Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:15

Axırda uşağı qaçqın məktəbinə qoydum. Valideyn yazır


Azərbaycanda bir orta məktəb
Azərbaycanda bir orta məktəb

-

Mina Rəşid

Mənim sevimli məktəbim

...Yeni dərs ilinin başlanmasına bir aydan az vaxt qalır. Uşaqlar bunun fərqində olmasa da, valideynlər onlar üçün hazırlıqdadırlar. Elə mən özüm.

Narahat və həyəcanlıyam. Düşünürəm yenə də əvvəlki kimi, basabasdan qapısı çox vaxt açıq vəziyyətdə hərəkət edən avtobusla məktəbə gedəcəyik.

Məktəbə çatar-çatmaz, necə deyərlər, əlin cibində olsun. O kitabı, bu iş dəftərini, filan lüğəti al. Anlayıram, bunlar övladıma gərəkdi. Amma uşağa gərək olmayan məsələlərə görə də pul yığırlar axı.

Misala gəlincə, o qədər sayaram ki... Bütün bunların üstündən də “Müəllimlər Günü” üçün ayrıca “qanun”la təsdiq edilmiş ən azı 15-20 manat pul. Sözün düzü, ötən il övladıma çətinliklə də olsa, tapşırılan ləvazimatları aldım.

Ancaq nə sinfə alınan yazı taxtası üçün, nə də xüsusi gün üçün pul vermədim. Ondan ki, haqsızlığa, soyğunçuluğa tab gəirmədim. Axı yaxşı bilirəm ki, dövlət məktəbini özü təmir etdirir, lazımi avadanlıqla da təhciz edir.

Qaldı ki, müəllimi belə çirkin şəkildə təbrik etməyə, mən onların yerinə çox utandım. Müəllim sözü mənim üçün o qədər zirvədədir ki, bir para alverçilər onu mənim gözümdən sala bilməzlər!

Lap iri hərflərlə şagirdin gündəliyinə çəkinmədən “fılan qədər pul gətir!” damğasını yapışdırsalar belə...

İndi yazını oxuyanlar nədən konkret bir məktəb adını çəkmədiyimi soruşa bilərlər. Ondan ki, belə problemləri olan məktəblərin sayı nə bir deyil, nə də beş.

Düz iki ildir ki, övladları müxtəlif məktəblərdə təhsil alan valideynlərlə əlaqə saxlayıb onlardan həqiqəti öyrənməyə çalışıram. Heç yadımdan çıxmaz uşağı birinci sinifə aparanda müəllimi olacaq xanım elə uşaqların yanında valideynlərə şirinlik gətirməyi tapşırmışdı. Baxın da, 40-50 manat. Dəhşətə gəldim və müəllimi dəyişdim.

Bir də müəllim köməkçisi, onun züytutanı-yəni pulyığanı “vəzifəsi” də var belə məktəblərdə. Dəridən-qabıqdan çıxırlar müəllimin ”etimadı”nı doğrultmaq üçün. Bu da bir sənətmiş, necə də iyrənc...

Necə deyərlər, hələ mən gördüyüm və eşitdiklərimin “dörddə birin yazmayıram”. Məktəblərdə soyğunçuluqdan övladını məktəbdən çıxaran kim, uşağını hansı məktəbə aparsın deyə, çırpınan kim...

Axı məktəb ianə toplamır ki, ilk qədəm qoyanda pul verəsən. Dəfələrlə başqa məktəblərdə övladı təhsil alan valideynlər məndən soruşublar ki, səhər növbəsinə görə nə qədər pul vermisən. Bu mənim başıma gəlməsə də, bilənlərdən eşitdim.

Övladımın təhsil aldığı sinifdə digər ürəyimcə olmayan məsələləri də nəzərə alaraq, onu bu sinifdən başqasına deyil, ümumiyyətlə, bu məktəbdən çıxarmaq qərarına gəldim.

Uşağı qaçqın məktəbində oxutdurmaq qərarına da sonda gəlib çıxdım. Atası da etiraz eləmədi. Çünki bu məktəblərin təmiz adının sorağını yəqin o da eşitmişdi...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG