Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:40

- "Ədəbiyyatın “ilahi” gücə malik olmasına eyham ancaq bu qədər gözəl ifadə edilə bilərdi..."

"İstedaddan qorxanlar 1981-ci ildən 1989-a kimi əsəri çap etmirlər və itirən Azərbaycan ədəbiyyatı olur."

"Tarixdən məlum olan Flora Tristan və Pol Qoqen daha acıqlı, tünd və real konturlarla eskiz edilir..."

Ulvi Babasoy

Borxeslə Rulfonun mükafatı

(Cənnət başqa yerdədir)

İlahi təhkiyəçi

“O, səhər dörddə gözlərini açdı və fikrindən keçirdi: Bu gün dünyanı dəyişdirəcəksən, Florita”.

Mario Varqas Yosanın “Cənnət başqa yerdədir” romanı zamana və ideallara verilən bu dəyərli cümlə ilə başlayır.

Mario Vargas Llosa, 2014

Mario Vargas Llosa, 2014

Hər halda, ilk dəfə əlinə qələm alan Mario da ədəbiyyatla dünyanı dəyişdirəcəyinə inanıb.

Yoxsa demokratiyanın xırdaca işartısı da olmayan bir coğrafiyada dünyaya göz açan Mario Varqas düşünən beyin və döyünən ürəklə necə yaşayardı?!

Hələ xəyali və obyektiv gerçəklikləri sözün rənginə boyamaq istəyən qələmi demirəm. O qələmi ki, “mümkünsüzü mümkün, göz qabağındakını əlçatmaz eləyən, xaosu aradan qaldıran, eybəcəri gözəlləşdirən, dəqiqəni əbədiyyətə qədər uzadan, ölümün özünə belə qalib gələn paralel həyatları yaratmağa həsr” olunmuşdu.

“Cənnət başqa yerdədir” romanı da Flora Tristan və Pol Qoqenin həyatını əbədiləşdirmək və özgür insan nidalarını köləliyin qulağına pıçıldamaq üçün yazılmış söz tablosudur.

Yazımızın birinci hissəsi Yosanın digər romanlarındakı estetik və qurmaca yeniliklərin polifonik icmalı idi. “Cənnət başqa yerdədir” romanı ilə bağlı bircə kəlmə də olsun, danışmamışdıq. Çünki yazıçının digər romanlarında olan ədəbi sxem və elementlər bu mətndə həm var, həm də yox.

Deməli, yazımızın adı vardı, özü yox? Nə fərqi var ki, gülün adı da, qoxusu da zövq verir insana. Əsas odur ki, duyum və görüm refleksləri ölü olmasın!

Düşüncə gözü kor olmadıqdan sonra uzaq Praqa şəhərində kədərli, al qırmızı bahar fəslində bir cərrahın yaşadığı intim sarsıntıların səbəbini eramızdan əvvəlin 6-cı yzüilliyinə gedib Qədim Yunanıstanda yaşayan Sofokl adlı bir dramaturqun “Tiran Edip” tragediyasında tapar.

Lap Bakılı Xəzər və onun müsəlman qardaşları ilə bilinməyən, anlaşılmayan hansısa yad bir dildə danışan ala gözlü filosofun nəql etdiyi “Bunlar hamısı mənimdiiii?” anekdotunun təsir gücünə də inanar. Necə deyərlər, “IQ”lü olan anlar.

Birinci yazı “Cənnət başqa yerdədir” romanına postmodernistcə göndərmələr idi. Yeni dövrün estetik xəritəsi təhlil yazıları, esse və məqalələr arasında da postmodern eyhamlar, simvolik informasiya mübadilələri tələb edir.

Ümid edirik ki, o zaman postsənaye dövrün informasiya xaosundan, istehlak toplumunun eqoistcə mənimsəmələrindən, virtuallaşma, onlaynlaşma virusundan mətnlərarası əlaqələrin rəngarəng harmoniyası və kitablarla bioloji ünsiyyətin dad və qoxusunu alaraq uzaqlaşarıq.

XIX əsrin birinci yarısında postmodernizmdən əsər-əlamət yoxkən Edqar Ponun “Mənim adım Arthur Gordon Pym” adlı hekayəsi ingilis yazıçı Morris Mattsonun “Mənim adım Paul Ulrix” əsərinə ironik bir mesaj idi.

Bətnində detektiv məzmunlu mətnlərə kəskin sarkazmı, paradoksal ironikanı daşıyan “Mənim adım Arthur Gordon Pym” hekayəsi 1837-ci ildə mətbuatda çap olunur, daha sonra əsərin təhkiyəçisi və qəhrəmanı Pymin dilindən ön söz nəşr edilir.

Ön sözdə aydın olur ki, Pym mətnin ortasında ölüb. O zaman belə bir sual yaraanır: Əgər Pym ölübsə hadisləri kim danışıb?

“Roman sənətinin antropoloqu” Yosa Servantesin “Don Kixot”, Floberin “Madam Bovari”, Folknerin “Ölüm yatağında” kitablarının konturları daxilində gizli təhkiyəçilər haqqında çox dəqiq bir diaqnoz qoyur:

“Halbuki, çox keçmədən kəşf edəcəyimiz kimi, bu təhkiyəçi, ilk cümlədəki kimi hadisələrə burnunu soxmasına və bizlərlə “mən”in (yəni, 1-ci şəxsin) əvəzinə danışmasına rəğmən bu şəxs qətiyyən bir təhkiyəçi-xarakter deyil.

Adətən hadisələri kənardan üçüncü şəxsin, “o”nun dilindən və geniş aspektdə çatdıran tipik ilahi-təhkiyəçidir”.

Ədəbiyyatın “ilahi” gücə malik olmasına eyham ancaq bu qədər gözəl ifadə edilə bilərdi.

Deməli, Edqar Po “ilahi” təhkiyəçi kimi “Mənim adım Paul Ulrix” əsəri ilə müasiri olduğu dövr arasında körpü qurur.

XXI əsrdə isə postmodern estetikaya istinad edilən bütün ədəbiyyat yazıları bu körpünü daha da uzatmalı və möhkəmlətməlidir.

Yaxud, Pamuk “Bəyaz qala”“Mənim adım qırmızı” romanlarında dünya nəsrinin onlarla mətninə göndərmə etməklə tarixə basdırılmış bir çox ədəbi əsərləri dirildir.

“Mənim adım qırmızı” romanını Ekonun “Qızılgülün adı” əsərinə göndərmə, təqlid kimi düşünənlər isə yanılırlar, sadəcə Pamuk yaradıcı bəhrələnmə yolu ilə “ən optimist və rəngli” romanını daha zəngin məlumat və struktur eskizi ilə bəzəyir.

Orxan Pamuk “Mənim adım qırmızı” romanı ilə bağlı yazısında ədəbi tənqidin şərqdə zəif olması və modern mütaliə zövqümüzün zəhərlənməsi nəticəsində Nizaminin “Xosrov və Şirin”, “Yeddi gözəl” poemalarını oxumadığımıza, oxuya bilmədiyimizə təəssüf hissi ilə yanaşır.

Sizcə, əsərləri təpədən dırnağa modern estetika çələngi ilə hörülmüş bir yazıçı niyə belə düşünür?!

Ona görə ki, Pamuk şərqin “Romeo və Cülyetta”sı sayılan “Xosrov və Şirin”lə dünya klassik ədəbiyyatının ən rəngli və ən fərqli qurluşlu əsəri “Yeddi gözəl”i estetik material kimi istifadə edir.

“Mənim adım qırmızı” romanı Nizaminin bu iki əsəri ilə intertekstual ünsiyyətə girir və transformatik roman kimi yenidən doğulur. Orxan Pamuk “təsirlənmələrə açığam, həm təsirlənməkdən, həm də unudulmuş olana kitablarımı açmaqdan çəkinmərəm”, deyir.

Çağdaş türk ədəbiyyatının ən modern tənqidçisi Yıldız Ecevit “Mətnlər arasında və ya rəsmlər arasında yaşamaq” yazısında ədəbi transformasiyaları şərh edir:

“Yazıçılar hər zaman bir-birlərinin mətnlərindən təsirləniblər: Bütün orta dövr boyunca həmişə eyni mövzular yenilənib ədəbiyyatda.

Ancaq çağcıl yazıçı fərqli bir motivasiya ilə əl uzadır başqalarının mətnlərinə.

Özünə yadlaşan yeni dünyanı əks etdirmək əvəzinə mətnlərin dünyasına sığınır, ikinci əl bir dünya yaradır. Köhnələrin oğurluq deyə xor gördükləri bu hadisə yeni ədəbiyyatda estetik formaya çevrilir”.

Mətnlər arasında gəzişməyə ara verib qayıdaq cənnətin hansı küncdə- bucaqda gizləndiyini axtarmağa.

Yosanın başqa romanlarındakı təsirli üslub mexanizmi, çoxsəsli əhvalat və hadisələrin inandırıcılığı “Cənət başqa yerdədir”in daxili qatına kompakt ədəbi əda ilə yığılıb.

Roman semantik keyfiyyətləri baxımından mətnlərarası dialoqa girir və uğurlu postmodern imitasiyalarla məna polifoniyası tənzimləyir.

Romanın qəhrəmanı sosialist feminizmin qurucularından Flora Tristanla postimpersionist rəssam Pol Qoqendir.

Yosa iki önəmli tarixi şəxsiyyətin həyatını ölümsüzləşdirir.

Flora Tristan və Pol Qoqen haqqında onlarala bədii və sənədli mətnlər yazılıb filimlər çəkilsə də, Yosa qələmindən çıxan nəsrin təhrikedici, başgicəlləndirən gerçəklikləri adekvat tarix kimi daha təsirlidir.

Nə rejissor Mario Andreacchionun “Paradise found” (Cənnət tapıldı) filimi, nə də ki, Somerset Moemin “Ay və qara qəpik” romanı rəssam Pol Qoqenin həyatını gerçək mənada işıqlandıra bilir.

“Cənnət tapıldı” filmi hadisələrin xronikasını rəssamın həyatından daha qabarıq göstərir. “Ay və qara qəpik” isə monoton, mülahizə xarakterli cansız romandır.

Yosanın fikrincə, bədii fikrin “gerçəkliyini, ya da saxtalığını müəyyən edən hadisələrin olmuş, ya da olmamışlığı deyil, yaşanmamış amma yazılmış olması, gerçək təcrübələrdən deyil, sözlərdən meydana gəlməsidir.

Sözlərə çevrilən hadisələr dərin bir dəyişilmə keçirir. Gerçəklik - qatıldığım qanlı döyüş, sevdiyim qızın grotesk profili - bir dənədir, amma onu izah edən işarələr saysızdır.

Bəzilərini seçib bəzilərini rədd edərək romançı vahid seçim edir və nəql etdiklərinin sonsuz sayda ehtimalını öldürür. Romançı beləcə təbiəti dəyişdirir”.

Mario Varqas öz fikirlərinə sadiq qalaraq tarixi şəxsiyyətlərin həyatını “sonsuz işarələr”lə bəzəyir və tarixi həqiqətləri belə kölgədə qoyan “Cənnət başqa yerdədir” romanını qələmə alır.

Bu roman yer üzündə cənnət qurmaqla “dünyanı dəyişdirmək” istəyən insanların fitri arzularının bədii projektorudur.

Qızcığaz və şeytanlar

Flora Tristan 7 yaşında atasını itirir və 16 yaşından etibarən müdiri Andre Çezalın cinsi təcavüzləri ilə tanış olur.

Flora Tristan

Flora Tristan

Daha sonra Çezalla evlənən Flora sevmədiyi ərinin zorakı, cinsəl fantaziyalarla dolu yataq oyunlarından təngə gəlir, vəziyyət elə gətirir ki, o, ömrü boyu kişilərlə cinsi əlaqəyə nifrət edir, iyrənir.

Yosa 16 yaşlı saf, məsum qıza təcavüz edən Andre Çezalı hiyləgər şeytan kimi təsvir edir. İllər sonra Pol Qoqen də babası kimi 12 yaşlı bir qızı anasından satın alır...

Andre Çezal da, Pol Qoqen də qəfildən uzanan qara bir əl kimi, şeytani hisslərlə qızcığazların bədənindən istifadə edirlər.

Baba da, nəvə də ürəklərində zərrəcə ilahi eşq olmayan, heyvani hisslərlə öz cinsi ehtiyaclarını ödəməyə çalışan şəhvət tuluğuna bənzəyirlər.

Yazıçı xüsusilə Çezalın Floranın yaddaşında buraxdığı travmatik xatirələri nəfəs kəsən bir soyuqqanlılıqla təsvir edir.

“Cənnət başqa yerdədir” romanı Flora obrazı timsalında iblis ruhlu insanlar tərəfindən təcavüzə məruz qalan qızcığazların həyatı üçün pataloji simptomdur.

Flora, məhz Andre Çezalla “ailə həyatı” yaşadıqdan sonra azad, sağlam düşüncə və sosial bərabərlik uğrunda mübarizəyə başlayır.

Flora obrazı Cəfər Cabarlının Sevil xarakteri kimi ailə həyatında baş verən uğursuzluqlar nəticəsində mənəvi və əqli yetkinlik mərtəbəsinə ucalır, öz idealları ilə yaşayan insana çevrilir.

Sevildən fərqli olaraq, Floranın həyatı patetik ritorika əsasında deyil, gerçək həyat hadisələri fonunda əks olunur.

Polun isə sənətdə axtardığı cənnət, şəxsi həyatında alıışıb-yanan cəhənnəmdən də betər hadisələr yumağı ilə iç-içə girir.

Pol romanın ən pradoksal xarakteridir. O, xeyirlə şərin, yaxşı ilə pisin, sualla cavabın... sərhədləri fövqündə dayanan eqzotik insan – sənətkar tipidir.

Şeytanla qızcığaz eşqinə aid bir Azərbaycan - Şərq nağılı

Şeytan-qızcığaz əhvalatından söz düşmüşkən ədəbiyyatımızın köhnə kişisi Əlabbas yada düşür.

Klassik nağıl dilində yazılmış “Köhnə kişi” uzun hekayəsində Murad adlı qoca kişi şeytani hiylələrlə qızı yaşında evli bir qadını yoldan çıxarır.

Murad Qoqen və Çezaldan fəqli olaraq, “mərdlik”, “kişilik” kimi şərq əxlaqının müqəddəs daşıyıcısıdır. Bu səbəbdən əri əsgərlikdə olan Qaratellə əylənmək istəyən Murad ona aşiq olur.

Muradın içindəki kişilik duyğusu içindəki şeytanı öldürüb onu mələklik pilləsinə qaldırır. Və Muradla Qaratelin taleyi kəsişir...

“Köhnə kişi” 1960-70-ci illər nəslinə mənsub Azərbyacan nəsrinin bir neçə qısqanc yazıçısı tərəfindən senzuraya məruz qalır.

İstedaddan qorxanlar 1981-ci ildən 1989-a kimi əsəri çap etmirlər və itirən Azərbaycan ədəbiyyatı olur.

Axı 20 yaşlı bir gəncin lakonik və bənzərsiz hekayə yazması böyük ədəbi hadisə idi və həmin 8 il ümidsizliyə, ruh düşkünlüyünə uğrayan istedadın faciəsi oldu.

“Köhnə kişi” hekayəsindəki bircə anlıq peyzajın verdiyi estetik zövq və gözəllik duyumunu birlikdə yaşayaq: “Külək az-maz səngiyən kimiydi və qar elə dənər-dənər tökürdü ki, elə bil ulduzları şadaraya doldurub ələyirdilər”.

Bir oyunun qurbanı olan iki insanın həyat tarixçəsi

“Oserin dar, dolaşıq və parket daşlı küçələrindən karvansaraya dönərkən yeni tumurcuqlayan, bəyaz yarpaqlı dörd qovaq ağacı olan kiçik bir meydançada uşaqların dövrə vurub yer dəyişdirdiklərini gördü.

Onları seyr etmək üçün dayandı. Cənnət oyunu oynayırdılar: ananın dediyinə görə Vojirarın bağçalarında bu oyunu qonşu uşaqlarıyla oynayarkən Don Mariano təbəssümlə seyr edərmiş səni. Xatırlayırsanmı, Floracıq? “Cənnət buradı?” “Xeyr, xanım, başqa bir küncdədir” Və uşaq küncdən küncə hərlənərək heç cür ələ-ovuca sığmayan cənnəti soruşduqca digər uşaqlar da onun arxasınca yerlərini dəyişdirərək gülüşürdülər.

Hər hansı bir evin salonunda qaçışan uşaqlarla qarşılaşanda Floranın ağlına 1833-cü ildə Arekipada Mersed kilsəsinin yaxınlarındakı o gün gələrdi: “Bura cənnətdi?” “Başqa bir küncdədi, bəy”.

Fransaya məxsus olduğunu düşündüyün bu oyun, sən demə, Peru mənşəliymiş. Çox yaxşı, burda qəribə bir şey yoxdu, cənnətə getmək bəşəri bir həsrət deyil?

İki uşağına da bu oyunu oynamağı öyrətmişdi, Aline və Ernest Kamilə”.

Flora və nəvəsi Polun yaddaşında özünə yer edən dini məzmunlu bu oyun “bəşəri həsrətin”, cənnət arzusunun təhtəlşüura diqtəsidir.

Flora Andre Çezalla keçirdiyi dörd illik əzablı günlərə qaçmaqla son qoyur. O, atası Don Marianodan qalan mirası əldə etmək üçün Peruya getmək qərarına gəlir.

Peruya getmədən öncə Bordoda – qohumu Qoyençin evində sığınacaq tapır. Çünki o dövrün Fransasında ərli qadın evdən qaçardısa ya evinə qayıtmalı, ya da həbs edilməli idi.

Atası tərəfindən qohumu olan Qoyenç Bordonun ən zəngin və dindar şəxslərindən biri idi. Flora Qoyençin evində qala bilmək üçün ona yalan danışmağa məcbur olur:

Parisdə yaşayan anasının öldüyünü, evli olmadığını və kimsəsiz qaldığını... Qoyençin malikanəsi Floranın həyatını, düşüncələrini dəyişdirən mütaliə məbədi rolunu oynayır.

Bordoda qaldığı 1 il ərzində şiddətli mütaliəyə qapılan miskin görünüşlü, dünyadan xəbərsiz Floranın daxilində, fikir dünyasında katarsis baş verir.

Flora dini gerçək mənada yaşayan Qoyenç və rahib İsmaelillodan təsirlənsə də, dinin məhdudiyyətlər və məhrumiyyətlərlə dolu qanunlarının insan azadlığını qeydlər altına aldığı qənaətinə gəlir.

Nəhayət, Goyençin köməyi ilə Peruya – ata yurduna getmək üçün yola düşür, uzun çəkən səfərdə dəniz vurmasından ağır xəstəlik keçirən Flora ölüm döşəyindən kapitan Zakarias Şabriyenin qayğısı nəticəsində qurtulur.

Floranını görər-görməz hər kəs kmi Zakarias da ona aşiq olur. Lakin Andre Çezaldan miras qalan qarşı cins fobiyası Floranın kaptan Şabriye ilə eşq oyunu oynamasına səbəb olur.

Flora onu dəlicəsinə sevən kapitanın hisslərinə zərrə qədər dəyər vermir. Arekipada yaşadığı müddətcə onlarla perulu bəy Flora heyranı olsa da, yalançı eşq oyunları davam edir.

Flora kişilərin hissləri ilə oynamaqla itirdiyi gəncliyinin intiqamını alır. Artıq Flora xarakteri qarşı cinsə olan diksinmənin patalogiyasına çevrilir və ömrü boyu onu ürəkdən sevən insanlara münasibəti dəyişmir.

Arekipada hakimiyyət uğrunda baş verən vətəndaş müharibələrinin şahidi olan Flora əmisi Pio Tristandan bir quruş miras ala bilmədən Fransaya qayıdır.

1838-ci ildə “Bir Parislinin səfərləri” adlı memuar çap etdirir. O dövrün məşhur ziyalıları Şarl FureSen-Simonla tanış olur, bu iki inqilab liderlərinin fikirlərindən bəhrələnsə də, daha çox fəhlə sinfinin maraqlarına uyğun yeni layihələr hazırlayır.

“Bir Parislinin səfərləri” Floraya fəhlə-işçi sinfi arasında məşhurluq qazandırır. 1839-cu ildə Andre Çezal tərəfindən güllələnir və kürəyinə saplanan mərmi ölənəcən bədənində qalaraq ona əzab verir.

1844-cü ildə bütün Fransada tanınan Flora bir çox şəhərlərdəki fabrikləri, həbsxana və fahişəxanaları gəzərək maarifləndirici çıxışlar edir.

Flora bir çox siyasətçilərdən fərqli olaraq, əzilən, xor görülən təbəqə haqqında “siyasət kürsülərində, məclis və parlament salonlarında” populist nitqlərlə deyil, onlarla üzbəüz dərdləşərək onlardan biri kimi danışır.

Floranın səmimiyyətinə inanan fəhlələr Fransanın müxtəlif şəhərlərində işçi birlikləri qururlar. Vəziyyət elə gətirir ki, dövlət getdikcə böyüyən hərəkatın qarşısını almaq üçün tədbirlər görür, Flora ev həbsinə məruz qalır...

Yosa 41 yaşında əbədiyyətə qovuşan Floranın ölüm yatağında olarkən də idealları ilə çarpışan ürəyinin ahəngini ömrünün son 8 ayında gördüyü işlərin haqq-hesabını çürütməsi səhnəsində təsvir edir:

“Ürəyinin yanındakı mərmiyə, narahatlıqlarına, əldən düşmüşlüyünə və bu uğursuz, nə olduğu naməlum, taqətdən salan xəstəliyə rəğmən son səkkiz ayda bunları etmişdin.

Əgər işlər daha yaxşı olmadısa da, bunun səbəbi inanc, səy, qəhrəmanlıq, idealizm məhrumiyyəti deyildi. Olmamışdı. Çünki bu həyatda heç bir şey əsla xəyallardakı qədər gözəl ola bilməzdi. Təəssüf ki, elədir, Florita”.

Rəssamın həyatı

Pol Qoqen zəngin və lüks həyatı tərk edib ömrünü rəsm çəkməyə həsr edir. Arvadı Mette və beş uşağını tərk edəcək səviyyədə sənətə bağlı olan Pol nənəsinin əksinə şəhvət düşkünüdür.

Paul Gauguin

Paul Gauguin

Taitiyə rəsm çəkməyə gələn Pol yerli bir qadından 12 yaşlı Tehaamananı satın alır, onunla bir müddət yaşadıqdan sonra Tehaamananı Taitidə qoyub Fransaya geri dönür.

Fransadakı sənət dünyasının məşhur rəssamları ilə görüşür və onlarla İngiltərəyə gedir. İngiltərədə “Azad rəssamlar birliyi” qurmaq xəyalları baş tutmur, üstəlik küçə davasında döyülən Pol ömrünün sonunacan topal qalır.

İngiltərədən geri qayıdandan sonra anlayır ki, axtardığı cənnət, azad sənət dünyası Avropada deyil. Yenidən Taitinin mərkəzi Papeete şəhərinə qayıdan Pol başqa biri ilə evlənmiş Tehaamananı hədiyyə və vədlərlə aldadıb evinə gətirməyi bacarır.

Lakin Polun irinli yaralarının qoxusuna dözə bilməyən Tehaamana evdən qaçır. Balaca bir qızı az miqdarda pulla və ya hədiyyə ilə almaq mümkün olan Taitidə Pol bu dəfə Pauura adlı başqa bir hindi qızı özünə arvad edir.

Ayaqları sağaldığı üçün günün yarısını intim münasibət, digər yarısını rəsm çəkməklə keçirir. Yenidən xəstələnib yatağa düşən müflis Polu Pauura da tərk edir.

Papeetenin axtardığı yer olmadığnı görən rəssam Marquessa adalarında məskunlaşır. Marquessadakı torpaq mülkiyyəti xristian misyonerlərinin əlində olduğu üçün Pol katolik mömin qılığına girir.

Keşişdən torpaq alana qədər muti mömin oyunu davam edir. Daha sonra aldığı torpağın ərazisində tikdiyi ikimərtəbəli daxalın adını “Zövqxana” qoyur. “Zövqxana” içkinin, seksin və hər cür əyləncənin pulsuz olduğu bir məkana çevrilir.

Marquessa yerlilərindən bir ailəyə verdiyi bir az pul və ərzaq qarşılığında üçüncü arvadı Vaeohonu alır.

Çox keçmir ki, dözülməz xarakterə sahib xəstə rəssamı sonuncu arvadı da tərk edir. Ayaqları tutulan və gözləri kor olan Pol ömrünün son anlarında belə, yerli xalqı azadlığa, missionerlərə tabe olmamağa səsləyir...

Rəssama pul cəzası və üç ay həbs verən məhkəmənin onun ömrünün son anlarını yaşamağından xəbəri yox idi:

“Aradan keçən illər ərzində dünyanın hər yerindəki muzeylərlə kollektorlar rəsmlərini əldə etmək üçün mübarizə apardı.

Çox araşdırılan məşhur bir rəssam olduğu zaman yer üzünün bu göz yaşı vadisində cənnəti tapmaq istəyən sənətçilərin bir çoxu üçün taleyin mərhəmətsiz olduğunu anlatmaq istəyən bibloqraflar bu baş daşındakı kitabədən istifadə etdilər:

Bu adada nəzərə çarpan tək hadisə Pol Qoqen adında məşhur bir rəssamın – Tanrının və bu ərazidə iffətli olan hər şeyin düşmanı olan adamın qəfil ölümü olmuşdur”.

Bircə günlük homoseksual

Bir-birinə zidd xarakterə sahib olan Polla Floranı birləşdirən və ayıran özəlliklərdən biri də intim əlaqədir.

Flora Poldan fərqli olaraq cinsi həzzlərdən qaçsa da, bir gün öz cinsindən biri ilə - bir qadınla sevişir. Rəfiqəsi Olimpiyanın cazibədar və ovsunlayıcı ehtirası qarşısında başı fırlanan Flora təslim olmaq məcburiyyətində qalır.

Olimpiyanın nəvaziş və sevgi dolu sözləri, oxşamaları Floranı sərxoş edir. Bu hadisə həyatı boyu Floranın yaddaşından silinmir və niyə bir qadınla sevişməyinə cavab tapa bilmir.

Pol isə yerli xalqdan olan odunçu Jotefaya heyranlığnı gizlədə bilmir. Gənc oğlan cüt cinsiyyətli görünüşü ilə rəssamda qəribə hisslərin baş qaldırmasına səbəb olur.

Papeetenin zümrüdü meşələrindəki əsrarəngiz hadisə sözün rənginə boyanır: “Ətrafları yaşılımtıl maviydi, bir quş səsi belə, eşidilmirdi, daşlara çarpılan axıntının çıxardığı xışıltı sayılmazsa qatqısız bir səssizlik hakimdi.

Bu, elə bir dinclik və azadlıqdı ki, Pol, hər halda yer üzündə cənnət dedikləri şey bu olmalıdır deyə ürəyindən keçirdi... və tayı-bərabəri olmayan o arzudan ötrü özündən gedəcək kimi oldu.

Eynilə bir qadın kimi özünü buraxma, təslim olma, odunçu tərəfindən sevilmə və kobudca davranılma arzusu...”

Rəssamın ən məşhur tablolarından olan “Pape moe” (Sirli sular) “yaşılımtıl mavi” meşələrdə baş verən əhvalatdan sonra doğulur.

Pape Moe. Fransız rəssamı Paul Gauguin

Pape Moe. Fransız rəssamı Paul Gauguin

“Sirli sular” tablosunda güllü-çiçəkli, daşlı-kəsəkli ekzotik bir meşədə əyilib su içən yarı-qadın, yarı-kişi olan varlıq insan təbiətinin seçimi kimi rənglənir.

Pol Qoqen həyatının bircə gününü yaşadığı homoseksual vəziyyətini avtoportreti olan “Sirli sular”da gizlətmişdi.

Yosa “Pape moe” tablosunu “dinlə əxlaqın müharibə elan etdiyi insancığın cinsiyyətindəki naməlumluq” adlandırır.

Qızını zorlayan ata

Flora Tristan Andre Çezaldan qaçsa da, əri onu hər zaman kölgə kimi izləyir. Fransa qanunları Çezalın tərəfində olduğu üçün vəziyyət daha da gərginləşir.

Böyük qızı Alineni oğurlayan Andre hər gecə öz doğma qızını zorlayır. Aline anasına yazdığı məktublarda atasının iyrənc əməllərindən danışır.

Flora qızına təcavüz edən atanı məhkəməyə verir və hakim əldə heç bir dəlil olmadığı üçün Çezalı sərbəst buraxır. Balaca Aline isə kimsəsiz uşaqlar evinə verilir.

Bu hadisələr Alinedə anasına qarşı dərin nifrət hissi oyadır. O düşünür ki, anası onu kimsəsizlər evinin soyuq divarları arasından xilas etməli idi. Atasının qorxunc əməlləri Alinenin yaddaşında, hətta üz cizgilərində ilişib qalır...

Yosa “Cənnət başqa yerdədir” romanı ilə bütün dünyada baş verən insestlərin lənətini lənətləyir. Ədəbiyyatın dili ilə bu azğın və çirkin hadisənin həyata sığmadığını göstərir.

Yazıçı Alinenin başına gələn hadisələri Pol Qoqenin xatirələrində irəli və geriyə sıçrayışlarla, bir övladın bədənində zəhərə çevrilən ağrılar kimi təsvir edir. Hadisənin dramatik ab-havası ovsunlayıcı təsirə malikdir.

Pol Qoqen böyük qızının adını Aline qoyur və Papeetedə olarkən 20 yaşlı qızının vəfat xəbərini alır. Qızının ölüm xəbəri bu vecsiz insanı sarsıdır.

Sarsıntı və sıxıntının təzyiqindən yeni bir şedevr portret yaranır. “Aline Qoqenin portreti”ində anasını rəsm edən rəssam eyni zamanda qızını da sənətdəki stiuasiyada əbədiləşdirir.

Portretə diqqətlə baxanda gözəl Alinenin üz cizgilərinin arxasında dəruni bir əzabın şahidi oluruq. “Aline Qoqenin portreti”ində arxa fon sarı rəngdədir, bu, ümidsiz və bədbəxt taleyin sarılığıdır.

Üzünə səpələnən qırmızı boyalar zahirən yanağın qırmızısı kimi görünür, lakin rəssam məlun ehtirasın yanğınına qurban gedən bəkarətin ləkələnməsini al rəngin cazibəsi ilə pərdələyir.

Bir daha əsla

1897 rəssamın həayatında ən ağır və acılı il olur. Qızı Alinenin ölüm xəbərinin şokundan ayılmamış yeni doğulan oğlu ilə də vidalaşır, yatışan xəstəliklərinin yenidən oyanması isə Pola dərdlərin ağırlığından göz açmağa imkan vermir.

Yosa 1896-97-ci illərdə arda-arda baş verən acı faciələrdən qurtulmaq istəyən rəssamın sənət eşqini nisgilli şeir dili ilə nəql edir:

“Həyəcanla, qızdırmalı bir halda beyninə hücum edib tüklərini biz-biz edən, özündənrazı, güclü, müzəffər hisslərin qanına işləyən hərarəti ilə kətanın üzərinə bir bez çəkdi və kətanı dəzgaha bərkitdi. Ölən uşağının rəsmini çəkəcəkdi...”

O, 3 gün gecə-gündüz çalışsa da, tablo uğursuz alınır. Arvadı Pauuranın gözlərindəki kədər və Edqar Allan Ponun məşhur “Quzğun” (The raven) şeiri Polun ilham qaynağı olur.

Necə ki, bir vaxtlar içki, qumar, narkotik və uğursuz eşqin sancısından “Quzğun” şeiri yaranmışdı. İndi də Pol Qoqenin fırçası Edqar Ponun şeirindəki nəqarətə hamilə olur: “Nothing more” (Bir daha əsla)...

“Bir daha əsla” tablosunun qəhrəmanı Pauura olsa da, əsl qəhrəman arxa fondakı quşdur.

Quş azad, özgür olmaq istəyən insanın quzğun talenin yeminə çevrilməsinə simvolik dekorasiyadır.

Pauuranın sifətindən qəlbinin dərinliklərinə çəkilən kədər isə insanı acının sehri ilə ovsunlayır.

Pauuranın uzandığı çarpayı və yataq dəsti Taiti mədəniyyətinə xas deyil. Xristianlara, avropalılara aid olan yataq dekorları fərqli mədəniyyətləri qovuşdurur, digər arxa fon elementləri isə yerli xalqa məxsusdur.

Pauuranın ayağındakı qan laxtasının məna miqyası heyrətvericidir. Yer üzündə qanı tökülən ilk insan Habildən Polun ölən oğluna kimi bəşər tarixinin dramatik faciəsinin boya ilə yazılmış kitabəsidir.

Pol Qoqen “Bir daha əsla”nı bitirəndən sonra Pauura: “Xeyr, bu mən deyiləm, bu qadın qocadı, mən ondan çox cavanam”, deyir.

Pol sənət dili ilə cavab verir: "Haqlısan, sən gəncsən, bu isə əbədidir”. Yosa bu kiçik fraqmentlə roman sənətinin əbədi dialoqlarından birini yazmış olur.

“Nevermore” dən (Bir daha əsla) öncə çəkdiyi “Te tamari no atua” (Tanrının oğlu) və “Natea Foo Ipoipo” (Nə vaxt evlənəcəksən?) əsərləri rəssamın özünü də əbədiləşdirir.

“Tanrının oğlu”nda İsa peyğəmbərin doğuşu polifonik kültür əsasında rəsm edilir. “Nə vaxt evlənəcəksən?”, şübhəsiz ki, rəsm sənətinin ən rəngarəng və mənalı tablosudur.

Rəngli geyimləri təbiətlə həmahəng olan qadınlar ehtiras, şəhvət, müharibə, eşq və başqa xislətlərdən uzaq bir dünya cənnətinin qibləgahıdırlar.

Qadınların bətnində hansısa bir kişinin yatdığını görməmək və duymamaq mümkün deyil. Arxa fonda əl-ələ tutuşub yol gedən kişi və qadın isə əbədiyyətə, kamil insani duyğulara, eşq cazibəsinə ən gözəl metaforik tapıntıdır.

Kişi və qadının getməkdə olduğu yer, nədənsə mənə Yusif Səmədoğlunun Baba kahasını xatırladır...

Rahibin sınağı

Flora Bordoda kitabların sirli dünyasına dalarkən rahib İsmaelillo onun gözəl gözlərinin cazibə dairəsinə düşür. İsmaelillonun Floraya olan eşqi hüceyrələrə qədər işləyən cinsi ağrılara dönüşür.

Rahibin müqəddəs bakirlik prinsipi ilə şəhvani arzuları toqquşur. Ağır sınaq qarşısında qalan İsmaelillonun vəziyyəti cismlə ruhun kəskin mübarizəsidir.

Psixoloji və fizioloji arzuların ağrılı anları uydurma dini dəyərlərin insanı hansı hala salması kimi məna ifadə edir. Yosa evlənərək də dinin yaşana biləcəyini, bir sıra sxolastik qanunların insan təbiətinə zidd olduğunu “müqəddəs xədim” İsmaelillonun cinsi istəklərinin faciəsi əsasında dilə gətirir.

Flora öz mazoxist intim oyunları ilə rahibi özündən çıxarır. Ümidverici, cinsi təhriqə səbəb olan davranışlarla İsmaelillonun əzab çəkməsinə səbəb olur.

Tövbə və günahın kədərli patalogiyası rahibin iliyə işləyən sınağında bir-birinə qarışır. İsmaelillo bədbin və anlamsız səbəblərə rəğmən Floranı sevir.

Onun bu dünyadan “kafir” getməsini istəmədiyi üçün xristian ayinləri ilə dəfn edilməsini istəyir. Lakin İsmaelillonun arzusu ürəyində qalır.

Protestan keşiş Vernier isə kimsəsiz bir dinsizə kömək edib etməmək seçimi ilə sınağa çəkilir. 1903-cü ildə ayaqları və gözləri tutulan Pol katolok kilsəsi yepiskopu Martinin hədə-qorxuları nəticəsində hindilərdən yardım ala bilmir.

Yepiskop Pola yardım edənləri, onun hər hansı ehtiyacını qarşılayanları müəyyən cəza növləri ilə hədələyir. Ölüm yatağında olan rəssam kəskin ağrılardan keşiş Vernierin verdiyi ağrıkəsicilər sayəsində qurtulur. Ağrıları dinən rəssam azadlıq və əzmkarlıq rəmzi olan atların rəsmini çəkir.

“Çəhrayı atlar” tablosu gələcəyə nikbin baxışın, incə sənətin və gözəlliyin arzularıdır. “Çəhrayı atlar” estetik zövqün ən böyük qazanc olduğunun sübutudur. “Çəhrayı atlar” ədəbiyyatın verdiyi cənnət həzzinə doğru yürüyüşün sonsuzluğudur. Uşaqcıl və romantik hisslərlə...

Gözləri korluq dərəcəsində olan rəssamın sənətinə verdiyi dəyər insanı heyrətə salır. Yosa qələmində daha sehrli və mənalı olan rəssam Pol Qoqen ömrü bəşəriyyətə azad yaşmaq mirasını buraxır. Və bir də sənətin həyatda hər bir şeyi sorğu-suala çəkə biləcək qədər üstün olmasını.

Mario Varqas Yosa “Cənnət başqa yerdədir” romanında onlarla zaman dilimində baş verən hadisələri böyük ustalıqla bəzən bir səhifədə, bəzənsə bir cümlədə birləşdirir.

Əhvalatların qəfil zaman və məkan dəyişdirməsi heyrət və təəcüüblə izlənir. Adı cənnət olan romanın dadı cəhənnəm olur: Fransada kapitalizmin korlanmış qanunları arasından sıyrılıb düşürsən Perudakı siyasi anarxiyanın içinə, bir də baxırsan ki, Avropalıların istismarı nəticəsində həyatları cəhənnəmə çevrilən hindilərin arasındasan.

İmperializm, müstəmləkəçilik, despotizm, anti-demokratiya kimi çirkinliklər rəssamla nənəsinin cənnəti axtararkən cəhənnəmdən qurtula bilməyən həyatı ilə şəkillənir.

Markesin duyğusal, Kortasarın vecsiz nağıllarının mirası

Yosanın “Cənnət başqa yerdədir” romanı zaman içində zamansızlıq, sərhədsizlik yaradır. Romanın hər fəslində konkret zaman, məkan, gün və tarix göstərilsə də yazıçı zamanlara və məkanlara sığmayan sonsuz, sözlü bir həyat təklif edir.

Tarixdən məlum olan Flora Tristan və Pol Qoqen daha acıqlı, tünd və real konturlarla eskiz edilir. Tarixdə baş verməyən hadisələr ədəbiyyatın gerçək yalanları ilə bəzənir və bizlər hansının gerçək, hansının yalan olduğunu düşünməyə macal tapa bilmirik.

Yosanın ruhunda gizlənən ilahi təhkiyəçi həyatı donuq və süst göstərməmək üçün bir cümləni belə hədər sözdən qısqanır.

Yosa nə Markes kimi duyğusal, nəğməli nağllar quraşdırır, nə də Kortasarcasına həyatın və yazının qaydalarını alt-üst edir. O, Borxesdən Fuentesə kimi böyük Latın Amerikası Ədəbiyyatı romançılarının bitkin və modern zirvəsidir.

Markesin xülyalarla zəngin astarı üzünə çevrilmiş gerçək miflərindən, (“Yüz illin tənhalığı”) Kortasarın “Uduş” romanındakı ensiklopedik mədəniyyət axtarışlarının yeni bir mirası “Cənnət başqa yerdədir” romanıdır.

Kortasarın qəhrəmanı Orasio Oliveyranın tapa bilmədiyi cənnəti Pol Qoqen ən azından öz müstəqil dünyasında – sənətdə tapır.

Yosa Latın Amerikası ədəbiyyatında təkrarlanan yuxu və mif süjetlərini təsirli, inandırıcı və bir o qədər də heyrətverici əvhalatlarla əvəz edir. Borxesin məntiq oyunları ilə Rulfonun xəyali obrazlarının izdivacından Mario Varqas Yosa üslubu doğulur.

Xuan Rulfonun “Pedro Paramo” romanı ən sehrli ədəbi əsər kimi Nobel mükafatı ala bilmək şansından məhrum olsa da... Xorxe Luis Borxesin xəyallarının hekayələri “Ficciones” "Nobel"ə güzgü ola bilməsə də... Eybi yox... Borxesin görən gözü, Rulfonun açılan bəxti Yosa “Nobel” almaqla ispan dilli ədəbiyyatı mükafatlandırır.

Əziz oxucu, əgər Yosa bir gün bu yazını oxusa, yazdıqlarımın yersiz olduğunu düşünərdi. Hərçənd ki, hörmətli yazıçı bir çox tənqidi təhlil yazılarının “yazıçıların üslublarına və dünyalarına daxil olmaq üçün dəyərli bir yol göstərici olduğunu”, hətta, “uğurlu bir roman və ya şeirdən geri qalmadığını” söyləyir.

Digər tərəfdən, tənqidin mətnin “yaradıcı prosesini təmami ilə şərh edib sehri pozması" ilə razılaşmır.

Mən də Yosanın “Gənc romançıya məktublar”ından son hissəni təhrif edərək deyirəm: Bütün söylədiklərimi unudun və dərhal Yosa romanlarını oxuyun, arada Rulfo və Borxesə də qonaq gedin, Markeslə Kortasar isə baş ucunuzda olsun.

Bol şans və mütaliə diləyi ilə!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG