Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:48

Estoniya Rusiya ilə sərhədində hasar tikir


Eston ordusu - 2015
Eston ordusu - 2015

-

«Kremlin ötən il Ukraynanı işğal etməsindən sonra Rusiyanın digər qonşuları Moskvanın növbəti addımlarından narahat olmağa başlayıblar. Kiçik Baltik ölkələri olan Estoniya, Latviya və Litva bu qorxunu lap pis keçirir. Bu ölkələrin hər birində etnik rus azlığı yaşayır. Baltik ölkələri Sovetlər Birliyinin tərkibində qaldıqları dönəmə Moskvanın qanunsuz işğalı kimi baxırlar». Bunu «Foreign Policy» dərgisində oxuyuruq.

Bu arada Estoniya Daxili İşlər Nazirliyinin sözçüsü Toomas Viks təsdiqləyib ki, hökuməti Rusiya ilə şərq sərhədi boyunca 70 millik hasar tikəcək.

Məqalədə deyilir ki, səkkiz fut (2 metr yarım) hündürlükdə hasar aşırı cavab sayıla bilər, ancaq Estoniyanın Rusiya ilə gərgin münasibətlərini nəzərə alanda, Tallin məsələni taleyin hökmünə buraxmaq istəmir. Rusiya bu yaxınlarda sərhəddə tutduğu eston zabitə 15 illik cəza kəsib.

Viks «France Presse» agentliyinə deyib ki, hasar 2018-2019-cu illərdə tikiləcək. Məqsəd quru sərhədi 100 faiz bağlamaq, sərhəd nəzarəti üçün fasiləsiz texniki nəzarət imkanı yaratmaq, Estoniya və Şengen ərazisi üçün təhlükəsizliyi təmin etməkdir.

Bu ilin yanvarında Litvanın müdafiə naziri Juozas Olekas «Reuters» agentliyinə deyib ki, Gürcüstan və Ukraynada baş verənlər «bizə burada oxşar durumun öhdəsindən gələ bilməyəcəyimizi, hazır olmalı olduğumuzu göstərdi». Hökumət hazırladığı təlimatda Rusiyanın ölkəni işğal edəcəyi halda litvalılara davranış qaydalarını da izah edib, daha sonra gənclər üçün hərbi xidməti bərpa edib.

Gürcü hərbçiləri Gürcüstan-NATO təlim mərkəzinin açılışında.
Gürcü hərbçiləri Gürcüstan-NATO təlim mərkəzinin açılışında.

NATO GÜRCÜSTANDA BİRGƏ TƏLİM MƏRKƏZİ AÇIR

«The Wall Street Journal» NATO-nun avqustun 27-də Gürcüstanda açdığı yeni təlim mərkəzindən yazır. Gürcüstan rəsmiləri bu bazanın Moskvanı çəkindiricəyini deyir, Rusiya isə bu addımı «provokasiya» adlandırıb.

Alyans rəsmiləri israr edir ki, təlim mərkəzi, eləcə də NATO-Gürcüstan hərbi təlimləri təxribat yaratmayacaq.

«NATO-nun Gürcüstanda belə bir hərbi obyekt yerləşdirməsi regionda təhlükəsizliyi hədələyən ciddi faktor ola bilər», - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib.

Ancaq alyans üzvləri Rusiyanın Gürcüstan ərazisinin 20%-ni tutmasına baxmayaraq, bu ölkənin NATO üzvlüyü istiqamətində hansısa addım atmağa könülsüz yanaşırlar.

ABŞ-ın German Marşal Fondunun Brüssel ofisində NATO təhlilçisi Bruno Lété deyir ki, Moskvanın təlim bazasına belə mənfi yanaşması elə də təəccüblü deyil. «Moskva mərkəzin Rusiyaya qarşı yönəldiyini düşünür», - cənab Lété deyir.

Təhlilçinin fikrincə, NATO Gürcüstanın müdafiə qabiliyyətini möhkəmləndirdikcə, Moskva da regiondakı münaqişələri ayaqda saxlayır:

«Rusiya münaqişələri dondurulmuş deyil, fəal durumda saxlayır, məqsədi də sabitsizlik yaratmaqdır».

İncirlik hərbi hava bazası.
İncirlik hərbi hava bazası.

AMERİKANIN TÜRKİYƏ İLƏ TƏHLÜKƏLİ ALVERİ

«Bir illik gərgin diplomatik danışıqlardan sonra Türkiyə hökuməti Birləşmiş Ştatlara İncirlik hava bazasından istifadəyə icazə verdi. İndi Amerika təyyarələri Suriya və İraq missiyalarını daha səmərəli yerinə yetirə biləcək. Ancaq bu razılaşmanın uzaq perspektivdə həm Amerikanın «İslam Dövləti»nə qarşı kampaniyası, həm də Türkiyənin sabitliyi üçün bədəli böyük ola bilər» . Bunu isə «The New York Times» qəzetində oxuyuruq.

Yazıda qeyd olunur ki, Suriya strategiyasında dəyişiklik yox, ölkədaxili siyasi səbəblər Türkiyənin bazayla bağlı fikrini dəyişməsinə təsir edib.

Bazaya giriş verilən kimi, prezident Recep Tayyip Erdoğan kürd hədəflərinə zərbələr endirməyə başlayıb. İndiyədək ABŞ-ın Suriyada İŞİD-ə qarşı ən etibarlı müttəfiqi olan kürdlərə də hücumlar olunub.

Müəllif bildirir ki, Erdoğan-ın əsas məqsədi parlament çoxluğunu yenidən qazanmaqdır. O, kürdpərəsət HDP-yə terrorçu damğası vurmaqla onun da səslərini oğurlamaq istəyir.

«O, hazırkı böhrandan faydalanıb PKK yaraqlılarına qarşı hava hücumları endirdi, eləcə də Türkiyədə kürdlərə qarşı repressiya dalğasına başladı ki, bu da ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər».

Yazıda vurğulanır ki, Amerika-Türkiyə sazişi «Faust sövdələşməsi»nə çevrilə bilər. Belə ki, qısamüddətli əməliyyat rahatlığı uzunmüddətli problemlər törətməməlidir – Türkiyədə sabitsizlik yaratmamalı, yaraqlılarla mübarizənin əsas yükünü çəkmiş kürd qüvvələrini ruhdan salmamalıdır. Obama administrasiyası Türkiyəyə təzyiq göstərməlidir.

XS
SM
MD
LG