Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

-

«Bizim yol» qəzeti Azərbaycan Mərkəzi Bankı tərəfindən xarici valyutaların satışına limitlərin qoyulmasını şərh edib.

İqtisadçı-ekspert Zaur Əhmədov qəzetəşərhində bildirdi ki, limitin tətbiq olunmasında əsas məqsəd ajiotajın qarşısını almaqdır: «Çünki vətəndaşlar əllərində olan ən kiçik vəsaiti belə dollara çevirməkdə maraqlıdır. Limit olmasa, süni istifadə halları yarana bilər.Limitləşdirmənin üstünlüyü ondan ibarətdir ki, tələbatdan artıq dollar kütləsinə ehtiyac yaranmasın».

Amma ekspert onu da qeyd edir ki, limitləşdirmə manatın növbəti devalvasiya təhlükəsinin qarşısını ala bilməyəcək:

«Azərbaycanda əsas gəlir sahəsinin xammala söykənən olması əsas problemlərdən biridir. Yəni, əsas gəlirlərimiz neftdən daxil olur və bu məhsulun dünya bazarında ucuzlaşması nəticəsində gəlirlərimiz azalırsa, manata olan təzyiqlərin qarşısını birbaşa ala bilmərik. Müəyyən metodlarla yalnız yubada bilərik. Neftin qiymətinin ucuzlaşması uzun müddət davam edərsə, iqtisadiyyatımızın elə bir rezervləri yoxdur ki, itkiləri sığortalaya bilsin. Ölkənin gəlirlərinin 80 faizdən çoxu neft və neft sektorundan daxil olur. Onun qiymətinin sürətlə düşməsi nəticəsində yarana biləcək fəsadlara qarşı vətəndaşlar özləri tədbir görməlidir».

HAKİMİYYƏT DİLEMMA QARŞISINDADIR

«Parlament seçkiləri yaxınlaşdıqca hakimiyyət daxilində gərginlik daha da artır. İqtidar daxilində namizədlərin siyahısının hazırlanması ilə bağlı ciddi fikir ayrılıqları var. İqtidardakı Paşayevlər və Naxçıvan qruplaşması hələ ki, siyahı ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər».

«Azadlıq» qəzeti belə yazır.

Qəzet iddia edir ki, hakimiyyət daha bir dilemma qarşısındadır:

«Bu, Gülən şəbəkəsinə bağlılığı olduğu bildirilən deputatlarla bağlıdır. İqtidar arxalarında böyük güc dayandığı bu şəxsləri parlamentə buraxıb-buraxmamaq barədə konkret qərara gələ bilmir. Türkiyə Azərbaycandakı Gülən şəbəkəsini zərərsizləşdirməyi tələb edir. Ankara birmənalı hesab edir ki, Türkiyədə keçirilən son parlament seçkilərində AKP-nin Azərbaycanda böyük fərqlə uduzması Gülən şəbəkəsinin ölkəmizdə ciddi dayaqlarının olması ilə bağlıdır».

«MÜXALİFƏTİN REALLIĞA UYĞUN GƏLMƏYƏN SÖZ VƏ VƏDLƏRİ...»

«İndiyə qədər…hətta öz partiyaları daxilində həmrəyliyə və birliyə nail ola bilməyən müxalifət partiyalarının gələcək üçün heç bir reallığa uyğun gəlməyən söz və vədlərinə xalqın haqlı olaraq inamının itməsi siyasi arenada YAP-ın ciddi rəqiblərinin olmamasının bariz göstəricisidir».

Bunu yap.org.az-a müsahibəsində Milli Məclisin komitə sədri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib.

YAP Səbail rayon təşkilatının seçki hazırlıqlarından danışan deputat deyib ki:

«Seçki dairəsi və məntəqələr üzrə komissiya üzvlərinin və müşahidəçilərin müəyyənləşdirilməsi və müvafiq treninqlərin keçirilməsi, seçici imzalarının toplanması, qadınların və gənclərin seçki kampaniyasına fəal cəlb olunması, seçkini poza biləcək təbliğat kampaniyalarına qarşı əks təbliğat işlərinin gücləndirilməsi, sosial şəbəkələrin imkanlarından geniş istifadə olunması və s. istiqamətlərdə tədbirlərin görülməsinə xüsusi əhəmiyyət veriləcək. Əsas vəzifə seçkilərin şəffaf, obyektiv və demokratik əsaslarla keçirilməsi üçün lazım olan bütün şəraitin yaradılmasından ibarət olacaqdır. Əminik ki, YAP Səbail rayon təşkilatı seçki kampaniyası zamanı mütəşəkkil və effektiv fəaliyyət göstərəcək və seçkilərdə qələbənin təmin edilməsi işinə öz töhfəsini verəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG