Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:33

-

«Yeni Müsavat» bu açıqlamanı YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovdan alıb.

Novruzov qəzetə deyib ki, hakim partiyanın parlament seçkilərinə qatılacaq namizəd siyahısı bu həftə ərzində açıqlanacaq. Siyahının həftəsonu da açıqlanması mümkündür

Qəzetin «Bütün işlər başa çatıbsa, namizədlərin yekun siyahısının açıqlanmasına mane olan nədir» sualına Siyavuş Novruzov belə cavab verib: «Bununla əlaqədar gərək partiyanın ali orqanının, İdarə Heyətinin toplantısı keçirilsin. Bununla əlaqədar İdarə Heyətinə qabaqcadan müraciət olunur və s. Yəni nə vaxt olacaqsa, biz ictimaiyyətə açıqlayacağıq və bütün siyahını YAP-ın saytında yerləşdirəcəyik».

O bildirib ki, siyahı tam dəqiqləşib, amma xırda detallar qalır: «Namizədlərlə bağlı məlumatlar olmalıdır. Bu məlumatlar həm bildirişdə, həm razılıq ərizəsində, həm də protokolda olmalıdır. O baxımdan texniki işlər gedir».

MƏRKƏZİ BANK BİR AYDA 1.2 MİLYARD DOLLAR İTİRDİ

«Azadlıq» qəzeti yazır: «Mərkəzi Bank bir ayda 1.2 milyard dollar itirdi».

Mərkəzi Bank avqustun 31-də valyuta ehtiyatlarının həcmi barədə məlumat yayıb. Həmin tarixdə Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 315.4 milyon dollar təşkil edib. Qəzet yazır ki, bu, iyulun 31-i ilə müqayisədə 14% azdır.

«Avqust ayındakı itki ilə Mərkəzi Bankın valyuta ehtiyatı təxminən son bir ildə 52 faizə yaxın azalıb. Bankın hazırkı ehtiyatları həmin pik səviyyə ilə müqayisədə 7 milyard 847,8 milyon dollar və ya 51.7% azdır.

Mərkəzi Bank.

Mərkəzi Bank.

Göründüyü kimi, valyuta ehtiyatlarının ötən ilin yayından başlayan azalma tendensiyasını bu ilin əvvəllərində həyata keçirilən 34%-lik devalvasiya da dayandıra bilməyib. Təkcə avqust ayında 1.2 milyard dollar itkinin olması isə hökumətin yaxınlarda yenidən devalvasiyaya gedəcəyi ehtimalını gücləndirir».

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb: «Neft Fondu da aydan-aya əriyir. Xarici borclar isə artır. Büdcə gəlirləri dramatik şəkildə azalır. Ən optimist proqnozlara görə, bu il büdcə gəlirləri nəzərdə tutulduğundan 4 milyard manat az olacaq. Amma bu rəqəm də büdcə gəlirlərinin hansı həddə azaldığını dəqiq ifadə etmir. Çünki bu il büdcəyə toplanması gözlənilən manat əvvəlki illərdəki manatdan deyil, 34 faiz ucuzlaşdırılmış manatdır. Dollarla ifadədə isə bu il gözlənilən büdcə gəlirləri məsələn, 2013-cü ilin büdcə gəlirlərindən 10 milyard dollar az olacaq.

Və bütün bunlar o deməkdir ki, manatın yeni devalvasiyası qaçılmaz olacaq, büdcə xərcləri, dövlət investisiyaları azalacaq, iş yerləri kütləvi şəkildə bağlanacaq. Qiymətlər elə artacaq ki, bir azdan indiki qiymətlərə şükür edəcəyik, cəmiyyətdə sosial gərginlik ciddi şəkildə artacaq. Bütün bu ağır nəticələrdən isə qaçmaq olardı».

ƏN BAHALI HƏCC ZİYARƏTİNİ AZƏRBAYCAN TƏŞKİL EDİR

«Şərq» qəzeti yazır ki, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılmış 2400 yerlik kvotanın nədən dolmaması hələ də müzakirə mövzusudur:

Məkkə.

Məkkə.

«Qonşu müsəlman ölkələrində insanlar Həcc ziyarətinə getmək üçün illərlə növbə gözləyir, bəzilərinin ömrü də buna yetmir... 9 milyonluq ölkəyə cəmi 2400 nəfərlik kvota ayrılıb, amma heç bu da dolmayıb. Kvotanın dolmaması ilə bağlı müxtəlif mülahizələr irəli sürülüb, səbəblər göstərilir. Ən əsas səbəb kimi də, manatın məlum devalvasiyasının qiymətlərə təsiri qeyd olunur».

Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri «Şərq»ə ən bahalı Həcc ziyarətini məhz Azərbaycanın təşkil etdiyini bildirib:

«Halbuki qiymətləri əlçatan etməyin bir çox üsulları var, necə ki, bunu digər müsəlman ölkələri, qonşu Türkiyə, İran edir. Vətəndaşların illik gəlirləri azaldığı bir vaxtda qiymətlər durmadan artır. Heç bir güzəşt, sərfəli şərtlər də yoxdur. Belədə kvotanın dolmaması əlbəttə, təbiidir. Hətta aldığım məlumatlara görə, dolmayan yerlərin sayı açıqlanan rəqəmlərdən çoxdur (QMİ 40 yerin boş qaldığını bildirib - red.) və Qafqaz Müsəlmanları İdarəsi bu saat ayrı-ayrı şəxslərdən kvotanın doldurulması üçün xahişlər edir. Kimlərəsə Həcc ziyarətinə yollamaq üçün adam gətirmələri tapşırılır. Dəqiq olan budur ki, Azərbaycandan Həcc ziyarətinə gedənlərin əksəriyyəti artıq dəfələrlə Həcdə olmuş şəxslərdir. Bunların bir qismi Həcc mövsümünə sırf ticari məqsədlərlə yanaşan adamlardır, hər il Həcc mövsümündə onlar Səudiyyə Ərəbistanına səfər edir, gəlir əldə etmək məqsədilə ticarətlə məşğul olur, ölkəyə bəlli mallar gətirirlər. Bir qisim isə maddi cəhətdən imkanlı adamlardır. Onlar üçün 4700 dollar nədir, 5000-6000 dollar ödəyib ziyarətə getməyin heç bir sıxıntısı yoxdur. Bu insanlar arasında səmimiləri də olur. Onlar həqiqətən də müqəddəs ayda, müqəddəs günlərdə Məkkədə, Mədinədə olub dünya müsəlmanları ilə birlikdə ayinləri yerinə yetirmək istəyirlər və maddi imkanları buna yetdiyindən arzularının önünə sədd çəkmirlər. Həcc ziyarətini arzulayıb gedə bilməyənlərsə kasıb təbəqənin nümayəndələridir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG