Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

- Şeir

Günəş şüaları qədər sərhədsiz

Meşələr qədər sıx və qalın.

İnsanlar qədər müxtəlif və fərqli.

Sənin qədər mənasız və vecsiz

sevmək lazımdır səni....

Sən məndəsən

İçimdə alovlanır adın

Gözümün önündə boz surətin

İşıqlı gələcəyimə çatmadan

Məhv olan

Qırılan

Öldürülən ümidlər

İntihar edən duyğuların

Daşlaşmış vicdanın

Anasısan sən, sevgilim

Öncəki sevgilim

İndiki heç kimim...

Şəhərdə ucalan binalar kimi

Kimsəsiz

Yiyəsiz

Barlarda məhv olan vücudlar kimi

Pozğun

Çürümüş

Üşümüş

Qəlbimin aynasından boylanaraq

Sevgidən nifrətə çevrilən

Siluetinə baxsana sevgilim

Azadlığın qurbanı

İnadkarlağımın qazancı

Gələcəyimin yoxluğu

İndi kiminsə sevgilisi

Ya da heç kimi olan sevgilim.

Ayaqların altında əzilən ideoloji boşluqlardan

Saf-çürük edilməmiş gicliklərdən

Mobil telefonun sms bölməsindəki şitliklərdən

Facebookdakı bicliklərdən

İnternetdəki rəzilliklərdən sonra

Özümü ən alçaqların yanında utandırdıqdan sonra

Uşaqlıqla yeniyetməliyi tərk etdiyimi anlamadığım zamanlarda

İndi də özümə sığışdırmadığım o anlarda

Sən məndən yararlanıb

Sevgimlə oynadın, o zamankı sevdiyim.

Necə bir bənna bünövrəsi yarımçıq binadan

Bir müəllim savadsız bir tələbədən

Küçədəki dilənçi uşaqlar yarıtmaz valideynlərdən məmnunsa

Mən də o bənddə məmnun idim

Yalanlarımdan

Rəzilliyimdən

Və sonrakı peşmançılıqlarımın təməlindən.

İndi ki sən yoxsan

Mən də çox dəyişmişəm

Gözümdə ölüb

Beynimdə sönüb

Ürəyimdən

Daha doğrusu ehtiraslarımdan rədd olduğun üçün

Minnətdaram

Gələcəkdə subay qalacaq

Ya da kiminsə yatağında olub

Uşaqlarını dünyaya gətirəcəyi

Eks sevgilim...

Dünyanın məhv olmuş nizamından

Ədalətin olmadığı ulusların yalanından

Qarımış qızların bəkarətindən

Qudurmuş insanların sadəliyindən

Daha az inandırıcıdır

Mənim kiminləsə evlənib

Birisiylə uzun illər yaşaya bilmə ehtimalım.

Kitab varsa

Fəlsəfə oxu

Azad ol

Həyatına bax

Eyni insana eyni hissləri

Hər zaman

Hiss etmək

Zorunda deyilsən

Çünki sən insansan

Bu həyatda sən yalnız

Bir dəfə olacaqsan

Heç vaxt olmayacaq sevgilim!

Tural İsmayılov

Günün bütün mövzuları

XS
SM
MD
LG