Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:08

Erdoğan-ın seçki oyunu


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

-

Prezidentin şıltaq hakimiyyət məşqi ölkəni xaosa sürükləyə bilər; Türkiyənin ambisiyalarını ödəyən kəmər; Putin ərzaq tayalarını niyə yandırır? – 26 avqust Qərb mediasının icmalı.

«Financial Times» Türkiyədə noyabra təyin olunmuş parlament seçkilərindən yazır. Bildirilir ki, seçicilər hakim AKP-yə çoxluğu qazanmaq imkanı verməyəndən sonra əsas müxalifət partiyası ilə koalisiya üzrə razılıq əldə olunmadı və prezident Recep Tayyip Erdoğan ikinci seçkini təyin etdi.

«Ancaq koalisiya danışıqları bir məzhəkə idi. Cənab Erdoğan artıq ağlında tutmuşdu ki, türklər daha bir cəhd etsinlər. Ötən ay o, PKK ilə müharibəyə başladı. Bu kampaniya,

görünür, millətçilərin səsini qazanmağı hədəfləyir. Digər tərəfdən isə kürdpərəst partiyanı terrorçular kimi qələmə vermək istəyir. Bu partiya onun təkadamlıq idarəçiliyi üçün super-çoxluğu qazanmaq planlarını alt-üst etdi».

FT yazır ki, prezidentin şıltaq hakimiyyət məşqi Türkiyəni xaosa sürükləyə bilər. Rəy sorğuları noyabrda AKP-nin daha yaxşı nəticə əldə edəcəyini göstərmir. Hazırda hakim partiyanın çoxluğu qazanması üçün 18 yer çatmır. İyun seçkisində parlamentə düşmüş kürdpərəst HDP isə 10 faizi təkcə kürdlərin hesabına yığacaq, bu səslərin AKP-yə veriləcəyini düşünməyə heç bir əsas yoxdur.

Türkiyə PKK-ya zərbələri davam etdirsə də, ölkəni İŞİD-in hücumlarından qoruya biləcəyi real görünmür. «Türkiyə iqtisadiyyatında durğunluq yaranır, lirə düşür, xarici borc artır, bu halda ölkə qarışıq duruma daha zəif duruş gətirə bilər. Parlament yenidən seçilsə də, prezidentə qarşı bir təpki var. Konstitusiya Məhkəməsi onun minlərlə hazırlıq kursunu bağlamaq qərarını ləğv etdi. Ancaq türk seçicisinin Erdoğan hakimiyyətinə son qoymaq şansı var – iyunda dediklərini yenidən, daha aydın şəkildə təkrarlasınlar».

Rusiya Türkiyənin təbii qaz ehtiyacını ödəyən ən böyük mənbədir.
Rusiya Türkiyənin təbii qaz ehtiyacını ödəyən ən böyük mənbədir.

TÜRKİYƏNİN AMBİSİYALARINI ÖDƏYƏN KƏMƏR

«Türkiyə «Türk Axını» kəməri üzrə «Gazprom»la danışıqlarında üstünlüyündən yararlanıb Rusiya təbii qazına ciddi endirimlər istəyəcək. Bu ölkə uzunmüddətli strategiyanın bir hissəsi olaraq digər kəmər layihələrini də irəlilətməkdə davam edəcək. Qonşuları üzərində təsiri artırmaq məqsədilə regional enerji tranziti mərkəzi kimi mövqeyini rahatlayacaq». «Stratfor» Araşdırmalar Mərkəzinin təhlilində belə deyilir.

Bu dəfə «Stratfor» «Cənub Axını» layihəsinin varisi olan «Türk Axını»nı (TurkStream) Türkiyənin perspektivindən nəzərdən keçirib.

Yazıda qeyd olunur ki, Avropa və Rusiya Avrasiyada siyasi təsir uğrunda mübarizə aparır və «Türk Axını» bu döyüş meydanlarından biridir. Ancaq özünün regional ambisiyaları olan Türkiyə Yaxın Şərq, Avropa və Asiyanın kəsişməsində vacib enerji tranzit qovşağı kimi mövqeyini sakitcə qorumağa çalışır.

«Türkiyənin bu kəmərdə mövqeyi Avropa və Rusiyanınkı kimi birbaşa deyil. Qısası, Türkiyənin enerji resursları yoxdur və həmişə ehtiyaclarını ödəmək üçün idxaldan asılı olub. Türkiyə sənayeləşdikcə, regional qüvvəyə çevrildikcə, enerji ehtiyacları da çox güman ki, sürətlə artacaq».

Rusiya Türkiyənin təbii qaz ehtiyacını ödəyən ən böyük mənbədir. Ankara bu asılılıqdan elə də xoşlanmasa da, başqa yolu yoxdur, sonucda «Türk Axını»nı seçməli olacaq. «Ancaq «Gazprom»a təzyiq göstərməyə çalışacaq ki, bu dəstək əvəzində Türkiyəyə qazın qiymətində böyük güzəşt olunsun».

«Türk istehsalçısına ucuz qaz çatdırmaqla yanaşı, «Türk Axını» Türkiyənin uzunmüddətli niyyətlərinə də töhfəsini verəcək, o, özünü Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində əsas enerji tranzit qovşağı kimi saxlayacaq. Türkiyə ümid edir ki, daha sonra bu yeni rolu daha geniş regionda tərəfdaşlıqlara çevriləcək, nüfuz dairəsi genişlənəcək».

Sanksiyaya düşmüş xarici ərzaq məhsulları məhv edilir.
Sanksiyaya düşmüş xarici ərzaq məhsulları məhv edilir.

PUTIN ƏRZAQ TAYALARINI NİYƏ YANDIRIR?

«Newsweek» bu yay Rusiyada Avropa ərzağının – pendir, donuz əti, meyvənin məhv edilməsindən yazır.

«Bu məhvetmə prosesindən narazılıq yaransa da, hökumət rəsmiləri ictimaiyyətə qaçaqçılıq məhsulları barədə xəbərdarlıq edir və deyir ki, Rusiyada kənd təsərrüfatı çiçəklənmə üzrədir».

«Kremlin hərəkətlərini sabotaj, səfehlik, ümidsizlik, daha mühüm məsələni ört-basdır etmək cəhdi kimi yozanlar tapıldı. Ən böyük cavabsız sual isə əhalinin nə deyəcəyidir. Keçmişdə dəhşətli aclıq keçmiş bir ölkə sadəcə dayanıb ərzağın yandırılmasına tamaşamı edəcək? Bu, rejimin populyarlığına təsir göstərəcəkmi?».

«Kremlin problemi ondadır ki, Qərbin Rusiyaya qarşı sanksiyaları işləyir, ancaq Rusiyanınkılar işləmir. Prezident Putin əmrlərinin yerinə yetirilməsinə nail ola bilmir… Nəticədə Kreml yeganə cavabı ərzağı yandırmaqda görür. Ərzaq uşaq evlərinə verilə, yaxud mal-qaraya yedizdirilə bilməzdi. Belə bir qərar verilsəydi, Rusiyanın indiki korrupsiya səviyyəsi onun yenidən satışa çıxarılmasına yol açacaqdı, uşaqlar, qocalar və ya mal-qara həmin ərzağın üzünü görməyəcəkdi. Rusiyaya, Donbasa və ya Ukraynaya göndərilən humanitar yardım da eyni günə düşür - bir hissəsi paylanır, bir hissəsi oğurlanır ya da satılır».

Yazıda o da qeyd olunur ki, ərzağın yandırılmasına görə ictimaiyyətin qəzəbli reaksiyasını gözləməyə dəyməz. Rəy sorğuları əhalinin bu məsələdə hökuməti dəstəklədiyini göstərir.

XS
SM
MD
LG