Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:39

Sosial şəbəkələrlə bağlı yeni qaydanın sirri açıldı


Sosial media
Sosial media

-

«Əliyev Rəsizadəni ölənə qədər əvəzləmək istəmir» - 29 avqust Azərbaycan mediasının icmalı.

«Bizim yol» son günlər ən çox müzakirə edilən məsələyə toxunub.

Nazir Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet messencerlər («Viber», «WhatsApp», «Skype» və başqaları) və sosial şəbəkələrin fəaliyyətini sertifikatlaşdıracağını bildirib. Nazir deyib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti ölkənin tənzimləyici orqanının bu addımını müsbət qarşılayıb. Əli Abbasovun fikirləri birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçilərinin çoxu bunu məhdudiyyət kimi qiymətləndirib.

İctimai fəal Bəxtiyar Hacıyev isə «Bizim Yol»a açıqlamasında bu cür yanaşmanı yanlış adlandırıb.

«Məsələ burasındadır ki, «Facebook», «Twitter» və «Skype» ABŞ şirkətləridir. Bu şirkətlər dünyanın bütün ölkələrindən milyardlarla insanın şəxsi məlumatlarına, yazışmalarına malikdirlər. ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş işçisi E.Snowden-in mətbuata sızdırdığı məlumatda qeyd edilirdi ki, MKİ (CIA) zaman-zaman ayrı-ayrı insanlarla bağlı məlumatları, yazışmaları bu şirkətlərdən əldə edib. Bundan sonra bir çox ölkədə, xüsusilə də Avropa İttifaqında ayrı-ayrı vətəndaşlar, qruplar öz məlumatlarının təhlükəsizliyi, kimlərlə paylaşılıb-paylaşılmaması ilə bağlı məsələ qaldırdılar. Avropa Komissiyası da artıq bu istiqamətdə işlərə başlayıb və Avropa İttifaqı üçün vahid «Məlumatların Mühafizəsi Qanunu» (Data Protection Law) qəbul etməyə və bu məsələni tənzimləməyə çalışır», - Bəxtiyar Hacıyev deyir.

«ƏLİYEV RƏSİZADƏNİ ÖLƏNƏ QƏDƏR ƏVƏZLƏMƏK İSTƏMİR»

«Azadlıq» qəzeti baş nazirin dəyişdirilməməsindən yazır.

Artur Rəsizadə
Artur Rəsizadə

Məqalədə deyilir ki, iqtidar daxilində baş nazir uğrunda savaşın dərinləşməsi ölkə başçısı Ilham Əliyevi narahat etməyə başlayıb: «O bu savaşın getdikcə məcradan çıxdığı və artıq bütövlükdə iqtidar komandası üçün ciddi təhlükə yarandığının fərqindədir. Bu baxımdan Ilham Əliyev hazırkı baş nazir Artur Rəsizadəni əvəzləməmək qərarına gəlib».

Qəzet bir neçə gün əvvəl Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əlinin mətbuatda Artur Rəsizadə barədə dediklərini də təsadüfi saymır. Akif Əli bu il 80 yaşını qeyd edən baş nazirin tamamilə sağlam olduğunu, hətta yaddaşının çox cavandan da möhkəm olduğunu bildirmişdi.

ABİD ŞƏRİFOVUN ŞİRKƏTİNDƏ ÇALIŞAN FƏHLƏLƏRİN HƏBSİ DAVAM EDİR

«180 azərbaycanlı fəhlə Qazaxıstanda qul vəziyyətinə düşüb». «Yeni Müsavat» belə yazır.

Qəzet bir neçə gün qabaq toxunduğu problemə yenidən qayıdıb: ««EVRASCON» ASC-nin xətti ilə Qazaxıstanın Almatı vilayətinə işləməyə gedən 180 azərbaycanlı fəhlə qul durumuna düşüb. Fəhlələrə işçi icazəsi alınmadığından Qazaxıstan Miqrasiya Xidmətinin əməkdaşları onları saxlayaraq məhkəmə qarşısına çıxarır, cərimə ödəməyə pulları olmayan azərbaycanlı fəhlələr bir neçə sutkalığa həbs olunurlar».

Foto illüstrasiya. Miqrant işçilər.
Foto illüstrasiya. Miqrant işçilər.

Qəzetə göndərilən müraciətdə deyilir: ««EVRASCON» Almatı vilayətinin Jarkənd şəhərində çalışır. Məsələ burasındadır ki, indiyə qədər şirkət harada işləyibsə, fəhlələrə işləmək üçün icazə almayıb. Bir-iki nəfərə icazə alırlar. Həmin işçilər də öz adamları olur. Yerdə qalan işçilər isə başqa ölkənin sərhədini dəyişməklə Qazaxıstanda qalma vaxtını təzələyib yenidən qayıdır. Fəhlələri iş icazəsi almadan qaçaq şəklində işlədirlər. Ən əsası da Azərbaycandakı işsizlikdən istifadə edib fəhlələrə təzyiq göstərirlər. Kim bir balaca haqqını tələb edirsə, müdiriyyət işdən qovmaqla və bilet pulunu ayağına vurmaqla hədələyir. Şirkətin Almatıdakı nümayəndəliyinin rəhbəri iş icazəsi olmayan fəhlələrlə polisə, məhkəməyə getmir. Deyir ki, orada ondan pul istəyəcəklər. Şirkət fəhləyə gördüyü işə görə ödəməli olduğu pulun beşdə bir hissəsini vermir. Şirkətdə işləyən qazaxların da pulunu vaxtında ödəmirlər. Ona görə də bizlərə qarşı da pis fikir oyanır, münasibət formalaşır. 4 aydır maaş almırıq».

Fəhlələrin söylədikləri baş nazirin müavini Abid Şərifov tərəfindən təkzib edilmişdi.

Qəzet yazır ki, adıçəkilən şirkət Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirən «Azərkörpü» ASC-dir, sadəcə adını dəyişib.

PUL VERİB EVSİZ QALANLAR

ANSPress yarımçıq tikililərdə mənzil almalı vətəndaşların problemiylə bağlı çıxış yolu axtarır.

Tikinti.
Tikinti.

«Tikintisinə başlanmayan, yaxud tam şəkildə hazır olmayan binalardan ev almaq üçün ödəniş edib sonradan aldanan şəxslərə dövlət kompensasiya olaraq həmin məbləği geri qaytarmalıdır». Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanov sayta deyib.

Onun fikrincə, Mənzil Tikinti Kooperativi (MTK) açıb insanlardan bina tikmək adı ilə külli miqdarda pul yığıb aradan çıxan şəxsləri həbs etmək çıxış yolu deyil.

Ramil Osmanov hesab edir ki, tikinti prosesi başlayandan bina tam təhvil verilənədək hansısa bir dövlət qurumuna bu işə nəzarət etmək tapşırılmalıdır. Nəzarət həyata keçirilmirsə, heç olmasa dövlət vətəndaşların itən pulunu geri qaytarmalıdır: «Lisenziyanı Vergilər Nazirliyi verir. Lakin nazirlik MTK rəhbərindən binanı tikmək üçün pulu olub olmadığını soruşmur. Çünki bu qanunla nizamlanmır. Qanunvericiliyə görə, maddi imkanı yerində olan da, olmayan da tikinti kooperativi aça bilər».

Vergilər Nazirliyinin mətbuat xidmətindən də ekspertin sözünü təsdiqləyiblər, ancaq onu da deyiblər ki, sahibkarın pulunun olub olmadığını yoxlamaq onların səlahiyyətində deyil: «Biz sənədlərini yoxlayırıq və sənədləri qaydasında olan hər bir şəxsə MTK lisenziyası veririk».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG