Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:35

Mən donuram, mən donuram!


- Murad Köhnəqalanın bu il nəşr olunmuş "Yuxularım" kitabındakı hekayələrdən biri - on dördüncü hekayə əvvəllər mətbuatda yer almayıb. Müəllifin icazəsilə həmin hekayəni Oxu Zalında təqdim edirik.

BUZLAQDA

Gördüm, taxıl zəmisinin kənarı ilə uzanan yolda velosapedlə gedirəm. Velosiped o qədər ləng işləyir ki, pedalın üstünə ağırlığımı salıb bulamaqdan az qalır ayaqlarımın damarı partlasın.

Deyəsən, qaranlığa düşməmək üçün harasa tələsirdim. Yəni, qaranlığa düşməkdə nəsə qorxulu bir şey duyurdum. Taxılı biçilmiş tarlanın yerdə qalan samanını yandırmışdılar.

Tarlanın müxtəlif yerindən burula-burula qara tüstü qalxırdı. Gördüm, tüstü tədricən göy üzünü tutur və hər tərəf zinrik qaranlığa dönür. Mən getdiyim yolu görə bilmədiyimdən velosapedimi dayandırdım.

Birdən göy üzündəki qaranlıq iri bir quşa çevrilərək qanad çalmağa başladı. Bu nəhəng qara quş qanad çaldıqca lələklərinin arasından işıq parıldayıb qapanırdı.

Həmin nəhəng quş qəfildən min yerə parçalanaraq çoxlu qara quşlara döndü. Artıq göy üzündə qara buluda bənzər minlərlə qarğa uçuşurdu. Quşlar gah göy üzünü bürüyüb hər yanı zülmətə çevirir, gah da qanadlarının arasından aşağıya işıq buraxırdılar.

Başımı qaldırıb səmaya baxanda, gördüm, onların lələkləri arasından yayılan işıq ulduza çevrilir. Düşündüm, nə yaxşı ulduzlar çıxdı, demək yoluma rahat davam edə bilərəm.

Təzədən velosapedimə atılıb irəliləmək istəyəndə, gördüm, qara quşlar ulduzları bir-bir dənləyib yeməyə başladılar. Quşlar dimdikləyib udduqca ulduzlardan ağrılı qışqırıq səsi gəlirdi.

Çabalayan ulduzlar quşların boğazının çölündən hiss olunurdu. Göy üzündən dən kimi dənlənən ulduzlar fəlakətə düşmüş smaylik səsi çıxarırdılar. Beləcə, qışqırışa-qışqırışa əyridimdiklilərin dənliyinə düşdükdən sonra səsləri kəsilirdi.

Gördüm, qəfil quşların dənlikləri yırtıldı və ulduzlar yenidən göy üzünə səpələndi. Baxdım ki, indi də ulduzların hər biri bir iynənin ucuna taxılıb.

Gördüm, bu dəfə göy üzü nəhəng kirpiyə çevrilib və ulduzlar kirpinin tikanları ucunda parlayır. Artıq zülmət çəkilmiş, yollar da açıq görsənirdi. Mən velosapedimi sürüb yenidən harasa getməyə başladım.

Gördüm, qəfildən hər yan daha parlaq işığa qərq oldu. Mən başımı yuxarı qaldırıb göylərə baxdım. Orada gülümsəyən nəhəng kirpinin burnunu bədrlənmiş Ay əvəz eləmişdi.

Birdən hardansa qırmızı bir ilan peyda olub kirpiyə hücum elədi. Gülümsəyən kirpi Ay ağzı ilə ilanın boynundan yapışıb səmada yumalanmağa başladı.

Kirpi yumalandıqca göyün bütün ulduzları fırlanıb rəqs eləyirdi. Gördüm, nəhəng qırmızı ilan kirpiyə dolandıqca tikanların ucundakı ulduzlar sönür.

Biraz keçmiş, gördüm, tikanlarla deşik-deşik olmuş ilanın bədənindən başıma qan tökülür. Mən qan içində itib-batmamış velosapedi sürüb harasa qaçmaq istəyirdim.

Nə qədər sürətlə qaçsam da yenə başıma qan yağırdı. Dodaqlarımı nə qədər kip tutsam da, başımdan sel kimi tökülən qan ağzıma sızaraq zəhər tamı verirdi.

Gördüm, getdikcə laxtalanan qan üstümdə betonlanaraq məni tərpənməz elədi. Mən “velosaped üstündə adam” adlı qırmızı bir sürreal heykələ döndüm.

Bu zaman göy üzündə kirpi ilə çarpışan ilanın quyruğu yuxarıdan yellənərək mənim heykəlimə dəydi. Heykəl uzun müddət göydə uçdu və qarlı bir dağa dəyib parçalandı.

Mən qandan yaranmış qəlibdən çıxaraq üzüstə buzluğa yıxıldım. Gördüm, məndən xeyli aralıya düşmüş velosapedimin beli iki qatlanıb, təkərləri isə tamam əyilib.

Mən buz üstündən dikəlib birtəhər ayağa qalxdım. Gördüm, burda hər tərəf buzla örtülüb, havadakı şaxtadan adamın ciyəri donur. Beynim donmamış harda olduğumu kəsdirməyə çalışsam da heç nə başa düşmədim.

Dəhşətli şaxtanın getdikcə var bədənimi dondurması mənə daha sərt işgəncələr vəd edirdi. Qorxudan qışqırmaq, kimisə haraya çağırmaq istədim, lakin donmuş çənəmi aralayıb qışqıra bilmədim.

Fikirləşdim, ətrafda qarlıq olsaydı, heç olmasa qazıb içinə girərdim. Bu ümidlə ətrafa baxdım. Lakin hər yan gözqamaşdıran, ümidsiz buzlarla örtülü idi.

Şaxta getdikcə quduzlaşıb bədənimdən sümüyümə, sümüyümdən iliyimə işləyirdi. İstədim donan əllərimi biri-birinə sürtüb azca da olsa qızışam.

Lakin bu xoşbəxtlik mənə nəsib olmadı, anladım ki, artıq tam donmuşam. Məni dəhşətli bir yorğunluq basdı.

Bircə anlıq da olsa, oturub dincimi almaq istədim. Nə qədər özümü toplamaq istəsəm də heç nə alınmadı. Anladım ki, oynaqlarımdakı maye də donub, heç dizlərimi qatlamaq haqda düşünməyə dəyməz.

Gördüm, bədənimdə iflic olmamış yalnız gözlərim qalıb. Tərpənməz olsam da gözlərimi hərləyib ətrafa nəzər salmaq istədim, lakin gözlərimi də hərəkət etdirə bilmədim.

Mən yalnız qarşımdakı ucsuz-bucaqsız buzluqlara baxa bilirdim. Gözqamaşdıran buzlaqların parıltısından qurtulmaq üçün gözlərimi yummağa çalışdım, lakin şaxtadan dəmirləşmiş göz qapaqlarımı idarə edə bilmədim. Gözlərimi heç olmasa bircə dəfə qırpmaq arzusuna da çata bilmədim.

İliyimi donduran şaxta mənə hüceyrələrimin sayı qədər işgəncə verirdi. Fikirləşdim, bəs mən donmuşamsa bu işgəncələri necə hiss edə bilirəm.

Anladım ki, mənə əzab verən beynimin donmamasıdı. Bu an beynimin də donmasını, hisslərimin tamam itməsini, ölümümün tez gəlməsini arzuladım.

Birdən, beynim mənə dedi ki, artıq sağ əlinin çeçələ barmağı qırılıb düşdü. Fikirləşdim, demək, bu ölümün başlanğıcıdı, yəqin, mənim də taleyimə beləcə, hissə-hissə qırılıb-tökülərək ölmək düşüb.

Sonra beynimə informasiya gəldi ki, sağ əlin biləkdən qopub düşdü. Mən ölümümün sürətlənməsinə, yəni barmaqbarmaq tökülməkdən fərqli olaraq əlimin düşməsinə sevindim.

Bu zaman yeni bir informasiya gəldi ki, sağ ayağım dizdən aşağı çatlayıb dağıldı. Ayağımın birinin dağılmasına baxmayaraq hiss edirdim ki, hələ yıxılmamışam.

Lakin bu an sol ayağımın da dizdən qopmasını arzulayırdım ki, aşağı çökə bilim. Fikirləşirdim, bəlkə bu yolla beynimdəki yorğunluq işgəncəsindən heç olmasa bir an qurtula bildim.

Beynimə gələn növbəti informasiya dedi ki, sağ qolum şaxtadan çatlayaraq dağılıb tamam yerindən qopdu. Mən özümü görməsəm də beynimə gələn xəbərlərlə bədənimin vəziyyətini təsəvvür edə bilirdim.

Şaxtanın verdiyi işgəncədən tezcə qurtulmaq üçün hər an beynimin donmasını və tamam yox olmağımı, heçliyə çevrilməyimi istəyirdim. Beynim isə donmaq bilmir, hər dəfə mənə yeni xəbər ötürürdü.

Bu dəfə sol qolumun dağılması xəbəri gəldi. Mən yeganə sağ qalmış beynimlə təkbətək qalmışdım. Hiss edirdim ki, beynim məndən də çox əzab çəkir, çünki onun hər xəbərində bir sızıltı, öz əza dostlarını itirən bir canlının kədəri duyulurdu.

Mənə hələ də sadiq qalan beynimin tezcə donmasını arzuladığıma görə əzab çəkirdim. Gördüm, yeni xəbərdə deyildi ki, sol ayağımın da dizdən aşağısı qopub düşdü. Bu zaman məlum oldu ki, mən dizüstə çökdüm və beləcə buz üstündə xeyli sürüşdüm.

Mən aşağı çöksəm də əbədi yorğunluğum canımdan çıxmaq bilmir, əksinə, daha da şiddətlənirdi. Bu dəhşətlər içərisində arzuladım ki, nolaydı, kimsə mənim bu əzablarımı görə, heç olmasa uzaqdan duyaydı.

Lakin beynim mənə dedi ki, özünü yorma, bunu səndən başqa heç kim duya bilməyəcək. Lakin dizüstə yıxılarkən cinsi orqanımın çiliklənib dağılmasına çox kədərləndiyimi duydum.

Nədənsə, indi mən beynimin donmasını istəmədim. Düşündüm ki, qoy, heç olmasa beynim mənə verilən bu işgəncələrdən xəbərdar olsun.

Bu zaman beynimdən yeni bir xəbər gəldi ki, başım qopub yerə düşüb və qafam çatlayaraq beynimi buz üstə buraxıb. Mən bu işgəncəyə dözə bilmir, bağırmaq istəyirdim.

Beynim dayanmadan fəlakətli bir səslə “mən donuram, mən donuram!” xəbərini yollayırdı. Mən anlaşılmaz hisslərimi quduz kimi dalayan şaxtanın getdikcə artdığını duyur, yalnız bu işgəncənin bitməsini arzulayırdım.

Ancaq beynim buz üstündə donduqca ötürdüyü xəbərlər sozalıb qırılır, anlaşılmaz olurdu. Mən nəhayət, buz üstündə donub şüşəyə dönmüş beynimi gördüm və bunun son olmasını düşündüm.

Qəfil xəyalıma qalın buzlar altında qalmış bir şəhər, donmuş ağaclar, maşınlar, körpülər və adamlar gəldi. Bütün şəhər buz altında qalmışdı.

Hər şey donmuş, hər yer buz bağlamış, zaman tərpənməz olmuşdu. Zaman donmuşdu. Bildim ki, bu da yuxudu, lakin nə qədər cəhd eləsəm də, ayıla bilmədim.

XS
SM
MD
LG