Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:32

Bir qrup jurnalist Cavid Hüseynovun cəzalanmasını tələb edir


Rasim Əliyev

Rasim Əliyev

.

Bir qrup jurnalist həmkarları Rasim Əliyevi döyərək onun ölümünə səbəb olanların heç bir güzəştsiz cəzalandırılması tələb edilir. Avqustun 19-da yayılan bəyantda bu işdə günahkar kimi saxlanan "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynovun zaminə buraxılması təşəbbüsünə toxunan müəlliflər yazırlar:

“Təəssüf ki, biz hədəfin israrla Cavid Hüseynovun üzərindən yayındırıldığını görürük. Hətta bəzi "həmkarlarımız" da onun zaminə buraxılması üçün müraciət ünvanlayıblar. Həm də demokratik hüquqi dövlətdə həbs qəti imkan tədbirinin dəyişdirilməsinə məsul olan məhkəmələrə deyil, məhz Azərbaycan Prezidentinə müraciət ediblər.

Görünür, Rasim Əliyevin qətlinin Prezident tərəfindən nəzarətə götürülməsi bəzi dairələri narahat edir və onların sifarişi ilə hərəkət edənlər bir insanın faciəsi üzərindən oyun oynamaqda davam edirlər. Cavid Hüseynovun şəhid atasına hörmət edənlər, yeganə oğlan övladını "harınlamış təpiklərə" qurban verən Rasim Əliyevin valideyinlərinə niyə hörmət eləməsinlər ki? Yaxşı futbolçunun karyerasını düşünənlər, yaxşı bir jurnalist, tərbiyəli və nümunəvi bir vətəndaşın arxada gözü yaşlı nişanlısını qoyaraq gənc yaşında dünyasını dəyişməsindən niyə narahat olmasınlar?”

Bəyanatda Monitor jurnalının redaktoru Elmar Hüseynov, "Yeni Müsavat" qəzetinin foto müxbiri Alim Kazımov, yazıçı-publisist Rafiq Tağının qətllərinə də toxunulur və bugündək qatillərin tapılmadığı vurğulanır.

Bəyanata qoşulanlar Rasim Əliyevin döyülməsində iştirak edənlər, xəstəxanada səhlənkarlığa yol verən həkimlər, Rasim Əliyevin müraciətlərinə baxmayaraq hadisəyə hüquqi qiymət vermək üçün gec gələn hüquq mühafizə orqanları əməkdaşlarının müəyyənləşdirilməsi və cəzalandırılmasını tələb edirlər.

Dünən isə 17 media təmsilçisi prezident İlham Əliyevə müraciət edərək Cavid Hüseynovun vətənpərvərliyi, bayraq sevgisi, ittiham olunduğu maddənin az ictimai təhlükəli olmasını nəzərə alaraq, futbolçunun məhkəmə hökmünə qədər zaminə buraxılmasını xahiş edirdi.

Cavid Hüseynov avqustun 11-də jurnalist Rasim Əliyevin ölümü ilə bağlı başlanan cinayət işi üzrə həbs olunub. O, cinayəti bilib xəbər verməməkdə ittiham edilir.

ann.tv saytının əməkdaşı Rasim Əliyev öz facebook hesabında Cavid Hüseynovu tənqid edən status paylaşıb. Bundan sonra Cavid Hüseynov Rasim Əliyevə zəng edib. Caviddən sonra isə onun bibisi oğlu, 21 yaşlı Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb.

Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, avqustun 8-də Elşən İsmayılov 4 nəfər yaxını ilə Rasim Əliyevi döyüb, ona çoxsaylı bədən xəsarətləri yetiriblər. R.Əliyev avqustun 9-da Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğu araşdırma aparır. Bu iş üzrə 5 nəfər, o cümlədən futbolçu Cavid Hüseynov saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG