Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:25

Erdoğan ölkəni qəsdən savaşa sürükləyir?


Recep Tayyip Erdoğan İstanbulda IDEF'15 beynəlxalq müdafiə sənayesi sərgisində - 5 may 2015.
Recep Tayyip Erdoğan İstanbulda IDEF'15 beynəlxalq müdafiə sənayesi sərgisində - 5 may 2015.

-

«Türkiyə prezidenti Recep Tayyip Erdoğan kürd yaraqlılarına təzyiqi artırmaqla iki aya keçiriləcək seçkidə səs qazanmağa ümid edir. Ancaq kürd yaraqlılarının hücumları gücləndirməsi, son günlər türk əsgərlərinin ölümü türklərdə belə bir sual yaradıb ki, Erdoğan siyasi ehtiyacları üçün ölkəni müharibəyə sürükləmir ki?». «The Daily Beast» saytı yazır ki, hökumət PKK-nın hücumlarına sərt cavab verəcəyini vəd etdiyi bir vaxtda kürd siyasətçilər də dinc sakinlərin ölümünə görə hökumətin təhlükəsizlik qüvvələrini məsul sayır.

«Tənqidçilər deyir ki, Erdoğan hakim AKP-nin çoxluğu qazana bilmədiyi iyun seçkisindən sonra yeni hökumətin qurulmasını sabotaj edib. Noyabrın 1-nə yeni seçki təyin etməklə AKP çoxluğu qaytaracağına və istədiyi prezident sistemini əldə edəcəyinə ümid bəsləyir. Müxalifət lideri Kılıçdaroğlu isə Erdoğan-ı gərginliyi qızışdırmaqla millətçilərin səsini AKP-yə qazandırmaq niyyətində ittiham edir.

«O, tökülən qan və terrorçuluğa görə məsuliyyət daşıyır. Onlar xaosun köməyi ilə hakimiyyətdə qalmaq istəyirlər», - Kılıçdaroğlu ötən ay deyib.

Ancaq məsələ türklərin Erdoğan-ın arxasınca gedib getməyəcəyindədir. Sosioloq Murat Gezici deyir ki, bu yaxınlarda keçirilmiş bir sorğusunun nəticələrinə görə, seçicilərin 56 faizi Erdoğan-ı zorakılıqların yenidən alışmasında suçlu bilir. «Hələlik Erdoğan-ın PKK-nı vurmaqla səs qazanmaq planının işləməsini sübut edəcək dəlil çox azdır. Bir neçə rəy sorğusu AKP-nin dəstəyi daha çox itirdiyini, HDP-nin isə qazandığını göstərir. «Son toqquşmaların AKP-nin səslərini artırdığını göstərən bir əlamət yoxdur», - Londonda yaşayan türkiyəli təhlilçi Ziya Meral bazar ertəsi Twitter-də yazıb».

Emomali Rahmon.
Emomali Rahmon.

TACİKİSTANDA İĞTİŞAŞLAR ÜÇÜN YAXŞI VAXT DEYİL

«Stratfor» Araşdırmalar Mərkəzi Tacikistandakı durumla bağlı təhlil dərc edib. Yazıda qeyd olunur ki, prezident Emomali Rahmon siyasi müxalifəti əzmək üçün islamçı terror qruplarının həm real, həm də xəyali təhlükəsindən istifadəni davam etdirəcək. Təhlükəsizlik problemləri ilə yanaşı, əhalinin iqtisadi geriləmədən narazılığı da Düşənbə üçün böyük narahatlıq mənbəyi olaraq qalacaq. Bu arada Rusiya və Qərb Tacikistana daha çox hərbi maraq göstərəcək və bu, keçmiş sovet ölkəsini daha artıq sabitsizlik riski ilə üz-üzə qoyacaq.

«Tacikistan islamçı qrupların törətdiyi problemlərdən sığortalanmayıb. Yerli islamçı partiyaların siyasi müxalifətindən tutmuş, transmilli yaraqlı qruplara qədər – bu hədələr həmişə olub. Ancaq prezident Emomali Rahmon hakimiyyətini gücləndirib, Düşənbədə belə islamçı qruplara təzyiqi artırıb… Rahmon-un hakimiyyəti əlində cəmləşdirməsinə baxmayaraq, bu təzyiqlər Tacikistanda sabitsizlik riski yaradır. Sentyabrın 4-də baş vermiş silahlı toqquşmalar da bunu göstərdi. Digər tərəfdən də ölkə daha çox iqtisadi problemlər içindədir».

Yazıda vurğulanır ki, əslində Tacikistanda birbaşa islamçı silahlı hərəkatla bağlı ortada az dəlil var. İslamçı silahlılar son 3 ildə ölkədə böyük hücumlar həyata keçirməyiblər. Ancaq hökumət cihadçı ambisiyaları olmayan müxalifət qruplarını əzməkdə davam edib.

Rusiyadakı iqtisadi problemlər bu ölkəyə də təsirsiz ötüşməyib, tacik miqrantların göndərdiyi pullar azalıb. Bu vəsait ölkə ÜDM-sinin 50 faizini təşkil edir. «Bu faktorlar, üstəgəl inflyasiya və zəifləyən valyuta ölkədə daha böyük sosial sabitsizlik yarada bilər. Ola bilsin, hökumət islam təhlükəsindən təzyiqləri əsaslandırmaq və əhalinin diqqətini ölkədaxili problemlərdən yayındırmaq üçün istifadə edir. Ancaq Tacikistandakı daxili parçalanmalar və ictimai narazılıq Rahmon-a daha böyük problem yarada bilər».

Suriyada rusiyalı hərbçilər.
Suriyada rusiyalı hərbçilər.

SURİYADAN FOTOLARINI PAYLAŞAN RUS DÖYÜŞÇÜLƏR KİMLƏRDİR

BBC Rusiyadan fotolarını paylaşan rusiyalı əsgər və döyüşçülərin kimliyini araşdırıb.

«Suriyada rus hərbçilərinin olması yeni məsələ deyil. Hələ 1971-ci ildə Moskva Aralıq dənizi sahilindəki Tartus şəhərində kiçik donanma obyektini icarəyə götürüb. Qərbin Suriyaya zərbələri artdıqca, belə bir ehtimal var ki, Rusiya təkcə prezident Bashar al-Assad qüvvələrinə təlim keçməyəcək. İndi çoxları düşünür ki, rusiyalı əsgərlər Suriyada döyüşür. Baxmayaraq ki, buna elə bir ciddi sübut göstərmək çətindir. Hələlik ortada olan Suriyada rus əsgərləri tərəfindən çəkilən, sosial mediada yayılan selfilərdir».

«War In Ukraine» (WIU) müxalifət qrupunun fəalı Ruslan Leviev fotoları təhlil edib və deyir ki, fotoların çoxunda çəkildiyi məkan göstərilib. Çoxu Tartusda çəkilib ki, bu da Moskvanın rəsmi siyasətinə zidd deyil.

Ancaq bəzi fotoların çəkildiyi məkan Suriyanın Homs vilayəti göstərilib. Burada intensiv döyüşlər gedir. Bir video isə Latakiya şəhərindən şimalda çəkilib.

Bu, o deməkdir ki, rusiyalı hərbçilər savaşır? Qətiyyən belə deyil. Leviev deyir ki, onlar Suriyaya göndərilən rus muzdlular da ola bilər. «Rusiyalı əsgərlərin Suriyada döyüş əməliyyatlarında iştirak etməsinə dair 100%-lik dəlil yoxdur».

XS
SM
MD
LG