Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:21

Şöhrəti Ağ Evə yetişmiş bakılı sahibkar qadın


Tatyana Kanzaveli
Tatyana Kanzaveli

Bu ay Ağ Evdə ABŞ prezidenti Barack Obamanın iştirakı ilə keçirilən milli azlıqlara mənsub 30 sahibkar qadın arasında bakılı Tatyana Kanzaveli də var idi.

O, görüşdə özünün Open Health Network şirkətini təmsil edirdi. Bu online xidmət dünyanın istənilən yerində, istənilən dildə tibb mütəxəssəslərinə kliniki sınaqları daha səmərəli həyata keçirməyə, məlumatları daha uğurla analiz etməyə imkan verən mobil applikasiyalar təqdim edir.

“Obamanın qəbuna dəvət olunmaq necə bir hiss idi?” sualına cavabında Tatyana deyir: “Mən bundan şərəf duydum. Bir ömür boyu bəs edəcək bir təcrübə oldu. Uzaq Bakıda doğulan bir qadın heç xəyalına belə gətirməzdi ki, bu həddə gəlib çıxa bilər”.

Tatyanın 50-dən yuxarı yaşı var. Bakıda, Nərimanov qəsəbəsində, yəhudi ailəsində dünyaya göz açıb, 178 saylı orta məktəbi bitirib, daha sonra Dövlət Neft Akademiyasında proqramlaşdırma üzrə təhsil alıb, Milli Elmlər Akademiyasında çalışıb. Beş dəfə şahmat üzrə Azərbaycan çempionu olub.

1990-cı ildə həyat yoldaşının qohumlarının dəvəti ilə ABŞ-a köçüb. Hazırda Kaliforniya ştatında, Los Altos şəhərində yaşayır. Bir qızı var.

“Burda adamlar əsasən Azərbaycanı tanımır. Onlara hər dəfə izah edirəm ki, Azərbaycan gözəl bir ölkədir, gedin, görün. Mən orda böyüməyimlə fəxr edirəm”.

AZƏRBAYCAN TƏHSİLİNƏ MİNNƏTDARDIR

Tatyana deyir ki, o, Azərbaycan təhsilinə minnətdardır. ABŞ-a köçəndən sonra heç bir təlim keçmədən proqramçı kimi işləməyə başlayıb və uğur qazanıb.

- Bəs necə oldu ki, sizi Obamanın qəbuluna dəvət etdilər?

- Bir neçə həftə əvvəl mən Nayrobidə qlobal sağlamlıq sammitində öz şirkətimi təmsil edirdim və təlim aparırdım. Bizim prezidentimiz də orda iştirak edirdi. Evə qayıtdım və emailimi açanda gördüm ki, məni Ağ Evdəki mərasimə dəvət ediblər. Çox maraqlı bir tədbir oldu. Düzdür, prezident bizim stendin qarşısında dayanmadı, amma bir neçə sahibkarla özü söhbət etdi. Əlbəttə ki, bu iştirak bizim şirkətimizə olan marağı artırdı, yerli media bizim haqqımızda yazmağa başladı, o cümlədən, müştərilərimizin də sayı artdı.

Tatyana iki il əvvəl xərçəng diaqnozu qoyulandan sonra tibb sahəsinə marağı artıb, əməliyyat ediləndən sonra sağalıb və qərara gəlib ki, belə bir online xidmət yaratsın. O, texniki sahədə təcrübəsi olan bir nəfərlə həmin şirkəti başlayıb. Hazırda şirkətin dövriyyəsini açıqlamaq istəməsə də, mənfəət əldə etdiklərini və biznesin böyüdüyünü bildirir.

Ondan soruşuruq ki,yəhudi lobbisinin ABŞ-dakı nüfuzunu nəzərə alanda, onun yəhudi olmasının uğuruna təsiri olubmu? Başqa sözlə, yəhudi olmayan bir bakılı qadın ABŞ-da uğur qazana bilərdimi? Deyir ki, bəli: “Silikon vadisində hər bir millətdən uğur qazanan insanlar var.. Millətin fərqi yoxdur”.

Bəs o, azərbaycanlı və amerikalı qadınlar arasında nə kimi fərq görür?

- Mən Bakıda 25 il əvvəl yaşamışam və ordakı qadınlar haqda çox bilmirəm. Amma qadın startup-çıları həvəsləndirmək üçün çoxlu təlimlər keçirəm və indiyə qədər cəmi bircə azərbaycanlı qadınla rastlaşmışam. Qadınları sahibkarlığa həvəsləndirmək lazımdır. Qadının idarə etdiyi bizneslər daha uğurlu olur.

- Amma Şərqdə belə bir fikir var ki, uğurlu qadın daha az, necə deyərlər, qadın olur...

- Çoxlu qadınlar var ki, onlar həm uğurlu biznes qurublar və hündürdaban ayaqqabıda gəzirlər, çox gözəl görünürlər. Biznes qurmaq kişi kimi davranmaq və ya kişi kimi geyinmək demək deyil. Hindistandan qadın sahibkarlar tanıyıram ki, onlar uşaqların inkişafı üçün uğurlu biznes qurublar və həm də yaxşı anadırlar.

-Uğurun sirri nədədir?

-Uğurun sirri işi missiyaya bağlamaqdır. Mənim missiyam sağlamlıq üzrə mütəxəssislərə öz işlərini uğurla görmək, insanları sağaltmaq və onları sağlamlıq barədə maarifləndirmək üçün bir sıra alətlər təqdim etməkdir.

DOLMA, KABAB

Tatyana öz biznesindən savayı dünyada qadınları həvəsləndirmək üçün təlimlər keçir. O, Azərbaycana gəlib, burda da təlim keçmək arzusunda olduğunu bildirir.

Tatyana dolma, kabab kimi Azərbaycan yeməkləri bişirir, dağa dırmanma, avarçəkmə kimi idman növləri ilə məşğul olur. İmkanı olanda Bakıya gəlir, hesab edir ki, Bakı bu 25 ildə çox gözəlləşib.

XS
SM
MD
LG