Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:58

ABŞ Xədicəni azad etməyə çağırır


Arxiv fotosu: ABŞ Dövlət Katibi John Kerry Uelsdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı. 4 sentyabr 2014
Arxiv fotosu: ABŞ Dövlət Katibi John Kerry Uelsdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı. 4 sentyabr 2014

Böyük Britaniya hökuməti də jurnalist barədə çıxarılmış hökmü tənqid edib və Azərbaycanı öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb

ABŞ Dövlət Departamenti Xədicə İsmayıl barəsində çıxarılan məhkəmə hökmünə dair bəyanat yayıb

ABŞ Dövlət Departamenti Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın 7.5 il müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib. Dövlət Departamentindən “Amerikanın Səsi”nə göndərilən bəyanatda deyilir ki, ABŞ məhkəmənin Xədicə İsmayılova ilə bağlı bugünkü qərarından dərin təəssüf hissi keçirir.

"Biz şahid ifadələri və başqa başlıca dəlillərin çatışmazlığı daxil olmaqla istintaq və məhkəmə prosesi zamanı baş vermiş qanun pozuntuları barədə məlumatlardan daha da narahat olmuşuq. Bu, Azərbaycanda mətbuat azadlığının qarşısının alınmasını və insan haqlarının məhdudlaşdırılmasına dair başqa bir misaldır. Azərbaycanın prezidenti İlham Əliyev özü bu yaxınlarda bildirib ki, kütləvi medianın azadlığı demokratik prinsiplərin ayrılmaz hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.

Biz şahid ifadələri və başqa başlıca dəlillərin çatışmazlığı daxil olmaqla istintaq və məhkəmə prosesi zamanı baş vermiş qanun pozuntuları barədə məlumatlardan daha da narahat olmuşuq.

"Biz Azərbaycan hökumətini xanım İsmayılova və fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqalarının azad etməyə çağırırıq. Biz həmçinin Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarını və insan haqlarını qorumaq və inkişaf etdirmək üçün götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik".

ABŞ Senatının Avropada Təhlükəsizlik və Əməkdaşlıq – Helsinki Komissiyası da məhkəmənin Xədicə İsmayılovaya çıxardığı hökmə müsanibət bildirib. Komissiyanın sədri senator Kris Smit və həmsədri senator Rocer Vikerin adından yayılan bəyanatda deyilir:

Azərbaycan hökumətində korrupsiya hallarını ifşa etdiyinə görə onun azadlığı oğurlanıb.

“Biz bu gün xanım İsmayılovanın məhkum edilməsi və ona azadlıqdan məhrum edilmə hökmü çıxarılmasından ciddi narahatlıq hissi keçiririk. Azərbaycan hökumətində korrupsiya hallarını ifşa etdiyinə görə onun azadlığı oğurlanıb. Onun keçən ilin dekabrında saxlanılması və daha sonra Azadlıq Radiosunun Bakı bürosunun bağlanması media azadlığına birbaşa hücum idi. Bu addımlar Azərbaycanın ATƏT qarşısındakı öhdəlikləri də daxil olmaqla, bir çox beynəlxalq öhdəliklərinə və öz qanunlarına birbaşa ziddir. Biz Azərbaycan hökumətini xanım İsmayılovanı və digər vicdan məhbuslarını dərhal azad etməyə çağırırıq”.

Britaniya hökuməti də bəyanat verdi

David Lidington
David Lidington

Britaniya xarici işlər nazirinin Avropa məsələləri üzrə müavini David Lidington öz hökumətinin Azərbaycanda jurnalist Xədicə İsmayılovanın 7 il yarım müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı narahatlığını bildirib.

“Mən məhkəmənin aparılması barədə xəbərlərdən narahatam və Azərbaycan hökumətini onun işinə şəffaf və ədalətli şəkildə yenidən baxılmasına çağırıram” – deyib Lidington.

“Biz Azərbaycanı özünün beynəlxalq öhdəliklərinə riayət edərək qanunun aliliyinə hörmət göstərməyə, habelə insan haqlarının vəziyyətini yaxşılaşdırmaq istiqamətində konkret addımlar atmağa çağırırıq. Birləşmiş Krallıq Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını bildirmək üçün bütün imkanlardan istifadə edəcəkdir” – deyilir bəyanatda.

-

ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə yetkilisi Isabel Santos araşdırmaçı jurnalist Xədicə İsmayıl barədə 7,5 illik həbs cəzasını pisləyib.

"X.İsmayıl öz yazılarına görə bir neçə mükafata layiq görülüb. Öz ölkəsinin ədliyyə sistemindən aldığı "mükafat" isə sərt həbs cəzası oldu. Mənim üçün aydındır ki, bu, siyasi motivli addımdır."

Isabel Santos hesab edir ki, jurnalist və ictimai fəalları həbs etməklə Azərbaycan demokratik dəyərlərdən və ATƏT qarşısında götürdüyü öhdəliklərdən daha da uzaqlaşır.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović və Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muižnieks də jurnalist Xədicə İsmayıla qarşı çıxarılan hökmü pisləyiblər.

Mijatovicin yaydığı bəyanatda bildirilir ki, Xədicə İsmayıla qarşı ittihamlar və məhkəmə prosesi qanunsuzdur. Bu bir daha Azərbaycan hakimiyyətinin ölkədə tənqidi səsləri susdurmağa cəhd göstərməkdə davam etdiyini göstərir” - deyə bəyanatda vurğulanır.

Mijatovic bir daha Azərbaycan hakimiyyətini jurnalistlərə hücumları dayandırmağa çağırıb:

“Xədicə İsmayıl tənqidi səslərin dalbadal boğulduğu ölkədə cürətli araşdırmaçı jurnalist fəaliyyətinin bədəlini ödəyir. Bu hökm Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinə daha bir zərbədir”

Thorbjorn Jagland
Thorbjorn Jagland

Avropa Şurasının Baş Katibi Thorbjorn Jagland jurnalist Xədicə İsmayıl barəsəində məhkəmə hökmünü pisləyib.

Bu barədə Baş Katibin mətbuat katibi Daniel Höltgenin bəyanatında bildirilir.

Baş Katib Azərbaycan hakimiyyətindən onun təqsirli olması barədə ətraflı dəlillər tələb edib.

Jagland yenidən Azərbaycanın məhkəmə sistemindəki sistemli nöqsanlar, ölkədə hüquq müdafiəçiləri və jurnalistlərin cinayət işləri ilə təqib olunması hallarının artmasından narahatlıq bildirib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur Xədicə İsmayıl barədə çıxarılan hökmdən təəssüflənib. Bu hökmü Azərbaycanda insan haqları sahəsində ciddi problemin göstəricisi sayıb:

Anne Brasseur
Anne Brasseur

"Mən bir neçə dəfə Xədicə İsmayıla qarşı ittihamlarla bağlı fikrimi bildirmişəm. Bu günkü hökm məni çox təəssüfləndirdi. Bu hökm Azərbaycan məhkəmə sistemində ciddi və sistemli problemlərin olduğunu göstərir".

Anne Brasseur Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə, insan haqları müdafiəçilərinə və müstəqil jurnalistlərə qarşı sərt basqıları dayandırmağa çağırıb:

"Avropa Şurasının fundamental dəyərlərinə hörmət hazırda ciddi sual atdındadır".

Anne Brasseur bildirib ki, "Parlament Spikerlərinin IV Dünya Konsransı"nda (sentyabrın 2-də) bu məsələni Oqtay Əsədovla müzakirə edəcək.

Azadlıq və Azad Avropa Radioları Korporasiyasının Baş redaktoru Nenad Pejic radionun əməkdaşı Xədicə İsmayıl barədə çıxarılan 7,5 illik həbs cəzasını hakimiyyətin jurnalisti susdurmaq üçün atdığı addım adlandırıb:

Nenad Pejic
Nenad Pejic

“Xədicə haqqında hökm hüquqi yox, siyasi qərardır. Ona qarşı nə ittihamların bir əsası var, nə də proses özü normal keçirilib.

Hakimiyyət sadəcə olaraq nəyin bahasına olursa-olsun onu susdurmaq qərarına gəlib.”

Avropa Oyunları ilə bağlı yaradılan “İnsan Haqları naminə İdman” koalisiyasına daxil beynəlxalq təşkilatlar da X.İsmayıla verilən “ağır cəza”nı pisləyiblər. Onu dərhal azad etməyə çağırıblar.

“Article 19”, “Jurnalistləri Müdafiə Komitəsi”, “Amerika Pen Mərkəzi” və s. təşkilatların daxil olduğu koalisiya hesab edir ki, hökm öz araşdırmaları ilə korrupsioner məmurları ifşa edən jurnalisti susdurmaq cəhdidir: “Bu hökm onsuz da qroteskə çevrilmiş məhkəmə prosesinin biabırçı sonluğudur” – deyə Jurnalistləri Müdafiə KomitəsindənNina Ognianova bildirib.

Bakı Olimpiya Oyunları
Bakı Olimpiya Oyunları

Koalisiya X.İsmayılı hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev və digərləri ilə birlikdə “olimpiya məhbusları” adlandırır və hesab edir ki, onlar ötən yay Bakıda baş tutmuş Olimpiya Oyunları öncəsi beynəlxalq medianın Azərbaycana artan diqqətini neqativ informasiyadan yayındırmaq məqsədilə tutulublar.

Jurnalist Xədicə İsmayıl ötən ilin dekabrında həbs olunub.

Məhkəmə onu 7,5 il müddətinə azadlıqdan məhrum edib.

Onu vergidən yayınmaqda, mənmsəmədə, qanunsuz sahibkarlıqla məşğul olmaqda, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliblər. X.İsmayıl ittihamları rədd edir.

Məhkəmə jurnalist Xədicə İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG