Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:34

Polis bölməsində müəmmalı ölüm


Polis.
Polis.

-

anspress.com saytı yazır ki, Mingəçevirdə polis bölməsində müəmmalı ölüm baş verib. Mingəçevir şəhər Polis İdarəsinə çağırılan 27 yaşlı Bəhruz Hacıyevinbir müddətdən sonra ölüm xəbəri gəlib.

Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev sayta deyib ki, oğlu polis idarəsinə dindirilmək üçün aparılıbmış. Amma polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar. D.Hacıyevin sözlərinə görə, oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb: «Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir».

NÖVBƏTİ DEVALVASİYA BANKLAR ÜÇÜN EDAM KƏNDİRİ OLACAQ

«Azadlıq» qəzeti iqtisadçı-ekspert Rövşən Ağayevin manat növbəti dəfə devalvasiya olunarsa, bankların üzləşəcəyi problemlər haqqındakı fikirlərini dərc edib:

«Böyük neft pulları erası başlayandan sonra hakimiyyət heç bir seçkini indiki qədər ağır iqtisadi şərtlər altında keçirməyib. Əksinə, 2005, 2008, 2010, 2013-cü illərdə keçirilən seçkilər neftin yüksək qiymətləri şəraitində, büdcənin özündən əvvəlki ilə nisbətən kəskin artımı şəraitində baş tutub. Məsələn, 2005-ci ildə büdcə 32%, 2008-ci ildə 60%, 2010-cu ildə 14%, 2013-cü ildə 13% artmışdı.

Növbəti devalvasiya isə banklar üçün «edam kəndiri» olacaq. Özü də təkcə bankların durumu mövzu deyil - banklara bağlı milyonlarla subyektin taleyi də var ortada. Ən maraqlısı odur ki, bu qədər ağır durumda belə hökumət inadkarcasına islahatlara, cəmiyyətə açılıma tələsmir».

AZƏRBAYCAN XARİCİ İNVESTİSİYALAR ÜÇÜN ÇOX CƏLBEDİCİ ÖLKƏDİR

«Azərbaycan» qəzeti ölkədəki islahatlardan, əhalinin rifah halının yüksəlməsindən yazır:

«Ölkə rəhbəri bazar iqtisadiyyatı şəraitində «sosial dövlət» konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirib. Azərbaycan Prezidenti ötən illər respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atıb. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanıb».

DÖVLƏTDƏN ÖVLAD İSTƏYƏNLƏRƏ SƏRT QADAĞALAR

«Bizim Yol» qəzeti yazır ki, Azərbaycanda bürokratik əngəllər həm valideynsiz uşaqlara, həm də uşaqsız ailələrə problem yaradır.

Qəzet yazır ki, hazırda uşaq övladlığa götürmək istəyən ailələrin sayı çox olsa da, onlar problemlə üzləşirlər: «Bir qayda olaraq daxili övladlığa götürmədə yerli icra hakimiyyəti orqanlarının, ölkələrarası övladlığa götürmədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsas götürülür. Ailələr yerli icra hakimiyyətlərinə müraciət edirlər. Lazım olan sənədləri yığandan sonra rəyin verilməsi gecikdirilir. Bu gün yerli icra hakimiyyətində övladlığa götürmə işi ilə məşğul olan insanlar 6-7 vəzifəni bir yerdə icra edirlər. Ona görə də yerli icra hakimiyyətlərində çalışan insanlar yalnız övladlığa götürmə məsələsi ilə məşğul olmayacaqsa, problem qalmaqda davam edəcək».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG