Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:42

"Pinqvinlər uçur, Mari" kitabından bir hissə


Kitabın üz qabığı
Kitabın üz qabığı

- Gənc yazıçı Fəridə Məmmədovanın yeni nəşr olunmuş romanı "Pinqvinlər uçur, Mari" kitabından bir parçanı müəllifin icazəsi və seçimilə təqdim edirik.

Fəridə Məmmədova

Romandan parça

‘’Hərdən də darıxıram. Darıxanda başımın böyüdüyünü unuduram. Bu hissiyyat daha ürəkbulandırıcıdır. Hər dəfə darıxanda elə bilirəm ki, bağırsaqlarımı boğazımdan asıblar, tərpənsəm, mirvari boyunbağı kimi ayaqlarımın altına qopub töküləcək.

Balığın qarnından bıçağın tiyəsini salıb qəlsəməsinin altınacan çəkəndə əminəm ki, balıqda da buna bənzər hissiyyat yaranır. Məndə ağrı olmur, amma bu, ağrıdan da dəhşətli bir hissiyyatdır.

Dayandığım yerdən tərpənməməyə çalışıram. Və mənim bir avtobusun ortasında dayandığımı nəzərə alsan, vəziyyəti təsəvvür edə bilirsən?

Avtobusun içində heykəl kimi dayanıb, yolu kəsmiş,kənara çəkilib yol verməsini istədiyin adam gözlərini belə qırpmadan, səni eşitmirmiş kimi hərəkətsizliyə davam edirsə, reaksiyan necə olar?

Noolar, belə birini görəndə çalış incitməyəsən, bəlkə o, mənəm elə, darıxıram, bağırsaqlarımın qopub töküləcəyinə bənzər hissiyyat yaşayıram və buna görə də tərpənə bilmirəm.

Hərdən mənə elə gəlir ki, bütün bunlar çox tez, məsələn, bir sabun köpüyünün havada nəyəsə toxunub partlamasına, ya da kəndirin üstündən tullanan uşağın ayaqlarının yerdən üzülüb təkrar yerə qayıtmasına qədər çəkir.

Hərdən də elə bilirəm ki, milyon illər keçir və hətta bu illərin məni yorduğunu, biraz yaşlandırdığını da hiss edirəm.

Bir neçə dəfə üzümdəki, alnımdakı qırışları saymağa, zamanı müəyyənləşdirmək üçün işarə qoymağa çalışsam da, cəhdlərim uğursuz olub, çünki üzümdə qırış tapa bilməmişəm.

Belə olanda kifayət qədər gənc olduğumu isbat edirəm özüm üçün və yüngülləşməyə səbəb tapmış kimi oluram.

Bütün bunların arasında dumanlı, uzaqdan gələn bir səs eşidirəm sanki: - Yola bax, nə qədər qalıb? İndicə düşürsən. Heç vaxt anlaya bilmirəm bu səsi eşidirəm, yoxsa düşünürəm.

Bir də bu başıxarab hissiyatlarım haqda düşünürəm ki, görəsən, bunu elə özüm hiss edirəm, ya hardasa görmüşəm, oxumuşam və özümdə hiss edirmişəm kimi hissiyat yaranır.

Əslində isə mənim olmayan, hardasa başqa bir adama məxsus hissiyatdır. Kaş ki bunu hardansa oxumuş olsam. Çünki bu cür gicbəsər şeyləri, məhz, özüm düşünmüşəmsə, mən də gicbəsərin biriyəm deməkdir. Hərdən belə olmadığıma əmin olsam da, hərdən də belə olduğumdan şübhələnirəm.

O səsi eşidən kimi, ya da düşünən kimi pəncərədən narahat halda boylanmağa başlayıram və darıxmaq, başımın böyüdüyü hissi, bu hissiyatların mənim olduğu və ya hardasa rastlamış ola bilməyim, gicbəsər olub-olmadığıma heç cürə dəqiq qərar verə bilməməyim kimi şeylər eyni vaxtda tökülür beynimə və əzilirəm.

Az qala, “rədd olun” deyib bağırmaq istəyirəm, amma getməyəcəklərini bildiyim üçün etmirəm. Bir neçə dəfə bağırmışam əvvəllər, amma heç bir xeyri olmayıb.

Belə vaxtlarda diqqəti yayındırmağa çalışmaq, nəsə yeni bir ocaq yaratmaq lazımdır beyində. Məsələn, adamlara baxıb onların nə düşündüyünü təxmin etməyə çalışıram. Yox, bu vəziyyəti qəlizləşdirir. Ən yaxşısı, geyimlərinə baxmaqdır.

Uzunboğaz çəkmələr, xəz dərili yaxalığı olan gödəkçələr, iri, laklanmış çantalar, dikdaban qadın çəkmələri... Bəziləri olduqca zövqlə seçilmiş, bəziləri eybəcər görüntü yaradırlar.

Başında fəs papaq olan, üzü azca saqqallı gənc adam. O, nə yəhudiyə oxşayır, nə müsəlmana, hərəsinə bir az oxşayır. Və küncdə Freydin “Dinlər və təriqətlər” adlı kitabını oxuyan iyirmi iki-iyirmi üç yaşlarında gənc qadın.

Mənim çılpaq insanlardan xoşum gəlir. Çılpaq, paltarsız, lüt yox, dinsiz, inamsız, fəlsəfəsiz, təcrübəsiz, bir sözlə - “-siz” adamlardan. Eləcə başdan, ayaqdan, qoldan ibarət olan insanlardan.

Çılpaq halda hamı eyni qədər insan olur, mənim fikrimcə. Və belə olanda onların da eyni mənə bənzədiyini gördüyüm üçün doğmalaşırlar, xoşuma gəlirlər. Hamımız bir pişiyin gözüaçılmamış balaları kimi sevimli, zərərsiz görünürük. Bir toz dənəsi kimi oluruq. Bir udum su kimi. Eləcə asan”.

Dördüncü məktub

“Bir də bu hissiyyatlara hardasa rast gəlmiş, hansısa kitabdan oxumuş olmağımı ona görə arzulayıram ki, bu belədirsə, o kitabı, rast gəldiyim yeri tapıb həmin vaxt o hisslərlə necə başa çıxıldığı haqda nəsə öyrənə bilərəm bəlkə.

Lənətə gəlmiş fikirlər yaxamı buraxmır, evə çatıb tələsik pilləkənləri qalxıram, mücrünü açıb, ölçü ipimi başımın çevrəsinə tuturam.

Dəfələrlə kitabxanamdakı bütün kitabları rəflərdən töküb bir-bir baxmışam, içində nədən bəhs etdiyini yadıma salıb bu hisslər haqda burda nəsə tapa bilərəm, ya yox deyə düşünmüşəm.

Oxumadığım, ya da yeni əlavə etdiyim kitabları seçib bir-bir oxumuşam, amma hələ ki, əlimə heç nə keçməyib. Təxminən, on iki minə yaxın kitab var rəflərdə. Bunları bir-bir səliqəylə yerinə qaytarmaq bəzən günlərlə vaxtımı alır və hisslər ötüb keçir, kitablara baxmadan yerinə yığıram. İşim bitən kimi hissiyyat yenidən yaranır.

Şeytan fəhləsinin işi kimi bir şeydir. Nə bitir, nə də qazancım var. Bu günlərlə davam edən işgəncədən, axır ki, yaxa qurtarmışam.

Məryəmə bu haqda danışanda mənə dedi ki, axtardığım və axtarmadığım kitabları ayrı-ayrı divarlardakı rəflərə yerləşdirim və hər dəfə bu boyda kitabı yenidən axtarmalı olmayım.

Əla fikirdir. Bu qadın bu müdhiş fikri necə tapa bilib?! Hələ yeni alınan kitablarımı da tamam başqa səmtdə yerləşdirə biləcəyimi söylədi və mən bir həftəyə qədər bu işlə məşğul oldum.

Nəhayət ki, səliqə yarada bildim və daha axtarış etmək o qədər də işgəncəli şəkil almayacaq. Sadəcə indi hansı divardakıları axtarıb, hansıları axtarmadığımı dəqiq yadda saxlamalıyam.

Bu asan işdir. Qapıdan içəri keçən kimi sağ tərəfdə axtardığım kitabları yığdım və rəfin aşağı və yuxarı kənarlarını qırmızı boya ilə rənglədim.

Yadıma düşdükcə gülümsəyirəm. Heyif ki, bu müdhiş fikir də mənim özümə aid deyil, Məryəmin tapıntısıdır. Fikir onun olsa da, işi özüm həll etdiyim üçün həmişə rahatca gülümsəmə haqqımın olduğuna inanıram.

Sara, bu qadında məni cəzb edən nəsə var. Məni ona doğru dartan nəsə. Bunun uzun, incə barmaqlı əllər, ipək kimi sürüşkən saçlar, dik qamətli yeriş kimi görünən bir şey olmadığına da əminəm.

Çünki onu düşünəndə içimdən gizilti, həyəcan kimi duyğular keçmir əsla. Onu düşünəndə pilləkəndə oturub yorğun-yorğun əsnəyən uşaq kimi oluram. Nə hiss etdiyimi bilmirəm.

Çünki pilləkəndə oturub yorğunca əsnəyən uşaqlar nə hiss edir, bilmirəm. Belə olanda kiminsə ayaqlarına qapanıb “məni bağışla” deyə ağlamaq, əfv diləmək istəyirəm.

Amma bunun üçün heç bir səbəb, ya da günah tapa bilmirəm. Deyəsən, elə əsl yalnızlıq da budur. Ayaqlarına qapanıb “məni bağışla” demək üçün günah tapa bilməmək.

Günahsız adamlar kimi yalnızam... Günahsız adamları Tanrı belə unudurmuş, Sara... Nəsə yaz, danışmaq istəyirəm’’...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG