Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27

.

Bosniya və Hersoqovinada "Bosanka" meyvə emalı zavodunun istifadəyə verilməsini əhali səbirsizlilklə gözləyir. Yerli mənbələr yazır ki, Azərbaycanın “Benkons” şirkətinin yerli filialı ötən ilin yayında tikintisinə başlanan, vaxtilə hərbi kazarmanın yerləşdiyi və hökumətdən neçəyə alındığı bilinməyən bu zavodda 30 milyon avro sərmayə hesabına 250 nəfər daimi işlə təmin olunacaq.

Amma bu, sentyabr ayında 7 illiyini qeyd edəcək Azərbaycanda az tanınmış “Benkons” şirkətinin ölkədən kənarda investisiya fəaliyyətinin nə birincisi, nə də sonunçusudur.

Bosniyanın Doboy şəhəri sakinləri “Benkons” şirkətinə onları iş yeri ilə təmin edən, yetişdirdikləri meyvə və tərəvəzin emalı üçün zavod açan xilaskar kimi baxırlar. Bu da təbiidir: Avropanın azgəlirli ərazisində yaşayan əhali üçün bu şirkətin çoxmilyonlu sərmayəni harada və necə qazandığı heç bir əhəmiyyət daşımır. Zavodun bu ilin sonunda tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Payızda açılması gözlənən Bosanka zavodu

Payızda açılması gözlənən Bosanka zavodu

Şirkətin özündə də maliyyə məsələləri və sahibləri haqda danışmağı sevmirlər. Hərçənd, son illər ərzində onun ətrafında yeni-yeni şirkətlər yaranıb və faktiki olaraq iri beynəlxalq qrupa çevrilib. Bir çox açıq mənbələr isə “Benkons Group”-un Azərbaycanın ən iri maliyyə-sənaye qruplarından olan “Gilan Holding” şirkətlər konqlomeratının sıradan üzvü olduğunu təsdiq edir. Bəzi mənbə “Gilan Holding”-ə yüzlərlə şirkət, müəssisə və obyektin daxil olduğunu yazır.

“GILAN”-IN PEYKI

2008-ci ildə 100 manat kapitalla yaradılan “Benkons” MMC bir müddət sonra adını ölkənin ən iri idxalçısı və distribusiya şirkətləri sırasına yaza bildi. Hazırda o, 30 ölkənin 40-dan artıq şirkətinin istehsalı olan ərzaq məhsullarının rəsmi və eksklüziv distribütorudur. Azərbaycan itqisadiyyatını təhlil edən bir çox analitiklər bu fikirdədirlər ki, iqtisadi azadlıqların məhdudlaşdırıldığı bir ölkədə qısa müddətdə bu nailiyyəti əldə etmək hakimiyyətdə “arxaya” malik olmadan mümkün deyil.

Şirkətin təsisçisi Həmid Həmidov indi də onun direktorudur. Oliqarxiyanın biznesdə dərin təmsil olunduğu bir çox ölkələrdəki kimi, Azərbaycanda da şirkətin təsisçisi bir çox hallarda onun son gəlir götürən tərəfi olmaya bilər. Azərbaycan KİV-i iddia edir ki, şirkət “Gilan Holding” qrupuna daxil olub. Holdinq bu fikirləri inkar etməyib.

Əslində şirkətin fəaliyyətinin bir çox məqamları onun Azərbaycanın ən iri oliqarxlarından biri olan fövqəladə hallar naziri Kamaləddin Heydərovun nəzarət etdiyi “Gilan Holding”ə bağlı olduğunu dolayısıyla təsdiq edir. Bu gün “Benkons” MMC-yə kimin faktiki sahiblik etdiyi haqda AzadlıqRadiosunun sorğusuna isə cavab verilməyib.

"Benkons"un Facebook səhifəsi

"Benkons"un Facebook səhifəsi

“Benkons Bosna” şirkətinin direktoru olan Elin Zalov həm də “Gilan Holding”-ə məxsus Qəbələ konserv zavodunun ixracat üzrə müdiri vəzifəsində çalışır. Bu il Rosselxoznadzor Elin Zalova “Yüksək keyfiyyətə görə” fəxri medalını təqdim edib. Medal Rusiyada 22-ci Beynəlxalq “Prodekspo-2015” sərgisində nümayiş olunan məhsullar görə təltif olunub. Medalın sertifikatında E. Zalov “Gilan Holding”-in ixracat direktoru kimi təqdim olunur.

Buna görə qəribə deyil ki, “Benkons Group”-a daxil olan şirkətlər sosial şəbəkələrdə özlərinin “Gilan Holding”-ə bağlılığını gizlətmir.

"BENKONS" AZƏRBAYCANDA

Bu gün dükanların piştaxtalarında gördüyümüz bir çox ərzaq və məişət malları markalarını ölkəyə “Benkons” gətirir. Bir çox iş adamının idxal zamanı üzləşdiyi çoxsaylı çətinlik və maneələri nəzərə alsaq, şirkətin bu uğurunu fövqəladə hallar nazirinin bundan öncə gömrük orqanına başçılıq etməsi ilə əlaqələndirmək olar. Bəziləri deyirlər ki, keçmiş komitə sədri hələ də “əlini” Dövlət Gömrük Komitəsini üstündən çəkməyib.

“Фруктовый сад”, “Привет”, “Я”, “Тонус”, “Sandora”, “САДОЧОК”, “Juss” və “Pfanner” meyvə şirələri və nektarları;

“Ессентуки”, “Рычал-Су”, “San Benedetto” və “Sparea” mineral suları;

“Чудо”, “Савушкин”, “Домик в деревне”, “Веселый молочник”, “BioMaks”, “Фругурт”, “Rokiskio SURİS”, “Lamber” və “Ülker” markalı süd və süd məhsulları;

“Агуша” və “Здрайверы” uşaq qidaları;

“Lays” və “Adazu” çipsləri, “Troyka” enerji içkisi, eləcə də “Gosia”, “York”, “Rozenbal” və“York Prestige” təmizləyici vasitələr və ev əşyaları “Benkons” MMC vasitəsilə Azərbaycana daxil olur.

Bir çoxları xatırlayır ki, 2007-ci ildə “Gilan”-ın “Jalə” meyvə şirələri bazara daxil olarkən, idxal mənşəli meyvə şirələrin gətirilməsinə gömrükdə süni maneələr yaradılırdı, nəticədə qiymətlər birə iki bahalaşmışdı. “Benkons” bazara daxil olandan sonra problem sanki yoluna qoyuldu.

“Benkons” yüklərin daşınması və çatdırılmasını öz logistika xidməti vasitəsilə həyata keçirir. Şirkətin avtoparkında müxtəlif yükgötürmə qabiliyyəti olan və GPS sistemi ilə əlaqələndirilmiş 200-dən artıq nəqliyyat vasitəsi var. Bundan başqa, “Benkons” Azərbaycanda 8000 м2 anbar sahəsinə sahibdir. Təkcə bu iki faktlar onun bazarda çəkisi haqda çox şey deyir.

Yaradılmasından 3 il sonra “Benkons” şirkəti “Mars Overseas Baku ltd” müəssisəsinə yiyələndi. Beləliklə, dünənədək heç kəsin tanımadığı bir şirkət 2011-ci ildən “PepsiCo International” şirkətinin Bakıda strateji tərəfdaşına çevrildi. Hazırda Pepsi markalı sərinləşdirici məhsulların Azərbaycanda istehsal və satış hüququ ona məxsusdur.

Sosial şəbəkələrdə şirkət geniş çeşiddə kosmetika və parfümeriya məhsullarının, eləcə də saça qulluq vasitələrinin ticarəti ilə məşğul olduğunu açıqlanır.

Şirkət o qədər “böyüyüb” ki, artıq digər şirkətləri də “udur”. Bu ilin iyulunda“Qafqaz Suppying” şirkəti “Benkons Supplies” MMC adlanmaqla qrupun üzvünə çevrildi. Bu şirkət də xarici ticarət əlaqələri ilə məşğuldur.

HƏLƏ TİKİNTİ DƏ VAR

Fəaliyyətinin dördüncü ilində şirkət inşaat sektoruna da girişdi və “Benkons İnşaat” MMC yaradıldı.

“Çörək Zavodu №1”-i, Lənkəran konserv zavodunu, Qəbələ Futbol Akademiyasının binasını, Qəbələ limonad və çips zavodlarını, Qəbələ soyuq meyvə deposunu (hamısı ”Gilan” qrupuna daxildir) “Benkons” tikib.

Bakı və ölkənin regionlarındakı bir çox supermarketlərin (Makromarket, Bolmart, Favorit, Fresco, Grand Mart, Bizim Market, Araz və s.) daxili ticarət avadanlığını bu şirkət qurub. “Avromed” şirkəti üçün Bakıda, “Veysəloğlu” şirkəti üçün isə Mingəçevirdə məhsul anbarlarının, həmçinin “Gilan Pasific Tikinti Materiaları” zavodunun tikintisində metal konstruksiyaların qurulması da onun işidir. Hazırda “P&G Engin - YOM Azərbaycan” şirkəti üçün Xırdalanda 50 min m2-lik anbar tikilməkdədir.

Şəki, Zaqatala, Qax və Balakən rayonlarında yanğından mühafizə hissələrinin (FHN-in tabeliyindədir) layihələndirilməsini və tikintisini “Benkons İnşaat” həyata keçirib. Lakin dövlət büdcəsindən maliyyələşən bu layihələrin yerinə yetirilməsi üçün şirkətin “Dövlət satınalmaları haqqında” qanuna uyğun seçilməsini təsdiq edən məlumatı nə FHN, nə də Satınalmalar üzrə Dövlət Agentliyi təqdim edir.

Bundan başqa, “Benkons İnşaat” dövlət vəsaitləri sayəsində ərsəyə gəlmiş“Baku Crystal Hall”, Balaxanı tullantıların emalı zavodu, Azərbaycan Film Fondu və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin tikintisi və yenidən qurulması işlərində iştirak edib.

Şirkət öz korporativ saytnda yüzlərlə çeşiddə qeyri-ərzaq və inşaat materiallarının idxalı və satışı, eləcə də tikinti fəaliyyəti ilə məşğul olduğunu göstərir.

Şirkətin tikinti fəaliyyəti Azərbaycanın hüdudlarını aşaraq onu bir neçə ölkədə Azərbaycan sərmayəçisi kimi tanıtmaq imkanı verib.

“Benkons” şirkətinin yayılma coğrafiyası

XARİCİ EKSPANSİYA
Latviya

“Benkons” şirkətinin xarici ölkələrdə ilk yatırımı Latviyanın Riqa şəhərindəki “Hotel de Rome” mehmanxanasıdır. Qədim tarixə malik altımərtəbəli otelin alınması şirkətin bu ölkədə 2011-ci ildə qurulan filialı vasitəsilə həyata keçirilib. Şirkət iki ilə ərzində bu ölkədə sərmayə imkanlarını arıyıb və nəhayət, filiala rəhbərlik edən Latviyanın keçmiş daxili işlər naziri Linda Abu Merinin koməyi ilə bu otelə və onun yerləşdiyi torpağa sahib olub.

2013-cü ildə bağlanmış alqı-satqı əqdi şirkətə 9,2 milyon lata və ya o zamankı məzənnə ilə 17 milyon ABŞ dollarına başa gəlib. Latviya mənbələrinə görə, bu, 2013-cü ildə ölkədəki ən iri əmlak ticarətlərindən biri olub. Hazırda 88 müxtəlif səviyyəli nömrədən ibarət otelin yenidən qurularaq 4 ulduz əldə etməsinə yəqin ki bir neçə milyon dollar əlavə sərmayə yatırmaq lazım gəlib.

Rusiya

“Benkons” MMC-nin Rusiyaya gəlişi 2013-cü ilin sonuna təsadüf edir. Moskvada ofisini açan şirkət əsasən “Gilan”-ın Azərbaycandakı (Qəbələ, Quba, Lənkəran) konserv zavodlarının istehsalı olan meyvə şirələrinin və meyvə-tərəvəz konservlərinin(“Jalə”, “Bağdan” və «Золотой сад») bu ölkəyə ixrac ilə məşğul olur. Bu haqda şirkətin Rusiyadakı saytı olan xəbər verir.

Amma şirkət Rusiya bazarına dərindən nüfuz etməkdədir.

“Benkons” artıq Tatarıstanda və Tuva Respublikasında da sərmayələr yatırmaqdadır.

Tatarıstan mənbələri yazır ki, “Benkons İnşaat” 2014-cü ildə Kazanda Tatarstanın İnvestisiyaların İnkişafı Agentliyi ilə anlaşmaya dair saziş imzalayıb. Sənədin təfərrüatını açqılayan digər yerli KİV orqanı isə bildirir ki, söhbət Laişevo rayonunda şirə istehsalı zavodunun və logistika mərkəzinin tikintisindən gedir.​

BUNLARI DA OXU:

K.Heydərovun oğulları böyük biznesdə
Britaniyalı deputatların Azərbaycana müəmmalı ödənişli səfərləri
Gips ixracı: Vergidən yayındırılan milyonlar
Zaqatalada bərpa çəkuzantısı

Amma Tatarıstanda sərmayə planları hələ ilkin müzakirə mərhələsindədirsə, Tuvada işlər böyük sürətlə davam etməkdədir. Bəzi ekspertlər deyirlər ki, biznesin Azərbaycandan min kilometrlərlə uzağa gedib çıxması Kamaləddin Heydərovun Rusiyadakı keçmiş həmkarı Sergey Şoyqu (hazırda müdafiə naziri) ilə dostluq münasibətlərindən qaynaqlanır.

2014-cü ilin sentyabrında keçirilmiş torpaq hərracında “Benkons” MMC Qızıl şəhərində, Yenisey çayının sahilində yerləşən 2160 m2 torpaq sahəsini mehmanxana tikintisinə istifadə hüququ ilə satın alıb. Azərbaycandan fərqli olaraq Rusiyanın bu ucqar subyektində ictimai məlumatlar açıqdır və oradan məlum olur ki, şirkət ilkin qiyməti 2 milyon738 min rubl olan torpaq sahəsinə 136900 rubl artıq ödəməklə sahib olub.

Torpaq satın alındıqdan sonra vaxt itirilmədən tikinti işlərinə başlanılıb. Otelin tikintisi sürətlə davam etməkdədir. Tuva mətbuatı “Benkons” MMC-nin buradakı nümayəndəsi Şərif Hacıyevə istinadən yazır ki,”Qafqaz” mehmanxana kompleksi 2016-cı ilin oktyabrında istifadəyə hazır olacaq. Məlumdur ki, “Gilan” MMC-nin “Gilan Turizm” qolunun Azərbaycanda (Bakı və Qəbələ) “Qafqaz” otellər şəbəkəsinə ən azı 7 otel daxildir və otel tikintisi davam etməkdədir.

Layihəyə görə, burada 2-si prezident otağı olmaqla, 302 nəfəri qəbul etməyə imkan verən 140 nomrə olacaq. Bundan əlavə, 4 ulduzlu olmağa iddia edən mehmanxanada ofislər kirayə etmək üçün otaqlar, konfrans və fitnes zalları, restoran və digər infrastruktur olacaq. “Benkons” MMC-nin bu layihəyə sərmayəsi 50 milyon ABŞ dolları təşkil edəcək. Sərmayənin 10 ilə geriyə qayıdacağı hesab edilir.

“Benkons” mehmanxanaya paralel olaraq Tuvada beton zavodu da inşa edir. Zavod artıq istismara hazırdır. Saatda 180 ton beton istehsal etmək gücündə olan müəssisəyə 2 milyon dollar yatırılıb. İstehsalın təşkili üçün şirkət Tuva hökumətindən Boomda yerləşən qum və qum-çınqıl hasilatına yararlı iki yatağın istismar lisenziyasını əldə edib.

Şirkətin Tuvadakı biznesi bununla birmir. Qarşıya qoyulan planlar arasında gündə 200 min ədəd kərpic istehsal edə bilən zavodun qurulmasıdır. “Benkons” kərpic zavodunun tikintisinə 6 milyon dollar qoymağı planlaşdırır.

Artıq bu gün “Benkons” Tuvanın ən iri sərmayədarlarından biridir. Hökumətin hesablamalarına görə, “Benkons” da daxil olmaqla regiondakı üç şirkətin 2015-ci ilin altı ayında iqtisadiyyata sərmayələri toplam olaraq 1,3 milyard rublu aşır.

Almaniya

2013-cü ilin avqustunda Berlində Marburger,12 ünvanında qeydiyyatdan keçən “Benkons” GmbH şirkəti bu ilin aprelində yeni məkana - Kurfürstendamm 193 G köçüb. Şirkətin bu ölkədəki fəaliyyəti haqda çox az məlumat var. Onun sosial şəbəkədəki səhifəsindən Paulaner pivəbişirmə şirkəti ilə əmakdaşlıq etdiyi, eləcə alman arxitektoru Olaf Kitzig ilə inşaat layihəsi üzərində çalışdığı yazılır. Olaf bu ilin yanvarında Almaniyadakı “Benkons”-a başçılıq edən Nadiya Porub ilə Bakıda olub.

Almaniya arxitektorlar plantormasının məlumatına görə, “Barefoot Design” şirkəti “Benkons” GmbH şirkətinin şifarişilə Camberland-hausu müasir üslubda təmir edib.

Nadiya Porub

Nadiya Porub

Şirkət Almaniyada qurularkən 25 min avro vəsaiti olub. 2013-cü ilin sonuna onun maliyyə imkanları 4 dəfə artaraq 106,4 min avroya çatıb. Amma şirkət gəlir qazana bilmir və qoyulan pulun yarısı zərərə gedib.

“Benkons”-un Almaniyadakı fəaliyyətinin ən diqqətçəkən tərəfi ona rəhbərlik edən xanımla – 26 yaşlı Nadiya Porubla bağlıdır. Bu yaraşıqlı xanım dəfələrlə Bakıda və Qəbələdə istirahətdə olub və xoş xatirələrini öz facebook səhifəsində dostları ilə paylaşır. “Çinar” çin restoranı, “Delicia” ispan restoranı, “Emporium Baku” dəb geyimləri dükanı, “Chic-Chic” gözəllik salonu Nadiyanın Bakıda ən sevimli məkanlarındandır.

O,2013-cü ilin iyulunda Qəbələ Riverside Hoteldə, Fore Season Baku və s. yerlərdə qalıb. Hazırda Nadiya Porub yenidən Bakıda öz tərəfdaşları ilə görüşlərdədir. Güman etmək olar ki, səfər “Benkons” şirkətinin yeni layihələrinə yol açacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG