Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:01

-

...Hakimin hökmü o qadını necə tutmuşdusa, oğlu həbs edilən bu ananı həkimlər saatlardır özünə gətirə bilmirlər...

Ramin Deko

(AzadlıqRadiosu üçün)

Ölkənin cızma-qara rəsmini çəkənlər…

Ağacla dövrələnən çayxanada boş stul yoxdur. Şıdırğı oyun gedir, müzakirə və mübahisələr səngimək bilmir :

- Şeşqoşa!.. Bu - biri, ikisi, üçü...

- Dütdülü...

- Zər gəlsə, bitirəcəyəm səni...

Yan masada dörd nəfər domino oynayır:

- Üçün biri…

- Dördün ağı…

Oyunçu yoldaşına:

- Yaxşı oyna, məni də düşün, ay çoban...

- Nə edim, əlim gətirmir…

Məhkəmə önündəki çayxana

Məhkəmə önündəki çayxana

Oyunçuların arxasından boylanan seyrçilər dil boğaza qoymadan məsləhət “üyüdürlər”... Hətta stəkan-nəlbəkini masaya düzən çayçı da “oyunçu aparsın!” deyərək, köməyini əsirgəmir və eyni sözləri o biri masada da təkrarlayır...

Arxa binanın önündə də tünlük gözə dəyir. Söhbət daşlarına tarix hopmuş və “üzü” çəkişmələr görmüş köhnə bir tikilidən - Bakı Ağır Cinayətlər Məhkəməsinin binasından gedir. Qapının qarşısında əliyüklü 10-15 adam gözətçi əsgərdən “içəri keçin!” əmrini gözləyir. Bığ yeri təzəcə tərləmiş əsgər o qədər zəhmli və iddialıdir ki, sanki bütün

dünyaya ağalıq edən imperatorun özüdür ki var: qayda-qanundan xəbərsiz və ya ümidsiz təsir bağışlayan adamların üstünə bağırır və “imperator” ərkindən ləzzət alır...

...Budur, bahalı avtomobildən düşən qalstuklu və yekəqarın bir kişi “imperator”un qarşısında peyda olur və... “dünyanın ağası” 180 dərəcə dəyişərək, dili topuq vura-vura, qəfil iltifata başlayır: “Buyurun!”, “Xoş gəlmisiniz!..”. O şəxs də, sanki şadlıq evinə görünməmiş nəmər yazdırmağa gələn müsafir kimi, təşəxxüs satır...

Binanın qarşısında yenə “Azadlıq” nidaları eşidilir. Hakim yenə otağına qaçaraq, pəncərə önünə keçir və aşağı boylanaraq, şüarı səsləndirənlərə baxmağa başlayır. Damağında yenə siqaret var. Ancaq bu dəfə yeməyin ardından tüstünü iştahla ciyərlərinə çəkən gəncə bənzəyir. Sevinir...

Məhkəmə qapısı önündə gözləməkdən səbri daşanlarsa artıq çat vermiş səki daşlarının üstündə ya çöməlib, ya da oturublar – kimi başını qızmar gündən qorumaq üçün ayaqları arasında gizlədib əlindəki çöplə cızma-qara edir, kimi də heç nəyə fikir vermədən düşüncələrə dalıb... Kimi ölkənin düşdüyü durumun rəsmini cızır, kimi də o rəsmin personajlarına çevrilir...

Həyatdan küsən ixtiyar qadın...

"İnsan" dramı müəllifinin adını daşıyan küçədə gerçək dramlar yaşanır

"İnsan" dramı müəllifinin adını daşıyan küçədə gerçək dramlar yaşanır

...Hamıdan kənarda duran bir qadın diqqət çəkir. Ruhən dünyadan köçmüş görünür. Üzü qırış-qırış, beli donqardır. İxtiyar yaşlıdır – çənəsində ayparaşəkilli seyrək ağ tüklər cücərib. Əlindəki göy dəsmalı üzünə gəzdirərək, xısın-xısın ağlayır. O biri dünyadaymış kimi, səsi qırıq-qırıq gəlir. Bu qadının həbs ediblər. Pulsuzluqdan gileylənir, amma özünü günahkar bilərək deyir:

“Mən oğluma analıq etmədim, yaxşı tərbiyə verə bilmədim. Yaxşı valideyn olsaydım, indi uşağım dörd divar arasında deyildi, - bu çayxanada oturub dostlarıyla daş-daş oynayardı...”.

Qadın ürəklənib məhkəmə zalına da girmir. Yəqin ürəyi sıxılır, çünki bir əli ürəyinin üstündən çəkmir. Qıraqdan baxan onun himn oxuduğunu düşünər (Görəsən, o, Azərbaycanın himnini necə oxuyardı?..), amma... Amma qadın, deyəsən, öz puç olan ümidlərinə, heç zaman gerçəkləşməyəcək arzularına ağlayır. Saatlarca, həm də tərpənmədən, yalnız gözlərindən yaş axıdaraq “imperator”a – qapıda dayanan əsgərə baxır...

...Qalstuklu yekəqarın kişi, arxasınca da vəkil içəridən çıxır. İxtiyar qadın onun üzərinə yüyürür. Vəkil, heç onun üzünə baxmadan - “10 il iş kəsdilər” sözlərini biganə bir səslə deyib yolun o biri üzünə keçir. Qadın yenicə diş çıxaran uşaq kimi qıyya çəkir... Hamı - məhkəmə önündə dayanan əlidolu adamlar da, nərd və domino oynayanlar da, istər-istəməz, ona sarı dönür. Qadının dilindən 3 lənət çıxır - əvvəl özünə, ardından oğluna, daha sonra da oğluna iş kəsmiş məhkəmə heyətinə lənət yağdırır. Oyunu yarımçıq kəsənlər öncə başlarını bulayır, ardından üz-gözlərinə dərdli bir tövr verərək “muşğulatlarını” davam etdirirlər...

Edam olunacağını zənn edən hakim və...

Bütün işlərin öhdəsindən “layiqincə” gəlmiş hakim iki qoluzorlunun əhatəsində iri addımlarla avtomobilinə doğru irəliləyir. Gözətçi əsgərin yanından keçəndə onun başını sığallayır və razılığını maddiləşdirmək üçün sol döş cibindəki bahalı siqaretindən bir neçəsini ona uzadır. Əsgər baş əyir və hamının eşidəcəyi səslə “çox sağ olun, var olun!..” – deyərək təşəkkürünü bildirir.

Az keçmir, ətraf polislərlə dolub-daşır. Daş səkidə oturanlar, orda-burda var-gəl edib vaxtını gözləyənlər “Azadlıq!” şüarını səsləndirməyə başlayırlar. Nərd və dominoya yenə ara verilir. Hamı başını yuxarı qaldırır və məhbus dostlarını alqışlarla məhkəmə zalına yola salanlara təəccüb və təəssüflə baxırlar… Məhbus içəri girincə, imperator ədalı gözətçi əsgər yenə qapını qapadır və bütün səslər dərhal kəsilir. Ətrafı yenə ciddi işlə məşğul olanların səsi bürüyür…

Dostlarının alqışıyla məhkəmə zalına keçən məhbusun işinə baxacaq hakim, damağında siqaret, 2-ci mərtəbədən boylanır və aşağını seyr edir. Tüstünü ciyərlərinə elə çəkir ki, sanki onu bir neçə dəqiqədən sonra edam edəcəklər…

…Budur, məhkəmə başlayır. Müttəhim kürsüsündə oturan məhbus ilk andan hücuma keçir. Ölkədəki özbaşınalıq, dərəbəylik və hüquqsuzluğu hakimin sifətinə sillə kimi vurur. Elə vurur ki, səsi domino oynayanların şəstlə yerə çırpdığı daşlardan daha gur çıxır. Şərlənərək həbs edilmiş dustağa gözlərini döyə-döyə baxan hakim sanki ondan aman diləyir və... Və hər hansı qərarda söz sahibi olmadığını üz cizgiləriylə büruzə verməyə çalışır. Amma məhbus hakimə diqqət yetirmədən çıxışına davam edir...

Zəng gəlir. Hakim qımışa-qımışa əlini cibində titrəyən telefonuna uzadır. Gözucu baxır, ürkək halda ayağa qalxır və məhbusun sözünü kəsir. “Məhkəmə müşavirəyə gedir” sözlərini bir neçə dəfə təkrarlayıb otağı tərk edir.

Bir neçə dəqiqə sürən müşavirədən qayıdan məhkəmə heyəti yazılması saatlarla vaxt aparan hökmü oxuyur. Məhbusa 8 il həbs cəzası kəsilir.

Binanın qarşısında yenə “Azadlıq” nidaları eşidilir. Hakim yenə otağına qaçaraq, pəncərə önünə keçir və aşağı boylanaraq, şüarı səsləndirənlərə baxmağa başlayır. Damağında yenə siqaret var. Ancaq bu dəfə yeməyin ardından tüstünü iştahla ciyərlərinə çəkən gəncə bənzəyir. Sevinir, gözlərində həyat eşqi cücərib. Yaxın günlərdə təltif ediləcəyi anı gözləyir. Təltif etməsələr də, ən azı, “çox sağ ol!” deyəcəklər, axı...

Məhkəmənin “olmazsa-olmaz”ı

Binanın sağ küncündə - qara göyərçinlərin aramsız uçuşduğu yerdə Təcili Tibbi Yardım Stansiyasının maşınları dayanıb - hakimin çıxışından, ədalətsizlikdən, haqsızlıqdan bayılanlara ilkin yardım göstərirlər.

Məhkəmənin "olmazsa-olmaz"-ı

Məhkəmənin "olmazsa-olmaz"-ı

O ixtiyar yaşlı qadın da bir neçə dəfə özündən gedib. Hakimin hökmü o qadını necə tutmuşdusa, oğlu həbs edilən bu ananı həkimlər saatlardır özünə gətirə bilmirlər. Ata evindən 15 il öncə şəhərə pənah gətirən bu qadın, sən demə, həkim-məkim bilməz, xəstəliyini cürbəcür otlarla sağaldarmış. Dövlət ittihamçısı oğluna iş istəyəndən bəri bu qadının damarları iynəylə tanış olub.

Bu yardım maşınları məhkəməninin “olmazsa-olmaz”larıdır. Ağrıdan, acıdan qıvrılanda sənə yardımçı olurlar...

“İmperator”un təzimi

Qapının ağzında dayanan əliyüklü adamlar beş-on dəqiqədən bir içəri keçərək yaxınlarıyla görüşür və küçəyə çıxanda zəhmli əsgərə təşəkkür edirlər. Bəzilərinin göz vurduğu və bu əsgərin cibinə “siqaretpulu” adıyla əskinas saldığı hallar da olur...

"İmperator" hələ bu qapının arxasındadır...

"İmperator" hələ bu qapının arxasındadır...

...Bütün işlərin öhdəsindən “layiqincə” gəlmiş hakim iki qoluzorlunun əhatəsində iri addımlarla avtomobilinə doğru irəliləyir. Gözətçi əsgərin yanından keçəndə onun başını sığallayır və razılığını maddiləşdirmək üçün sol döş cibindəki bahalı siqareindən bir neçəsini ona uzadır.

Əsgər baş əyir və hamının eşidəcəyi səslə “çox sağ olun, var olun!..” – deyərək təşəkkürünü bildirir.

Məhkəmə binasının önü yavaş-yavaş boşalmağa başlayır. Həbsxana maşınları məhbusları dolduraraq üzü qibləyə doğru yol alır...

***

...Çayxana da isə həyat davam edir.

Burda da oyun gedir...

Burda da oyun gedir...

Udanlar sevincli, uduzanlar da qəzəblidir.

Onların başlıca dərdi zərin yaxşı gəlməsi, domino daşının gözəxoşluğudur.

Qalan bütün problemlər, çirkinliklər, hoqqabazlıqlar onların bilgi və əyləncə dünyasına daxil deyil...

Günün bütün mövzuları

XS
SM
MD
LG