Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:02

Xədicə İsmayıl: «Məhkəməyə nəsə sübut etmək istəmirik»


Xədicə İsmayıl
Xədicə İsmayıl

Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist, AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayıla qarşı cinayət işi üzrə sənələrin tədqiqi davam etdirilib.

Xədicə İsmayıl Tural Mustafayevla bağlı psixoloji ekspertiza rəyinin məhkəmədə elan olunmasını istəyib. Deyib ki, həbs olunduğu gün müstəntiq ona həmin sənədi göstərib, həmin sənəddə Tural Mustafayevin 2 ildir ki, psixoloji probleminin olduğu qeyd olunub. Proses zamanı sənədi tapa bilməyiblər. Hakim bildirib ki, həmin sənəd tapılıb elan olunacaq.

TURAL MUSTAFAYEVLƏ BAĞLI EKSPERTİZA

Tural Mustafayevlə bağlı başqa bir ekspertiza rəyi elan olunub. Həmin rəydə göstərilib ki, Tural Mustafayevi iş tapa bilməməsi, nişanlısı Rövşanə Rəhimova ilə münasibətlərinin gərgin olması, barəsində gəzən söz-söhbətlərin onun şəxsiyyəti ilə bağlı mənfi rəy formalaşdırması, həmçinin Xədicənin ona münasibəti intihar həddinə çatdırıb. Rəyə görə, o intihara cəhd edərkən heç bir psixoloji xəstəliyi olmayıb, öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olub.

Xədicə İsmayıl:

“Biz istintaq qarşısında vəsatət qaldırmışdıq ki, ekspertiza keçirən ekspertlər bizimlə razılaşdırılsın. Həmin ekspertlər qarşısında bizim də suallarımız qoyulsun. Vəsatətimiz qismən təmin olunmuşdu. Ekspert bizimlə razılaşdırıldı, amma suallarımız qoyulmadı. Nəticədə bəlli oldu ki, aldadılmışıq, 3 ekspert rəy verib, onlardan yalnız biri bizimlə razılaşdırılıb. Prosessual məcəlləyə görə 10 gün ərzində ekspertin rəyi təqsirləndirilən şəxsə təqdim edilməlidir. Dekabrda verilmiş rəy mənə fevralda təqdim olunub. Bu, qanunun kobud şəkildə pozulmasıdır. Əgər həmin qanun pozuntusunu sübut kimi qəbul edirsizsə, buyurun, davam edin”.

“GÖRÜNÜR XƏDİCƏ İSMAYIL HAQDA NƏSƏ YAZILMALI İDİ VƏ...”

İstintaq materiallarında Xədicə İsmayılın AzadlıqRadiosunun əməkdaşları İlqar Rəsulov, Rafiq Məmmədli ilə müqavilə bağladığı qeyd olunub. Xədicə İsmayıl məhkəmədən həmin sənədi istəyib. Məlum olub ki, işin içində həmin müqavilələr yoxdur. İstintaq materiallarında olan qəbzlərdə Xədicə İsmayılın adının olmadığı, yalnız Azərbaycan nümayəndəliyi yazıldığı da bəlli olub. Xədicə İsmayıl məhkəmədə bir daha qeyd edib ki, Bakı bürosu ilə Azərbaycan nümayəndəliyi fərqlidir, onları eyniləşdirmək olmaz.

Daha sonra müdafiə tərəfi vəsatət verib, aralıq aktını hazırlayan 4 ekspertin – Bakı Vergilər Departamentinin Dövlət Vergi müfəttişləri İmran Nurməmmədov, Elçin Əliyev və Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndələri Emin Məmmədli və Zaur Məmmədovun məhkəmədə şahid qismində dindirilməsini istəyib.

Məhkəmə qarşısında
Məhkəmə qarşısında

Digər vəsatət təkrar kompleks mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olub. Növbəti vəsatət AzadlıqRadiosu rəhbərliyinin hakim Ramella Allahverdiyeva və baş prokuror Zakir Qaralova yazdığı məktubunun işə daxil edilməsi ilə bağlı olub.

“ÜÇ SİNİF OXUMAQ KİFAYƏTDİR Kİ...”

Xədicə İsmayıl vəsatətə münasibət bildirərkən deyib ki, aralıq aktını hazırlayan ekspertlər göstərdikləri nəticəyə gəlmək üçün heç bir fakt ortaya qoymayıblar:

“Görünür ki, Xədicə İsmayıl haqqında nəsə yazılmalı idi və onlar da yazıblar. Heç bir fakta əsaslanmayıblar, orada yazılanlar tamamilə uydurmadır. Mən nəinki nümayəndəliyin rəhbəri olmuşam, heç onlarla əlaqəm olmayıb. Mən Bakı bürosunun rəhbəri olmuşam. Bakı bürosu isə Azərbaycan nümayəndəliyi deyil. Bu sadə faktı bilmək üçün heç universitet oxumaq lazım deyil, elə 3 sinif oxumaq kifayətdir. İnanmıram ki, Vergilər Nazirliyinin əməkdaşları elə savadsız olsunlar ki, bunu başa düşməsinlər. Bilirəm ki, siyasi sifariş verilib deyə belə yazmağa məcbur olublar. Biz burada qatığın ağ olduğunu sübut etməyə çalışırıq. Təəssüf ki, məhkəmə prokurorluğun fikirlərini təkrarlamaq vərdişindən əl çəkmək istəmir. Güman edirəm ki, hökm də ittiham aktının təkrarı olacaq. Biz əslində burada məhkəməyə nəsə sübut etmək istəmirik. Sadəcə özümüz üçün 2 məsələni aydınlaşdırmaq istəyirik: birinci, məhkəmənin araşdırmaya kifayət qədər imkan tanıyıb- tanımaması məsələsini, ikincisi, Vergilər Nazirliyi və Prokurorluq da daxil olmaqla bütövlükdə hökumətin bu qərəzdə iştirakı. O ki qaldı aktı tərtib edənlərlə bağlı vəsatətə, mən sadəcə, o aktı tərtib edənlərin üzünə baxmaq istəyirəm”.

Daha sonra prosesdə bir sıra sənədlər elan olundu. Həmin sənədlərin içərisində AzadlıqRadiosunun yayımı ilə bağlı müqavilənin Radio İstehsalat birliyi, Rabitə və Texnologiyalar Nazirliyi ilə ABŞ Yayım İdarəetmə Şurası arasında bağlanmasını göstərən sənəd də olub.

Daha sonra vəkil Fariz Namazlı vəsatət qaldırıb, deyib ki, AzadlıqRadiosunda aparılan səyyar vergi yoxlamaları 14 avqustadək dayandırılmışdı. 15 avqustda qərar verərək müddəti 30 sentyabradək uzatdılar. Vəkil həmin qərarın sübutlar siyahısına daxil edilməsini istəyib.

“BU İTTİHAMLARI RADİOMUZA QARŞI İTTİHAMLAR HESAB EDİRİK”

Xədicə İsmayıl bildirib ki, ona verilən 5 maddənin 4-ü AzadlıqRadiosu ilə bağlıdır, maliyyə məsələlərinə məsuliyyət daşımadığı halda ehtimal olunan pozuntularla bağlı ekspertlər tərəfindən rəylər verilib:

“Ehtimal var ki, prokurorluq mənim vəkillərimin qaldırdığı vəsatətlərə qarşı çıxsın. Ona görə də bəri başdan AzadlıqRadiosunun mərkəzi rəhbərliyinin məktubunun mətnini səsləndirmək istəyirəm.

“Artıq 8 aydır ki, Azərbaycan Respublikası Baş prokurorluğunun və Vergilər Nazirliyinin qanunsuz hesab etdiyimiz müdaxiləsi nəticəsində AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti iflic vəziyyətinə düşüb.

AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyində vergi yoxlaması başa çatmamış cinayət işindən sabiq həmkarmız Xədicə İsmayılova barəsində iş ayrılaraq məhkəməyə göndərilmişdir. Məlum olmuşdur ki, istintaq orqanı faktiki olaraq Xədicə İsmayılova barəsində onu həbs etmək üçün irəli sürdüyü başqasını özünü öldürməyə cəhd həddinə çatdırma ittihamını guya ki, möhkəmləndirmək üçün onun AzadlıqRadiosundakı fəaliyyəti ilə bağlı qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda özgə əmlakını talama, qanunsuz sahibkarlıq, vergidən yayınma ittihamları irəli sürülmüşdür.

Sonradan irəli sürülmüş ittihamlar bilavasitə AzadlıqRadiosu və onun fəaliyyəti ilə əlaqəli olduğundan onlara münasibət bildirməyi özümüzə borc bilirik.

Xədicə İsmayılovanın radiodakı fəaliyyəti ilə əlaqədar ona qarşı irəli sürülmüş bu ittihamları radiomuza qarşı ittiham hesab edir, onları qəbul etmirik.

RFERL İnc. Azərbaycan nümayəndəliyinin əsasnaməsi və AzadlıqRadiosu Bakı bürosunun müdirləri ilə bağlanmış müqavilələrdən göründüyü kimi nə Xədicə İsmayılova, nə də ki ondan öncəki və sonrakı müdirlərin maliyyə məsuliyyəti, o cümlədən vergi orqanlarına maliyyə və başqa hesabatların verilməsi sahəsində məsuliyyəti və səlahiyyəti olmayıb.

Xədicə İsmayılovaya qarşı irəli sürülmüş növbəti ittihamın məzmununa görə, o, radionun xidmət müqaviləsi əsasında əməkdaşlıq etdiyi bir sıra şəxslərin gəlir vergisi ödəyicisi kimi deyil, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata durmasını təşkil edib, bununla da gəlir vergisi ödəyicisi ilə sadələşdirilmiş vergi ödəyicisi arasındakı 10 faizlik fərqi – yəni, 17 992 60 manat məbləğini israf etməklə, talamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir.

Hətta istintaqın dedikləri həqiqət olsaydı belə, bu əmələ görə hər hansı şəxsi əmlakı talama cinayətində ittiham etmək məntiqsizdir, burada yalnız vergidən yayınmadan söhbət gedə bilərdi. Görünür, bu cür nəticə istintaq orqanlarının planlarına uyğun gəlmədiyindən Xədicə İsmayılovaya qarşı sanksiyası 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 179.3.2-ci maddə ilə ittiham irəli sürülüb”.

“MƏKTUB MƏNƏ ÜNVANLANIB, NƏ VAXT ÇATSA, OXUYARAM”

Hakim Ramella Allahverdiyeva Xədicə İsmayıla məktubu başa çatdırmağa imkan verməyib, deyib ki, “məktub mənə ünvanlanıb, nə vaxt gəlib çatsa, özüm oxuyacam”.

Xədicə İsmayıl məktubu ifadəsinə əlavə kimi işə daxil edilməsini istəyib. Hakim razılaşmayıb.

Prokuror bütün vəsatətlərin əleyhinə çıxış edib, yalnız aralıq aktı hazırlayan ekspertlərdən birinin dindirilməsinə etiraz etməyib.

AzadlıqRadiosunun mərkəzi büro rəhbərliyinin ünvanlandığı məktubun işə əlavə edilməsi istəyinə münasibət bildirən prokuror deyib ki, radionun nümayəndəsinin məhkəməyə dəvəti ilə bağlı müdafiə tərəfinin vəsatəti qəbul edilmədiyindən bu məktub ortaya çıxıb: “Məktubdakı tövsiyələrə cinayət işi materiallarının ehtiyacı yoxdur. Ona görə də qəbul edilməsin”.

Xədicə İsmayılın təkidinə baxmayaraq, məhkəmə məktubun işə əlavə olunması ilə bağlı vəsatəti qəbul etməyib. Hakim deyib ki, məktub poçt vasitəsilə məhkəməyə daxil olmalıdır, dəftərxanada qeydiyyatdan keçməli və sədrin dərkənarı ilə ona təqdim olunmalıdır.

Daha sonra məhkəmə heyəti vəsatətlərin müzakirəsi ilə bağlı müşavirəyə gedib. Yalnız aralıq aktını tərtib edən ekspertlərin dindirilməsi ilə bağlı vəsatət qismən təmin edilib. 4 ekspertdən ikisinin – Bakı Vergilər departamenti əməkdaşlarının prosesə çağırılması qərarı verilib.

Fasilədən sonra vergi əməkdaşlarının dindirilməsinə başlanıb. Bakı Vergilər Departamentinin Dövlət Vergi müfəttişləri İmran Nurməmmədov ifadə verib. Ancaq iş günü bitdiyindən dindirilmə yarımçıq saxlanıb.

Proses avqustun 20-də davam edəcək.

XS
SM
MD
LG