Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:28

-

Nuri Paşa haqqında araşdırma aparan türk tarixçisi Atilla Oral apa-ya müsahibə verib.

- Nuri Paşanın həyatını daha dərindən öyrənməkdə əsas məqsədim onun Türk silah sənayesi tarixindəki yerini aydınlaşdırmaqdır. Türk müdafiə sənayesində özəl sektorun rolu barədəki ilk tədqiqatım «Şakir Zümrə» kitabım idi. 2012-ci ilin yanvarında «Şakir Zümrə» kitabım çıxan kimi Nuri Paşa ilə bağlı kitabımı da çap etmək istədim. Ancaq gözlədim, çünki yeni sənədlər əldə etdim. Şakir Zümrə ilə Nuri Paşanın silah fabrikləri İstanbulun Sütlücə bölgəsində tikilib. Hər iki fabrikin türk müdafiə sənayesinin inkişafında çox önəmli rolu olub. Bilirsiniz ki, Nuri Paşanın həyatı faciəylə nöqtələnib. Şakir Zümrə isə öz əcəliylə ölüb, Nuri Paşa fabrikindəki sabotaj nəticəsində həyata gözlərini yumub.

- Buna sabotaj deyirsiniz?

- Mən o ölümə sabotaj deyirəm. Əvvəllər bunun sabotaj olduğunu ehtimal etmirdim, bir qəza olduğunu düşünürdüm. Amma prosesləri araşdırdıqca, Nuri Paşanın içində olduğu bəzi siyasi məsələləri ortaya çıxardım. Məsələn, Nuri Paşa Misirdə və Suriyada silah sexləri tikib, onlara fabrik demək olmaz, kiçik idilər. Suriyadakı silah sexində istehsal etdiyi 80 və 100 kalibrlik top mərmilərini İsrail ilə savaşan ərəb ölkələrinə satırdı. Özünü bu işlərə o qədər həsr etmişdi ki, İsraili düşmən kimi görürdü. Bilirsiniz ki, o dövrdə BMT Təhlükəsizlik Şurası İsrail ilə savaşan ərəb ölkələrinə silah satışını yasaqlamışdı. Ona görə ərəblər heç bir yerdən silah ala bilməyincə, onu Nuri Paşa və Şakir Zümrənin silah fabriklərindən əldə edirdilər.

- O fabriklər dövlətin idi, yoxsa Nuri Paşa və Şakir Zümrənin şəxsi fabrikləri idi?

- Öz fabrikləri idi, ancaq dövlətlə əlaqəsi var. İstehsal etdikləri silahları dövlətə də satırdılar. İkinci Dünya müharibəsində hər iki fabrik istehsal etdiyi məhsul növlərini artırdığı kimi dövlətlə ortaq mallar da istehsal edirdi. Mən bu iki qardaş sənaye qurumunu tədqiq edərkən Nuri Paşanın cazibəsinə qapıldım. Kim olduğunu bilmədən Nuri Paşanı sevməyə başladım. O, duyğulu və sənətçi xüsusiyyətlərinə malik bir adam olub. İstiqlal mücadiləsi medalı alıb. Atatürklə heç bir problemi olmayıb. Hətta Atatürkün yaxın dostlarıyla şirkət qurub. Məsələn, Atatürkün ən yaxın dostlarından biri Nuri Conker olub, Nuri Paşa onunla 1925-ci ildə Kütahyada çiniçilik şirkəti qurub. Bunları çox adam bilmir. Nuri Paşanın çox sevdiyi qardaşı Ərtuğrul Kütahyada bir qızı sevir, ancaq evlənmək qismət olmur, Ərtuğrul xəstələnərək 1931-ci ildə vəfat edir. Nuri Paşa çiniçilik işinə son qoyur. O, adi bir çini fabriki qurmamışdı, qardaşıyla 1923-25-ci illərdə Almaniyada çiniçilik təhsili almışdılar. Onun əsas məqsədi Səlçuqlu dönəmindəki çinilərin eynilərinin evlərdə və iş yerlərində yenidən olmasıydı. Qardaşının vəfatından sonra Nuri Paşa əvvəlcə İstanbulun Zeytinburnu, sonra isə Sütlücə səmtində silah fabrikini qurmuşdu. Mən onun aldığı silah patentlərini tapdım. Polşanın silah ixtiraçılarıyla özünün birgə yaratdığı çox gözəl tapança da var: Nuri tapançası. Kitabımda Nuri Paşanın fabrikində istehsal edilən silahların eskizləri də olacaq. Şakir Zümrə və Nuri Paşanın fabriklərinin tarixi Türkiyənin müdafiə sənayesində özəl sektorun tarixi deməkdir. Dövlət də həmişə bu adamlara dəstək verib. Şakir Zümrə istehsal etdiyi silahların bir hissəsini Yunanıstana satıb. Həm də çox gözəl dostluq münasibətləri yaradaraq. O vaxt Nuri Paşa və Şakir Zümrənin fabriklərindən silah alan ölkələrin liderləri daha sonra fabriklərə gələrək aldıqları bombaları bir-birlərinə atmayacaqlarına dair açıqlamalar veriblər.

Nuri Paşa müdafiə sənayesi işində İkinci Dünya müharibəsinin axırına qədər aktiv rol oynayıb. Müharibə başa çatandan sonra ordu çox silah sifarişi verməyib. Digər tərəfdən, amerikalılar silah göndəriblər, ona görə Türkiyə üçün silah istehsal etməyin mənası qalmayıb. Şakir Zümrə soba, ütü və s. istehsal etməyə başlayır. Onun vəfatından sonra fabrik qardaşları tərəfindən bir müddət işlədilir, daha sonra qapadılır. Nuri Paşaya gəlincə, onun böyük qardaşı Ənvər Paşa Türk Birliyi qurmağa necə könül vermişdisə, Nuri Paşa da Ərəb Birliyi xülyasına qapılıb. Bunlar çox yaxşı insanlardır, dürüstlüklərindən heç kimin şübhə etmədiyi ailədir. Ancaq Don Kixotvari tərəfləri də yox deyil. Bir fikrə qapılıb macəraçı metodlarla onu reallaşdırmaq istəyiblər. Nuri Paşa da o yoldan gedib. Yəni ərəb-İsrail münaqişəsində ərəb cəbhəsinə silah satmağı özünün missiyası hesab edib. Misir kral ailəsindən Hidivin nəvəsiylə evlənib. Bilirsiniz ki, o vaxtlar Misir İsrailin ən böyük düşməni idi. Nuri Paşanın Suriya və Misirdəki silah sexlərində 1947-49-cu illər arasında istehsal etdiyi hər güllə yəhudilərə sıxılırdı. Türkiyədəki yəhudilər də bunu yaxşı bilirdilər. Böyük sifarişlər alırdı.

Nuri Paşa

Nuri Paşa

- Türkiyədəki yəhudilərin Nuri Paşaya qarşı gizli planlar hazırladığını düşünürsünüz?

- İstər Türkiyədəki, istərsə də başqa yerlərdəki zəngin yəhudilər Nuri Paşanın ərəblərə 80 və 100 kalibrlik top mərmiləri satdığını yaxşı bilirdilər. 2 mart 1949-cu ildə axşam Nuri Paşanın Sütlücədəki silah fabrikində partlayış baş verib, Nuri Paşayla birlikdə 27 nəfər şəhid olub. İndiyə qədərki kitab və məqalələrdə Nuri Paşanın meyitinin tapılmadığı və boş tabutun dəfn edildiyi yazılıb. Halbuki məsələ o cür deyil. Bizim ənənəmizdə boş tabutu dəfn etmək yoxdur, xristianlarda vardır. Bilirsiniz ki, bizdə meyit kəfənə sarınıb torpağa dəfn edilir. Partlayışdan təxminən iki həftə sonra Nuri Paşanın meyiti tapılıb, ancaq meyitin bəzi bədən üzvləri, məsələn, başı olmayıb. Ancaq bütün ailə üzvləri və fabrikin işçiləri Nurinin meyitini tanıyıblar. Dəfn mərasimi keçirərək cənazə namazı qılmaq istəyiblər. Maraqlıdır ki, martın 26-da Türkiyə İsraili tanıyan ilk ölkə olub. Nuri Paşanın dəfn mərasiminin böyük mitinqə çevriləcəyindən ehtiyat edən hökumət dəfn mərasiminə icazə vermədiyi kimi, namazın qılınmasına da əngəl olub. İstanbul Müftiliyi Nuri Paşanın cənazə namazının qılınmaması üçün birbaşa fitva verib. Bu, çox önəmli məlumatdır, heç bir yerdə yoxdur. Nuri Paşanın meyitini namaz qılınmadan dəfn ediblər. Mən onun dəfn edildiyi yeri bilirəm. Məqsədim- onun olduğu yerdə məzar daşı və heykəl qoyulmasıdır. Nuri Paşanın ruhuna fatihə oxumaq istəyən müsəlman övladları mütləq olacaqdır, məzarın yanından keçəndə ona fatihə oxuyarlar. Nuri Paşa Bakı fatehidir, onu hər kəs qəbul edir, bu barədə heç kim mübahisə edə bilməz. Nuri Paşanın fabrikinin olduğu yerə də onun adı verilməlidir. Bunlar mənim kitabımda təklif kimi vardır.

- O zaman Türkiyə ictimaiyyəti Nuri Paşanı yaxşı tanıyırdımı?

-Təbii. Fabrikdəki partlayışın bir sabotaj olduğunu Nuri Paşanın istər Türkiyədə, istərsə də xaricdə əməkdaşlıq etdiyi adamlar deyiblər. «Onun meyitinin hər parçasından milyonlarla Nuri paşalar doğacaq» deyə açıqlamalar veriblər. Ərəblər də deyiblər. Bunların çoxu saxta sözlərdir, çünki daha sonra hamısı Nuri Paşanı unudublar. Onun barəsində yazanların çoxu Nuri Paşanı tanımırlar, kim olduğunu bilmirlər. Ona qarşı qeyri-səmimiliyin sübutlarından biri kitabların üz qabığına qoyulan fotosudur. Bu fotonun Nuri Paşayla əlaqəsi yoxdur, bunu necə uydurublar? Məndə Nuri Paşanın təxminən 32 fotosu var. Nuri Paşanın siması çox gözəldir. 12 yaşından başlayaraq öldüyü vaxta qədər məndə fotoları var. Fabrikindəki otağında oturarkən, istehsal etdiyi məhsulların önündə, işçilərlə söhbət edərkən və s.

- Bakı fotoları da varmı?

- Bakıda çox yaxşı işlər görüb. Müharibələr nəticəsində orada yetim qızlar olduğunu müəyyənləşdirib. Onların türk oğlanlarla evlənməsi üçün böyük bacısıyla çox önəmli işlər görüblər. Bu məsələlər heç bir yerdə yoxdur. Nuri Paşa Bakıda az qalıb, ancaq o qısa müddətdə çox gözəl işlər görüb, duyğulu münasibətlər də yaradıb. Onun cənazə namazının qılınmamasının və meyitinin səssiz-küysüz dəfn edilməsi tamamilə İstanbul müftiliyinin günahıdır.

- Partlayışdan sonra fabrik fəaliyyətinə davam edə bilibmi?

-1949-cu ildə fabrik fəaliyyətini dayandırır. Biz fabrikin qəti şəkildə yəhudilər tərəfindən partladıldığını bilmirik, əlimizdə sübutu yoxdur. Amma bu iş qəti şəkildə yəhudilərin mənafeyinə xidmət edib. Bircə o bəllidir ki, 1949-cu ildən bəri bu işlə məşğul olan başqa bir işadamı olmadı. Partlayışdan sonra Nuri Paşanın ailəsi və sağ qalan iş yoldaşları fabrikin partlayışdan zərər görməyən hissəsində xaricdən alınmış sifarişi yerinə yetirməyə çalışıb. Ancaq 20-25 gündən sonra polis fabrikə basqın təşkil edərək, fabrikin aldığı sifarişi yerinə yetirməsini də yasaqlayıb. Dostları arasında Nuri Paşaya inanan xeyli adam olub. Fabrikin müdiri Hüseyn Hüsnü Ərkilət partlayışdan sonra 1 il həbsdə saxlanılıb. Türk Tarix Qurumunda 52 il baş katib olmuş Uluğ İyidəmir Ənvər Paşanın ailəsinə və qardaşlarına xoş münasibət bəsləməyib. Nuri Paşanın fabriki partladılandan sonra onun əleyhinə məqalə yazaraq Nurini «məsuliyyətsizlik»də günahlandırıb. Təəssüf ki, Türkiyədə anlamsız işlər yaşanıb. Halbuki, Nuri Paşa son dərəcə məsuliyyətli və dəqiq adam idi, fabrikə az-az gəlsə də, işləri daim nəzarətində saxlayarmış. Türk Tarix Qurumunun ona qarşı etdiyi haqsızlıqla barışmaq mümkün deyil.

- Kitabınız Türkiyədə nə vaxt çıxacaq?

- Bir-iki yeni material gözləyirəm, onları da əldə edib kitaba daxil etmək istəyirəm. Nuri Paşa Qafqaz İslam Ordusunun komandanı kimi Bakıya gedəndə Əhməd Ağaoğlu onun müşaviri olub, Ağaoğlu ailəsinin arxivindən yeni şeylər çıxa bilər, onları gözləyirəm. Kitaba daxil etməyi düşündüyüm foto və sənədlərdən ibarət önəmli bir arxivi almaq istəyirəm, indi onun müzakirələri gedir. Çox pul istəyirlər, hələ ki, gücüm çatmır. Mən bütün sənəd, foto və filmləri öz pulumla alıb çap etdirirəm. Ənvər Paşanın nəvəsi onun sənəd, foto və əşyalarını auksionda satdı. Mən ona zəng edib dedim ki, sizdə Nuri Paşayla bağlı nə varsa, almaq istəyirəm. Nuri Paşanı tanımadı, təqaüddə olan səfirdir. Nuri Paşanın dəfn olunduğu yerə məzar daşı qoyulub, daşın üstünə «Bakı fatehi» yazılmasını istəyirəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG