Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:08

Tutuquşunun telefonundan şir nəriltisi gəldi


Vüqar Haqverdiyev
Vüqar Haqverdiyev

- "Telefonla danışan tutuquşu. Kimə desən, inanmaz. Özü də telefona bax... ayfon altı plas, ən axırıncı model.”

Vüqar Haqverdiyev

Qıvrımsaçın hoqqaları

Biri vardı, biri yoxdu, balaca bir oğlan uşağı vardı. Uşağın saçları o dərəcədə buruq-buruq idi ki, ona Qıvrımsaç deyirdilər. Qıvrımsaç çox dəcəl və ərköyün idi, yerində dinc durmurdu, gündə bir oyun çıxarmasa rahat olmazdı.

Bazar günü idi. Quşatanını götürüb həyətə düşdü. Yerdən xırda daşlar yığıb cibinə qoydu. Birdən yaxınlıqdakı şam ağacına rəngbərəng iri bir tutuquşu qondu.

Belində qara dəridən telefon koburası olan kəmər vardı. Quş bir ayağı üstə budaqda dayanıb, o birisi ilə koburadan mobil telefon çıxartdı, al-əlvan parlaq qanadı ilə nömrə yığıb şirin-şirin danışmağa başladı.

Qıvrımsaçın heyrətdən gözləri dörd oldu, öz-özünə dedi: “Telefonla danışan tutuquşu. Kimə desən, inanmaz. Özü də telefona bax... ayfon altı plas, ən axırıncı model”.

Ehtiyatla ağaca yaxınlaşdı. Sapanda daş qoyub atdı. Daş budağa dəydi. Tutuquşu səksənib telefonu saldı. Qivrimsaç cihazı göydə tutdu.

Tutuquşu dedi:

- Qıvrımsaç, telefonu qaytar, nə istəsən sənin üçün edərəm.

Qıvrımsaç dedi:

- Mən çoxdan belə telefon arzulayırdım, ancaq xəsis atam almırdı.

Tutuquşu dedi:

- Yazıq ata neyləsin, bu bahalı cihazdır, od qiymətinədir, həm də uşaqlar üçün deyil, böyüyəndə, universitetə girəndə alar.

Qıvrımsaçın ağlı yaxşı işləyirdi. Düşündü ki, onu bahalı telefonla görsələr, hamı soruşacaq ki, hardan almısan? Hətta, fikirləşər ki, oğurlamışam, həqiqətə isə inanan olmayacaq. Gözü ilə görməsəydi özü də inanmazdı. Beynində yüz ölçüb, bir biçib dedi:

- Yaxşı qaytarsam, xeyrim nə olacaq?

Tutuquşu dedi:

- Nə vaxt çətinliyə düşsən mənə bir vızıv at, o dəqiqə yanında olaram. Ancaq yadında saxla, cəmisi üç dəfə köməyə çağıra bilərsən. Dördüncü vızıv qəbul olunmayacaq.

Qıvrımsaç cibindən klavişləri basılmaqdan yeyilmiş, ekranı qırıq tefonunu çıxardıb dedi:

- Yaxşı, nömrəni de.

Tutuquşu nömrə dedi.

Qıvrımsaç nömrəni yığa-yığa soruşdu:

- Adın nədir?

Tutuquşu dedi:

- Cimmi.

Qıvrımsaç dedi:

- Adın, lap indeyskidir ki?!

Tutuquşu dedi:

- Mən Hindistanda dünyaya göz açmışam, ona görə də adımı Cimmi qoyublar.

Qıvrımsaç yoxlama zəngi etdi. Tutuquşunun telefonundan vahiməli şir nəriltisi gəldi.

Qıvrımsaç diksindi.

Tutuquşu dedi:

- Qorxma, aslan səsi yazmışam ki, mənə zəng gələndə ətrafdakılar qaçsınlar, mən də rahat danışım.

Qıvrımsaç telefonu qaytarıb öz-özünə dedi: “Yaxşı ağlıma saldı, gərək səhər bağçada Tünzalə müəllimənin səsini yazım”.

Qıvrımsaç səhəri günü bağçada tərbiyəçi işləyən Tünzalə müəlliməni necə əsəbləşdirdisə qışqırıq səsi aləmi götürdü:

- Qıvrımsaç, bəsdir, bəsdir... mənim nervlərimlə oynama...

Tərbiyəçi az qalırdı əsəbindən başını divara döyəcləsin. Qıvrımsaç da elə bu lazım idi, gizlindən müəllimənin səsini yazırdı.

Günorta vaxtı nahardan sonra yataq otağında uşaqlar şirin yuxuda idilər. Qıvrımsaç yorğanın altından telefonu çıxartdı.

Ən yüksək tona qoyub səsi işə saldı. Həyəcan siqnalı bunun yanında yalan oldu. Uşaqlar yerlərindən dik atıldılar. Çaxnaşma düşdü. Bağçanın altı üstünə dəydi.

Tünzalə müəllimə biləndə ki, bu, Qıvrımsaçın əməlidir, uşağın qulağından tutub onu bağça müdirəsinin yanına apardı. Balaca başa düşdü ki, işlər şuluqdur. Müdirənin yanına girən kimi tutuquşuya gizlincə vızıv atdı.

Həmin an Cimmi pəncərədən içəri girdi, qanad çalıb çığırtı ilə otaqda dövrə vurdu, pəncərənin üstündəki karnizdən asılmış ağ ipək pərdələri dartıb qopartdı, kitab rəfindən kitabları dağıdıb tökdü, stolun üstündəki üstü naxışlı büllur gül qabını caynaqları ilə tutub qaldırdı.

Bu zaman müdirə:

- Ona dəymə, ona dəymə, onu Çexiyadan özüm gətirmişəm... – deyib ürəyini tutdu. Quş ayağında vaza otaqda dövrə vura-vura Qıvrımsaça göz elədi. Uşaq işarəni o dəqiqə anladı.

Tutuquşu qabı ayağından aşağı buraxanda hoppanıb futbol topu kimi vazanı göydə tutdu, onu sınmaqdan xilas etdi. Quş gəldiyi yolla da uçub aradan çıxdı. Qabın salamat qaldığını görəndə bağça müdirəsi özünə gəldi.

Uşağın buruq-buruq saçlarını mehribanlıqla sığallayıb üzündən öpdü. Tərbiyəçiyə göstəriş verdi ki, çağırıb Qıvrımsaçın valideynlərinə təşəkkür elan etsin. Tünzalə müəllimənin dişlərini qıcayıb: - Baş üstə! – deməkdən başqa çarəsi qalmadı...

Qıvrımsaçın valideynləri bağçada uşaqları haqda xoş sözlər eşidəndə çox sevindilər. Ürəklərində dedilər: “Nəhayət ki, ölməyib bu günü də gördük. Qıvrımsaçı da tərifləyərmişlər...”

Evə gələndə atası anasına dedi:

- Mən ki, bu Qıvrımsaçı yaxşı tanıyıram, burda nə isə iş var.

Anası dedi:

- Ay kişi, nə iş olacaq, uşaq ağıllanıb də, gərək üzərlik yandıraq, ya da başına duz çevirək, balama göz dəyər.

Anası bir çimdik duz gətirib uşağına başına fırladı. Qıvrımsaç isə başında səhər üçün hərəkət planı qururdu...

(ardı var)

XS
SM
MD
LG