Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:37

Onda həmin fəsli poz getsin


İllüstrasiya. İraqda küçədə kitab satışı
İllüstrasiya. İraqda küçədə kitab satışı

- "Yaxşı romanları oxucular tamamlayırlar. Pis romanları isə müəlliflərin özləri: belə romanlarda hər şey lazım olduğundan artıq yazılır, lazım olduğundan artıq detallar olur, lazım olduğundan artıq süjet olur."

"Səhnə qurmaq” dramatik məqsəd deyil. Protaqonistin “arxa-hekayəsini doldurmaq” dramatik məqsəd deyil. Dəyişiklik dramanın qəlbidir. Hekayən hərəkət etməlidir, əks təqdirdə, öləcək.

"Yazmaq sənəti" rubrikasında bu həftə yazıçı Kate Mosse'nin gənc yazıçılara məsləhətlərini təqdim edirik.

Kate Mosse ingilis yazıçıdır, daha çox 2005-ci ildə çıxmış və 37 dilə tərcümə olunmuş "Labirint" romanına görə tanınır.

Süjet haqqında

Hekayə baş verənlərdir; süjetsə onun necə və niyə baş verməsi haqda intriqa.

Bəzən süjet sözünü işlətmir, onun əvəzinə struktur, plan deyirlər. Stephen King “Yazmağa dair” ("On Writing") kitabında onu “yaxşı yazıçının son, axmaq yazıçıların ilk baş vurub seçdiyi şey” adlandırır".

Buna baxmayaraq, yaxşı süjet bir romanda mənim diqqətimi ən birinci cəlb edən və məni orada saxlayan cəhətdir. Süjetsiz nə isti dialoqlar, nə zərif təsvirlər, nə də gözəl dil kifayət deyil.

Bu, həmişə belə olmayıb

Bildiyimiz ən qədim hekayələri yada salaq. Onların bəzilərində qəhrəmanlar nələrsə edirlər və onların etdikləri hərəkətlər dəyişiklik doğurur. Yunan mifləri qəhrəmanların qarşısına çıxan çətinliklərlə və dəyişkən qəhrəmanlarla doludur.

Aristotel “Poetika” əsərində süjeti dramanın, xarakterin, qurğunun, dilin ən vacib elementi adlandırır. 4-cü əsrin bir müdriki belə bir truizm irəli sürmüşdü: hekayənin “başlanğıcı, ortası, sonu” olmalı və hadisələr bir-birinə bağlı olmalıdır.

Keçək birbaşa 1863-cü ilə. Gustav Freytag Aristotelin üç hissəsini beş hissəyə inkişaf etdirdi: ekspozisiya, inkişaf, dönüş nöqtəsi, eniş hadisəsi və rezolyusiya.

Ekspozisiya baş qəhrəmanları təqdim edirdi: kimdirlər və nə istəyirlər. Süjet onların bu istəyə necə çatmaq istədikləri haqda olurdu.

Eynilə, ekran yaradıcılığında status quo-dan danışırlar, hadisələri xətlər və kreşendolar vasitəsilə göstərirlər.

Skripka sinfinə gedəndə öyrəndiyim sonata hekayə forması da belə idi: ekspozisiya, keçid, inkişaf, rekapitulasiya, koda.

Məqsədyönlü yazmaq

Kate Mosse
Kate Mosse

Mənə görə, birləşdirici süjeti olmayan roman məqsədsiz romandır.

Orada hekayələr səhifəyə sadəcə düzülür, amma həll olunmur.

Əlbəttə, süjetsiz pikaresk və ya ayrı-ayrı epizodlardan ibarət romanlar var ki, sadəcə olaraq, möhtəşəmdirlər. Bunların məşhur nümunələri var. Amma süjetsiz yazmaqla buna nail olmaq hər yazıçının işi deyil.

İnandırıcılıq

Aristotel hekayənin inandırıcı olmasını tövsiyə edirdi. Qəhrəmanlar elə hərəkət etməli və danışmalıdırlar ki, onlarla həyatda qarşılaşanda da elə hərəkət etsinlər, elə danışsınlar.

Terence Rattigan'ın 1952-ci ildə yazdığı "Dərin mavi dəniz" (“The Deep Blue Sea”) pyesində Hester Collyer hakim işləyən ərini keçmiş pilot olan bir kişiyə dəyişir, ərini tərk edir, yeni sevgilisini dəli kimi sevir, amma ondan eyni məhəbbəti ala bilmir.

İntihar etməyə cəhd edir. Qabaqcadan sevgilisinə özünü günahlandırmasın deyə, məktub yazıb qoyur. Kişi məktubu tapanda qadını bu vəziyyətə qədər gətirdiyinə görə iztirab çəkir.

Bu, qurğudur. Burada məktub - yazıçının hiyləsidir, tryukdur. Kişinin tapdığı məktub olmasaydı, hadisələri bir-birinə bağlayan bağ və onları finala doğru çəkən xilasedici səhnə də olmazdı.

Amma həyatda o qədər itmiş məktublar var ki, o qədər işə düşməyən maşınlar, batareyası yatmış telefonlar var ki. Necə olur ki, əsərlərdə heç intihar məktubu itmir. Bunlar Stephen Kingin tənqid etdiyi tryuklardır.

Vəd

Süjetlər görünə də bilər, xəfifcə gizlənə də. Bəzi romanlarda süjet görünür. Məlumatlar yollarımıza səpələnir, onları sanki elə yerdən yığırıq. Bəzi süjetlərdə isə hekayə süjetin altına hörülüb.

Romanı oxumağa başlayan kimi ondan zövq alıb-almayacağımı bilirəm. İnandığım yazıçıların vaxtımı hədər yerə itirməyəcəklərini bilirəm.

Yaxşı romanları oxucular tamamlayır. Pis romanları isə müəlliflərin özləri: belə romanlarda hər şey lazım olduğundan artıq yazılır, lazım olduğundan artıq detallar olur...

***

Mükəmməl süjetin yeddi ənənəvi qaydası var.

1) Protaqonistin aydın mərkəzi motivasiyası olmalıdır. Ədəbi nəsrdə bu, çox şey, valideynin ölümüylə barışa bilməmək ola bilər. Kommersiya nəsrində isə mərkəzi motivasiya daha aydın, daha vacib motivasiya olmalıdır, məsələn, evlənmək və ya dünyanı xilas etmək.

Təkrar edirəm, kommersiya nəsrində qəhrəmanların motivasiyası daha aydın olmalıdır. Əgər öz motivi protaqonist üçün önəmli deyilsə, oxucuya da önəmli görünməyəcək.

2) Romanda protaqonistin məqsədi (bu məqsəd motivdən doğmalıdır) mümkün qədər tez müəyyən olmalıdır. Elə birinci fəsildə aydın olsa, yaxşı olar.

Məqsəd sonradan dəyişilə də bilər (Lizzie Bennett əvvəl bununla evlənmək istəyir, sonra onunla. James Bond əvvəlcə itmiş bombanın yerini tapmaq istəyir, sonra isə məqsədi dəyişir, Blofeldi öldürmək istəyir.

Amma məqsədlərin arxasında duran əsas motiv dəyişməzdir. (Lizzie əsl məhəbbət axtarır, James Bond dünyanı xilas etmək istəyir.)

3) Risk artdıqca artmalıdır. Romanın sonlarına doğru qəhrəmanların məqsədlərinin rolu daha da artmalıdır. (Kommersiya nəsrində) James Bond’un kiçik problemi dünyanı xilas edən bir şey dərəcəsinə çatmalıdır. Risk artmasa, gərginlik artmasa, oxucu tezliklə darıxacaq.

4) Hər bir səhnədə protaqonistin tarazlığı pozulmalıdır, onun üçün hər şey ya pisləşməli, ya yaxşılaşmalıdır.

Əgər fəslin sonunda protaqonist fəslin əvvəlində olduğu yerdə qalıbsa, onda həmin fəsli poz getsin.

Hər bir fəslin öz dramatik məqsədi olmalıdır. "Səhnə qurmaq” dramatik məqsəd deyil. Protaqonistin “arxa-hekayəsini doldurmaq” dramatik məqsəd deyil.

Dəyişiklik dramanın qəlbidir. Hekayən hərəkət etməlidir, əks təqdirdə, öləcək.

5) Hekayədən kənarda çox vaxt keçirmə. Oxucu kitabı içində hekayə olduğuna görə alıb.

Kitabda hekayəndən kənar şeylər yazırsansa, demək, hekayəndən kənarda vaxt keçirirsən, onda oxucun da kitabdan kənarda vaxt keçirəcək. Əgər hekayənin özünə toxunmadan 300-dən artıq söz yazırsansa, çoxdur. Geri qayıt və kəs.

6) Klassik strukturları yada sal. Campbell hekayə arxetipləri haqda yazdığı məşhur təhlilində hekayəçiliyin ən geniş yayılmış ənənəsini belə göstərir:

1) Kəşf – qəhrəmana bir öhdəlik verilir; 2) İmtina – qəhrəman "yox" deyir; 3) Qəhrəman onu qəbul edir – fikrini dəyişdirən nəsə olur; 4) Macəra – qəhrəman o işə girişməyə, öhdəsindən gəlməyə səy göstərir; 5) Məğlubiyyət – başına işlər gəlir və o, uduzmuş kimi görünür, ardınca 6) Qələbə - hər şey çox ümidsiz görünəndə qəhrəman möhtəşəm qələbə çalır.

Bu, 2000 illik, sınaqdan çıxmış hekayəçilik ənənəsidir.

7) Xarakterlərə nəzarət elə. Bir çox romanlarda yalnız bir mərkəzi protaqonist var – təzə başlayan yazıçılar üçün elə biri yaxşıdır.

Çoxlu protaqonistlər istəyirsənsə, sayını 3-dən artıq etmə. Hər üçünün üç hekayəsi olmalı, hər biri yuxarıdakı qayda-qanuna tabe olmalıdır.

8) Fikirləşmə ki, sən ağıllısan. 7 qayda dedik. Bu isə sənə sözümdür. Kommersiya ədəbiyyatına iddia edirsənsə, misal üçün, James Bond kitablarını oxu. Klassik əsərləri oxu.

Onlar üçün yaxşı olan sənin üçün də yaxşıdır. Qaydalara riayət etmək ağıllı işdir, agentlər, naşirlər, oxucular da bu faktı yaxşı bilirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG