Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

- Oqtay Əhmədov

XURCUNLU…

Şəhərin mərkəzində küçənin baş ucuyla fikirli-fikirli mənə sarı addımlayan tənqidçi Səlim Zülfüqarlını gördükdə, nə sirri-xudaydısa, rəhmətlik yazıçı Ələddin Qələndəroğlunu xatırladım. "Axı niyə qıydı özünə? Ev-eşiyi, maşını, işi, hər cür şəraiti olan kişini tüfəngin lüləsini gicgahına tuşlamağa nə məcbur eləmişdi?" — Zülfüqarlı ta mənə çatanacan qəflətən qafamı çulğamış bu fikirlərdən ayrıla bilmədim.

Səlim müəllimin əynində uzun, qara plaş vardı, ucubiz ayaqqabı geymişdi, xal-xal qalstuku da öz yerində. Köhnə xəz papağı başında o qədər yekə görünürdü ki, uzaqdan onu əmmaməyə də bənzətmək olardı.

Çiynindən asdığı kəmərli çantası belindən sallanmışdı. Yüz ildi bu adamı tanıyırdım, yüz ildə bir gün də onu bu çantasız görməmişdim. Zalımın balası sevimli "xurcun"uyla heç cürə vidalaşa bilmirdi ki, bilmirdi də!

Qəzet-jurnallardan qonorar aldığı gün yollanardı dükana, yüngülvari bazarlıq eləyib doldurardı çantasını, üz tutardı redaksiyalara, çapdan çıxmış yazısını "yuyub", arağın təsirindən yırğalana-yırğalana yarıyuxulu halda dönərdi evinə. Belə günlərdə həmin portvel "hamilə" olardı. İndisə o çanta köhnə, dərisi sürtülmüş həmişəki qara çantaydı. Kiminlə istəsən mərc qoşa bilərdim ki, sovet dövründənqalma bu portvelin içinə kitab-dəftərdən, topa-topa əlyazmalardan savayı iri bir limonad şüşəsi, 100-150 qram dilimlənmiş ucuz kolbasa, bir loxma çörək də dürtülmüşdü. Nəsə, bu çanta Zülfüqarlının səyyar soyuducusu, anbarı, kitabxanasıydı…

Xoş-beş, on beşdən sonra Zülfüqarlı yəqin ki, yuxusuzluqdan yorğun, şişkin gözlərini üzümə zilləyib kefimi xəbər aldı. Əslində mən səhhətiylə maraqlanmalıydım, çünki gözümə sınıxmış, xəstəhal kimi görünürdü, bəlkə də məni qabaqlayıb kefimi xəbər almasaydı bu sualı özü dilimdən eşidəcəkdi.

— Sağ ol, — mızıldanıb "görünmürsən?" dedim. Sözümdən elə çıxırdı ki, guya bu adam yaxın dostum idi, özü də səhərdən axşamadək yanımda olardı, amma axır vaxtlar qeybə çəkilmişdi. Əslində "son vaxtlar televiziyada, yığıncaqlarda, qəzet-jurnal səhifələrində… görünmürsən" demək istəmişdim.

Beş-altı ay qabaq əlli illiyini Yazıçılar Birliyində təmtəraqla qeyd eləmişdilər. Tanınmış ədiblər, görkəmli şairlər, ziyalılar çıxış edib Səlim Zülfüqarlının məhsuldar yaradıcılığından, ədəbiyyatımız qarşısında göstərdiyi danılmaz, təmənnasız xidmətlərindən, tənqidimizin inkişafı yolundakı fədakarlığından ağız dolusu danışıb yubilyarı xeyli tərifləmiş, onu "gənc" (?), "perspektivli" tənqidçi adlandırmışdılar və s. və i.a… Axşam mərkəzi televiziyanın "Xəbərlər" proqramında həmin yubiley tədbirindən kiçicik fraqment də göstərmişdilər. O vaxtdan görməmişdim Zülfüqarlını. Sonra hansısa qəzetdə ad günüylə əlaqədar təbrik çap eləmişdilər. Lap axırıncı dəfə "Ərgünəş" jurnalında imzasıyla rastlaşmışdım. Tənqidin problemləri mövzusunda eksklüziv müsahibə vermişdi. Vəssalam, o vaxtdan nə özü, nə də imzası gözümə sataşmışdı. "Görünmürsən" deyəndə, əlbəttə ki, bunları nəzərdə tutmuşdum.

Zülfüqarlı nəyə eyham vurduğumu anladı, anlamadı, bilmədim, amma sualımı cavabsız qoymadı. Gözlərini yayındıraraq əlini çantasının meşin üzlüyünə ehmalca toxundurub mənalı-mənalı:

— İş başdan aşır, — pıçıldadı. Onun baş deyəndə çantasına işarə eləməsi gülməliydi: guya başı çantadaydı.

Bu vaxt yanımızdan dəblə geyinmiş ədalı bir xanım keçdi. Qadın qıvırcıq tüklü, quyruqsuz itinin qayışından tutub forslu-forslu yeriyirdi. Zülfüqarlı sanki qadının eşidəcəyindən ehtiyat edirmiş kimi astadan kinayəylə dedi:

— Beş yüz dollaradır e, o köpək…

Həqiqətən də, hər ikimizin əyin-başının dəyəri üst-üstə o itin qiymətinin yarısını eləmirdi. Mənimsə fikrim başqa yerdəydi. İt iki-üç aylıq quzu boydaydı. Özü də elə uzaqdan quzuya oxşayırdı. Zülfüqarlının çantasına bu köpək rahatca yerləşərdi…

Birdən ağlıma axmaq bir ideya gəldi. Dünyanın işini nə bilmək olar, hamamdamı, çimərlikdəmi, hardasa, haçansa imkan düşəndə Zülfüqarlının sağ çiyninə baxmaq! Sözsüz ki, çiyninin üstünün dərisi illər uzunu gəzdirdiyi ağır, qara çantanın kəmərinin sürtünməsindən qançır bağladığını görəcəkdim.

Birdən-birə xudahafizləşib əkilmək yaxşı düşməzdi, gərək araya bir söz qatıb fikrimi andıra qalmış çantadan yayındıraydım. Bəlkə çox arayıb-axtarmaq heç lazım da deyildi, Səlim Zülfüqarlı gözlənilmədən intriqalı süjet atmışdı ortalığa, ancaq hansısa şəstli, dikburun xanımın beş yüz dollarlıq köpəyinin müzakirəsinə vaxt itirməyi özümə sığışdırmadığımdan tamam başqa mövzu tapmalıydım.

Naqafil Ələddini soruşdum ondan, bədbəxtin adı heç bilmədim hardan gəlib yadıma düşdü.

— Ələddindən xəbərin oldu də?..

Key-key üzümə baxıb gözlərini döydü:

— Hansı Ələddin?

— Ələddin də, Ələddin Qələndəroğlu! — Peysərini qaşıdığını görüb aydınlaşdırmağa başladım. — Bir ay öncə intihar eləmişdi. Gülləni sıxmışdı qafasına…

— Hə, o yazıçı… — axır ki, xatırladı. — Qazamat mövzusunda silsilə kitabların müəllifi. Deyilənlərə görə, maraqlı əsərlərdi. Ölümündən iki-üç gün qabaq təsadüfən rastlaşmışdıq küçədə. Atüstü hal-əhval tutub ayrılmışdıq. Vallah, beynində intihar fikri dolaşan adama oxşamırdı. Bir ay olar də ölüb? Hələ də intiharının əsl səbəbini bilən yoxdur. Bəlkə heç intihar da olmayıb. Arada söz gəzirdi ki, firması iflasa uğramışdı, borcun içində üzürdü. Ortada pul söhbəti vardı yəqin… Əlbət, giriblər içəri, götürüblər tüfəngini, tuşlayıblar düz təpəsinə, adın da qoyublar intihar…

— Təkcə türmələrdən yazmırdı. — Səsim deyəsən bir az acıqlı çıxdı. Tənqidçiyə yazıçı tanıtdırırdım, — bu məni əsəbiləşdirmişdi. — Bir xeyli hekayələri, povestləri də getmişdi jurnallarda. Qeyri-adi, istedadlı yazıçıydı…

Zülfüqarlı yenə də peysərini qaşımağa başladı. Yəqin vərdiş halını almış bu mexaniki hərəkət çox dadına çatmışdı, bəlkə də bu adət ona fikirlərini cəmləşdirməkdə kömək edirdi, kim bilir, amma bu dəfə boynunun ardını qaşımaqdan kar aşmadı. Görünür, Ələddinin heç bir əsərini xatırlaya bilmirdi. Axırda naəlac qalıb mızıldandı:

— Oxumamışam onu… — Bu etirafın ona başucalığı gətirmədiyini düşündüyündənmi, nədənsə özünə bəraət axtardı: O qədər iş-güc, qayğılar var ki… mütaliəyə vaxt nə gəzir…

Müasir ədəbiyyatı izləməyə vaxt tapmayan "gənc", "perspektivli" tənqidçiyə deməyə daha heç bir sözüm yox idi. Hirsimdən dişim bağırsağımı kəsirdi. Kim maraqlanacaqdı Ələddinlə, kim araşdıracaqdı arxivini?

Bədbəxtin ölümü də səs salmadı…

Faciənin ertəsi günü mətbuatda yazmışdılar bu barədə, o da nekroloq, ağı-filan yox, kriminal xarakterli məlumat idi. Qəzetlərin birisə lap ağ eləmişdi: sonuncu səhifədə məşhur türk müğənnisinin palaz boyda çılpaq şəklini verib zırpı-zırpı hərflərlə "Hülya Avşar yeni eşq macƏrası yaşayır!" deyə aləmə car çəkmiş, bütün səhifəni Avşarın növbəti (!) "eşq macərasına" həsr eləmişdilər, aşağıda, lap küncdəsə oxunması ancaq zərrəbinlə mümkün olan qarışqa boyda şriftlərlə xəbər vermişdilər ki, "filan rayon Polis İdarəsindən alınan məlumata görə, YB-nin üzvü, nasir Ələddin Qələmdaroğlu dünən axşam öz evində tüfəngdən açdığı atəşlə intihar etmişdir. İntiharın səbəbləri araşdırılır", vəssalam...

"İntiharın səbəbləri"...

İntiharın səbəbləri bəlkə də onun kitablarında, evindəki arxivində, hələ çap olunmamış əlyazmalarının arasındaydı, kim bilir...

***

Fikir aparmışdı məni. Zülfüqarlının könülsüz halda pıçıltıyabənzər səslə dediyi sözlərə diksindim:

— Belə-belə işlər, qardaş...

Bu, xudahafizləşməyin vaxtı yetişdiyinə bir işarəydi. Söhbətimiz alınmamışdı. Sağollaşmazdan öncə hara gedəcəyini soruşdum, amma ürəyimdə istəmirdim ki, yolumuz bir olsun.

— Mərkəzi kitabxanaya, — deyib köz kimi qızarmış gözlərini üzümə zillədi. Mənə elə gəldi ki, dilimdən "xeyr ola?" sualını gözləyirdi. Onunla danışmağa marağım qalmamışdı. Oğrun-oğrun baxdığım sağ əlini tezcə mənə sarı uzatsaydı məmnuniyyətlə sıxardım. Amma kişinin deyəsən ürəyi doluydu. Bəlkə hansı sözümsə xətrinə dəymiş, tutmuşdu onu, cavabımı vermədən ayrılmaq istəmirdi.

— Nə gecəm var, nə gündüzüm, — axır ki, dilləndi, — səhər girirəm kitabxanaya, yarı ac, yarı tox, ta bağlananacan eşələnirəm arxivdə. Belə getsə gözümün nurunu kitablar aparacaq. Soruşa bilərsən ki, nəyə görə özümü həlak eləyirəm, nəyimə lazımdır qədimi, saralmış əlyazmaları, varaqları kif bağlamış tozlu-paslı köhnə kitablar? — Əslində bu suallar mənim heç ağlıma da gəlməzdi, ağlıma gəlsəydi də onları dilimə gətirən deyildim, — nə vecimə Zülfüqarlı ömrünü nəyə sərf edirdi, — ancaq bir şey mənə aydındı ki, bu özünüreklam "mus-mus" idi, Səlim müəllimin "Mustafa"sı hələ qabaqdaydı. — Bayaq Ələddinin adını çəkdin. Allah rəhmət eləsin, yeri behiştlik. Heç olmasa sən tanıyırsan, bilirsən ki, belə bir yazıçı yaşayırdı. Səndən başqa on-on beş adam da tanıyırdı onu, on-on beş oxucusu vardı deməli... Amma Azərbaycanın elə əzəmətli ədibləri, şairləri olub ki, onlardan heç kəsin hələ xəbəri yoxdur. O dühaları tanıda bilməmişik xalqımıza! Biri elə Molla Məhəmmədqulu Dəğdaği! (Bu nə danışırdı, adə?! Heyrətdən gözlərim təpəmə qalxdı.) O boyda möhtəşəm şairdən kimin xəbəri var? Biri elə sən, oxumusan o kişini? Hə, nədir, təəccüblə baxırsan… Haqqında "Azərbaycan ədəbiyyatı tarixi" kitabında cəmisi bir-iki sətirlik məlumat verilib: dörd yüz il əvvəl bu adda şair olub, yetmiş iki il ömür sürüb, fars-ərəb dillərində iki "Divan" yazıbsa da bu günümüzə vur-tut üç qəzəli gəlib çatıb, vəssalam… Həmin üç qəzəldən birini doğma türkcəmizcə qələmə alıb. — Və kişinin ağzından dürr tökülməyə başladı: Deyir

"Hər muyin bir əfidir, bir maridir, ey zülfi-pərişan"…

Zülfüqarlı Dəğdağinin poema həcmində olan "türkcə" qəzəlini ağzı köpüklənə-köpüklənə əzbərdən, şövqlə söyləsə də bir şey qanmadım, təkcə əsrlər boyu saqqıztək çeynənmiş qafiələr yadımda qaldı: "zülfi-pərişan", "dirəxşan", "pünhan"…

Bəlkə də sifətimin ifadəsini daha yaxşı görsün deyə Səlim müəllim çeşməyini taxıb, eynəyinin optik şüşələri arxasından dombalanmış gözlərini maraqla üzümə zilləmişdi. Sükutumu bəlkə də heyranlıq əlaməti sandığından poetik nümunəsinin təsir gücünü artırmaq məqsədilə qəzəli daha anlaşıqlı dildə xırdalamağa başladı:

— Deyir, "hər telin bir ilandır, ey zülfi-pərişan", yəni, ey saçları dağınıq gözəl…

Bu adam ya kitabxanalarda gecə-gündüz eşələnməkdən havalanmışdı, ona görə də sayıqlayırdı, ya da ki, məni barmağına dolayıb məzələnirdi. Səbrim tükəndiyindən az qala tapança kimi açılacaqdım: "A kişi, ömrünün altı ayını buna sərf eləmisən?! Sənin o Dəğdağın yazsaydı ki, ey saçları "zavivkalı", ey telləri "padmalçişka" vurulmuş, vallah, mən də sənin kimi ona heyran olardım, deyərdim kişinin oğlu şerdə inqilab eləyib, dörd yüz, beş yüz il öncəni görüb, lap Nastrodamusdur ki! Yoxsa ki, "zülfi-pərişan"… Orta əsr şairlərinin "gözəlləri" deyəsən heç ömürlərində daraq-maraq görməyiblər. Əsrlərlə daranmayan kənəkli, bit-sirkəli saçlarda əlbəttə ki, lap ilan da yuva salar". Amma bu sözləri dilimə gətirmədim. Yaşda məndən böyük olan Zülfüqarlı mağmının biriydi. İstəmədim xətrinə dəyəm. Fağırın zalımı olmağa nə vardı ki! Mənasız, gərəksiz işə Don-Kixotcasına girişmiş adamı yolundan döndərmək müşkül məsələydi.

— Deyir, ləbin həsrətindən, mahliqa, yəni, ey ayüzlüm, sübhəcən dirənir ərşə suzi-nalanım, — Səlim müəllim hələ də "möhtəşəm" şairin "türkcə" qəzəlini dilimizə çevirməkdəydi, — sənsə, ey yari-bivəfa, əğyar ilən mey nuşi-xuş edib mazaqlaşmaqdasan hər gecə nihan, yəni gizlicə, xəlvətdə… Hələ gerisinə qulaq as! Deyir, əbrulərin, yəni qaşların kamandır, sirişkin, yəni…

— Səlim bəy, — hirsimi güclə boğub hövsələsizliklə sözünü kəsdim, — deyirsən mənbələrdə yazılıb ki, Dəğdaği yetmiş iki il ömür sürüb? Bəlkə altmış iki il yaşayıb? Bunu araşdırıb dəqiqləşdirmisənmi?

— Yetmiş iki yaşında vəfat edib, oyan-buyanı yoxdur, mən faktlara əsaslanıram.

— Sağlığında fars-ərəb dillərində iki "Divan" yazıb? Bəlkə üç "Divan"ı olub, biri də, məsələn, həbəş dilində? Hələ neçə il araşdırma aparmalısan ki!.. Dəqiq iki "Divan"ı varmış?

— Dəqiq. Bizə heç biri gəlib çatmayıb.

"Elə yaxşı ki, gəlib çatmayıb" — bunu ürəyimdə dedim. Bir qəzəldən ekstaz həddinə çatan Zülfüqarlı iki "Divan"dan əməlli-başlı havalanardı ki!

— Yəqin altı aydır axtarırsan onları? — soruşdum.

Zülfüqarlı sözlərimi ciddi qəbul elədiyindən avamlığıma güldü:

— Rəhmətliyin oğlu, ağzımda orta əsrlər deyirəm sənə! Müharibələr, yürüşlər, yanğınlar, dağıntılar… taun, vəba… "Divan" nədir, üç qəzəli salamat yetişibsə günümüzə, bu özü böyük şeydir.

— Araşdırmanı davam etdir, — hələ də özümü avam yerinə qoymuşdum, — bəlkə dördüncü, beşinci… əllinci… qəzəlini sən tapdın. Bəlkə kişinin ayaması heç Dəğdaği yox, Dəlidağlı olub…

Səlim müəllim əlini ehmalca çiynimə vurub güldü:

— Məzəsən e, vallah… A kişi, "Ədəbiyyat tarixi"ni oxumaq lazımdır, "Ədəbiyyat tarixi"ni, orda hər şey yazılıb.

— Orda hər şey yazılıbsa, altı aydır kitabxanalarda nə işin qalıb? Onda niyə özünə zülm edirsən, nəyi axtarırsan, nəyi araşdırırsan axı? — Bütün bunları birnəfəsə söylədim. Əslində bu sözlər qeyri-iradi ağzımdan çıxmışdı. Bu vaxt yenə də Ələddin Qələndəroğlunin surəti heç bilmirəm haradan gəlib durdu qarşımda və bu dəfə daha Zülfüqarlının reaksiyasını gözləmədən söhbəti fırladıb rəhmətliyin üstünə gətirdim: Ölümündən beş-altı gün qabaq rastlaşmışdım Ələddinlə. İndi dayanmasın, beləcə üz-üzə dayanıb ayaqüstü hal-əhval tutmuşduq. Sən deyən kimi, "qafasında intihar fikri dolaşan adama oxşamırdı". "Nə üzərində işləyirsən?" soruşmuşdum. Demişdi ki, arxivimi qaydaya salıram. Bəzi yarımçıq əlyazmalarımı bitirib çapa hazırlayıram. İşlənməli o qədər yazılarım qalıb ki. Üçüncü kitabıyla maraqlanmışdım: "Çoxmu gözləyəcəyik?" Qayıtmışdı ki, bir ilə işıq üzü görər. Gerisi də ki, məlum. Bir də eşitmişdim ki, intihar edib. Deyirlər ki, öz qoşalüləsiylə iki güllə vurmuşdu özünə. Biri çiynindən dəymişdi. İndiyədək başa düşə bilmirəm niyə özünə qəsd edən adam birinci gülləni çiyninə tutuzdurub? İkinci kitabına ön sözü özü yazmışdı. Balaca, bir-iki sətirlik yazıydı. Əvvəllər heç fikir verməmişdim. O gün bir də baxdım. Oxucularına müraciətlə yazmışdı ki, "…sizi çox gözlətdim — beş il. Düz beş il bundan qabaq kitabımı çapa vermişdim. Çap olunmurdu. Səbəb? Birinci kitabdan sonra başlamış təqiblər, təhqirlər, hədə-qorxular…" O faciənin əsl səbəbi, səbəbkarı bəlkə elə o sətirlərin arxasındadır?.. Bəlkə heç intihar olmayıb?.. Bəlkə…

Zülfüqarlı darıxdığından (bilirdi ki, söhbət hayana fırlanırsa-fırlansın yenə hərlənib-hərlənib gəlib Qələndəroğlunun kitablarının, arxivinin, çap olunmamış yazılarının üstünə çıxacaqdı) xalaxətrin qalmasın "Allah rəhmət eləsin" deyib bir ağız əsnədi, eynəyinin şüşələri arxasından üzümə zillənmiş şüşə kimi soyuq gözlərini yayındırıb peysərini qaşıdı və sonra elə həmin əlini də mənə sarı uzatdı:

— Yaxşı, tay mən gedim, iş başdan aşır…

***

…Dörd yüz il əvvəl yetmiş iki yaşında haqq dünyasına qovuşmuş "möhtəşəm" şair Molla Məhəmmədqulu Dəğdağinin həyat və yaradıcılığını araşdırmaq, tədqiq etməkdən, daha doğrusu, yarımçıq qalmış "araşdırma və tədqiqatlarını" davam etdirməkdən ötrü Azərbaycan ədəbiyyatının əlli yaşlı "gənc", "perspektivli" tənqidçisi Səlim Zülfüqarlı ağır-ağır küçəylə üzüaşağı — Axundov adına mərkəzi kitabxanaya doğru yol almışdı. Yerimdən dəbərmədən baxışlarımla onu ötürürdüm. Mənə elə gəldi ki, birdən-birə orta əsrlərə düşdüm. Küçəylə şütüyən avtobuslar, avtomobillər qəflətən sürətini azaldaraq eşşək arabalarına, faytonlara çevrilib ağır-ağır, ləngər vura-vura hərəkət eləməyə başladı. Qulaqlarıma maşın siqnalları əvəzinə anqırtı, kişnərti, böyürtü səsləri gəldi. Ayağım altındakı asfalt örtüyü də toz-torpağa, daş-çınqıla dönmüşdü. Uca, hündür binaların yerində yastıyapalaq, köntöy evlər, qazmalar gözə dəyirdi…

Bütün bunlar bir an davam etdi, cəmisi bircə an…

Sonra həyat yenə öz axarına qayıtdı: küçə yenə həmin asfaltlı küçəydi, həmin asfaltlı küçəylə şütüyən də həmin avtomobillərdi; əzəmətli göydələnlər də öz yerindəydi; adamlar da elə o adamlar idi — XXI əsrin insanları… bircə Səlim Zülfüqarlı çuxadaydı, çuxanın üstündən əbaya bürünmüşdü, başında əmmamə, ayaqlarında çarıq, belində qara xurcun… gəldiyi yerə — orta əsrlərə qayıdırdı…

***

Bu vaxt maşınlardan birinin təkəri partladı. Küçədəki adamlar diksinib vahiməylə yan-yörələrinə baxdılar. Güllə səsiydi elə bil…

Bəlkə Ələddin Qələndəroğlunun tüfəngi də beləcə guruldamışdı…

Uzaqlarda qara nöqtəyə dönüb izdihama qarışan Zülfüqarlı heç səksənmədi də…

Onunla bu səsin arasında dörd yüz illik məsafə vardı…

Günün bütün mövzuları

XS
SM
MD
LG