Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:40

Əhali müalicəvi isti sulara həsrət qalıb


Su 40-45 dərəcə istidir. Yaxınlıqda isə sərin bulaq axır.

Su 40-45 dərəcə istidir. Yaxınlıqda isə sərin bulaq axır.

-

Azərbaycanın cənub bölgəsinin 3 rayonunda-Lənkəranda, Masallıda, Astarada isti su mənbələri var. Bu rayonların yalnız birində, Masallıda isti sudan səmərəli istifadə edildiyi deyilir. İsti su ərazisində istirahət mərkəzləri, pansionat fəaliyyət göstərir. Astaranın isti su ərazisində mini su elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Stansiyasının təməlqoyma mərasimində ölkə prezidenti də iştirak etmişdi. Bura istirahət üçün yararsızdır. Elektrik stansiyası işə düşəndən sonra isti su çıxan qoyular kənar sular altında qalacaq. Lənkəranda isə bu problem bir qədər fərqlidir. Sovet dövründə Lənkəranın isti su ərazisində sanatoriya fəaliyyət göstərirdi. Sovetlər ittifaqının hər yerindən buraya istirahətə və müalicəyə gəlirdilər. Azərbaycanın müstəqilliyinin ilk illərində də sanatoriya işləyib, müalicə xarakterli isti su sakinlərin üzünə açıq idi.

«RUSİYADAN, XARİCİ ÖLKƏLƏRDƏN MÜALİCƏ OLUNMAQ ÜÇÜN BURA GƏLƏRDİLƏR»

Lənkəran rayon sakini Teymur Sadıqov deyir ki, indi isti su vətəndaşların üzünə bağlıdır. 5 ildən çoxdur ki, Haftoni qəsəbəsinin ərazisində yerləşən istirahət və müalicə pansionatı işləmir.

«Mənim 77 yaşım var. Uşaqlığımız, gəncliyimiz isti suda keçib. Haftoni isti su qəsəbəsində. Deyirlər, oranı bir sahibkar alıb. Allah xeyrini versin. Ona etirazımız da yoxdur. Amma isti su üzümüzə bağlıdır. Məktub yazmışıq prezident aparatına, nazirliyə, başqa-başqa yoldaşlara. Yazmışıq ki, isti suya gedən yolu açsınlar. Vaxtilə oraya ağır xəstə gətiriblər, sağlam gedib. İndi 5 ildir o isti su bağlanıb. Haftoni qəsəbəsində yaşayan əhali də oradan xeyir götürürdü. Orda çörək, qatıq və başqa şeylər satırdılar. Rusiyadan, xarici ölkələrdən müalicə olunmaq üçün bura gələrdilər. Müalicə əhəmiyyətli sular var. Müxtəlif xəstəlikləri müalicə etmək mümkündür».

Teymur Sadıqov

Teymur Sadıqov

«SU 40-45 DƏRƏCƏ İSTİDİR. YAXINLIQDA İSƏ SƏRİN BULAQ AXIR»

Teymur Sadıqov deyir ki, burda müalicə olunanlara dərman lazım olmur. Hökumət baha qiymətə xaricdən dərmanlar gətirir. Lənkəranın isti suyunda neft işlətmədən, qaz işlətmədən müalicə olunmaq mümkündür:

«Su 40-45 dərəcə istidir. Yaxınlıqda isə sərin bulaq axır. Təbiətin əhatəsində sakit bir yerdir. Bu, Allahın nemətidir. Nə üçün xalqımız bundan istifadə edə bilməsin?».

«AXI NƏ ÜÇÜN İSTİ SUYU BAĞLAYIBLAR?»

Lənkəran rayonunun digər sakini Sabir Qurbanov da deyir ki, isti suya getmək mümkün deyil. Hər yer bağlıdır:

Sabir Qurbanov

Sabir Qurbanov

«Bizim ata-babalarımız həmin isti sudan istifadə ediblər. Neçə illər boyu. Mən xəstəyəm. İsti suda müalicə olunmaq istəyirəm. Orda müalicə də ucuz başa gəlir. Ətraf rayonlar daxil olmaqla, özümüz də şəfa tapırdıq. Axı nə üçün isti suyu bağlayıblar? Bu, Allahın nemətidir».

İsti su pansionatının inzibati binasında məcburi köçkünlər yerləşdirilib. Pansionatın ərazisi hasara alınıb. Haftoni qəsəbə sakinlərinin dediklərinə görə, pansionatda təmir işləri aparılırdı, o da dayandırılıb. Qapılar bağlıdır. Gözətçi heç kimi yaxına buraxmır və suallara da cavab vermir.

«PAŞA HOLDİNQ» İSTİ SULARA DA GÖZ DİKİB?

Ölkə mətbuatında Lənkəranın isti suyu ilə bağlı yazılar gedib. «Cənub Xəbərləri» qəzeti iki il bundan əvvəl bununla bağlı araşdırma yazı da çap etmişdi. Həmin araşdırmada qeyd edilir ki, bu ərazini «Paşa Holdinq» alıb. Faktiki vəziyyət ondan ibarətdir ki, bu istirahət mərkəzinin qapıları kilidlənib və heç yerli sakinlər oraya ayaq aça bilmir.

Pansionatla bağlı ölkə prezidentinin də 2005-ci ildə sərəncamı var. Pansionatın təmiri «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə» Dövlət proqramına daxil edilib. Pansionat bu il əhalinin istifadəsinə verilməli idi. Lakin... Neftin sürətlə ucuzlaşdığı indiki vaxtda çətin ki, bu yaxın vaxtlarda reallaşsın.

Bu məsələ ilə bağlı Haftoni qəsəbə bələdiyyəsinin sədri Təhməz Zeynalova da üz tutduq. Onun cavabı da çox qısa oldu:

«Heç bir yenilik yoxdur».

Şərhləri göstər

XS
SM
MD
LG