Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:15

Papacanı, səfirlik bütün tədbirlərə bizi 50 manatdan aparır


Əlövsət Əliyev
Əlövsət Əliyev

- "Hətta alman dili kurslarına getmək üçün də xanımlarına icazə vermir və bununla fəxr edirlər."

"Bu real vəziyyətdir və belə insanları belə zərərli vərdişlərdən uzaqlaşdırmağa nə qədər zamanın tələb olunmasının yəqin ki, fərqindəsiniz."

"10 yaşlı qızım öz hüquqlarını müdafiə etmək üçün iki dəfə mənə Uşaq Hüquqları haqqında Avropa konvensiyasından sitat gətirib."

Günel Mövludun müsahibi Almaniyada yaşayan azərbaycanlı mühacir Əlövsət Əliyevdir.

- Əlövsət bəy, səhv etmirəmsə, iki ilə yaxındır, Almaniyadasınız. Bu müddət ərzində həyatınızda hansı dəyişikliklər baş tutub?

- Həqiqətən, bəzən insanın ağlıma gəlməyənlər başına gəlir. Xaricdə yaşamagı heç zaman düşünməmişdim. Artıq 16 aydır, Almaniyadayam.

Ölkəyə qayıtmayacağım qərarını ötən ilin oktyabr ayında verdim. Elə həmin ayda da özümün və ailəmin Almaniyada necə yaşamasıyıa bağlı bir plan hazırladım. Hələ ki, işlər həmin plana uyğun davam edir.

Bu müddətdə statusum dəyişib, hazırda Almaniyada daimi yaşayan əcnəbiyəm. Azərbaycanı tərk edən zaman orada qalan xanımım, azyaşlı qızım, hərbi xidmətdə olan oğlum bu müddətdə “ailə birləşməsi proqramı” ilə Almaniyaya gəldilər.

Onlar da Almaniyada daimi yaşamaq statusunu alıblar. Uşaqlar təhsillərini davam etdirirlər. Eyni zamanda işlə bağlı təcrübə keçirik. Bu yaşda daimi yaşadığım ölkəni dəyişmək kimi qərar vermək, əslində mənim xarakterimdə olan birisi ucun çox ciddi dəyişiklikdir.

- İnteqrasiya prosesi necə gedir? Dil öyrənmə, işləmə, ictimai fəaliyyət? Bütün bunlar hansı mərhələdədir?

- İnteqrasiya, yəni yerli şəraitə uyğunlaşmaq, əslində yaşı 50-ni keçənlər üçün uzun və çətin prosesdir. İqtisadi inteqrasiya, sosial inteqrasiya, siyasi inteqrasiya və s. üçün vaxt tələb olunur.

Həm də inteqrasiya proseslərinə münasibət şüurlu olmalıdır. Alman cəmiyyətinə tam inteqrasiya olunmaq, Almaniyanın siyasi həyatında iştirak etmək imkanını qazanmaq deməkdir.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Bunun üçün Almaniya Federativ Respublikasının vətəndaşlığını almaq tələb olunur. Almaniyada mükəmməl inteqrasiya qanunvericiliyi mövcuddur.

Həmin qanunvericiliyə uyğun olaraq ölkədə qanuni yaşayan hər bir əcnəbiyə münasibətdə xüsusi inteqrasiya planı hazırlanır və davamlı olaraq həmin proqramın icrasına nəzarət edən əməkdaş təhkim olunur.

(Bu inteqrasiya proqramlarının Azərbaycanın Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən öyrənilməsi yerinə düşərdi. Azərbaycan Hökuməti müraciət edərsə mən Almaniyada bu proqramı Azərbaycan Miqrasiya Xidmətinə yeni işə qəbul olunanlar üçün məmnuniyyətlə təşkil edə bilərəm).

Dil kurslarına gəldikdə isə hamı yaşına uyğun olaraq qruplarda dil kursları keçir. Xanımım və mən istisna olmaqla, uşaqların dil problemləri artıq yoxdur. Yaxın 6 ayda bizim üçün də bu problemin geridə qalacağına ümid edirəm.

Vətəndaşlığa qəbulla bağlı tələb olunan imtahanı uğurla vermişik və müvafiq sertifikatları almışıq. Əmək fəaliyyəti ilə məşğul olmaq sahəsində problemimiz yoxdur.

Təcrübəmə və ixtisasıma uyğun işlə təmin olmaq imkanları mövcuddur. Lakin mən ictimai fəaliyyətimi davam etdirməklə, Azərbaycan vətəndaşları üçün ictimai faydalılığımı qorumağa çalışıram. Hər gün məsləhət almaq ucun müraciət edənlər olur, imkan daxilində onları cavablandırmağa çalışıram.

Bildiyiniz kimi, uzun illərdir Miqrasiya Hüququ üzrə ixtisaslaşmışam. Təbii ki, burada da bu fəaliyyətimi davam etdirəcəyəm. Təşkilat təsis etmişəm və qeydiyyatdan keçirmişəm. Donorlarla davamlı görüşlər keçirirəm.

Bununla yanaşı, Azərbaycanda yarımçıq qalmış bəzi işlərimi buradan davam etdirirəm. Eyni zamanda, Azərbaycanlıların təşkilatlanması sahəsində dostlarla birlikdə layihələr üzərində işləyirik.

Hazırda Avropada kifayət qədər təcrübəli, savadlı, ictimai işlərə əmək sərf etməyi arzulayan soydaşlarımız və dostlarımız məskunlaşıblar. Onlarla davamlı müzakirələr aparırıq. Oktyabr ayında yeni başlayacağımız layihənin təqdimatını keçirəcəyimizi planlaşdırırıq və Avropada məskunlaşan aktiv soydaşlarımızın həmin təqdimatda iştirakını təmin etməyə çalışacağıq.

Təbii bu işdə dostlara çox güvənirəm və hesab edirəm ki onlarla birlikdə Azərbaycanlıların təşkilatlanması istiqamətdə uğura imza ata biləcəyik. Azərbaycanlıların təşkilatlanması üçün hər hansı yeni təşkilatın təsis olunmasını artıq hesab edirəm.

Lakin insanların bir araya gətirilməsini, mövcud təşkilatlardan hansınınsa ətrafında güc mərkəzinin yaradılmasını zəruri hesab edirəm. Çünki bu təşkilatlanmağa zəruri ehtiyac və sosial sifariş vardır.

Lakin vətənim Azərbaycanda hakimiyyət təmsilçilərindən gələn mənəvi böhran mövcuddur. Vətəndaşının mənəviyyatında böhran yaranmış dövlətin idarə olunmasında da ciddi problemlər yaranır və uzun davam edə bilməz. Vətəndaşı bir qarın çörək üçün, bir banan üçün meymun kimi oynadılan ölkədə vətənpərvərliyin olması mümkün deyil. Bu vəziyyətdə ictimai nəzarətə, milli ruha bel bağlamaq da axmaqlıqdır.

Azərbaycan adından əvvəl fəal, tanınmış, ... kimi ifadələr işlədilən, bir sözlə, siyasi cəhətdən fəal, hakimiyyətlə həmrəylik nümayiş etdirməyən, faydalı olmasından asılı olmayaraq müxalif fikir səsləndirən insanlar üçün təhlükəli ölkə hesab olunur.

Bu barədə çoxsaylı hesabatlarla yəqin Siz də tanış olmusunuz. Çünki Azərbaycanda bu kimi şəxslərin qorunma mexanizmi yoxdur. Yəni insanları icra hakimiyyəti orqanlarının əsassız basqısından və ya təqibindən qorumaq gücündə olan dövlət hakimiyyəti mövcud deyil.

Ölkədə müstəqil icra hakimiyyəti, qanunvericilik hakimiyyəti və məhkəmə hakimiyyəti yoxdur. Bunlar qədər əhəmiyyətli olan müstəqil mətbuat da mövcud deyil.

Bütün KİV-lər kiməsə məxsusdur və mənsub olduqları şəxslərin maraq dairəsindən kənara çıxmaq gücündə deyillər. Azərbaycanda hakimiyyətin himayəsində olmayan müəyyən istisnalarla müqavimət gücünə malik mətbuat da, sıravi vətəndaş da, məmur da qalmayıb.

Vətəndaş cəmiyyəti ilə bağlı vəziyyət də göz qabağındadır. Bu gün ölkədə hakimiyyətlə dil tapıb işləyə bilən QHT təmsilçilərinə uğurlar arzu edirəm və onların fəaliyyətinə sevinirəm.

Amma mən bunu bacarmadım. Əslində elə ona görə də xaricdəyəm. Sualın konkret cavabına gəldikdə isə, mən heç zaman aktiv olmaq arzusunda olmamışam.

Sadəcə ətrafımda baş verənlər qanunsuz olanda, onu törədənə “dayan” demişəm və ya buna cəhd etmişəm. Və çoxlarından fərqli olaraq, bunu daha çox öz ixtisaslaşdığım sahədə tətbiq etməyə çalışmışam.

Bu sahədə həqiqət hesab etdiklərimi qışqıraraq, eşidiləcək səslə deməyə üstünlük vermişəm. Burada da o işimi davam etdirəcəyəm. Bunu təkcə ehtiyacı olan insanlara yardım üçün deyil, həm də ölkənin demokratikləşməsi naminə davam etdirmək zəruridir.

Çox təəssüf ki, məmurlar ölkənin daxilində yaratdığı mənəvi böhranın qurbanı olan insanlar o problemləri özləri ilə Avropaya da daşıyıblar. Yaxın şəhərlərdən birində yaşayan bir Azərbaycanlı ilə söhbət edirdim.

Ona Azərbaycanla bağlı tədbirlərə qatılmağı təklif etdim. Dedi, əlbəttə gələrəm, istəsəniz oğlumla qızımı da gətirərəm. Razılaşsaq, əlavə iki ailə də gətirərəm. Daha sonra şərtlərinin olmasını bildirdi.

Birinci bizi maşınla aparacaqsınız, ikincisi isə hər adama tədbirdə iştirak üçün 50 Avro ödəyəcəksiniz və naharımızı verəcəksiniz. Daxilən təəccüblənsəm də, bu təəccübü gizlətməklə bu vərdişin haradan qaynaqlanmasını öyrənmək üçün dedim ki, axı 50 Avro çoxdur hər birinizə.

Dedi ki “papacanı, səfirlik bütün tədbirlərə bizi 50 manatdan aparır, yeməyimizi də, maşınımızı da verir”. Bu real vəziyyətdir və belə insanları belə zərərli vərdişlərdən uzaqlaşdırmağa nə qədər zamanın tələb olunmasının yəqin ki, fərqindəsiniz.

- Bir çox mühacirlər Azərbaycanı tərk edəndən sonra daha da azərbaycanlı olur. Yeni dəyərlər, yeni prinsiplər, yeni həyat tərzi onlara çətin görünür və onlar nəsillərdən bəri alışdıqları həyat tərzini getdikləri ölkəyə tətbiq etməyə çalışırlar. Siz neynirsiz: daha çox azərbaycanlışır, yoxsa avropalılaşırsınız?

- Mənə görə yaşayış yerini dəyişmək milli mənsubiyyətini, vətəndaşlığını və ya dini mənsubiyyətini dəyişmək deyil. Mühacirətdə olan hər bir kəs ətrafda baş verənləri gördükdən sonra dilini, dinini və təbii ki bəzi adətlərini daha diqqətlə nəzarətdə saxlamalı olur. Görünür, xaricdə, konkret olaraq, Avropada bu dəyərlərin qorunmasına daha yaxşı şərait var.

Amma bəziləri çox qısa müddətdə başqa dinlərin və ya dini cərəyanlara qoşulur, adını, soyadını, və ya mənsub olduğu digər dəyərləri dəyişir. Məcbur etməsən, Azərbaycan dilində danışmagı özünə sığışdırmayanlar da var. Məncə, insan ona irsən qanla, canla verilən dəyərləri dəyişməli və ya ondan imtina etməli deyil.

Belə sürətli dəyişmələr və ya təsir altına düşmə halları Azərbaycanda olan ciddi problemlərlə bağlıdır. Cünki bizə bizi birləşdirən dəyərlərdən çox, bizi parçalayan, bir-birimizlə düşmən edən dəyərlər təblig edilməkdədir.

Məncə, hamının sevdiyi vahid dilin, insanların mənəviyyata rahatlıq vermək gücündə olan, ehtiyacı olanları himayə edən, hakimiyyət orqanları qarşısında əyilməyən dini liderlərin olmadığı Azərbaycandan Avropaya üz tutan insanlar qısa müddətdə dilindəndə, dinindən də, vətənindən də imtina edəcəklər.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Cünki Azərbaycan uzun illərdir vətəndaşlarına bunu tədris edir. Bu yaxınlarda Turkiyədə oxuyan azərbaycanlı tələbələrin ikinci kursdan sonra dini qruplaşmalara qoshlmaları haqqında məlumatla tanış oldum və heç təəccüblənmədim.

Cünki Azərbaycanda təqdim olunan İslam daha cox ölülər üçündür. Avropada hətta ibtidai sinifdə ilahiyyat dərsi keçirilir. Proqrama görə bütün dinlər haqqında həmin dərsdə məlumat verilir. Təbii ki, uşaqlar həmin ərazidə olan kilsəyə də, sinaqoqa da, monastırda da, məscidə də aparılırlar.

Azərbaycanlıların əksəriyyəti bu dərsə uşaqlarını buraxmırlar. Tanıdığım bəzi ailələr burda da xanımlarını ev xanımı kimi saxlamaqda davam edirlər, hətta alman dili kurslarına getmək üçün də xanımlarına icazə vermir və bununla fəxr edirlər.

Avropada status almaq ucun də müəyyən dini cərəyanlara qoşulan sonra isə bundan xilas ola bilməyən insanlar da az deyil. Amma şükür ki müəyyən müddətdən sonra bunlar unudulur. İnteqrasiya vərdişləri tərk etdirə bilir.

- Sualımı bir az da inkişaf etdirim. Demək olar ki, bütün övladlarınız da Avropadadır. İndi onlarla bir azərbaycanlı, yoxsa avropalı ata kimi davranırsınız?

- İlyas İsmayılov ədliyyə naziri işlədiyi zaman Respublika müşavirəsi keçirilirdi. Tədbir indiki Heydər Əliyev sarayında idi. Müşavirədə ona sifarişli hücumlar olduğunun şahidi oldum. İlyas müəllim çox dəyər verdiyim insanlardan biridir ona görə də Ədliyyə nazirliyinə onun yanına getdim.

Onun otağında olduğum zaman Sankt-Peterburqdan oğlu zəng etdi və vəzifədən çıxarılması təhlükəsi haqqında narahatlığını atasına dedi. O da “ay oğul, məni atalıqdan çıxarmırlar ki, sən narahat olursan. Vəzifədir, olar da, olmaz da, narahat olma” cavabını verdi.

Yaşayış yerinin dəyişməsi övladlara münasibəti dəyişmir. Sadəcə, Almaniyada 18 yaşdan sonra uşaqların ayrıca yaşamaq hüququ yaranır və bu iddiada olan uşaqlar müvafiq mənzillə təmin olunurlar. Bu da həqiqətdir ki, uşaqlar valideynlərdən çox yaşadıqları zəmanəyə oxşayırlar.

Mən təbii ki, hər zaman uşaqlarımla azərbaycanlı kimi, müsəlman kimi rəftar edəcəyəm. Onlar da yəqin ki mənimlə almansayağı azərbaycanlı kimi rəftar edəcəklər. Hər halda, 10 yaşlı qızım öz hüquqlarını müdafiə etmək üçün iki dəfə mənə Uşaq Hüquqları haqqında Avropa konvensiyasından sitat gətirib. Yəni uşaqlar sözsüz ki, Avropalı kimi böyüyəcəklər.

- Qürbətdə darıxır, vətən nisgili çəkirsiniz, yoxsa, irəli baxır və gələcəyinizi Avropada görürsünüz?

- Azərbaycan mənim vətənimdir. Mən o ölkədə, Yardımlıda, Hamarkənd kəndində və nəhayət, Rüstəmxanlılar ailəsində doğulmuşam. Orada böyümüşəm, təhsil almışam, valideynlərim orada dəfn olunub. Xoş xatirələrim daha çox məhz Azərbaycanla bağlıdır. Ora mənim üçün müqəddəsdir.

Həm də bu sadəcə söz deyil, mən Azərbaycanı ərklə kənd-kənd gəzən az adamlardanam. Astaranın Şindan Qalasından başlamış, Qusarın Ləzə kəndinə kimi, Laçının Minkəndindən və ya Şuşanın Turşsuyundan başlamış, Biləsuvarın və ya Neftçalanın qışlaqlarına qədər hər yerindən zövq almağı bacarmışam.

Hər həftəsonu mən Azərbaycanın bölgələrinə getmək, kəndlərinin birində gecələmək, hətta istədiyim həyətin qapısını ərklə döyməkdən çəkinməmişəm. Azərbaycanın istənilən kəndində təndir yanında maşın saxlamaqdan və təndir çörəyi ğötürməkdən, istənilən kənddə tanımadıgım qapını döyüb yaşayış şəraitləri ilə tanış olmaq arzumu çəkinmədən bildirmişəm.

Bundan sonra heç bir ölkəyə bu həddə qədər inteqrasiya olunmaq mümkün olmaz mənə. Ümumiyyətlə, təbiətimə görə ictimai adamam Dostlar və qohumlarla bir arada olmaqdan, onların xidmətində dayanmaqdan həmişə zövq almışam. Bu mənada narahatçılıqlarım var. Bütün bunlara baxmayaraq, özümün ailəmin deyil, bütün Azərbaycanın dələcəyinin Qərb dəyərlərinə inteqrasiya olmadan inkişafını görmürəm.

- Avropada üçüncü dünya ölkəlrindən gəlmiş ziyalılara qısqanc münasbət barədə miflər var. Guya avropalılar ölkələrinin iqtisadi, siyasi, mədəni həyatında gəlmələri istəmirlər, mühacirlər isə ancaq fiziki iş üçün lazımdır. Siz bu qısqanclığı, bu yanaşmanı hiss edirsinizmi?

- Bütün ölkələr ilk olaraq öz vətəndaşlarının mənafeyini müdafiə edirlər. Almaniyada əcnəbi alman vətəndaşının iddia etmədiyi iş yerinə iddialı ola bilsə də, orada işə Alman vətəndaşının iddiası olmadığı halda düzələ bilər.

Bu qısqanc münasibət deyil, qanunvericiliyin tələbidir. Hətta Azərbaycan qanunvericiliyində də bu norma mövcuddur. Avropada qısqanc münasibətin şahidi olmamışam. Həm də hüquqi dövlətlərdə belə məsələlər münasibətlə deyil, qanunla tənzimlənir.

Alman iqtisadiyyatında immiqrantların çəkisi kifayət qədərdir və bu, sürətlə artmaqda davam edir. Almaniyanın siyasi həyatinda ugur qazananlar da kifayət qədərdir, Alman vətəndaşlığını əldə edən hər kəsə Almaniyanın siyasi həyatı tam açıqdır.

Mədəni həyat da eynən belədir. Hamıya bərabər şərait yaradılıb. İnteqrasiya proqramları çox şəffafdır. Kim daha çevikdirsə, daha tez alman dilini öyrənirsə onun işlə bağlı problemi təbii ki yoxdur.

Əgər dünyada mövcud demoqrafik vəziyyətlə tanış olsanız bəzi ölkələrdə doğumun surətlə azalmasının şahidi olarsınız. Məhz buna görədir ki, bəzi ölkələr xüsusilə Avropa ölkələri əcnəbilərə dözümlü yanaşır, Almaniya Almanların və ya qarışıq almanların, İsrail yəhudilərin, Rusiya rusların, Gürcüstan gürcülərin sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etməsinə şərait yaradır.

Yəni Avropa bunun fərqindədir və ona görə də immiqrantlara dözümlü yaşanmağa həm də məcburdur. Bu gün dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr daha çox immiqrasiya ölkələridir. Mühacirlər dil öyrənənə və mükəmməl təhsil alana kimi fiziki işlə məşğul olmalıdırlar.

Knut Hamsun
Knut Hamsun

Bu, elə Azərbaycanda da belədir və normaldır. Hər bir azərbaycanlı inteqrasiya olunmağa calaşmalı və bütün imkanlarını səfərbər edərək təhsil almalıdır. Yəqin ki, Knut Hamsunun "Torpağın bərəkəti" romanını oxumusunuz. Dünya ədəbiyyatının ən monumental əsərlərindən biri hesab edirəm bu əsər, hətta cəngəlliklərdə də xoşbəxt həyat qurmağın mümkün olması ide­ya­sını irəli sürür və sübut edir. İsaak və ailəsi məskunlaşdığı torpağa bağlı olduğuna görə, həyatın çətinliklərinə və sınaqlarına əzmlə sinə gərir və uğur əldə edir.

Hərə öz işi ilə məşgul olarsa, Avropada da beləcə ugurlara imza atmaq mümkündür. Təkcə son bir il ərzində Azərbaycandan olan yüzlərlə iş adamı Almaniyaya sərmayə qoyub.

XS
SM
MD
LG