Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:58

- "Əhməd, nə olar, bunu sən özün apar əhaliyə göstərib hər nəyi açıqla..."

"Eləcə o gün bildim qəribə qızın adı Sayakadı, Yapon adda bir ölkədən bura çıxmış."

Arazın o tayından

Seyid Nasir Sacedi

QARA DUMAN

Dağın ətəyindəki çərpələng hələ yerindən tərpənməyə macal tapmamış eləcə onu sakit görən oğlan babasından soruşdu:

- Baba, o nədir? - Sonra barmağını uzaqlarda süzülən çərpələngə nişanladı.

- O qartaldı oğul. - Babası cavab verdi.

Oğlanı bu babası dediyi çərpələng kimi göy üzərində qalx-düş olan qartal quşu son dərəcə marağa gətirdi.

– Baba, baba, niyə Urmiyədə qartal olmur? - deyə ulu atasından soruşdu. Sanki babasının fikri dağın ətəyində gəzən qartalda yox, ondan çox uzaqlarda olan xatirələr üzərində idi.

- Qartal şəhərdə yaşamaz, oğul. - Babası deyərək gözün dağın zirvəsinə qıydı. Amma qara nöqtədən başqa bir şey sezmədi.

Oğlan sevinə-sevinə atasının yanına qaçıb bağırdı:

- Ata bilirsən o nədir?

- Çərpələngdi!

- Yox! Baba deyir qartaldı o.

- Baban gözləri uzağı sezmir. - anası atasına xiyar soya-soya dedi, - bu gün çərpələng mükafatı olacaq bir azdan çoxalarlar.

- Mən də çərpələng uçurdanlara qatılmaq istəyirəm.

Oğlanın bu sözün sanki kimsə duymadı. Atası gözucu babasına baxıb “Bu yaz səhəri lap o atam dediyi qara dumanlı səhərlərə bənzəyir, görəsən, bu il o gələcək, o lənətə gəlmiş duman?!” – deyib gülümsündü.

Atası oğlunun bu ələ salmasın duyub üzünə gətirmədi. Nəvəsini çağırıb “İstəyirsən qara dumanın nağılın sənə tərifləyim?” – dedi.

- Yox! – oğlan dedi.

- Bilirsən qara duman özü ilə mənə nə gətirdi? Bir qartal balası. – babası deyib yaz havasın köksünə çəkib sanki elə ordaca saxladı.

- Bir çərpələng kimi qartal balası?

- Yox, oğul, əsl qartal balası...

Oğlu atasının sözün kəsdi:

- Burasın düz deyir... sən yaşda olan zaman o qartalın sözün anam Sayaka da mənə anlatmışdı – dedi.

- Onda bəs o qartal indi harda? – oğlan soruşdu.

- Qara duman onu necə gətirmişsə elə də apardı. – Babası dedi.

- Onda bəs qara duman daha nələr gətirdi, Sabıt baba? – Oğlan soruşdu.

Babası nəfəsin dərib sonra haçandan bəri köksünə çəkdiyi havanı siqaret tüstüsü ilə bərabər çölə verib dedi:

- Beş ilin hər gəldiyi yaz kəndə qara duman çökdü. İlk dəfə gələn zaman mənim 20 yaşım vardı. Bir gecənin səhəri dağdan kəndə dönəndə Dikuçurumdan o qara dumanı gördüm.

Qurdlar ulaşdı, itlər hürdü, sürü hürkəndi, qara duman bir an içində kəndi bürüdü. Yox, ilk bir qəribə səs gəldi sonra qurdlar ulaşdı, itlər hürdü, sürü hürkəndi, kənd zil bir qara duman içinə daldı.

Güclə sürünü bir yerə toplayıb heç də bilmədim bu qara duman haçan yolun alıb kənddən çıxıb getmişdi. Yolu aşağı yenəndə kəndin cığırında bir tüktəpə qızı üst təpəyə qaçır, gördüm.

Sonra üst təpənin başında qurdlar bulaşdılar. Sanki qız o qurdları görməzdən ölüm qucağına qaçırdı. Mən olmasaydım, qurdlar qızı yarıqlayıb diri qoymazdı.

İtləri küşkürtən kimi insanın ağlına sığmayan bir şəkildə hardansa, nə bilim, gözə görüşməz, insan yol ala bilməz bir cığırla itlər üst təpəyə yetirmişdilər. Qurdlar itləri görən kimi qoyub qaçdılar.

Qız da itləri görüb geri döndü, mənə baxdı. Bir an içində itlər də üst təpədən yox oldular. Üstlərdən enib bayıra çıxanda qızı bir anlığa gözümdən itirdim. Düşündüm bu qəribə geyimli qız hansı kəndlinin evindən qaçmış ola bilər?

Əgər qaçmışsa niyə belə çılım-çılpaq?! Bu sualları öz-özümlə soruşaraq qızı qarşımda gördüm. Diksinib, "bismillah" deyib üz-gözümü yerə dikdim. Altdan-altdan utana-utana onun qorxudanmı, soyuqdanmı əsən çılpaq qıçlarına baxdım.

Əl-ayaq atıb qol-qıçıma düşdü. Qəribə səslər çıxartdı. Zənn elədim lal olmuş ola; sonra gördüm ağlayır. Üzünə baxdım, gözünə baxdım, səsinə fikir verdim; inandım bu qız bizim kəndin qızlarından deyil. Mənə elə gəldi bu qız gərək elat-əşayir qızlarından olmuş ola.

Gözləri dəhşətlə baxan bu qəribə gözəl qıza dağdan gətirdiyim yumalı paltar boğçasından bir çiyinlik tapıb örtüklədim. Kənd əhalisi görməsin deyə, üst yolu qabağıma aldım. Qız dinməz-söyləməz mənimlə yola düzəldü.

Bir an bu özgə qızın yanıma qaçıb evə aparmağıma görə belə anama bu barədə nələr deyəcəyimi düşündüm. Əgər bu qız gəldiyi yerə getmək istəməsə necə? El-obasından arxasınca gələn olsa!

Ya bunların hamısından pisi bu ki, gəldiyi yerin biabırçısı olsa necə? Yox, mən onun canını qurtarıb indi isə onu anama, kəndin əhalisinə buraxmalıyam. Nə məsləhət bilərlər, ya bilməzlər onu edərlər.

Bunları düşünərək yolu irəliləyib özümü evimizin arxasındaki axında gördüm. Qıza bir nəzər saldım, gördüm hələ də əsim-əsim əsir; gözlərinin qarası bir yerdə durmayırdı, eləcə onlar da əsirdi.

Sürü özün suya vurdu. Qıza işarə verdim arxamca gəlsin. Boylanıb evin qısa divarından həyətə baxıb anamı yavaşdan səslədim. Bir-iki dəfə də çağırdım, amma səsimə səs verən olmadı. Divardan dırmaşıb həyətə enəndə qıza baxışımla dedim: “Mən gəlincə qal burda”.

Anam evdə deyildi. Keçib anamın paltar boğçasından bir dəst qadın geyimi götürüb qonaq otağında göz qabağına qoydum. Həyətə dönüb qısa divardan boylanıb qızı durduğu yerdə gördüm.

Keçib doqqazı açıb kənd məhəlləmizdə kimsə gördümmü, görmədim. Çaşdım, amma qızı gözdən uzaq evə aparacağıma sevindim də. İki ev o yanda evimizin arxasına çıxan bir dar küçədən qızı keçirdib kimsə görməzdən içəri saldım.

Bu özgə qızın qonaq otağına keçirib anamın paltarların ona göstərdim. Paltarları əlimə alıb qıza tərəf tutdum. Başın tərpətib geri çəkilib başındakı çiyinliyi yerə atdı. Paltarları qaytarıb götürdüyüm yerə qoyub, dərhal otaqdan çıxıb qapını qıfılladım.

Qapını bir neçə dəfə daldan tərpədib açmağa çalışdı, amma aça bilmədi. Doqqazdan çıxanda ağlamasının səsini eşitdim. Kəndin küçələrində insan əsər-əlaməti belə yox idi. Yanlız hərdənbir kənd evlərinin qapısından keçəndə arasından bir qadın başın uzadıb səsləyirdi:

- Ay Sabıt, ay Sabıt, o div heyvanı gördünmü?

- Hansı div heyvanı nənəm-bacım? Yox görmədim, mənim anam sizdə deyil?

- Yox, Məş Qurbanın sürsü də özü də belə yox olub, kəndin igidləri arxasınca çıxıblar, get Əhmədin qəhvəsinə, gənclər orda div heyvanı saxlayıblar.

Nə baş verdiyini hələ belə başa düşməmişdim. Məş Qurbanı özüm Dikuçurumdən enənədə bayırda görmüşdüm! Bu div heyvan nə demək idi?!

Kəndin əhalisinin xeyləyi Əhmədin qəhvəsinin qarşısında hündürboy bir heyvanın dövrünə durmuşdular. Bu əntiqə bədən mövcud o eybəcər sifəti ilə tərpənmədən əhalidən heç hürkməmişdi də, eləcə kəndin uşaqları dövrəsinə dolaşıb harda olsa ona toxunmağa cəhd edirdilər.

Əhməd qəhvənin qapısına dayanıb alt dodağının bığın gəmirirdi. Əl atıb qoluna toxunanda sanki bir dərin fikir başından uçub nədənsə onu diksindirdi.

- Ay Əhməd mənin anamı görməmisən? – soruşdum.

- Diksindim oğul, nə deyirsən? Ananmı, o da yox olub? Kəndin müəllimi də belə, məş Qurbandan da belə yox olub. Özüm qəhvənin pəncərəsindən Qurbanı da, sürüsün də sağ-salamat gördüm. Sonra duman gəldi, hər şey görüşməz olub gedəndən sonra məş Qurban yox olmuş, yerinə bu qəribə heyvan gəlmiş. Bilirsən bu nədir? – deyib yenə alt dodağın saldı bığlarının üstünə.

- Yox, heç dəvəyə də bənzəmir! Necə anam da yox olub? Hara gedə bilər bu dul-kimsəsiz arvad? Əhməd gərək ki, indi bizə gələsən, sənə bir şey göstərməliyəm.

- Qəribə bir mövcud evinizdə peyda olub?

- Yox, qəribə bir insan çıxıb. Belə mən heç dilini də başa düşmürəm. Bir tüktəpə özgə qızıdı. Sanıram elat-əşair qızı ola. Onu qonaq otağına salıb qapını daldan bağlamışam.

Bunu Əhməd eşidən kimi gözləri az qaldı kəlləsinə çıxa:

- Məni apar o qızı görüm. – deyib qəhvənin qapısın bağladı.

Yolda heç birimiz danışmağa belə, macal tapmadıq. Əhmədin həyəcana gəlmişlər kimi o pörtmüş sifəti məni də həyəcanlandırır, gah qaçmağa, gah bərkdən yeriməyə cəhd edirdik.

Qonaq otağın qapısına yetəndə Əhməd dedi: "- Əl saxla." Sonra gedib tövlə qırağından zopanı götürüb mənə işarə verdi. Zopanı əlindən alıb bir qırağa tulladım.

- Bu iş lazim deyil, o bir sısqa qızdı. - dedim, qısa divardan boylanıb divarları yerində gördüm. Qapının qıfılın açıb içəri girəndə qız bizi görüb bir qırağa sığındı. Gördüm ki, anamın boğcasından təklif etdiyim geyimləri əyninə taxıb tumanın da tərsə geyib. Əhməd bu durumu görüb "Bu qız lap belə bizim kəndin qızlarına oxşayır, de görüm hansi bəxtəvərin qızın qaçırdıbsan?" – gülə-gülə dedi.

- Ay kişi, ağlın başından çaşmasın, görək! Nə qız qaçırması-filanı, bu geyimləri anamın boğçasından ona verdim. Başı-boynu açıq çıxartmaq oldumu? Qoy görüm qız öz paltarların hara qoyub. - deyə axtarıb boğçanın altından onun bükülmüş qısa don və şəltəsin tapıb Əhmədə göstərdim, tez yerinə qoydum.

Əhməd üzün qıza çevirib "De, de görüm, bir ay qız kimlərdənsən? Buralarda nə işin var?" – soruşdu. Qız eləcə bir az lal-kar yerində qalıb bir şey demədi. Sonra o qəribə səs-dil ilə azca nə isə deyib anamın geydıyı güllü tumanın qırışların sıxa-sıxa ağlamaya başladı.

Haradan çıxdı bu? – Əhməd pərişan-pərişan məndən soruşdu.

Dikuçurumdan yenendə üst təpəyə qaçır gördüm. Bilmirəm nə baş vermişdi ki, qurdlar üst təpəyəcən gəlmiş idilər, olmasaydım, bunu didib diri qoymazdılar.

- Qurdlar! Görəsən onları nə çəkib buralara ...!

- İndi nə iş görməliyəm? Subay oğlanın biriyəm bu qız burda qalsa sabah kənddə söz çıxararlar. Əhməd, nə olar, bunu sən özün apar əhaliyə göstərib hər nəyi açıqla...

Hələ sözüm sona çatmamış yenə o qəribə səs qulağa dəydi. Bir an içində duman tin kimi hər yeri bürüməyə başladı. Gördüm qız yerindən qalxıb özünü çölə vurdu. Arxasınca qaçıb qapıdan çıxanda qara duman içində onu bir anlıq gözümdən itirdim. Doqqazdan çıxıb, ondan bir əsər-əlamət gördünmü, yox belə, görmədim ki, görmədim.

Yavaş-yavaş hər şey üz dəyişdirib bu zim tüstü-dumanın içində insan tini kimi bir heykəl kölgələnib anama çevrilib mənə əl uzatdı. Dartınıb əlindən yapışmağa çalışdım, amma toxuna bilmədim. Anam məni bu halda görərək, narın bir gülüb məndən fasilə açdı. Bir dönə də qalxıb onun arxasıca qaçanda atamın səsin uzaqlardan eşitdim.

- Sabıt balam gəl, gəl - dedi!

Anladım bunların hamısı yalandır. Bu fikir başıma qonmaqla həmən heykəllər yox oldular. Gördüm qız tayanın dibinə sığınıb əlinnən nə isə havada tutmaq istəyir. Gedib başı üstə dayananda tez əllərin aşağı salıb gözlərin yerə dikdi.

Qara duman haçandan bəri yolun alıb çıxıb getmişdi, heç özüm də bilmədim də. Qız zəkalı idi sanki belə, əvvəlcə mən evə dönəndə tez yerindən qalxıb dalımca gəldi.

Əhməd yoxa çıxmışdı. Yerinə bir qoca kor Ərəb qolu üstə bir qartal balası bardaş qurmuşdu.

Əvvəlcə heç bilmədim o qartal balasıdı, sonralar kor qoca özü bunu anlatdı, yalnız bunu yox, hər nə qara dumandan biləcəyimizi belə. O, qara duman ilə yaşayıb dünyanın hər bucağın gəzib dolanıb bütün dillərə bələd idi. Eləcə o gün bildim qəribə qızın adı Sayakadı, Yapon adda bir ölkədən bura çıxmış.

Hekayə bura çatanda oğlan dedi:

- Qalanın özüm bilirəm, baba.

- Necə? - Babası oğlana baxmadan soruşdu.

- Sənlə Sayaka nənə evləndiz! – Oğlan dedi, sonra tələsik yerindən qalxıb, "Mən kor Ərəbəm, mən kor Ərəbəm " deyə-deyə aradan çıxdı.

Sən kor Ərəb deyilsən, sən kor Ərəbin nəvəsisən. Babası altdan-altdan mızıldandı.

2014

Günün bütün mövzuları

XS
SM
MD
LG