Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:30

"8 ildir, oynadırlar bizi"


Zığ şossesi
Zığ şossesi

“Bu boyda hay-küy salıblar, guya iş görürlər... Halbuki buradan cəmi 10 ailə köçürülüb. Onlara da heç kirayə pulu verilmir”.

8 İLDİR ORTALIQDA OYNADIRLAR BİZİ

Bunu AzadlıqRadiosuna Zığda sürüşmə zonasında yaşayan sakinlər deyir. Vidadi Səfərovun sözlərinə görə, 8 ilə yaxındır ki, köçürülmələri üçün döymədikləri qapı qalmayıb:

“Şəxsən mənim yaşadığım ev qəzalı vəziyyətdədir. Hər an uçmaq təhlükəsi var. Dəfələrlə icra hakimiyyətinə, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına getmişik. Ərizəmizi alırlar, deyirlər, “gedin, yaxşı olacaq”. Üstündən bir ay keçir, çağırırlar bizi Suraxanı rayon İcra Hakimiyyətinə, deyirlər, “ora-bura şikayət edirsiz, onsuz da bizim üstümüzə göndərirlər. Gəlin sözünüzü özümüzə deyin”. Yenə vəd verirlər ki, “hər şey yaxşı olacaq”. Düz 8 ildir başımıza ip salıb beləcə ortalıqda oynadırlar bizi...”

Zığ sakinləri sürüşə-sürüşə hara qədər gedəcəklərini bilmirlər. Nə ümid etdikləri bir qapı, nə də bir məmur qalmayıb. Başqa sakin Ədilə Qurbanova:

“Elə bil məhəlləmizdə “Bəyin oğurlanması” filmi çəkirlər. Gəlirlər, yazırlar, gedirlər. 106 ev sürüşmə zonasındadır. 55-i çökmək üzrədir. Ay başınıza dönüm, imdad istəyirik. Sürüşürük, məhv oluruq. Daha bunu hansı formada hayqıraq ki, lazımi qurumlar səsimizə səs versinlər”.

YA EV VERSİNLƏR, YA KOMPENSASİYA

Evinin sürüşmə zonasına düşdüyünü və qəzalı vəziyyətdə olduğunu deyən Dursun Əliyeva da aidiyyəti qurumlardan kömək istəyir:

“Bizim evlər hər dəfə yağışlar başlayanda sürüşməyə məruz qalır. Qarşıdan yağış fəsli gəlir. İndidən canımıza vicvicə düşüb. Yenə eyni hissləri, eyni əzabları yaşamalı olacağıq. Əlaqədar təşkilatlara yalvarıram, 4 balama yazıqları gəlsin, bizi bu bəladan qurtarsınlar. Bizə ya ev versinlər, ya da kompensasiya... “Evləriniz sənədsizdir” deyib bizi bədbəxt günə qoymasınlar”.

Sakinlər avqustun 27-də əvvəl Nazirlər Kabineti, sonra isə Prezident Administrasiyası qarşısına toplaşıblar.

Onların bir hissəsi ötən il Suraxanı rayon İcra Hakimiyyətinin xəbərdarlığından sonra evini tərk etdiyini deyir. Onların sözlərinə görə, ilk aylar kirayəhaqqı dövlət tərəfindən ödənilsə də, 3-4 aydır ki, dayandırılıb.

Elnarə Məmmədova:

“3 aydır ki, kirayəhaqqını özümüz ödəyirik. Kirayəhaqqı ödəmək imkanım olmadığından qohum evinə sığınmaqdan başqa çarəm yoxdur. Orada da uzağı 1 ay qalaram. Bəs sonrası?.. Tikib verəcəkləri evlərdənsə xəbər-ətər yoxdur”.

250 MANAT KİRAYƏPULU TƏKLİF OLUNUB

Suraxanı rayon İcra Hakimiyyətindən bildirilib ki, bu il avqustun 11-də Zığda sürüşmə zonasındakı evlərdən biri uçaraq yararsız hala düşüb. Avqustun 12-də Suraxanı rayon icra hakimiyyətinin işçiləri həmin əraziyə gələrək mənzillərə bildirişlər paylayıb. Bildirişlərdə qeyd olunub ki, sakinlər evlərini tərk etməsələr, baş verəcək hər hansı faciəyə görə sakinlər özləri cavabdehlik daşıyır. Onlara kirayəpulu üçün 250 manat təklif olunub. Sakinlərsə razılaşmayıblar.

Sakinlər AzadlıqRadiosuna bildiriblər ki, razılaşmamaqlarının səbəbi icra hakimiyyətinə inamsızlıqları ilə bağlıdır. Onlar məsələnin birdəfəlik həll olunmasını, yəni kirayəyə çıxmaq yox, ailələrə konkret ev verilməsini istəyirlər.

XS
SM
MD
LG