Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30

- Bu hadisələri izləyən zaman heç də xoş olmayan bir mənzərənin şahidi oldum. Yanda oturan, velosipedi olan uşağın valideyni ayağa durub oğlunu çağırdı və acıqla dedi: “Sənə deməmişəm heç kimə vermə velosipedi?!”

Tural Şahtaxtinski

Uşaqların velosipedi və pişiyi

Günün qızmar vaxtı idi, adətən o saatlarda məhəllə boş olur.

Uşaqlar axşam saatlarında məhəllənin görünüşünü tam dəyişir, səhərdən axşama kimi sükutda olan bir məkan birdən səs-küylə başqa don geyinir.

Amma hava isti olsa da, məhəllənin bir küncündə oynayan iki uşaq vardı, hər ikisi qonşu.

Birini məhəllədə digərlərindən fərqləndirən valideynləri nə qədər qarşı olsalar da, hər gün oynadığı pişikdən əl çəkməməsidir. O biri isə velosipedi ilə bütün məhəlləni dayanmadan dolaşan, amma nisbətən sakit bir uşaq.

Velosipedi olan uşağın atası kənarda oturub onları izləyirdi. Məhəllənin kənarında isə pişik saxlayan uşağın atasının işlədiyi yerdir.

Çox kasıb ailədi. Atası məhəllədə olan maşınları səhərdən axşama qədər balaca bir dəftərçəsində qeydə alır, növbə ilə, başqa bir adamla birgə gecələr o maşınları qoruyur. Əvəzində isə hər maşının sahibi ona qəpik verir.

Uşaqlıqda mənim də velosipedə çox marağım olub, ayrılmaz hissəm idi. Amma ilk velosipedimi sındırandan sonra uzun zaman valideynlərimin mənə velosiped almaq üçün imkanı olmadı.

Uşaqlar üçün velosiped çox maraqlı olur, bunun səbəbini dəqiq bilmirəm. Bəlkə də həyata yeni addımlayan insanlar daha sürətlə irəli getmək arzusuyla yaşayır. Elə həmin uşaqlarda da diqqətimi çəkən o idi.

Onlar velosipedi növbə ilə sürürdülər və hər ikisi buna çox sevinirdi. Amma daha çox velosipedi olmayan uşaq.

Bu hadisələri izləyən zaman heç də xoş olmayan bir mənzərənin şahidi oldum. Yanda oturan, velosipedi olan uşağın valideyni ayağa durub oğlunu çağırdı və acıqla dedi: “Sənə deməmişəm heç kimə vermə velosipedi?!”

Uşaq yenidən dostunun yanına qayıtdı, sonradan dostu nə qədər istəsə də, ona velosiped vermədi. Onun niyə belə etdiyini anlamadım. Bəlkə də velosipedin sınmasından və yenisini ala bilməyəcəyindən qorxur düşündüm.

Onlardan gözümü çəkə bilmirdim, bu işə hər ikisi üzülmüşdü. Amma uşaqlar hər şeyin yolunu daha saf tapırlar, çox keçmədi ki, atasının gözü yayınan kimi velosipedini dostuna verdi, o da heç nə olmamış kimi sürətlə məhəllənin kənarına çıxdı.

Uşaqları izləmək, onların maraq göstərdiyi işləri bilmək nə qədər xoş olsa da, evə getməyə məcbur idim. Asta-asta evə doğru gedirdim ki, gördüm həmin uşağın atası (velosipedi olmayan) onu vura-vura gətirir.

Yanımdan keçəndə bu sözləri eşitdim: “Sənə deməmişən başqa adamların heç nəyini götürmə, sən o velosipedi sındırsan, kim verəcək pulunu?!”

Evin qarşısında bu sözləri bir neçə dəfə deyib, uşağı da orada buraxıb geri-işlədiyi yerə qayıtdı. Sonra uşaq həmişəki kimi məhəllədə dolaşan pişiyini götürdü, qaçıb bir yerdə gizləndi.

Bəzən valideynlər özləri də bilmədən uşaqlığın ən gözəl çağında övladlarının bütün xoşbəxtliyini əlindən alırlar. Düşünürəm ki, o uşaqlar velosipedlə daha sürətli irəli gedə bilməsələr də, valideynlərinin onlara etdikləri ilə daha sürətli böyüyürlər.

Velosipedini dostu ilə bölüşə bilməyən və sevdiyi pişiyi doya-doya əzizləməkdən məhrum olan o iki dost hər gün məhəllədə gözümün qarşısında olur.

Valideyinlərin uşaqlarını anlamaması, onları bilə-bilə uçuruma sürükləməsi və ya buna bənzər bir çox hadisələrin şahidi olmuşam, amma məni daha çox bu iki insanın hekayəsi narahat edib. Ən pisi də onların bütün olanlara qarşı susmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG