Polis rəisi: "Mənim özümə də şiddətli töhmət verilib"
“Əgər mənim rəis olduğum dövrdə 4 ölüm hadisəsi olsaydı, indi məni çoxdan işdən qovmuşdular. 10 il əvvəl burada bir nəfər döyülüb, ona görə də 3 nəfər polis həbs olunub. Başqa hadisə olmayıb, yazılan 4 hadisənin nə olduğunu mən bilmirəm”.
Bunu Meydan TV-yə Mingəçevir şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov deyib.
Mingəçevir şəhərinə ezam edilən DİN əməkdaşı, general Cavanşir Məmmədov və polkovnik Ələsgər Bədəlov Meydan TV-nin suallarını cavablayıb.
Rəis bildirib ki, faktla bağlı CM-nin 125-ci maddəsinə uyğun olaraq cinayət işi başlanılıb:
“7 dəfə mərhumun atası bu otaqda olub. Bütün tələblərinə əməl etmişik. Ekspertin dəyişdirilməsini istəyib, başqa yerdən gətirmişik. Bundan sonra 50 dəfə gəlsə, yenə qəbul edib, dinləyəcəyik. Özünə də demişik ki, şöbənin içərisindəki kameralar yalnız nəzarət üçündür, qeyd etmir. Ancaq bayırda olan görüntülərlə tanış etmişik. Məsələ ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb, hazırla saxlanılıb. Çünki Şahlar hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib. Mənim özümə də şiddətli töhmət verilib. Çox doğru qərardı, mənim də səhvim olub, nəzarətsiz buraxmışam”.
Cavanşir Məmmədov isə bildirib ki, qarşıdurmanın yaranmaması üçün mərhumun yaxınları ilə görüşüblər. Buna baxmayaraq, qarşıdurma baş verib:
“Aksiya zamanı 15 nəfər saxlanılıb. Onların hamısı şöbədədir. Heç biri Gəncəyə aparılmayıb. Onlardan 6-7-nin işi prokurorluğa təqdim olunub, qalanları məhkəmə qərarı ilə yəqin ki, inzibati qaydada cərimələnəcəklər”.
Hazırda şəhərdə tam sakitlik olduğunu deyən Ələsgər Bədəlov bildirib ki, videogörüntülərlə aksiyanın keçirilməsinə çağırış edən şəxslər müəyyənləşdirilir. O, videogörüntülərə düşmüş 3 nəfərin bölməyə gətirildiyini təsdiqləyib:
“Aksiya zamanı 10 polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Prokurorluğun müstəntiqi isə morqda meyidi müayinə edərkən döyülüb. Faktla bağlı araşdırma başlanıb. Hamı bilməlidir ki, polis də cavab verəcək, vətəndaş da. Hələ heç vətəndaş bilmir ki, polis həbs olunub. Heç kimə ixtiyar verilmir ki, qanunu pozsun. Dövlətin vəzifəsi vətəndaşını qorumaqdır, ona görə də lazım gələndə gücünü göstərməlidir”.
“Bizi şöbəyə aparan kimi üstümüzü axtardılar, heç nə çıxmadı”.
Bunu AzadlıqRadiosuna müsahibəsində avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində intihar etdiyi iddia olunan Bəhruz Hacıyevlə birlikdə saxlanan dostu Aqil Əzizov deyib.
O bildirib ki, hadisə baş verən gün Bəhruz Hacıyev və başqa bir dostları ilə birlikdə bilyard oynamağa gedirlərmiş:
“Bilyard oynamağa gedirdik. Yanımızdan öz şəxsi maşınında Samir adlı polis işçisi keçdi. Sonra qayıdıb dalımızca gəldi. Yanımızda maşını saxladı. Bəhruz dedi ki, “sinif yoldaşımdır, qoy gedim görüşüm gəlirəm”.
Salamlaşan kimi Samir onun əlini arxaya burdu, “015” markalı maşın dayandı, Bəhruzu maşına basıb apardılar. Samir məni göstərib dedi ki bunu da tutun. Məni də maşına oturtdular, dedik niyə saxlayırsız, dedilər şöbədə deyərik. Apardılar şöbəyə, düşürdülər bizi, birinci mərtəbədən sonra başımı aşağı əydilər ki, Bəhruzu hara apardıqlarını görməyim. Eyni maşında gəlmişdik, yolda heç nə olmadı, bizi də bir-birimizlə danışmağa qoymadılar. Şöbədə üstümü yoxladılar, tərtəmiz idi. Bəhruzun da üstündı heç nə olmayıb, bir siqaret, bir alışqan və 3-4 manat da pulu olub. Bir qədər sonra səs küy qopdu, mənə dedilər ki bir nəfər 3-cü mərtəbədən özünü atıb. Əvvəl polisdən soruşdum, dedi sizinlə gələn deyil, sonra dedilər ki, Bəhruzdur”.
Aqil Əzizov deyir ki, Bəhruzla bağlı olay baş verən zaman onu şöbədə dindirirdilər. Hadisədən təxminən 2 saat sonra o sərbəst buraxılıb:
“Məni həmin hadisənin axşamı buraxdılar. Məni buraxdıran da xalq, camaat oldu. Səhəri yenə çağırdılar, general məni danışdırdı. “Harda olmusuz, hara getmisiz” deyə suallar verdi. Guya ki biz hallı olmuşuq, heç elə bir şey olmayıb. Bizi şöbəyə aparan kimi üstümüzü yoxladılar, heç nə çıxmadı. Bəhruzun da üstündə heç nə yox idi. Qan analizi də aldılar, heç nə çıxmadı. Analizin cavablarına qol çəkmişəm. Bu hadisə bizim şöbəyə aparılmağımızdan təxminən 10-15 dəqiqə sonra baş verib. Həmin otaqda pəncərənin qabağında stol var, yəni otaqda kimsə ola-ola kiminsə ora çıxıb özünü atması mümkün deyil. Həm də Bəhruz özünü niyə atsın ki, əgər heç bir günahı yoxdursa”.
Tutulanların qohumları polis qarşısına toplaşır
Bir gün öncə Mingəçevirdə Bəhruz Hacıyevin ölümünə etiraz olaraq keçirilən aksiyada saxlananların yaxınları avqustun 23-də Mingəçevir şəhər polis şöbəsinin qarşısına toplaşıblar.
AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşı xəbər verir ki, yaxınlarına polis şöbəsindən saxlananlar barədə heç bir məlumat verilmir. Şöbə önünə toplaşanlar 20-dən çox adamın orada saxlandığını iddia edirlər. Deyilənə görə, onların arasında cavanları sakitləşdirmək məqsədilə olay yerinə gələn kənd ağsaqqalı İbrahim İlyasov da var. Yaxınları onun Qarabağ müharibə veteranı olduğunu və səhhətində problem olduğunu bildirirlər.
AzadlıqRadiosunun əməkdaşı bir nəfər aksiya iştirakçısının mülki geyimlilər tərəfindən polis şöbəsindən çıxarılaraq MTN və Prokurorluğun binası yerləşən istiqamətə aparıldığının şahidi olub.
Mingəçevir şəhər polis şöbəsinin qarşısına toplaşanlar iddia edirlər ki, gecə saatlarında qara maskalı naməlum şəxslər kəndə gələrək bir neçə nəfəri maşına mindirib şöbəyə aparıblar.
Daxili İşlər Nazirliyi avqustun 22-də Mingəçevirdə Bəhruz Hacıyevin ölümünə etiraz olaraq keçirilən aksiyada 21 nəfərin saxlanması barədə məlumat yayıb. Məlumatda saxlananların ictimai asayişi kobud şəkildə pozduqları, 4 polisin xəsarətlər aldıqları, bir polis maşının yararsız hala salındığı bildirilir. Qeyd olunur ki, onların haqqında tədbir görülməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.
İlham Əliyev Mingəçevirdəki hadisəni nəzarətə götürüb
Baş leytenant xidmətdən xaric edilib, şöbə rəisinə şiddətli töhmət elan olunub
Avqustun 20-də Mingəçevir Şəhər Polis Şöbəsinə ölmüş Bəhruz Hacıyevin ölməsi ilə bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
APA Daxili İşlər Nazirliyi və respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinə istinadən yazır ki, polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub.
Ramil Usubovun əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova şiddətli töhmət elan olunub.
Məlumatda bildirilir ki, baş vermiş hadisələrlə əlaqədar istintaqın gedişi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və mütəmadi məruzə olunur.