Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:53

Kənd yerində qız toyundan etüdlər


Nəcəf Talıbov
Nəcəf Talıbov

- Göy "Moskviç"in sahibi! Xahiş edirik maşını yoldan çıxarasınız. Qonağın maşını həyətə girə bilmir!

Nəcəf Talıbov

Kənd yerində qız toyundan etüdlər

... başlayıb...

Ortada ayaqlarının damarları çıxmış beş-altı arvad oynayırdı...

Əllərində "Düşes" limonadı olan iyirmi yeddi uşaq "URRRRAaaaa" deyib sağdan sola qaçırdı.

- Nə axtarırsan stolun altında?

- Diş protezimi...

- Neynirsən? Lüləkababdan-zaddan yeyərsən...

- Özümünkü deyil... Toya gələndə qonşudan almışam...

Zövqlə geyinmiş xanım, əlvan paltarlı iki-üç qız ortaya çıxdılar, oynadılar. Xanım utanmırdı, qızlar utanırdı...

- Çörək niyə yeyirsən? Evdəsən? Ət götür!!!

Müğənni: "Ağarmayın, ay saçlarım, ağarmayın..."... – Ə, sən canın, ala manatı, bu manını bir də oxu, amma "Tökülməyin, ay saçlarım, tökülməyin" de!!! Ha-ha-ha!!!

... davam edir...

Əllərində "Düşes" limonadı olan iyirmi iki uşaq «URRRRAaaaa» deyib soldan sağa qaçırdı.

Ayaqlarının damarları çıxmış dörd arvad oynayırdı...

- Ayə!!! Filankəs müəllim gəlir, tez buraya çağır...

- Nəyə? Yeyən -içən də deyil, mədəsi xəstədir...

- Bax elə ona görə!!! Qulluq edən!!! Təzə qonaq gəlib! İsti yemək, iki dənə də araq gətir! Süz ə!!!

Oynamaqdan ürəyi sıxılmış qadının əri, əlində bıçaq, "Hanı 'Skorpomoş" deyə bağırırdı...

- Ə, çayçını görən olub?

Bir əlində kəfkir, bir əlində qazan qapağı tutmuş aşbaz gah yarıboş qazana baxırdı, gah da yeni gələn qonaqlara...

- A bala, a qulluq edən! Ev yiyəsi canı sağ olmuş dünyanın nazi-nemətini alıb, belə gözəl süfrələr açıb, gətirin yeməkdən-araqdan, doldurun stolların üstünü dana!!! Niyə kişinin məclisini zay edirsiniz???

Gəlin bir az üşüdü. Bəy pencəyini çıxarıb onun çiyninə saldı...

Bəy də üşüdü. Baldızı şalını onun çiyniyə saldı...

Bəyin böyük bacısı dodaqlarını büzdü.

Mikrofon: - Göy "Moskviç"in sahibi! Xahiş edirik maşını yoldan çıxarasınız. Qonağın maşını həyətə girə bilmir!

- Şabaş verən yoxdur! "Bəlkə bu yerlərə hey, bir də gəlmədim" oxu!

Beş-altı içkili cavan, qızın atasının əmisini – nəslin ağsaqqalını – dizləri əsən qocanı oynamağa çıxartdılar. Şapkasının da günlüyünə beş manatlıq taxdılar. Sonra da beli bükülmüş bir qarını ortaya çıxartdılar. Daha sonra məlum oldu ki, bu qarı bu qocanın qarısı deyil, qaytarıb yerində oturtdular.

- Ə, çayçını görən olmayıb?

"Təcili yardım"ın tibb bacısı, oynayanda ürəyi sıxılmış qadına iynə vurdu. "Təcili yardım"ın həkimi isə qonaqlarla görüşürdü.

- A bala, sən də bu kənddənsən?

- Hə. Burada yaşayıram...

- Doğrudan? Bə niyə səni tanımıram???

Ayaqlarının damarları çıxmış iki arvad oynayırdı...

Mikrofon: - Göy "Moskviç"in sahibi!! Xahiş edirik maşını qaz şlanqının üstündən götürəsiniz.

- Kimin oğlusan?

- Filankəsin...

- Filankəslərin filankəsininmi???

- Hə.

- A bala, sən yaxşı adama oxşayırsan, amma baban filankəs axmağın biri idi.... Boy-boy-boy!!! Niyə bozarırsan? Mən boyda ağsaqqala əlmi qaldıracaqsan??? Düz deyirəm də!!! Axmaq nətəhəri olur? Baban kənd soveti olanda bir qırıq kağız vermədi ki, əmimi əsgər aparmasınlar, o da getdi plen düşdü, dədəmə vəzifə vermədilər ölənə qədər...

... sona yetir...

Musiqiçilər “Yanıq Kərəmi” çalırdılar.

- Ə, “Yanıq Kərəmi” çalın!

- Çalırıq da!

- Söz güləşdirməyin! Bu o deyil. Şabaş istəyirsiniz? İkiqat verərərm, ala iki manat! Amma “Yanıq Kərəmi” çalın!

- Dayı, vallah onu çalırıq!

- Çalmırsınız! Bu başqa şeydir!Onu çalın!

- Baş üstə!

Musiqiçilər “Yanıq Kərəmi” çaldılar.

- Ay qulluq edən! Bacı oğlu! Ət gətir, sümüklü yerindən! Bir dənə də araq ver, mərifətlisindən!

Mikrofon: - "Göy "Moskviç"in sahibi!! Maşını darvazanın qarşısından götürün! Camaat evinə gedə bilmir!

Müğənni: "Tökülməyin, ay saçlarım, tökülməyin" oxuyurdu.

Ağ xalatlı həkim cavanlarla "Ləzginka" oynayırdı.

Əlində boş limonad butulkası olan uşaq ağlayırdı...

Kefli çayçı toy çadırının böyründə yerə yıxılmışdı.

Ayaqlarının damarları çıxmış bir arvad oynayırdı...

Zövqlə geyinmiş xanım gözə dəymirdi.

Əlvan paltarlı qızlar oynayırdılar. Daha utanmırdılar.

Əlində kəfkir tutmuş aşbaz çadırın qabağında dayanıb, oynayan arvada, ağlayan uşağa, üşüyən bəylə gəlinə baxırdı. İki qarı boş yemək qazanlarını yuyurdular.

Nimdaş geyimli kişi çadırın girəcəyindəki stola yaxınlaşdı, qarşısında dəftər olan oğlana nəsə dedi və əlində bükülü pulu uzatdı.

Son.

Müğənni: "Bəlkə bu yerlərə hey, bir də gəlmədim" oxuyurdu.

"Təcili yardım" maşını getdi. Həkimi zorla maşına mindirdilər. Getmək istəmirdi...

Mikrofon: - Göy "Moskviç"in sahibi!! Zibilini tövlənin qabağından rədd elə! İnək dama girə bilmir!

"Vağzalı".

Gəlini apardılar.

Ev yiyəsi qonaqların siyahısına baxırdı. Hərdənbir də dodağının altında acıqlı-acıqlı nəsə deyirdi.

Gəlinin anası ağlayırdı.

Gəlinin dayısı musiqiçilərin haqqını sayırdı. Zurnaçının qanı yaman qara idi.

Çayçı toy çadırının yanında yatırdı.

Aprel, 2014

XS
SM
MD
LG