Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

- "Əvvəlcə yaxınlıqda yerləşən yataqxanaya qaçıb iri bir çanta ilə geri qayıtdım və onu biri-birindən əla kitablarla doldurmağa başladım."

"Nəmindən-nişanından onun sanballı kitab olduğunu müəyyənləşdirdim və yanından keçərkən kitabı özümünküləşdirdım"

"Bir dəfə universitetdə axşam təhsilindən olan oğlan və qızı qaranlıq auditoriyada, döşəmədə, üstəlik də yanaşı və üfüqi vəziyyətdə aşkara çıxardım."

Məhəmməd Salur

Kitab oğurluğu barədə

Kitabsevərlərin (bibliofillərin) kitablarını “çırpışdıran”, ya da oxumaq adı ilə alıb, sonra da “Kitab oğruluğu oğruluq deyil” - deyə sırtıqcasına qaytarmayanlar sadəcə kitabbazlardır (bibliomanlardır) və necə deyərlər, şiddətlə qınanmalıdırlar.

Kitab kimi kamil əşyayla oğruluq qədər naqis hərəkəti, hətta sözdə belə, yanaşı qoymaq ən azı qəbahətdir və nitqdə ədəbi dillə jarqonu qarışdırmaq kimi bir şeydir.

Kitabı kitabsevməzlərdən (öz söz yaradıcılığımdır) məcburi uzaqlaşdıraraq, əsl kitab həvəskarlarına yaxınlaşdırmaq, loru dillə desək, “əkişdirmək”, İlf və Petrovun ifadəsilə, “pis qoyulmuş” kitabın yerini dəyişmək isə tamam başqa məsələdir. Yəni, hər yerindən qalxan kəs üstündə ləl-cəvahirat daşıya bilər, amma hər yoldan ötənə kitab layiq deyil...

Bununla belə, özününkü olmayanı mənimsəmək, zahirən də olsa, yaxşı hərəkət olmadığından və vaxtilə bu hərəkəti dəfələrlə etdiyim, gələcəkdə də edə biləcəyim üçün (elə buna görə də tövbə deyil, yalnız etiraf edirəm) ictimai boynaalma qərarına gəlmişəm...

...Gözlərimi dünyaya açanda evimizdə minlərlə kitab - bütöv bir kitabxana görmüşəm və atamın, böyük qardaşımın təsiri altında onlara ömürlük bağlanmışam.

Hər nə qədər bayağı və çeynənmiş səslənsə də, yazacağam: məndə az-çox yaxşı, müsbət, mütərəqqi nə varsa, daha çox adlarinı çəkdiyim həmin iki şəxsə, ardınca da oxuduğum kitablara borcluyam.

...1980-1985-ci illərdə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakultəsində əyani oxumaqla bərabər, həmin müddətin ikinci yarısında (1983-1985-ci illərdə) gecələr gözətçi (əvvəlcə həmin universitetin hərbi kafedrasında, sonra isə o vaxt filologiya, tarix və hüquq fakultələrinin yerləşdiyi binada) işləməklə dolanışığımı yaxşılaşdırmağa çalışırdım.

Növbəni qəbul edərək, koridor və auditoriyaları gözdən keçirib, vəzifələrimi yerinə yetirdikdən sonra (Bəzən maraqlı hadisələr də olurdu, məsələn, bir dəfə axşam təhsilindən olan oğlan və qızı qaranlıq auditiriyada, döşəmədə, üstəlik də yanaşı və üfqi vəziyyətdə aşkara çıxardım: işdən və dərsdən yorulub birlikdə yoldaşcasına yuxulamışdılarmı, ya dərslərinimi təkrarlayırdılar - orasını bilmədim. Mən gözlənilməzlikdən özümə gəlincə onlar otağı tərk etmişdilər...) kafedra otaqlarına kitab ovuna çıxırdım və bir neçə nüsxəsi olan kitabların hərəsindən birini götürürdüm: onlar əksəriyyətlə kafedraların öz müəllimlərinin yazdıqları kitablar olurdu və tələbələrə “sırınmadığı” hallarda elə kafedra şkaflarında da yatıb qalırdılar.

...Günlərin bir günü açar dolabında “xam” bir açar gördüm və onun oxu zalının açarı olduğunu müəyyən etdim. Qapını açıb içəri girdim və sözün ən çılpaq mənasında müəyyən müddətə sanki ağlımı qaçırdım:

Universitetin kitabxanasının M.F.Axundov adına kitabxanadan sonra respublikada ən zəngin kitabxana olduğunu bilirdim, bununla belə, evimizdə bir neçə min kitabı bir yerdə illər boyu görsəm də (ya da elə buna görə), indi minlərlə mükəmməl kitab arasında özümü şah xəzinəsinə girə bilmiş peşəkar oğru kimi hiss edir və əsl qumarbaz hərisliyi ilə bu sərvətə tamaşa edirdim...

Əvvəlcə yaxınlıqda yerləşən yataqxanaya qaçıb iri bir çanta ilə geri qayıtdım və onu biri-birindən əla kitablarla doldurmağa başladım.

Birdən elə bil ağlım başıma qayıtdı və nə etdiyimi dərk etməyə başladım: hərəkətimin, necə deyərlər, hüquqi və mənəvi tərəflərini fikirləşib götürdüyüm kitabları yerinə qaytardım...

Yalnız bundan sonra başa düşdüm ki, oxu zalındakı kitablar saf-çürük edilir və çıxdaş olunmuş kitabların ayrıca qoyulduğunun fərqinə vardım.

“Peşəkar” kitabxanaçılar makulaturaya ayırdıqları və əslində nə fiziki, nə də mənəvi cəhətdən sıradan çıxmamış kitabları “saflardan” fərqləndirməkdən ötrü onların hər birinin 10-15 vərəqini yarıya qədər vəhşicəsinə cırmışdılar.

(Həmin kitablardan biri-alman şairi Haynrix Haynenin coxcildliyinin bir cildi indi də həmin vəziyyətdə kitabxanamızdadır: vaxtilə Almaniyada faşistlər haynelərin kitablarinı tonqalda yandırırdılarsa, günümüzün “kitab faşistləri” də onları yarımcan vəziyyətə qoyurlar...) Çantamı bu cür kitablarla doldurub zalı tərk etdim...

Heç bir günahı olmadan ölümə məhkum edilmiş həmin kitablar 30 ildən artıqdır ki, kitabxanamızda dayanıb durur və oxunur...

...Təqribən 10 il bundan əvvəl Keşlə bazarının içi ilə irəliləyərkən uzaqdan tumsatanın malının yanında qoyduğu yarım-cırılmış bir kitab gördüm, illərin təcrübəsilə nəmindən-nişanından onun sanballı kitab olduğunu müəyyənləşdirdim və yanından keçərkən kitabı özümünküləşdirdım...

Çox böyük ehtimalla tumsatan şəxs sonradan ardımca söyüş də göndərib, ancaq mən oxumaq üçün nəzərdə tutulmuş kitabın vərəqlərinə tum bükülməsinə yol vermək istəmədim...

Dinimiz belə hərəkətlərə günah, hüququmuz da cinayət adı qoya bilər, ancaq əgər mən öz hərəkətlərimlə daha böyük günah və cinayətin qarşısını almışamsa, orası necə olsun?

XS
SM
MD
LG