməyə möhtac olan ruhun qidası musiqidir.

Hər kimsə ki, eşq atəşinə meylini çəkməz,
Ol bağlı kəslərin, yenə də, tək cəzası musiqidir.

Ey yar, mizrab iylə bir də dindir telləri!
Aşiqin bunca bir tək təmənnası musiqidir.

Gündən ötüb Ayə keçən ömrüm hədər olmaz,
Ta ki, bu ömrün bitməz könül macərası musiqidir...

Qəzəl

Xeyli müddətdir könlüm yenə vüsal sorağında

Narahat cismim su tək dövran edir fərağında

Desə kim, aşiqi-nakam niyə fəryad qoparır?

Deyin ki, tapmır vəfa şərbətin yar bulağında

Məgər eşqim bir günahdır ki, gərəkdir gizlədəm?

Naməhrəm uşaq tək ondan üz döndərəm yol qırağında?

Qanad açıb ahu kimi pərvaz edən halda

O məgər, mümkünmü, dustaq ola qəm otağında?

Eşq meyindən dadıb tamam sərxoş olan könlüm

Oyanaydı bir sabah yarın isti qucağında

Yar-yar deməkdən bunca mənim nahaq qubar oldu dilim

Qismət deyilmi, qəlb isidək biz də sevda ocağında?

Ruhum ki, hər napak nəfsdən meylini üzmüş,

Gərək Gün də çox dolaşmayaydı Ay qabağında...

Qəzəl

Ol gecə, bax, yenə də qəlblərimiz həmdəm idi

Bu səadət yuxusunda necə şad, xürrəm idi

Mən əgər həsrət içində quruyan yalqız ağac,

Sənin ətrin yarpağımda sürüşən şəbnəm idi

Nə səbəb var ki, bizə ram eyləyək hissimizi?

Çün, bu hiss qəribsəmiş könlümüzə məlhəm idi

Necə azad olacaq zənciri-sevdadan ürək?

Ki, bu bağlar, yenə də, hər acıdan möhkəm idi.

İsmimi həsrət ilə çəkməni eşitmiş olum -

Zülmət içrə oyanıb duyduğum öz naləm idi

Nə xeyir, nə şər, nə bayram, nə də ki, nəğmeyi-ney -

Səsindən qeyri hər nə varsa, bir cəhənnəm idi

Günü-günə, Ayi-ayə dolayıb təngə gəlib

İstədim əl uzadam, heyf ki, naməhrəm idi.

Qəzəl

Dəyişən hüsnü-halım, nədən yarda əks olunur?

Necə ki, gülün ətri ilk baharda əks olunur.

Çarəsiz duyğuların alovlanan hərarəti

Dəryadan coşub gələn ruzigarda əks olunur.

Yaşanıb-yaşanmamış min bir anın səadəti

Sonu görsənməz olan intizarda əks olunur.

Öz içində boğulan arzuların qiyafəti

Zülmətdə pənah tutan ahu-zarda əks olunur.

Axı, hər ruh, hər lətafət meylinə düşmüş ürək

Aləmin lütfü kimi laləzarda əks olunur...

Niyə bəs çərxi-fələk vüsal dəmin inkar edib

Üzünü yan çevirən fitnəkarda əks olunur?

Günün Ay kölgəsin axtarmağa hacəti nədir?

Qafilin bivəfası aşikarda əks olunur.

Ən yaxın dostun

Bax beləcə, pəncərənin kənarından sızıldayan

Qəfil payız yağışının damcıları arasından ayrılaraq

O, yenə də baxır mənə...

Görünür ki, təbiətlə aramızda olan təzad

İndi daha yeni bir hiss salır onun ürəyinə

Bəs bu yağış, yeni fəslin şıltaqlığı,

Ya təbiət qanunudur?

Yox, deyəsən sızıldayan bu damcılar

Qəlbindəki tökülməmiş göz yaşları oyunudur...

Bir cüt həsrət dolu gözlər boş divara qısılaraq

Hərəkətsiz varlığımı dayanmadan oxşayır

Hərarətli əllərində isidərək ürəyinə hakim olmuş

Sonsuz sayda sualların cavabını sanki məndə arayır...

İndi donmuş soyuq cismim onun üçün ən yaxından yaxın olub...

Həm sevincli günlərində, həm kədərli anlarında arxasında dayaq durub

Ən böyük sirlərinin də, ən gizli arzuların da tək şahidi mən olmuşam

Ən dözülməz anda belə, başqaları tərk edəndə mən ona həmdəm olmuşam

Bəs nədəndir, indi mən də xəbərsizəm

Yumruğunda sıxılaraq hərarəti duysam belə?

Bu dəhşətli sakitlikdə o qovuşa biləcəkmi sevincinə mənim ilə?..

Kaş ki, indi bizə düşmən olmuş bu sükutu çılğın səsim poza bilsə

Bu əlacsız, qəmli baxış əvvəlki tək onun şıltaq gülüşüylə əvəzlənsə...

Amma heç nə. Yalnız yağış ahəngilə birgə vurur

O sa, yasdığına qısılaraq əlacsız gözlərin yumur...

...Gecə yarı qəfil səda, bir də zəif titrətmələr onu birdən oyadır

Yerində bir anlıq donub mənə sarı boylanır

İşıqlanmış varlığımı oxşayan gözlərini heyrətlə seyr edirəm

Tanış ünvan, bircə sətir: "Sənsiz dözə bilmirəm..."

P.S. Cansız əşya adlansam da, bəlkə, ən yaxın dostun

Ən böyük sevgilər ilə - sənin əl telefonun...

Ən şirin günah

Var gücümü toplayıram

Sənə yazmamaq üçün

Qəlbimdəki fırtınanı

Boğmaq çətin mənimçün

Bu qaranlıq soyuq küncdə

Sənin adın səslənir

Ürəyimi isidərək

Duyğularım gizlənir

Görünməsin heç bir kəsə

Məni almış burulğan

Bu ehtiras birnəfəsə

Keçib getsə yanımdan

Yox, əslində sənin adın

Sönməz alov kimidir

Hakim olmuş bu boşluqda

Daim məni isidir

Ancaq, heyif, isidərkən

Bəzən, həm də, yandırır

Təsadüfən, ya da qəsdən

Ağlı dumanlandırır

Bir bilsəydin bu yanğını

Gizlətməyim nə çətin

Gündən-günə yaşayaraq

Qovuşmağın həsrətin

Vücudunun qidasıyla

Alovlanan bu atəş

Nəfəsimi qaynadarkən

Səni də alaydı kaş

Ətrafında dövr edəydi

Qığılcımlar halqası -

Müqavimət tanımayan

Bu ehtiras dalğası

Sahib olmaq bir an belə

Ömrə dəyərmiş ancaq:

Ömrüm sınaq meydanıdır,

Sənsə - ən şirin günah...

XS
SM
MD
LG