Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:36

- Şeir

Vasif Əlihüseyn

Anamın xatirəsinə

Ağzımızın çörəyə çatan vaxtı idi,

təzə başlamışdıq ayaq üstə durmağa

evin böyük oğlu olmaq bilirsiz nə deməkdi

Anama oğul olmuşdum, qardaş olmuşdum,

dost olmuşdum həm də...

xırda – xırda başladı ağrıları,

adi ayaq ağrısı kimi.

Sonra elə ayaqlarını üzdü bu dünyadan anamın.

Heç kim bilmirdi harda olduğumu

onda, anamın ağrıyan ayaqlarına

sarılıb yatırdım hər gecə.

Sevdiyimi də unutmuşdum,

yazıq qız anamın sağalmağını gözləyir hələ də...

Elə bil gözü var idi ağrıların

ancaq, axşam düşən kimi başlayardılar...

Bir dəfə yuxuda gördüm ki, anam ölüb,

durub anama danışdım, ağladı.

Dedilər ki, ömrü uzun olacaq

amma sonradan bildim

səhərə yaxın yuxuların doğru olduğunu.

Dünyanın ən çətin gözləntisi

analiz cavabını gözləməkdi

özü də ananın.

O, gün üç gün yatmadım

əllərimi qaldırıb yerimin içində dua etdim Allaha...

dua etdim ki, nə xəstəlik olur, olsun

bircə xərçəng olmasın

amma, gəldi xərçəng oldu.

Ağladım,

qızarmış gözlərimlə girdim otağa

anam üzümə baxıb güldü:

- Vasif, niyə ağlamısan,

nəsə var, mənə demirsən?!

dondum, dondum və elə hönkürdüm:

Vallah heç nəyin yoxdu, sadəcə qanına mikrob düşüb, sağalacaqsan.

Sarılıb ana – bala könkürdük

elə bil bilirdi ayrılacağımızı.

sonra nə istədiyini soruşdum

armud istədi.

bacım armudu doğradı

hərəmiz bir iki dilim yedik.

Ta səhərisi nə oldu bildiniz yəqin...

Hələ də çiyinimdədi

tabutunun ağırlığı,

o qədər ağır idi ki,

elə bil lap dünyanın dərdi sərini aparırdı özüylə.

Oturub qollarımda qəbirə qoyub getdiyim

Anamın məzarı üçün darıxıram o gündən.

Günün bütün mövzuları

XS
SM
MD
LG