Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:32

- "20 ildən də çox əvvəl özümü şöhrətin və o uğurlu, öz aləmlərində nəyisə qazandıqlarına inanan insanlar çevrəsinin bir hissəsi olmaq məcburiyyətindən azad etmək üçün şəxsiyyətimi gizlətmək qərarını verdim."

"Fikir vermişəm ki, sizin cinsinizi kişilər daha çox araşdırırlar, belə bir yazıçının bir qadın imzası ola bilməyəcəyini düşünürlər. Bəziləri isə düşünürlər ki, siz kişi deyil, kişilər komandasısınız."

Elena Ferrante İtaliyanın kitabları ən çox satılan çağdaş yazıçısı, ciddi ədəbiyyatla kommersiya ədəbiyyatını birləşdirə bilmiş bir imzadır.

Yazılmış kitabların yazıçılara ehtiyacı yoxdur - fikrinə inanan yazıçılardandır.

O, J.D.Salinger kimi ictimaiyyətdən, mətbuatdan qaçır, foto çəkdirmir, üstəlik, Elena Ferrante imzası da bu yazıçının həqiqi adı deyil.

1992-ci ildə ilk romanı nəşr olunandan etibarən Elena Ferrante öz şəxsiyyətini sirr saxlayır. Uzun yazıçılıq karyerasında ilk müsahibəsini bir neçə ay bundan əvvəl "Paris Review" jurnalına vermişdi. Bir gün əvvəlsə o, "Vanity Fair" jurnalına növbəti müsahibəsini verib.

Onun epik meta-nəsr janrında olan romanları, Neapolitan seriyasından romanları, “Mənim mübarizəm”, "İtmiş uşağın hekayəti", "Gedənlər və qalanlar", "Tərk edilmişlik günləri" romanları, ümumiyyətlə, heç bir kitabı Azərbaycan dilinə tərcümə olunmayıb. Bu səbəbdən son müsahibəsinin tərcüməsini romanlarının kontekstinə aid hissələri ixtisar etməklə təqdim edirik.

“Özümü dolaşıq bir düyün kimi düşünürəm. Dolaşıq düyünlər məni cəlb edir.”

- Neapolitan seriyasından olan romanlarınızı yazanda qabaqcadan bütün yolu görürdünüzmü?

- Yox. Yalnız hekayənin əsas mərhələlərini görürdüm, onları da duman içində görürdüm. Bu mənim bütün kitablarıma aiddir.

Əvvəlcədən hekayənin hansı forma alacağını dəqiq bilmirəm. Mənə yalnız bu aydındır ki, yazı son məqsəd kimi həqiqət hissini itirməməlidir. Səhifələr ötdükcə həqiqi olanı tutmaq eşqi (drive) əsəri formalaşdırır. Bir neçə abzas boyunca tonum yalan olursa, dayanmalıyam və səhv getdiyimi anlamalıyam. Bacarmıramsa, işi tamam saxlayıram.

- Sizi sərbəst, güclü nəsrə görə tərifləyirlər. Pirotexnika yoxdur, dil heç vaxt diqqəti mətndən ayırıb özünə cəlb etmir, təsiri güclüdür. Yazmağa başlayanda da beləmi başlayırsınız, ya yoxsa qaralamalar daha qarışıq və emosionaldır?

- Mən orta sinif qadınları nəql edirəm, o qadınlar ki, özlərini idarə etməyə qadirdirlər. Özlərinə təsir etməyə gücləri var. İstifadə etdiyim rəvan dil onların dilidir. Sonra nə isə qırılır və bu qadınların sərhədləri əriyir, özləri haqda nə isə deməyə çalışdıqları dil də boşalır, sərhədsizləşir.

Mən yazdıqca problem – mənim problemlərimdən yuxarıda dayanan problem – yenidən kəşf olunur, danışmağa başladıqları ölçülü dil, xarakterlərimi depressiyaya, özünüməhvə, intiqam kimi təhlükəli hisslərinə düşməkdən qoruyan özünüidarə qabiliyyəti addımbaaddım özlərinə və başqalarına yönəlmiş məqsəd olur.

- Özünüzü müəyyən cür yazıya və ya yazıçılara qarşı işləməyə məcbur hiss etdiyiniz olurmu?

- Öz əsərlərimdən çox fərqlənən əsərlərlə maraqlanıram. Özümün heç vaxt yaza bilməyəcəyim kitablara diqqət edirəm. Nə isə mənə yabançı gəlsə, onun necə yazıldığını anlamağa, öyrənməyə çalışıram. Başqa yazıçılarla mübahisə etmək isə məndə heç vaxt baş verməyib.

- Yazmağa oturanda nəzakətli cəmiyyətin qaydalarıyla oynamayacaq xarakterlər yaratmaq fikrinizdə olurmu, yoxsa bu yazı prosesində belə alınır?

- Yazmağa başlamamış çox düşünürəm, planlaşdırıram. Ənənədən nə götürmək istədiyimi bilmək üçün çox oxuyuram.

Sonra, yazmağa başlayanda sadəcə yazıram, nəyinsə bayağı, ya cilalı, rahat, qeyri-rahat, ütülü, ya üsyankar olduğundan narahat olmadan.

Problem birdir və budur: hekayəni mümkün olan ən effektiv üsulla nəql etmək.

- Tərk edilməək mövzusu əsərlərinizdə çox işlənir. Bu mövzu sizi niyə maraqlandırır?

- Tərk edilmək gözəgörünməz bir yaradır, asan sağalmır. Hekayə danışan bir adam kimi, bu mövzu məni ona görə cəlb edir ki, o, bizim əbədi hesab etdiyimiz şeylərin riskliliyini, “normal” görürnən hər şeyin dekonstruksiyasını özündə cəmləşdirir.

Bəlli şeylər var ki, onlar içində təhlükəsiz yaşadığımızı sanırıq, tərk edilmək o şeyləri qəflətən sual altında qoyur. Biz təkcə tərk edilmirik, özümüz də tərk edirik. ... Bununla başqalarını özümüzə inandırmaq şirin vərdişilə qazandığımız daimilik hissini itiririk.

Bununla baş etmək üçün yeni balans tapmalı olursan, yeni faktları qəbul etməli olursan: malik olduğun hər şey bir gün səndən alına bilər, bununla yaşamağa iradən çatmalıdır.

- Heç olub ki, bir kitabı yarımçıq qoyasınız?

- Çox kitabları yarımçıq qoymuşam, bəzilərini tamamlamağa az qalmış tərk etmişəm. Səbəb həmişə eynidir: hətta hər şey yaxşı manikür edilmiş, gözəl olsa da, həqiqilik çatışmır.

- Siz öz şəxsiyyətiniz haqda detalları gizlətməklə bir növ özünüzü pozursunuz. İctimai fiqur olsaydınız, belə yaza bilərdinizmi? Yoxsa bunun heç fərqi yoxdur.

- Yazırsansa, nəşr olunursansa, özünü poza bilmirsən. Mənim şəxsi həyatım var, ictimai həyatda isə kitablarla tam təmsil olunuram. Seçimim özümü pozmaq deyil, tamam başqa bir şeydir.

20 ildən də çox əvvəl özümü şöhrət və o uğurlu, öz aləmlərində nəyisə qazandıqlarına inanan insanlar çevrəsinin bir hissəsi olmaq məcburiyyətindən azad etmək üçün şəxsiyyətimi gizlətmək qərarını verdim.

Bu, mənim üçün önəmli bir addım idi. O qərarın sayəsində bu gün özüm üçün bir sahəm var, o sahədə özümü azad və fəal hiss edirəm...

- Yenə də mənə aydın deyil, bu qədər uğurlu bir yazıçı niyə anonim qalmağı seçsin ki?

- Mən anonim deyiləm. Kitablarımda imza var. Amma o rituallardan imtina etmişəm ki, yazıçılar kitablarına gərəksiz imici vermək üçün icra etməyə məhkumdurlar.

Hələ ki, indiyə qədər yaxşı gedir. Kitablarım getdikcə daha çox öz müstəqilliklərini nümayiş etdirir, mövqeyimi dəyişdirməyə bu səbəbdən ehtiyac görmürəm... Bildiyim qədər, oxucularım bundan üzülmürlər. Ədəbiyyatı sevənlər üçün kitablar kifayət olmalıdır.

- Sizə bir yazıçı kimi hansı kitablar təsir göstərib?

- Donna Haraway’in manifesti, öz günahımdan onu gec oxumuşam. Bir də Adriana Cavarero’nun italyanca bir kitabı (“Tu che mi guardi, tu che mi racconti”). Mənim üçün fundamental olan romansa Elsa Morante’nin “Yalançılar evi” (House of Liars) romanıdır.

- Sizin son romanlarınızın ən vurucu aspektlərindən biri Lena Lila münasibətinin bütün mürəkkəbliyini klişeyə və ya romantizmə yuvarlanmadan əsrarəngiz bir şəkildə çatdırmasıdır.

- Biz öz təcrübələrimizi toplayırıq və əskimiş – qəşəng, hazır, gündəlik danışıq dilində normal səslənən, güvənverici üslubda olan frazalardan istifadə edirik.

Amma belədə, bilərək, ya bilməyərəkdən biz hər şeyi inkar etmiş oluruq. Sözlər axtarmaq səy və əziyyət tələb edə bilər.

Səmimi yazı isə bizim o büzüşmüş, sakit təcrübələrimiz üçün yeni sözlər tapmağa vadar edir. Yaxşı hekayə, başqa sözlə desəm, xoşladığım hekayə təcrübəni danışan hekayədir, məsələn, dostluq təcrübəsini, - onu bəzi məxsusi ənənələrə əməl etməklə nəql etmək, o biri tərəfdən, ənənənin sütunlarının altından axan yeni maqmanı hərdən kəşf etməklə nəql etmək oxucu üçün daha tanış və sürükləyici edir.

Üslubdan maksimum istifadə etməklə həqiqətə can atan bir hekayənin taleyi oxucunun özüylə üzləşmək istəyinin dərəcəsindən də çox asılıdır.

- Sizin romanlarınızdan keçən “Şəxsi – siyasidir” feminizm brendi var. Amerikan və italyan tipli feminizmi necə fərqləndirərdiniz?

- Mən bu məşhur sloqana çox borcluyam. Bu şüardan öyrənmişəm ki, hətta ictimai həyata yad, əlaqəsiz olan ən intim fərdi narahatlıqlar siyasətin təsirində olur, o mürəkkəb, yayğın, azaldılması mümkünsüz gücün təsirində.

“Şəxsi siyasidir” həm də ədəbiyyat üçün vacibdir. Bu, yazmaq istəyən hər kəs üçün əsas anlayış olmalıdır.

“Feminist” ifadəsinə gəlincə, bilmirəm. Mən feminizmi ona görə sevmişəm ki, Amerikada, İtaliyada, dünyanın bir çox yerlərində o, kompleks düşüncə oyadıb.

Mən bu fikirlə böyümüşəm ki, əgər mən kişilərin üstün olduğu dünyada mümkün olduğu qədər əriməsəm, onların mədəni üstünlüyündən-mükəmməlliyindən öyrənməsəm, bu dünyanın məndən tələb etdiyi bütün imtahanlardan yaxşı keçməsəm, elə bil ki, batmışam, heç yerli-dibli mövcud olmamışam.

Sonra qadın fərqliliyindən danışan kitablar oxudum, düşüncəm alt-üst oldu.

Tamamilə əksini etməli olduğumu başa düşdüm: Özümə həqiqətən də forma vermək istəyirdimsə, özümdən başlamalıydım, başqa qadınlarla münasibətimdən başlamalıydım.

Bu gün mən postfeminist düşüncə adıyla ortaya çıxan hər şeyi oxuyuram. Bu, mənə dünyaya, özümüzə, bədənimizə, subyektivliyimizə tənqidi baxmağa kömək edir. Həm də mənim təxəyyülümü alovlandırır, bunu ədəbiyyata çevirməyə təhrik edir.

Borclu olduğum qadınların adlarını çəkmək istəyirəm: Firestone, Lonzi, Irigaray, Muraro, Caverero, Gagliasso, Haraway, Butler, Braidotti.

Qısaca, feminist düşüncənin ehtiraslı oxucusuyam. Özümü militant saymıram; buna qadir deyiləm.

Bizim başımız çox heterogen materiallar qarışığıyla, zaman fraqmentləriylə, bir-birilə münaqişədə olan məqsədlərlə, bir-birilə savaşaraq bərabər yaşayan əksliklərlə doludur.

Bir yazıçı kimi mən sırf bir təhlükəsiz sxem daxilində olmağı hiss etməkdənsə, nə qədər riskli və çaşdırıcı olsa da, başımızdakı həmin o hədsiz yükə qarşı durmağı üstün tuturam.

..Ətrafıma baxıram. Müqayisə edirəm, kim idim, kim oldum, dostlaırm kim oldular, aydınlıq və çaşqınlıq, məğlubiyyətlərim, irəli sıçrayışlar.

Mənim qızlarım kimi qızlar hesab edirlər ki, onlara miras qalmış azadlıq təbii şərtlərin bir hissəsidir, uzun döyüşdən sonra nail olunmuş və qəflətən hər şeyin itə biləcəyi müvəqqəti bir gəlir deyil.

Kişi dünyası, düşünən kişi tanışlarımdan öyrəndiyimə görə, qadınların yaratdığı ədəbi, fəlsəfi və başqa kateqoriyalardan olan əsərləri ya iqnor edir, ya da onları nəzakətli şəkildə ələ salır.

Amma sərt gənc qadınlar və kişilər də var ki, bu saysız ziddiyyətlər içində ayıq olmağa çalışırlar.

Qısa desəm, mədəni səylər uzun və ziddiyyətlidir və onlar baş verdikcə nəyin faydalı, nəyin faydasız olduğunu demək çətindir.

Özüm haqda isə dolaşıq düşmüş bir düyün kimi düşünürəm, dolaşıq düyünlər məni cəlb edir. Varlığın dolaşıqlığını nəql etmək çox vacibdir, bu, həm fərdi həyatlara, həm də nəsillərin həyatına aiddir. Dolaşıqlıqları çözmək faydalıdır, ədəbiyyat dolaşıqlıqlardan hörülüb.

- Fikir vermişəm ki, sizin cinsinizi kişilər daha çox araşdırırlar, belə bir yazıçının bir qadın imzası ola bilməyəcəyini düşünürlər. Necə ola bilər ki, bir qadın tarix və siyasət kimi ciddi mövzularda yazır. Ev-məişət dünyasını müharibə zonası kimi təsvir edən və qadınları dərin şəkildə tənqid edən bir imzanın kişi imzası olduğunu düşünürlər.

Bəziləri isə düşünürlər ki, siz kişi deyil, kişilər komandasısınız. Komitəsiniz.

- Heç son vaxtlar eşitmisiniz ki, kişinin yazdığı bir kitabın əslində qadın tərəfindən və ya bir qrup qadın tərəfindən yazıldığı deyilslin?

Kişi cinsi hədsiz qüdrəti sayəsində qadın cinsini yamsılaya bilər, anonim şəkildə. Qadın cinsi isə heç nəyi təqlid edə bilməz, “zəifliyinə” görə, o, kişi potensialının saxtasını yarada bilməz..

Həqiqət budur ki, hətta nəşriyyat sənayesi də, media da qadınları ədəbiyyatdan o tərəfə atmağa çalışır.

Çox yaxşı və yaxşı qadın yazıçılar var, amma onların hamısı qadın cinsi üçün saxlanılan bir ərazıdə tutulur, onlar yalnız kişilərin qadınlara uyğun gördüyü bəlli mövzularda bəlli tonlarla yazmalıdırlar.

Qadınların yazdığı ədəbi əsərləri kişilərin yazdığı ədəbiyyatdan asılı olan variasiya kimi göstərmək meyli geniş yayılıb...

Bunu tənqidçilər etmirlər, yazıçıların özləri etmirlər. Qadınların əsərələri ekspertlərin qadın kitabları üçün təyin etdikləri mövzulardan kənara çıxanda kommentatorlar bunların kişi soyuna aid olduğu haqda ideyalarıyla ortalığa çıxırlar.

Üstəlik, ortalıqda bir qadın fotosu da yoxdursa, oyun bitmişdir; deməli, bunu yazan kişidir və ya yazmaq sənətinə həvəsi olan bir qrup kişidir.

Niyə heç ağıllarına gəlmir ki, qadın yazıçıların daha səriştəli, daha təsirli yazan yeni ənənəsi yetişib, bu yazıçılar ədəbi hərəm olmaqdan, gender stereotiplərindən yorulublar.

Biz necə düşünməyi, hekayələri necə satmağı, həmçinin onları necə yazmağı bilirik, kişilərdən yaxşı olmasa da, onlar qədər.

- Qadınlar kişi kitablarını oxuyaraq böyüdüklərinə görə, başımızda kişi səsi yaranır; kovboylar, dəniz kapitanları, piratlar kişi ədəbiyyatının nəticəsidir, kişilərə isə qadın şüuruna daxil olmaq çətindir, xüsusən hirsli qadının şüuruna.

- Bəli, bizim təxəyyülümüz kişi müstəmləkəsidir. Biz öz fərqliliyimizə forma, bugünkü dilllə desəm, güc verə bilmirik. Biz kişi simvollar sistemi haqda hər şeyi bilirik, onlarsa bizim sistemimiz haqda bilmirlər, bunun necə qurulduğunu bilmirlər. Amma heç bunu bilməyə maraqlı da deyillər, onlar bizi yalnız öz sistemləri daxilində tanıyırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG