Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:16

-

«Artıq bir neçə ildir ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) vakant vəzifələrin elanının verilməsi ilə bağlı yeni texnologiyanı tətbiq edir. Komissiyada «Dövlət qulluqçularının reyestri» adlanan informasiya sistemi yaradılıb. Bu informasiya sistemində bütün dövlət orqanlarında olan struktur, ştat cədvəli haqqında olan məlumatlar toplanılır. Eləcə də vəzifələr üzrə baş verən dəyişikliklər öz əksini tapır».

Bu fikirləri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov söyləyib.

V.Misirov bildirib ki, vakant vəzifələr haqqında məlumatların gizlədilməsi halları tam olaraq aradan qaldırılıb:

«Vəzifələr üzrə dəyişikliklər sistemdə öz əksini tapdığından artıq əvvəlki illərdə olduğu kimi, dövlət orqanlarında hansısa vakant vəzifələri təqdim etməmək istəyi və yaxud hansısa bir səbəbdən onun gizlədilməsi halı öz aktuallığını itirir. Çünki bütün məlumatlar informasiya sistemində öz əksini tapdığından biz dərhal vakant vəzifələri müəyyən edirik. Belə olduqda da dövlət orqanlarından bu vəzifələri elan etmək artıq onların vəzifə borcları olur».

V.Misirov əlavə edib ki, komissiyanın son elanlarında da texnologiyanın tətbiqini açıq-aydın görmək mümkündür. Onun dediyinə görə, test imtahanlarında da yeniliklər edilib və artıq bütün sənəd qəbulu prosesi onlayn formada həyata keçirilir:

«Biz namizədlərin üzünü görmürük. Onlar internet saytımıza daxil olaraq qeydiyyatdan keçirlər. SMS və elektron poçt vasitəsilə imtahan vaxtı və yeri ilə bağlı məlumat alırlar».

Sədr müavini onu da qeyd edib ki, təmsil etdiyi komissiya dövlət orqanları ilə birgə müsahibə proqramları hazırlayaraq DQMK-nın saytında yerləşdirib. Test imtahanlarından keçən namizədlər bu proqramları internet vasitəsilə əldə edə və onun əsasında hazırlaşa bilərlər.

Şərhləri göstər

XS
SM
MD
LG