Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:13

Ziya Məmmədovun suçu nə?


Ziya Məmmədov
Ziya Məmmədov

-

«Yeni Müsavat» qəzeti yazır ki, noyabrda parlament seçkilərindən sonra ciddi struktur islahatlarına başlanacaq: «Köklü dəyişikliklərin ediləcəyi nazirliklərin siyahısında ilk yerə Nəqliyyat Nazirliyinin adının düşəcəyi deyilir. Amma niyə axı ölkənin ən qüdrətli naziri hakimiyyətin nəzərindən bu qədər düşsün? Son günlər ən aktual suallardan biri, bəlkə də birincisi budur: Ziya Məmmədovun suçu nə?

Məlumata görə, bir neçə gəlirli sahəyə nəzarət etdiyindənZiya Məmmədovun «maliyyə xəyanəti»ndə suçlanması ehtimalı başqalarından daha çoxdur».

Qəzet onu da yazır ki, məlumata görə, nəqliyyat nazirinin yaxın ətrafına bağlı olan «Transgate» MMC faktiki şəhər nəqliyyatından uzaqlaşdırılıb. Şirkətə məxsus 11 marşrut xəttinin biri ləğv edilib, qalanları isə başqa daşıyıcılara verilib.

AZƏRBAYCANLA BAĞLI SƏRT ADDIMLAR ARTACAQ

«Azadlıq» qəzeti Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təpkilərin hakimiyyətə nə vəd etməsindən yazır. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycan hakimiyyətinə qarşı bu cür münasibət proqnozlaşdırılan idi.

BMT-nin insan haqları ilə bağlı problemləri aradan qaldırmaq üçün Azərbaycana sentyabradək vaxt verdiyini xatırladan G.Hacıbəyli deyib ki, BMT-nin insan haqları üzrə komissarının bəyanatı məhz bu qəbildəndir:

Gültəkin Hacıbəyli.
Gültəkin Hacıbəyli.

«İyunda Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr olmuşdu. Amma sonda qətnamə qəbul edilmədi. Yenə də Azərbaycana siyasi məhbusları azad etmək, repressiyalara son qoymaq üçün vaxt verilmişdi. Həmin vaxt ərzində gözlənilən addımlar atılmadığı üçün Avropa Parlamentində Azərbaycanla bağlı sərt qətnamənin qəbulu gözlənilirdi, eyni zamanda bir müddət əvvəl AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı sərt bəyanat qəbul edilib. ABŞ-da da Azərbaycanla bağlı dinləmələr gözlənilir. Bütün bunlar Azərbaycanda baş verənlərə adekvat reaksiyadır. Azərbaycanda insan hüquqlarının durumu nə qədər ağırlaşacaqsa, yaranmış bu kritik vəziyyətə münasibət adekvat olacaq».

ƏMANƏTİ HANSI VƏSAİTDƏ YATIRMALI?

«Bizim Yol» qəzeti yazır ki, sürətli məzənnə dəyişikliyi «əmanətləri hansı vəsaitdə yatırılmalı» sualını aktuallaşdırır. «Məlumdur ki, manatın devalvasiya riskləri insanların milli valyutaya qarşı inamlarını azaldıb. Bu səbəbdən dollara üstünlük verirdilər. Lakin dollarla qəbul edilən depozitlərə təklif olunan faiz dərəcələri simvolik xarakter daşıyır-1-3 faiz. Bu isə ölkədəki inflyasiya səviyyəsindən qat-qat aşağıdır. Yəni xarici valyutalarda məzənnə dəyişikliyindən itkilər olmasa da,inflyasiya baxımından zərərlərin baş verməsi qaçılmazdır. Bəzi analitiklər düşünür ki, investorlar zərərdən sığortalanmaq üçün qısa müddətdə əllərindəki vəsaiti avroya çevirsələr yaxşı olar».

Maliyyəçi-ekspert Zaur Əhmədov da «Bizim Yol»a deyib ki, hazırda avroya olan tələbat dolları üstələyib:

Avro/dollar
Avro/dollar

«Rusiya, Çin, hətta Qazaxıstan kimi dövlətlər son zamanlar dollarla olan əməliyyatları azaltmağa çalışırlar. İndiki situasiyada buna avronun bahalaşması kimi qiymət verməzdim. Sadəcə olaraq, beynəlxalq bazarda dollara olan tələbin azalması baş verib. Ona görə də avro ilə nisbətdə fərq yaranır. Avroya tələbin artmasının səbəblərindən biri Yaxın Şərq ölkələrindən çoxlu sayda miqrantların axın etməyə başlamasıdır. Qaçqın olsalar da, onlara göstərilən xidmətlərin hamısı avro ilə həyata keçirilir».

AZƏRBAYCAN BU MƏRHƏLƏNİ DƏ GERİDƏ QOYACAQ

«Azərbaycan düşünülmüş iqtisadi siyasət əsasında bu mərhələni də geridə qoyacaq» - yap.org.az yazır ki, bu fikri energetika naziri Natiq Əliyev deyib. Neftin qiymətinin iki dəfədən çox düşməsi ilə müşayiət olunan böhranın təsirlərindən danışan N.Əliyev bildirib ki, bu prosesin əsas səbəbləri siyasi amillər və maraqlarla bağlıdır.

Nazir onu da qeyd edib ki, Azərbaycanın tərəfdaş ölkələrlə siyasi-iqtisadi əlaqələrinin möhkəmliyi enerji sektorunda da uğurlu əməkdaşlığı təmin edib və birgə layihələrin həyata keçirilməsini mümkünləşdirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG