Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:48

-

Ötən həftə banklarda və valyutadəyişmə məntəqələrində dollar qıtlığı əhalidə fevraldan sonra ikinci devalvasiya olacağı təşvişi yaradıb. Elə iqtisadçılar da manatın ikinci dəfə ucuzlaşacağından tez-tez danışır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev AzadlıqRadiosunun suallarını cavablandırır.

– Samir bəy, həftənin əvvəlindən dollar manata nisbətən ucuzlaşır. Ancaq əhalidə təşviş, banklarda isə dollar qıtlığı qalır. Bu prosesin davamını necə görürsünüz?

- Əslində yaranmış təşviş səbəb yox, nəticədir. Ona görə təşviş var ki, neftin qiyməti düşür. İnsanlar da artıq bu məsələlərə çox həssasdır. Hamı bilir ki, manatın taleyi neftdən asılıdır. Manatın taleyinin neftə bağlı olmasını rəsmi şəkildə də bildiriblər. Mərkəzi Bankın sədri Elmar Rüstəmov demişdi ki, neftin qiymətinin 40 dollar olmasına qədər problem yoxdur. 40 dollardan ucuz olarsa, manatın kursu adaptasiya olacaq. Dolayısıyla demək istəyib ki, 40-dan keçsə, biz devalvasiyaya gedəcəyik. İnsanlar da baxır, görür ki, neft düşür, 40-a doğru gedir. Bu da təbii ki, camaatda narahatlıq yaradır. İnsanlarda daha çox narahatlıq yaradan həm də qonşu ölkələrdəki devalvasiyadır. Fevral ayında baş verən devalvasiyadan əvvəlki proseslər sanki təkrarlanır. Onda da neftin qiyməti ucuzlaşırdı, qonşu ölkələrin valyutaları düşürdü. Sonra da panika yarandı. İndi də həmin proses gedir. Ona görə də insanlar dollar almaq üçün hücuma keçir.

– Mərkəzi Bankın məlumatına görə, iyulda ölkənin valyuta ehtiyatları 18.7 milyon dollar azalıb. Fevral devalvasiyasından sonra martdan iyula qədər Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. 4.4 mln. dollardan 8 mlrd. 501.5 mln. dollara qədər azalıb. Bu sadə dildə nə deməkdir?

- Belə bir məlumat yayıldı ki, ötən həftənin 4-5-ci günləri Mərkəzi Bank 370 milyon dollar satıb. Şənbə-bazar günləri də bu proses gedib. Çoxlu dollar alışı valyuta ehtiyatını azaldır. Fevralda da deyirdilər ki, valyuta ehtiyatı bəs etməzdi, ona görə devalvasiyaya getdik. İndi də valyuta ehtiyatı azalır. Özü də indi valyuta ehtiyatı fevraldakı qədər deyil, daha azdır. 8.5 milyard valyuta ehtiyatı var. Ötən ilin sonu valyuta ehtiyatı 12 milyarda yaxın idi. İndi Mərkəzi Bankın manevr etmək imkanı daha məhduddur. Düşünmürəm ki, Mərkəzi Bank valyuta ehtiyatının daha çox azalmasına imkan verəcək. Ona görə müəyyən həddən sonra sərt addım ata bilər.

– Necə bilirsiniz, dollar qıtlığını doğrudan da əlində bir neçə min dolları olan adamlar yaradıb?

- Pul dəyişməyə gedən insanlar bir neçə min pulla gedir. Əsas pulu isə görünməyən mənbələr alır. Bazara da onlar təsir göstərir. Fevralda da həmin şey idi. Məndə belə fikir var ki, panikanın yaranmasında maraqlı insanlar var.

– Belə bir vəziyyətdə ikinci devalvasiya xəbərdarlıqları artıb. Devalvasiya hansı həddə ola bilər?

- Devalvasiya iki formada ola bilər. Ya yumşaq formada, ya da ki, kəskin. Yumşaq olsa, gündə bir neçə qəpik ola bilər. Belə olsa, elə bir ciddi dəyişmə olmayacaq. Fevral ayındakı kimi kəskin devalvasiya olarsa, düşünürəm, ən aşağısı 20 faiz olacaq. 20-25 faiz gözləyirəm.

– İqtisadçılar bu fikri də tez-tez səsləndirir ki, parlament seçkilərinə qədər devalvasiya gözlənilmir...

- Əslində burada bir əsas var. Çünki seçki ilində bir çox hökumətlər sərt addım atmaqdan çəkinirlər. Seçki ilində daha çox maaş artımı kimi müsbət addımlar atırlar. Azərbaycanda bu məsələyə xüsusilə önəm verilir. Əslində fevral ayında da seçki ili olduğuna görə devalvasiyaya gedəcəyi gözlənilmirdi. Ancaq oldu. İndi seçkiyə daha çox yaxındır deyə, bir az həssas məsələdir. Ona görə, mən də daxil, ekspertlər düşünür ki, hökumət maksimum dərəcədə çalışacaq ki, buna getməsin. Bu devalvasiyanın olmayacağı ilə bağlı əsas arqumentdir. İkinci əsas arqument birinci devalvasiyanın vurduğu zərərdir, nəticələrdir. Hələ o ortadan qalxmayıb. İqtisadiyyat hələ adaptasiya olunmayıb, bank sektoru fevral devalvasiyasının altından çıxa bilmir. İki bank bağlanıb, bir neçəsi bağlanmaq üzrədir. Yəni vəziyyət çox ağırdır. Kreditləşmə ilə bağlı hansı problemlərin yaşandığını hamı gördü. Üstəgəl qiymət artımı. İnzibati yolla qiymət artımını saxladılar. Ancaq yavaş-yavaş qiymət artımı müşahidə edilir. Fevral devalvasiyasının nəticələri indi yavaş-yavaş üzə çıxır. Getdikcə də qiymətlər artacaq. Birinci devalvasiyanın nəticələri aradan qalxmamış ikinci devalvasiya çox böyük bir zərbə ola bilər. O cümlədən bank sektoruna həddən artıq zərbə olar. Bağlanacaq bankların sayı kəskin arta bilər. Bu iki arqument devalvasiyanı əngəlləyən məsələdir. Amma digər arqumentlər var ki, bunlar artıq hökumətin gücü kənarındadır. Bu, neftin qiymətinin azalmasıdır. Neftin qiyməti azalır. Ölkədən kapital axını getdikcə manat üçün çox böyük problem yaradır. Yəni ölkəyə az dollar gəlir, çox dollar çıxır. Üçüncü amil isə panika nəticəsində valyuta ehtiyatlarının azalmasıdır. İndi valyuta ehtiyatı 8.5 milyarddır. Panika olsa, çoxlu dollar alınsa, bu, daha da azalacaq. Hansı ki, bu da böyük problem yarada bilər. Bu üç amil devalvasiyanı şərtləndirən amildir. İndi hansı əsas götürüləcək, bunu artıq zaman göstərəcək. Ona görə deyirəm ki, bu həftə manatla bağlı ola bilsin hansısa addım atılsın, qərar verilsin.

– Bu, necə bir qərar ola bilər?

- Açığı, devalvasiya ehtimalı getdikcə daha da artır. Çünki bir ay bundan qabaq vəziyyət tamam başqa cür idi. Düşünürəm yumşaq devalvasiyaya getsinlər. Ola bilsin, kəskin devalvasiyaya da gedə bilərlər. Bir az da saxlaya bilərlər. Seçkiyə də az qalıb. Bu halda valyuta ehtiyatı belə təzyiqə davam gətirə bilməz. Yəni hökumətin qərarından asılıdır. Burda sırf iqtisadi yanaşma yox, siyasi yanaşma olduğuna görə fikir bildirmək çox çətindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG