Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:41

«Qayınatam bu yolların güdazına getdi...»


Azərbaycan yolları (Rəşid Şerifin karikaturası)
Azərbaycan yolları (Rəşid Şerifin karikaturası)

-

Sabunçuya gələn maşın…Yolu daş dolu, daş dolu…

Hətta təcili yardım maşınları bu yollarla gələ bilmir…

«Sabunçuda məhəllədaxili yollar çox yararsız və bərbad haldadır. Çala-çuxur, qışda palçıq, yayda da toz-torpaq bu yolları keçilməz səddə çevirir».

Sabunçu qəsəbəsinin sakini Əmrah Şükürov belə deyir. Onun sözlərinə görə, Sultanməcid Əfəndiyev, Xurşudbanu Natəvan, Qambay Vəzirov və Zevin küçələri sanki hamının yadından çıxıb.

«ÖZ YOLLARI ŞÜŞƏ KİMİDİR»

Sakin deyir, rayon ərazisindəki mərkəzi yolları dəfələrlə qazıb- töküb, asfaltlasalar da, arxa yollara baxan yoxdur:

«Bu rayonda nə edirlərsə, görüntü xatirinədir. Yalnız özlərinin istifadə etdikləri yolları düzəldirlər. Baxırsan, öz yolları şüşə kimidir. Yolların bərbad durumu 4 ildir ki, bizi ictimai nəqliyyatsız qoyub. Vaxtilə ərazidə işləyən 62T marşrutunun avtobusları yollara tab gətirmədi. Dörd ildir pay-piyada qalmışıq. Avtobus sahibi deyir, əvvəl gedin yolların düzəldilməsini tələb edin, sonra avtobusu xəttə buraxım».

Sakinlərin sözlərinə görə, sözügedən bərbad küçələrdə, azı, 6-7 min ailə yaşayır. Şəxsi avtomobili olmayan ailələr hər gün

mərkəzi yoladək, azı, 1 km yolu piyada getməyə məcbur qalırlar.

«TƏCİLİ YARDIM ÖZÜNÜ YETİRİNCƏ KİŞİ KEÇİNDİ»

Nazim Dadaşov: «Maşını olan da başqa cür bədbəxtdir. Qışın hər ayı əsaslı təmirə aparmalıdır. Yollarda o qədər çala-çuxur var ki, avtomobilə ciddi zərər dəyir. Üstəlik, biz tərəflərə heç taksi də gəlmir. Gəlsə də, pulu üçqat alır. O taksi sürücülərini də qınamalı deyil, aldığını aparıb maşının üstünə qoyur, təmir etdirir».

Sakinlər təcili yardım maşınlarının da bu tərəflərə gəlib çıxa bilmədiyini söyləyirlər. Onlardan biri – adını açıqlamayan xanım belə deyir:

«Gələndə də vaxtında gəlib çıxmır. 2 il əvvəl qayınatam bu yolların güdazına getdi. Təcili yardım gəlincə kişi keçindi…».

«BƏLƏDİYYƏLİKDİR…»

Ərazidəki ailələrin böyük hissəsi məcburi köçkünlərdir. Onlar 10 ildən çoxdur Sabunçu rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə, «Azəryolservis» ASC-yə, Prezident Administrasiyasına məktublar ünvanlayıb, yolların təmirini və əraziyə avtobus xəttinin açılmasını istəyirlər.

Sakin Nazim Dadaşov: «Düşünürdük, başçı rayona baxmır. Elə oldu ki, başçı da dəyişdi. Sevindik. Dedik, təzə başçı bizə təzə yol salar. Sonra əl qatdılar, başladılar abadlıq işlərinə. Oranı söküb tikdilər, buranı söküb tikdilər… Dedik, yəqin növbə bizə də çatar. Ancaq sonra gördük ki, məmurlar da öz haylarındaymış. Əslində, abadlıq işi altında pul qazanırlar. İndi də döşəniblər Olimpiya Kompleksinin ətrafındakı yollara… Axı bu yolu neçə dəfə təmir etmək olar? Sanki Sabunçu rayonunda Heydər Əliyev prospektindən başqa düzəlməli yol yoxdur. O prospektə tökdükləri asfaltla rayonun bütün məhəllədaxili yollarını azı 10 dəfə düzəltmək olardı».

Sabunçu rayon icra hakimiyyətindən bildiriblər ki, Sabunçu rayonu paytaxtın ən iri 5 rayonundan biridir və rayonda abadlıq işləri dövlət proqramına uyğun aparılır. Onu da vurğuladılar ki, məhəllədaxili yolların təmiri bələdiyyənin vəzifəsidir.

Sabunçu qəsəbə bələdiyyəsindənsə təmirin gecikməsini bələdiyyə fondunda vəsait yetərsizliyi ilə əsaslandırdılar.

XS
SM
MD
LG