Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

- "İnan ki, Şaiq əmi, səni yaxşı anlayıram. Balalarınla aclıq aksiyası keçirəndə, AYB-dən istənilən qayğını görməyəndə Şaiq əminin ölməkdən başqa çarəsi olmamalıydı."

Ayxan Ayvaz

ŞAİQ VƏLİ

İndi nə qədər xatırlmağa çalışsam da, olmur. Yadıma düşmür ki, mən Şaiq Vəlini birinci dəfə harda görmüşdüm.

Onda Şaiq əmi necə vəziyyətdəydi, üz-gözündən nə oxunurdu, heç cür yadıma gəlmir. Bircə atamın sözünü xatırlayıram: “Şaiq çox mərd adamdı”.

Şaiq Vəli

Şaiq Vəli

Sonra Şaiq əmini arada-sırada kafelərdə gördüm. Həmişə tələsik danışan adamdı.

Mənə elə gəlir ki, ona olan münasibətə görə Şaiq əmi həmişə sözünü tez-tələsik çatdırmaq istəyirdi.

Bu günə qədər kitabı çıxmayan, çoxlarının tanımadığı Şaiq Vəlini narahat edən heç nə yoxdu. O, onsuz da ədəbiyyatdan öz qiymətini almışdı. Onu özünnən itələyənlər, Şaiqi saymayanlar əslində öz quyularını qazdılar.

Şaiq əmini ədəbiyyat bizə tanıtdı, ədəbiyyat da bizdən aldı. Onun başqa çıxış yolu yoxdu, olsa da Şaiq əmi bunu seçmədi.

Mənim yarım yerindədir, gözəl,-
Ruhun çəmənində solur nərgizlər...
Bir az məni də sev!
Bir az məni də əzizlə!

Ömür ikili,
Yaşamaq müşkül, əzab...
Zalim- meyxanəçi!
Tər qoxuyur,
Qan dadır şərab!

Səni eşq tutsun, meyxanəçi!
Bir şam işıq süz!
Bir can hənir,
Bir cam eşq süz! –
Yerdə yerdən,
Göydə göydən olub bu aşiq!..

Yol onun üçün müqəddəs idi. O, heç vaxt yola xəyanət etmədi. Həmişə sözünü dedi. Şeirləri öz ucalığında, təkrarsız, bənzərsiz...

Mənim üçün Şaiq Vəli həmişə Şaiq əmi kimi qaldı. Tez-tələsik danışan, coşan bir adam kimi...

İnan ki, Şaiq əmi, səni yaxşı anlayıram. Balalarınla aclıq aksiyası keçirəndə, AYB-dən istənilən qayğını görməyəndə Şaiq əminin ölməkdən başqa çarəsi olmamalıydı. Rafiq Tağını öldüyü, adamların pula önəm verdiyi, bütün dəyərlərin alınıb-satıldığı bir yerdə ölmək tək çarədi.

Bir türk filmində də deyildiyi kimi, burda hamı ölümü gözləyir. Şaiq Vəli isə ölümü gözləmədi, onun üstünə getdi. Çünki yeganə çıxış yolu, yeganə həqiqət yolu məhz ordan keçirdi. Şaiq əmi öz sözüylə həyatının qovuşduğu nöqtəyə getməliydi... getdi də...

Xəstə olanda yanına gedə bilmədim, heç yasında da olmadım. Şaiq əmi mənnən inciməsin.

Mən içimdə hazırlanmış sözlər gəzdirə bilmirəm. Təsəlli verəcək biri deyiləm. Bilirəm ki, Şaiq əmi də məni buna görə bağışlayar... Qəbrin nurla dolsun, şair!

Günün bütün mövzuları

XS
SM
MD
LG