Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:55

Avqustun 20-də araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıla qarşı cinayət işi üzrə məhkəmə bir gün öncə ifadəsi yarımçıq qalmış Bakı Vergilər Departamentinin müfəttişi İmran Nurməmmədovun çıxışı ilə davam edib.

Xədicə İsmayıl ondan uçot sənədlərinin qanunla neçə il saxlanmalı olduğunu soruşub.

Ekspert deyib ki, əmək haqqı ilə bağlı sənədlər 25 ilədək saxlanıla bilər.

Sualları cavablandıran İmran Nurməmmədovun sözlərinə görə, AzadlıqRadiosunun Bakı ofisinə götürülən sənədlər arasında xeyli uçot sənədləri olmadığı üçün ödənişlərin təyinatlarını müəyyənləşdirmək mümkün olmayıb.

“PROKURORUN İCAZƏSİ İLƏ...”

Xədicə İsmayıl daha bir sual verib: Siz AzadlıqRadiosunun Bakı ofisində axtarışda iştirak etmisizmi?

İ.N.: Xeyr olmamışam. İstintaq orqanının mənə təqdim etdiyi sənədləri araşdırmışam.

X.İ.: Həmin sənədlərdə mənim imzamı görmüsüzmü?

İ.N.: Yox. Siz büro rəhbəri olduğunuz üçün cavabdehsiniz.

X.İ.: Məni işə götürən şəxslə müqavilə yadınızdadırmı?

İ.N.: Bəli.

X.İ.: Mənim vəzifəm necə gedirdi?

Bu zaman prokuror sual-cavaba müdaxilə edib, bildirib ki, suallar aralıq aktı ilə bağlı verilməlidir. Xədicə İsmayıl üzünü hakimə tutub deyib ki:

“Prokurorun icazəsi ilə siz icazə verirsizmi davam edim?”

Hakim: Mən müstəqiləm. Heç kim mənə icazə verə bilməz.

Xədicə İsmayıl daha sonra ekspertə suallarını davam etdirib:

“John Kathler-in etibarnaməsi əsasında Yəhya Mirzəyev fəaliyyət göstərib. Mənim etibarnaməm olmayıb. Siz AzadlıqRadiosunun nizamnaməyə uyğun fəaliyyət göstərmədiyini deyirsiz. Bunu necə sübut edirsiz?”

İ.N.: Siz “Fərqli düşüncə” qəzetinə ofisdə yer vermisiz.

X.İ.: Bu barədə bir azdan sual verəcəm. İndi isə deyin, sizin AzadlıqRadiosunun gəlirlərinə nəzarət imkanınız olubmu?

İ.N.: Bəli.

X.İ.: AzadlıqRadiosu hansı mənbələrdən gəlir əldə edib?

İ.N.: Sizin bank hesabınıza xaricdən dollarlar daxil olub. Başqa mənbə görmürəm.

Xadicə İsmayılın ekspertdən “xaric” deyərkən haranı nəzərdə tutmasını soruşmasına ekspert “radionun baş ofisindən” deməklə cavab verib. Ekspert deyib ki, onda olan sənədlər radionun işçilərinin verdiyi sənədlər olub. Xədicə ekspertdən “Beynəlxalq Bankda maliyyə sərəncamçısı kimi kimin adının getdiyini” soruşub. Ekspert isə cavabında bildirib ki, Xədicə İsmayılın bankla heç bir əlaqəsi olmayıb.

X.İ.: Xidməti müqavilə sizin tərtib etdiyiniz aktda qeyri-qanuni əməyə cəlb kimi təqdim olunur.

İ.N.: Əgər həmin şəxslər sizin əmlakdan istifadə edirdilərsə, mütləq onlarla əmək müqaviləsi bağlanmalı idi. Siz xidməti müqavilə bağlamaqla onların 14 faiz deyil, 4 faiz vergi ödəmələrinə şərait yaratmısız. Bununla da vergidən yayınmısız.

X.İ.: Harada göstərilib ki, xidməti müqavilə bağlanan şəxs ofisin avadanlığından istifadə edə bilməz.

İ.N.: Xidməti müqavilə ilə əmək müqaviləsi arasındakı fərq elə bundan ibarətdir.

X.İ.: Bunu hansı qanuna əsasən deyirsiz?

Ekspert bu sualı cavablandıra bilmədi.

Məhkəmə binasının qarşısı- arxiv fotosu

Məhkəmə binasının qarşısı- arxiv fotosu

HAKİM: “SƏN MƏNƏ GÖRƏ NARAHAT OLMA, DANIŞ”

Vəkil Cavad Cavadov ekspertdən soruşdu ki, “siz bunu aralıq aktında qadağan olunmuş norma kimi göstərmisiz. Bunu qadağan edən norma varmı?”

Prokuror sualın təkrar olduğunu əsas gətirərək çıxarılmasını istəyib. Xədicə İsmayıl yenə üzünü hakimə tutaraq “prokurorun icazəsi ilə icazə verirsizsə, mən danışım” deyib.

Ramella Allahverdiyeva: Sən mənə görə narahat olma, danış.

Xədicə İsmayıl: Mən sizə görə yox, dövlətçiliyimiz üçün narahatam.

Daha sonra vəkil Fariz Namazlı ekspertə sual verdi:

– Əgər əmək müqaviləsi bağlanmayıbsa, deməli, nümayəndəliyin rəhbəri inzibati məsuliyyət daşıyır. Siz bununla bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət etmisizmi?

Ekspert cavabında “eləməmişəm” deyib.

X.İ.: Siz AzadlıqRadiosunun nə satıb, nə aldığını bilirdiz?

İ.N.: Siz ancaq kağız-kuğuz almısız.

X.İ.: Biz AzadlıqRadiosuna beynimizin məhsulunu satmışıq.

İ.N.: Sizin 12 işçiniz vardısa, niyə ofisinizdə 30 kompüter var? Bu da onu göstərir ki, xidməti müqavilə bağlayanlar əslində radionun işçisi olublar.

Daha sonra Xədicə İsmayıl sual edib ki, onun radioda rəhbərlik dövrü 2008-2010-cu illəri əhatə etdiyi halda, niyə 2014-cü ilədək olan fəaliyyəti araşdırılıb. Ekspert buna cavab olaraq bildirib ki, Xədicə İsmayıl rəhbər kimi işdən çıxdıqdan sonra akreditasiyası olmadan gəlir əldə edib və yalnız sadələşdirilmiş vergi ödəyib.

X.İ.: Aralıq aktında Xədicə İsmayıl vergi ödəyicisi kimi tanınırmı? Söhbət sadələşdirilmiş vergidən getmir.

İ.N.: Siz rəhbər kimi məsuliyyət daşımısız.

X.İ.: Əgər vergi ödəyicisinin təmsilçisiyəmsə, mənim hüquqlarım da var idi. Vergi Məcəlləsinin 15-ci madəsinə əsasən siz akt tərtib edəndə mənə sual verməli, məlumatlandırmalı idiniz, amma siz məni görməmisiz. Əgər vergi ödəyicisi idimsə, bunu niyə etməmisiz?

Ekspert bu suala da cavab verə bilməyib.

QAPININ ÜSTÜNDƏ “FƏRQLİ DÜŞÜNCƏ” YAZILIB DEYƏ...

X.İ.: Aralıq aktından görünür ki, siz ödənişin bir hissəsinin təyinatını müəyyən edə bilmisiz. Bu halda deyə bilərsizmi, təyinatın hansı hissəsi doğru deyil?

İ.N.: Radio 12-14 nəfərin əmək haqlarından vergi ödəyib, bunlar qanunidir.

X.İ.: O zaman niyə bütünlükdə radionun fəaliyyətini qanunsuz hesab etmisiz?

İ.N.: Çünki siz lisenziyasız fəaliyyət göstərmisiz.

X.İ.: Siz ofisin axtarışı ilə bağlı video-foto çəkilişə baxmısız?

İ.N.: Xeyr.

X.İ.: Siz AzadlıqRadiosunun ofisində olmusuz?

İ.N.: Xeyr.

X.İ.: O zaman niyə AzadlıqRadiosunda “Fərqli düşüncə” qəzetinin otağının olduğunu yazmısız?

İ.N.: Mənə prokurorluqdan şəkil göstərilib, həmin şəkildə qapının üstündə “Fərqli düşüncə” yazılıb.

X.İ.: Axı dediniz ki, siz heç bir video-fotoya baxmamısız? Belə bir otaq yox idisə, deməli, prokuror sizə saxtalaşdırılmış sənəd göstərib.

Vəkil Fariz Namazlı ekspertdən soruşub ki, radionun lisenziyasının olub-olmamasını Milli Teleradio Şurasından dəqiqləşdiribmi? Ekspert cavabında “yox” deyib.

arxiv fotosu

arxiv fotosu

“VERGİLƏR NAZİRLİYİNDƏ PAKET MAAŞLAR LƏĞV OLUNUBMU?”

Sorğu-sualın bitdiyini görüb zalı tərk etmək istəyən vergi müfəttişinə Xədicə İsmayıl sonuncu sualını da verib:

“İmran müəllim, Vergilər Nazirliyində paket maaşları ləğv ediblərmi?”

Xədicə İsmayılın bu sualı zalda gülüş yaradıb, İmran Nurməmmədov isə bu sualı cavablandırmadan zalı tərk edib.

Daha sonra digər vergi müfəttişi Elçin Əliyev müdafiə tərəfinin suallarını cavablandırıb.

X.İ.: Biz görüşmüşükmü? Siz mənə hər hansı sənəd təqdim etmisizmi?

E.Ə.: Xeyr.

X.İ.: Mənim vəzifəm, müqaviləm yadınızdadırmı?

E.Ə.: Bəli. Siz radionun Azərbaycan nümayəndəliyinin rəhbəri olmusuz. Qurum nümayəndəlik kimi qeydə alınıb, əgər nümayəndəlik kimi fəaliyyətini dayandırmışdısa, nümayəndə Vergilər Nazirliyinə məlumat verməli idi, deməli, nümayəndəlik kimi qeydiyyatdan keçib, büro kimi fəaliyyət göstərib. Müqavilədən də görünür ki, siz büro rəhbərisiz.

“AZƏRBAYCAN TELEVİZİYALARI HİND KİNOSU VERİRSƏ...”

X.İ.: Hansısa sənəddə lisenziyanın kimə verildiyi göstərilib?

E.Ə.: Azərbaycanda bu radionun yayımı üçün tezlik sizə verilib.

X.İ.: Tezliyin nə olduğunu bilirsiz? O tezlikdən başqa kim istifadə edirdi?

E.Ə.: Bilmirəm. Konkret 101.7-də Azadlıq göstərilir.

X.İ.: Bəlkə “Azadlıq” qəzeti olub?

E.Ə.: Tezlik sizdə idisə, məsuliyyəti də siz daşıyırsız.

X.İ.: Onda belə çıxır ki, Azərbaycan televiziyaları hind kinosu verirsə, rejissor məsuliyyətə cəlb olunmalıdır. Sizdə AzadlıqRadiosunun məhsullarının satışı ilə bağlı məlumat varmı?

E.Ə.: Siz “Fərqli düşüncə” üçün maliyyə ayırmısız, ofis vermisiz, KİV kimi fəaliyyət göstərdiyiniz üçün əlavə dəyər vergisindən azadsız, ancaq gəliriniz mənfəət vergisinə cəlb olunmalı idi. Biz bununla bağlı Babək Bəkirli və Zeynal Məmmədli ilə görüşmüşük.

X.İ.: Onların iş təyinatı ilə mənimki arasında fərq olubmu?

E.Ə.: Siz maliyyə təminatçısı kimi tanınmamısınız.

X.İ.: Mənə xidməti müqavilədə nəzərdə tutlan əmək haqqından başqa vəsait ödənilibmi?

E.Ə.: Xeyr ödənməyib, amma siz fəaliyyətiniz dövründə xidməti müqavilə bağlamış şəxslərin ofisdən istifadəsinə icazə vermisiz.

X.İ.: Axı şahidlərin heç biri bunu deməyib, siz necə bu qənaətə gəlmisiz?

E.Ə.: Mənə verilən istintaq sənədləri əsasında.

X.İ.: Aralıq aktında belə bir nəticəyə gəlmisiz ki, ödənişlərin təyinatı şübhəlidir. Nəyə əsasən bunu yazmısız?

E.Ə.: Təyinatı müəyyənləşdirmək mümkün olmadığından istintaq materiallarındakı ifadələrdən istifadə etmişik.

X.İ.: Maliyyə məsuliyyətli şəxsin müəyyənləşməsi üçün AzadlıqRadiosunun baş ofisinə müraciət etmisizmi?

E.Ə.: Xeyr.

Xədicə İsmayıl ekspertdən AzadlıqRadiosunun ofisində olub-olmadığını soruşub. Ekspert olmadığını deyib. Belə olan halda Xədicə İsmayıl ondan nəyə əsasən ofisdə “Fərqli düşüncə” qəzetinə məxsus otağın olduğunu iddia etdiyini soruşub. Ekspert cavab olaraq bildirib ki, istintaq materiallarında qəzetə məsul olan Şahvələd Namazovun ifadəsinə əsasən bu iddiadadır. Xədicə İsmayıl Şahvələd Namazovun nə istintaqda, nə də məhkəmədə belə ifadə vermədiyini, ekspertin yalan ifadəyə görə məsuliyyət daşıdığını bildirib.

“ARALIQ AKTI SİYAHIDAN ÇIXARILSIN”

Prosesdə vəkil Fariz Namazlı Aralıq aktının sənədlər siyahısından çıxarılması barədə vəsatət qaldırdı. Bildirdi ki, Vergilər Məcəlləsində belə bir anlayış yoxdur, səyyar yoxlama olubsa, bu barədə nümayəndəliyə sənəd təqdim olunmalı idi:

“Aralıq aktı Vergilər Məcəlləsinin tələblərinə ziddir, Vergi Departamenti AzadlıqRadiosunda vergi yoxlaması həyata keçirir, amma hələ ki bununla bağlı vergi məsuliyyəti çıxarılmayıb. Ona görə də aralıq aktı şübhə altına düşür və sənədlər siyahısından çıxarılmalıdır”.

Xədicə İsmayıl bu vəsatətə münasibətində dedi ki:

“Mənim həbsim lazım idi, bu bir siyasi sifariş idi, buna görə də vergi yoxlamalarına başlandı, həbs olundum və yoxlama da dayandırıldı. Məqsəd İlham Əliyevin ailə biznesi ilə bağlı araşdırmalarımın qarşısını almaq idi”.

Hakim onun sözünü yarımçıq kəsdi. Prokuror vəsatətə etiraz etdi. Hakim bildirdi ki, vəsatət təmin edilməməlidir və hökmdən öncə müşavirə otağında həmin sənədə baxılacaq.

“ANS-LƏ DƏ EYNİ MƏZMUNLU ÇƏKİŞMƏ OLUB, AMMA...”

Daha sonra vəkil Cavad Cavadov vəsatət qaldırdı:

“ANS telekanalı ilə Vergilər Nazirliyi arasında eyni məzmunlu çəkişmə olmuşdu. Vergilər Nazirliyi eyni qaydada akt tərtib edib, maliyyə sanksiyası tətbiq etmişdi. ANS məhkəməyə müraciət etmişdi, orada sübut olunmuşdu ki, kiminlə xidməti, kiminlə isə əmək müqaviləsi bağlamaq işəgötürənin öz hüququdur. ANS bu məhkəməni uddu. Qanun bir quruma başqa, digərinə isə başqa cür yanaşmadığı üçün həmin məhkəmə qərarının bu işə əlavə edilməsini istəyirik”.

Vəsatət qəbul olunmadı.

Prokuror məhkəmə istintaqının yekunlaşdırılmasını təklif etdi. Təklif qəbul olundu. Xədicə İsmayıl müdafiə çıxışlarından öncə məhkəmə protokolları ilə tanış olmaq istədiyini bildirdi. Hakim dedi ki, proses yekunlaşandan sonra həmin protokollar 3 gün ərzində müdafiə tərəfinə təqdim olunacaq. Prokuror çıxış üçün məhkəmədən 1 gün vaxt istədi.

Növbəti proses avqustun 21-i saat 11:00-a təyin olundu.

Günün bütün mövzuları

XS
SM
MD
LG