Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:49

Türkiyə qaçqınlarla təkbaşına bacarmır


Suriya qaçqınları Türkiyə sərhədini keçir - 2015

Suriya qaçqınları Türkiyə sərhədini keçir - 2015

-

«Türkiyə qaçqın böhranı ilə təkbaşına bacara bilmir. Avropa Birliyi ölkələri kömək əlini uzatmalıdır». «The Guardian» Türkiyənin baş naziri Ahmet Davutoğlu-nun məqaləsini dərc edib. Davutoğlu yazır ki, xristian «Avropa qalası» qurmağın vaxtı deyil:

«Türkiyə, ənənəvi olaraq miqrasiya üçün tranzit ölkədir, indi isə əsas son sığınacaq yerinə çevrilib. Türk xalqı böyük qurban verərək 2 milyondan çox suriyalı və iraqlı qaçqını qəbul edib. Bununla da biz Avropa Birliyinə axını yumşaltmış, xaosla Avropa arasında bufer zonaya çevrilmişik. Bu arada AB üzvləri gülünc şəkildə kiçik qaçqın kvotası götürürlər».

«Türkiyədə suriyalı, iraqlı və digər miqrantlara 6 milyard dollardan çox pul xərcləmişik. İndiyədək beynəlxalq ictimaiyyətdən aldığımız bunun cüzi hissəsini təşkil edir (417 milyon dollar). Yükpaylaşma konsepsiyası mənasız ifadəyə çevrilib. Digər tərəfdən son 10 ildə ərazimizə keçən miqrantların sayı yarım milyona yaxındır. 2014-cü ildə hakimiyyət 60 min miqrantı saxlayıb».

Davutoğlu yazır ki, Türkiyə təkbaşına bu işin öhdəsindən gələ bilmir. AB üzvləri məsuliyyəti paylaşmalı, daha açıq olmalıdırlar: «Xristian «Avropa qalası» yaratmaq məqsədilə divar qurmaq ancaq Avropa tarixindən heç nə başa düşməyənlər üçün cəlbedici ola bilər, bu, alınmayacaq. Belə yanaşma Avropa dəyərlərinə ziddir. AB üzvlüyünə namizəd olaraq, biz inana bilmərik ki, avropalıların əksəriyyəti belə bir yanaşmanı dəstəkləyir».

NİYƏ KÖRFƏZ ÖLKƏLƏRİ QAÇQINLARI QƏBUL ETMİR?

«Avropaya dənizdən gələn qaçqınların çoxu ərəb dünyasındandır. Bu səbəbdən belə bir sual yaranır: Niyə ən varlı ərəb ölkələri qaçqınları qəbul etmir?» Bunu «Newsweek»də Jane Kinninmont soruşur.

Suriya qaçqınları Yunanıstanda - 2015

Suriya qaçqınları Yunanıstanda - 2015

«Bu il dənizlə gələn bir milyon adamın üçdə biri ərəb dünyasındandır: yarısı Suriyadandır. İraq və Sudan da qaçqınların 10 mənşə ölkəsi siyahısında başda durur. Ərəb dünyasında ən zənginlərdən olan Körfəz ölkələri suriyalı qaçqınların ən böyük donorlarıdır. Ancaq onlar qaçqınları öz ölkələrinə qəbul etmir, heç biri qaçqınlığı hüquqi konsepsiya kimi tanımayıb. Bu, heç də suriyalı qaçqınlara qarşı ədavət məsələsi deyil. Körfəz monarxiyaları qaçqın hüquqları və dövlətsizliyə dair beynəlxalq konvensiyaları imzalamayıb. Bu hüquqi mövqe anormal görünür. Belə ki, Körfəz liderləri getdikcə regional problemlərin həllinə qoşulur, onların beynəlxalq təşkilatlarda rolu artır, dünyada qaçqınlara yardım ayırırlar», - müəllif yazır.

Məqalədə vurğulanır ki, Küveyt Suriya böhranına yardımın üçdə birini, başqa sözlə, 2012-ci ildən 800 milyon dollar ayırıb. Birləşmiş Ərəb Əmirliklərinin ayırdığı məbləğ 364 milyon dollardır. Bu, Böyük Britaniyanın 1 milyardından, ABŞ-ın 3 milyard dollarından az olsa da, ÜDM-də nisbəti daha böyükdür.

Miqrantlar Körfəz ölkələrində işçi qüvvəsinin böyük hissəsini təşkil edirlər, Qətər və BƏƏ-də isə əhalinin 85 faizindən çoxu miqrantlardır.

«Qaçqınların tanınmaması daha böyük miqrant kütləsinin potensial iddiaları ilə bağlıdır. Onlardan çoxu qeyri-sabit və repressiv ölkələrdən gəlir. Körfəz hökumətləri isə öz vətəndaşlarından başqa digərlərinə daimi yaşayış hüququ verməyə meylli deyillər».

Ancaq müəllif onu da qeyd edir ki, getdikcə Körfəz ölkələrinə siyasətlərini yenidən nəzərdən keçirmək üçün təzyiq göstərilir. Bu ölkələrin daxilində, sosial mediada, qəzet köşələrində bəzi vətəndaşlar liderlərini qapıları açmağa çağırırlar.

ABŞ Konqresi.

ABŞ Konqresi.

İRAN SAZIŞI ÜZRƏ MƏNASIZ YUBANMA

«İranın nüvə sazişi üzrə savaş bitmiş olmalıydı, axı 42 demokrat senator sazişə dəstəyini bildirmişdi və ortalığa çox aydın mövqe qoymuşdu ki, sazişə qarşı istənilən cəhdlərin qarşısı alınacaq. Ancaq respublikaçıların başçılıq etdiyi Konqres savaşı sürdürməyə qərarlıdır». Bunu «The New York Times» redaksiya məqaləsində yazır.

Çərşənbə günü Nümayəndələr Palatası saziş üzrə debatı ertələyib. Respublikaçılar «qiyama qalxaraq» bildiriblər ki, Ağ ev İranla beynəlxalq nüvə agentliyi arasında «bəzi gizli razılaşmaları» açıqlamayıb, bu razılaşmalar İranın Parçin hərbi bazasında keçmiş nüvə tədqiqatına dair suallara aydınlıq gətirərdi. Parçində fəaliyyət illər öncə bitib, qanunvericilərə detallar barədə qısa məlumat verilsə də, onlara məsələyə dair sənədlər məxfi sayıldığı üçün göstərilməyib.

«Respublikaçılar Administrasiyanın qanunu pozmasını sübut etmək üçün hüquqi taktikanı nəzərdən keçirə bilərlər. Bu, onları sazişin opponentlərinə sevdirə bilər. İsrailin baş naziri Benjamin Netanyahu, Amerika-İsrail İctimai Məsələlər Komitəsi bu opponentlər sırasındadır. Ancaq Konqresdə istənilən hərəkətin nəticəni dəyişəcəyi mümkün görünmür: saziş qüvvəyə minəcək».

Qəzet yazır ki, istənilən sazişdə olduğu kimi, burada da çətinliklər qaçılmazdır. İran aldatmağa cəhd göstərə bilər. Konqresdəki opponentlər də sazişin sabotaj olunması üçün sxemlər hazırlaya bilərlər. Onlar sazişlə qaldırılması nəzərdə tutulan sanksiyaların əvəzinə yeni sanksiyaları səsə qoya bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG