Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:18

Minusovka hazırdı


Seymur Baycan
Seymur Baycan

- "Əlbəttə, belə danışmaq, kobudluq etmək lazım deyildi. Fikirlərimi daha yumşaq formada ifadə edə bilərdim."

"Doğrudan da, çox qeyri adi xəbər idi. Hansısa dildə bilən sonuncu adamın ölməsi xəbəri oxuyan adama necə təsir etməsin?! Əsl roman movzusudur."

"İndi elə ölkələr var ki, o ölkələrin mədəni və işlək hissəsi kobud və avara hissəsindən ayrılmaq istəyir."

Seymur Baycan

Əlifba məsələsi

Səksəninci illərin sonu, doxsanıncı illərin əvvəlində azərbaycanlılarla ermənilər arasında belə bir şiddətli atışma gedirdi.

Bizimkilər ermənilərə sizin familiyanız yoxdur, ermənilər isə bizimkilərə sizin əlifbanız yoxdur deyirdilər.

O vaxt təbii ki, bu yazının müəllifinin millətçi vaxtları idi. Şanlı keçmiş, böyük tarix haqqında uydurulmuş nağıllara və əfsanələrə inanırdı. Azərbaycan yazıçılarının tələm-tələsik yazdıqları tarixi romanlarda oxuduqları onu hədsiz dərəcədə həyəcanlandırırdı.

O inanırdı ki, Qara Yusif doğurdan da Əmir Teymurun başının bəlası imiş. Olan şeydi. Uşaq idi. Məlumatsız idi. Bir tərəfdən də dövrün ab-havası öz işini dayanmadan görürdü. İnanmamaq mümkün deyildi.

Deyirlər, iyirmi yaşında kommunist, qırx yaşında demokrat olmayanın vicdanı yoxdu. Qərəz, o dövrün təsirli ab-havasında sizin əlifbaniz yoxdur sözünü eşitmək çox ağır idi. Bunu heç cürə həzm edə bilmirdim.

İndi fikirləşirəm ki, nə yaxşı bizim əlifbamız olmayıb. Atalar yəqin belə məqamları nəzərdə tutaraq deyiblər: sürü geri qayıdanda axsaq qoyun irəli düşər.

Əgər əlifbamız olsaydı, bu gün heç kim cəsarət edib deyə bilməyəcəkdi: gəlin bu əlifbadan imtina edib özümüzə bir düz-əməlli əlifba götürək.

Nədi-nədi on ikinci əsrdə tutaq ki, Makuk Fakkudi adlı bir saray şairi, daha doğrusu, hansısa padşahın şəxsi şairi bu əlifbayla bir gözəlin qaşı haqqında qəzəl yazıb.

İndi sahib olduğumuz əlifba gül kimi əlifbadı. Gələn də gedən də lövhələrin, heykəllərin üstünə yazılmış mətnləri oxuya bilir. Məsələn, yad bir adam heykəlin üstündəki mətni oxuyur və ən azı heykəlin kimin heykəli olduğunu müəyyən edir.

Əgər əlifbanın arxasında həqiqətən də böyük iqtisadiyyat, həqiqətən də böyük ədəbiyyat, həqiqətən də böyük güc, həqiqətən də böyük tarix dayanmırsa, o əlifba real olaraq, illuziyasız-filansız heç kimə lazım deyil.

Söhbət həqiqi gücdən, həqiqi ədəbiyyatdan, həqiqi iqtisadiyyatdan, həqiqi tarixdən gedir. Yalançı tarixdən, şişirdilmiş iqtisadiyyatdan, uydurulmuş gücdən getmir.

Ən yaxşısı, saxlama müddəti keçmiş əlifbadan yavaşca imtina edib, göstərdiyi xidmətə görə əlifbaya öz təşəkkürünü bildirib, ordendən, medaldan, diplomdan, bağ evindən-zaddan bir şey verib, ədəb-ərkanla, sakitcə istefaya, istirahətə göndərməkdi.

Çox işləyib. Bərk yorulub. Qoy gedib dincəlsin. Yorulmuş və iş qabiliyyətini itirmiş əlifbanın əvəzinə həqiqətən iş gücünə malik ədəbiyyat götürürsən. Amma bunu kimə başa salmaq olar. Hə, kimə?

Bütün ölkə ayaqa qalxar. Məmə deyəndən pəpə yeyənə kimi, yazıçısı, şairi, akademiki, siyasətçisi, alverçisi birləşib, bir anda hamı vətənpərvər olub bu təklifi vermiş adamın üstünə gələrlər.

Bu mənada əlifbanın olmaması ilə azərbaycanlıların bəxti gətirib. Məsələn, götürək gürcü əlifbasını. Lap olsun erməni əlifbası. Bu dəqiqə Gürcüstanda, Ermənistanda cəmiyyətin qorxusundan heç kim durub əlifbanın dəyişməsi təklifini verə bilməz. Bu, mükünsüzdü. Heç kim bu təklifi qəbul etməz.

Gürcüstan
Gürcüstan

Hamı ayağa qalxıb bir ağızdan deyər ki, bu əlifbayla bizim dahilər şeirlər yazıblar. Bu əlifba bizim tariximizdi, keçmişimizdi, dünənimizdi, sırağagünümüzdü, ta sırağagünümüzdü... Əgər biz tariximizi unutsaq, tarix də bizi unudar, zad...

Minusovka hazırdı. Necə ki, bizim camaatımızın da müxtəlif mövzularda öz minusovkları var. Lazım gələndə bəzən komandayla, bəzi hallarda isə komandasız öz-özünə çalınır.

Halbuki, gürcülər və ermənilər əlifbanı dəyişsələr, bir xalq kimi ağıllı addım atmış olarlar. Sahib olduqları və fəxr etdikləri əlifba onları çox geri salır. Mən öz dayaz ağlımla belə düşünürəm.

Yolla getdiyin yerdə qarşına heykəl çıxır. Baxırsan heykəlin üzünə kimin heykəli olduğunu müəyyən edə bilmirsən. Əvvəla, bu heykəlin kimin heykəli olduğunu o dəqiqə müəyyən etməye, onu tanımağa borclu deyiləm.

Viktor Hüqo deyil ki, sifətinə baxan kimi tanıyasan. Bu heykəlin altına ya ingilis, ya rus, ya da alman dilində yazmaq lazımdır ki, bu filankəsin heykəlidir. Filan ildə doğulub, filan ildə ölüb. Filan-filan işlərlə məşğul olub.

Özləri haqqında o qədər yüksək fikirdədirlər ki, guya hamı bu heykəlin kimin heykəli olduğunu o dəqiqə bilməlidir. Ya da gələn-gedəni nəzərə almırlar. Heykəli özləri üçün qoyublar...

Bir neçə il əvvəl bir konfransda iştirak edirdim. Fasilə zamanı konfrans iştirakçılardan biri ilə söhbətə girişdik. Adətən belə olur. Fasiləyə çıxanda bir adam tapıb çay, ya da kofe içə-içə (qazlı və qazsız su, meyvə şirəsi içənlər də olur) nədənsə danışırsan.

Belarus
Belarus

Adam ordan danışdı, burdan danışdı. Balaca xalqlardan birinin nümayəndəsi idi. Dedi ki, bizim məktəbimiz yoxdu. Doğma dilimizdə təhsil ala bilmirik.

Dedim, hüquqi baxımdan haqlısan, amma reallığı nəzərə alanada vəziyyət dəyişir. Tutaq ki, doğma dilində təhsil aldın, bu dildə kimlə danışacaqsan. Evdə danışmaq istəyirsənsə onsuz da danışırsan.

O boyda fransız dili ingilis dilinin qarşısında çətinliklə duruş gətirir. O fransız dili ki, dünya ədəbiyyatının neçə-neçə dahiyanə əsərləri bu dildə yazılıb.

Böyük tarixə, böyük mədəniyyətə malik bir xalq dilini qorumaq üçün daha bilmir nə hoqqalardan çıxsın. İngilis dili fransızları, o boyda ədəbiyyata, o boyda tarixə malik xalqın nümayəndələrini elə kompleksə salıb ki, xaricdə fransız dilində danışan adam görəndə uşaq kimi sevinirlər.

Bu həngamədə sən öz dilində təhsil alsan guya bu nəyi dəyişəcək? Əlbəttə, belə danışmaq, kobudluq etmək lazım deyildi. Fikirlərimi daha yumşaq formada ifadə edə bilərdim.

Yuxarıda yazılan sözlər həmsöhbətimə çox pis təsir etdi. Mənim səhv, özünün doğru düşündüyünü sübut etmək üçün başladı əsaslar gətirməyə. Ki, doğma dilində təhsil almaq onun haqqıdır.

Dağıstan
Dağıstan

Mən də öz növbəmdə bir daha təkrar etməyə məcbur oldum ki, əlbəttə, doğma dilində təhsil almaq onun haqqıdır, amma bu doğma dildə danışmağa özününkülərdən savayı adam tapmayacaq.

Söhbət şişdi. Qızışdı. Gördüm, bir az da belə davam etsə, dava düşəcək. Üzr istəyib aralaşdim. Amma o adam konfrans qurtarana qədər mənlə danışmadı. Elə küsülü də ayrıldıq. Hətta axırıncı gün banketdə spirtli içkinin təsiri ilə bir daha ona yaxınlaşıb üzr istədim.

Xeyri olmadı. Çox güman, elə indi də bu sözləri oxuyan bir çox adam haqlı olaraq inciyəcək. Amma nə etməli, reallıq belədir. ALLAH kafir bəndəni də belə acı reallıqla üz-üzə qoymasın.

Dillər sürətlə sıradan çıxır. Bu sürətlə getsə dünyada otuz-qırx funksional dil qalacaq. Bu dillər də hər mənada güclü xalqların dilləri olacaq. Bu proses ekzotika və fərqlilik həvəskarlarını bərk narahat edir.

Narahat oldular-olmadılar proses öz işini görür. Təxminən iki-üç il əvvəl bir arvad öldü. Bu arvad hansısa dildə danışan (yadımdan çıxıb) sonuncu adam idi. Bu xəbəri oxuyanda qəribə izaholumaz hisslər keçirdim.

Doğrudan da çox qeyri adi xəbər idi. Hansısa dildə bilən sonuncu adamın ölməsi xəbəri oxuyan adama necə təsir etməsin? Əsl roman movzusudur.

Adamın yaxşı bazası, yaxşı yazmaq istedadı ola, oturub bu mövzuda bir roman yaza. Yəqin boş buraxmazlar, kimsə yazar.

Ukrayna
Ukrayna

Ümumiyyətlə, daha geniş götürəndə inkişafdan geri qalmış xalqlar gedib inkişaf etmiş xalqların ətəyindən yapışıb, yalvarıb-yaxarıb xahiş etməlidirlər ki, onları öz qanadları altına alsınlar. Sinəsinə çəksinlər.

Söz çoxdu. Necə istəyirsiz elə də ad qoyun. Bəli, bizim kimi camaatlar gedib inkişaf etmiş xalqlara yalvarıb-yaxarıb xahiş etməlidirlər ki, gəlib onlara yaşamağı, təbiətlə davranmağı, yeraltı və yerüstü sərvətlərdən istifadə etməyi, məktəb tikməyi, universitet açmağı, maşın düzəltməyi, adam müalicə etməyi, ölü basdırmağı, adam evləndirməyi, yol çəkməyi və dəxi bu kimi həyati vacib şeyləri öyrətsinlər.

Onsuz da bu və ya digər formada (bəziləri kobud, bəziləri mədəni ) onlar idarə edirlər. Onsuz da pul hərlənib-fırlanıb hansısa formada (bəzən birbaşa, bəzən dolayısıyla ) oralara gedir.

Gül alırıq, pul ora gedir. Maşın alırıq, pul ora gedir. Toxum alırıq, pul ora gedir. Futbola baxırıq, pul ora gedir. Futbol oynayırıq, pul ora gedir. Festival keçiririk, pul ora gedir. Ölkəmizdə seçki keçirilir, yenə də pul ora gedir. Telefon alırıq, pul ora gedir.

Bir sözlə, çox güclüdürlər. Amma prosesə konkret ad qoyulsa, şəffaflıq olsa, idarə edən güclər idarə etdiklərinə bir az hörmətlə yanaşarlar. Təcrübələrini paylaşarlar, onların da inkişafına kömək edərlər, səhiyyənin, təhsilin səviyyəsi qalxar.

Gürcü dilində qədimi kitablar
Gürcü dilində qədimi kitablar

Əlbəttə, bu, bir utopiyadır. Hamısı bekarçılıqdandı. Düz-əməlli işi-gücü olan adam oturub belə boşboğazlıq eləməz.

Yuxarıda yazılanlara nə camaatın özü razı olar, nə də camaatı idarə edən yerli idarəçilər.

Bəlkə heç mədəni xalqların özləri də razı olmazlar. İndi elə ölkələr var ki, o ölkələrin mədəni və işlək hissəsi kobud və avara hissəsindən ayrılmaq istəyir.

Deyir ki, xeyir ola, mən at kimi işləyirəm, vergi verirəm, o da bütün günü avarlanır. Hələ üstəlik, davranışları da mənim həyatım üçün təhlükələr törədir.

Qəliz məsələdir. Hər şey çox qarışıqdı.

Bununla belə xəyal gücü yenə də adama rahatlıq vermir.

Bizi və bizim yaşadığımız yeri gəlib aşağıdakı xalqlardan birinin idarə etməsini arzulamağa adamı mecbur edir.

1. Almanlar

2. Hollandlar

3. Yaponlar

4 . Norveçlilər

5. Kanadalılar

6. Finlər

Yəqin ki, siz də xəyal sarıdan heç də zəif deyilsiz. Bəs siz bizi hansı xalqın və yaxud xalqların idarə etməsini arzu edərdiniz? Xahiş edirəm suala emosianal cavab verib ərəblərin, farsların, rusların, turklərin adını çəkməyəsiniz. Burda söhbət irəli getməkdən gedir, geriyə qayıtmaqdan getmir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG