Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:49

Azərbaycan manatının ən yüksək devalvasiyası 1994-cü ildə olub. Bir gündə dolların məzənnəsi manata nisbətdə 489 faiz bahalanıb. 22 may 1994-cü ildə manatın dollara olan rəsmi məzənnəsi 186,9 olub, bir gün sonra mayın 23-də Mərkəzi Bank dolları birdən-birə 1100-ə qaldırıb.

İqtisadçı Samir Əliyev öz facebook hesabında manatın tarixindən yadda qalan hadisələri “23 yaşlı manatın səgüzəştləri” adı ilə bir araya toplayıb.

Dövriyyədə olan 50 qəpikləri bir yerə toplasan, bu, 296 ton, 20 qəpiklər isə 550 ton olar.

DÖVRİYYƏDƏKİ PULLAR BİR YERƏ YIĞILSAYDI…

Ümumiyyətlə, 2014-cü ilin sonunda dövriyyədəki bütün manat pulları yığmaq mümkün olsaydı, 56 milyon ədəd "1 manat", 21,1 milyon ədəd "5 manat", 13,3 milyon ədəd "10 manat", 23 milyon ədəd "20 manat", 54,6 milyon ədəd "50 manat", 73,1 milyon ədəd "100 manat" olardı.

Kağız manatlarının hamısının eni bərabərdir - 70 mm-dir. Ancaq nominal artdıqca uzunluğu da artır. Ən aşağı nominallı pulun (1 AZN) uzunluğu 120 mm, ən yüksəyinki (100 AZN) isə 155 mm-dir.

MANATIN 34 FAİZ UCULAŞMASINDAN ÖNCƏ…

Azərbaycan manatı 2015-ci ilin fevralında dollara nisbətdə 34 faiz uculaşdı. 23 ildə heç vaxt 1 dollar rəsmi olaraq 1 manat olmayıb. Devalvasiyadan əvvəl ən yüksək hədd 27 fevral 2004-cü ildə qeydə alınıb, 1 dolların rəsmi məzənnəsi 98,78 qəpik olub.

Devalvasiyadan sonra isə aprelin 13-də dollar hətta 1,0537 manata qədər bahalaşa bilib.

2006-cı ildən bəri manatın dollara nisbətdə ən baha məzənnəsi 0,7842 olub.

SİKKƏLƏRİN ÜSTÜNDƏKİ TƏSVİRLƏR…

Azərbaycan manatı aşağıdakı sikkə və əskinazlardan ibarətdir:

Sikkələr: 1, 3, 5, 10, 20, 50 qəpik

Əsginazlar: 1, 5, 10, 20, 50, 100 manat

Sikkələrin üzərindəki təsvirlər bunlardır:

1 qəpikdə Azərbaycanın mədəniyyəti,

3 qəpikdə yazı və ədəbiyyat,

5 qəpikdə tarix,

10 qəpikdə Qarabağ,

20 qəpikdə təhsil və gələcək,

50 qəpikdə iqtisadiyyat və inkişaf.

Bu günlərdə mətbuatda Brüsseldə 2 avro əvəzinə 50 qəpiklik sikkədən istifadə barədə məlumat gedib. Necə olub ki, aparat onları ayırd edə bilməyib? 2 avrodan azı 4 dəfə ucuz olan 50 qəpiklik istifadə olunub? Əslində, cavab sadədir. Hər iki sikkənin parametrlərinə diqqət yetirsək suala cavab tapmaq olar:

Diametr: 50 qəpikdə 25,5 mm, 2 avroda 25,75 mm
Çəki: 50 qəpikdə 7,7 qram, 2 avroda 8,5 qram
Hər iki sikkənin tərkibi latun və nikeldən ibarətdir.
Hər iki sikkənin üzü qızılı və gümüşü rənglə örtülüb

15 AVQUSTDA MANATIN 23 YAŞI TAMAMLANDI…

İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

2005-ci ilin dekabrında Yeni Azərbaycan Manatı ictimaiyyətə təqdim olunub. 2006-cı ilin yanvarından yeni manata keçilib.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.

Şərhləri göstər

XS
SM
MD
LG